Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təşəbbüskarlıq və novatorluq əhval-ruhiyyəsi ölkənin inkişafını sürətləndirən amildir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk iş həftəsində – bu gün Əsələviyə şəhərindəki Cənubi Pars zonasında həyata keçirilən neft, qaz və neft-kimya sənayesinə aid istehsal və inkişaf layihələrinə baxış keçirdi.

Cənubi Pars qaz yatağı dünya qaz ehtiyatının 8 faizini təşkil edən İran qazı ehtiyatlarının 47 faizini əhatə edir.

Ali Məqamlı Rəhbərin Cənubi Pars zonasına birgünlük səfərinin başlanğıcında burada çalışan rəhbər işçilər maket və xəritələr vasitəsilə məntəqədəki müxtəlif yönümlü müəssisələrin ölkə sənayesindəki ümumi mövqeyi və əhəmiyyəti barədə məlumat verdilər. Rəsmilərin dediklərinə əsasən, bu mühüm sənaye-iqtisadiyyat zonasında indiyə qədər 10 faza tammiqyaslı şəkildə işlənmişdir, daha 19 faza isə layihə və icra mərhələsindədir. İşlənmiş yataqlar ümumilikdə gündə 210 kub metr təmizlənmiş qaz, 40 min barel qaz dəyərli kondensat və 200 ton kükürd hasil edir. Cənubi Pars qaz yatağının dəyəri İranın 120 illik neft ixracatına bərabərdir.

Cənubi Pars sənaye zonasına səfərinin davamında Həzrət Ayətullah Xamenei 2 saatdan artıq müddət ərzində buradakı müxtəlif sənaye müəssisələrinə baxış keçirdi. Müəssisələrin rəhbər işçiləri Ali Məqamlı Rəhbərə lazımi izahlar verdilər. Onların verdiyi məlumata görə, məntəqədəki bütün sənaye müəssisələrinin xam qaza olan ehtiyacı möhtəşəm Cənubi Pars yatağı vasitəsilə təmin edilir və bu qaz dənizin dibi ilə çəkilmiş, uzunluğu 100 kilometrdən artıq olan borular vasitəsilə sahilə nəql olunur. İndiyə qədər dənizin dibində 1500 kilometrə yaxın boru çəkilişi işləri aparılmışdır. Xam qazın tərkibindəki hidrogen-sulfid və s. qarışıqlar müxtəlif zavod və müəssisələrdə emal olunaraq istifadə üçün yararlı qaza və neft-kimya komplekslərinin ehtiyac duyduğu digər maddələrə çevrilir. Məntəqə rəsmilərinin dediyinə görə, Cənubi Parsda indiyə qədər işlənmiş 10 fazadan əlavə, bu il də 15, 16, 17 və 18-ci fazalar istifadəyə veriləcək. 15 və 16-cı fazaların məsuliyyətini Xatəmül-Ənbiya adına Tikinti-inşaat Qərargahı üzərinə götürüb və bu iki fazanın layihə, konstruksiya və icrasının bütün mərhələləri iranlı mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Sözügedən fazalarda elm və sənaye standartlarına dəqiqliklə riayət olunması onların layihə və konstruksiyasının Cənubi Parsda işlənəcək digər inkişaf fazaları üçün baza rolunu oynamasına səbəb olub.

Ali Məqamlı Rəhbərin Cənubi Pars məntəqəsi ilə tanışlığı əsnasında məsul rəsmilər həmçinin elan etdilər ki, 17 və 18-ci fazalarda hasil olunacaq qaz sayəsində bu il ölkədə məişət qazı potensialının həcmi 50 milyon kub metr artacaq və bu böyük addım İranın hər yerində əhalinin fasiləsiz və təhlükəsiz qazla təmin olunmasını, şəhər və kəndlərdə qaz istifadəçilərinin sayının 1 milyon nəfər artmasını mümkün edəcək.

Cənubi Parsda istehsalın həcminin artırılmasını və məntəqənin inkişafını nəzərdə tutan 29 fazanın layihə və icrası işində müxtəlif nazirlik və qurumlardan əlavə, 100-dən artıq özəl şirkət və podratçı da fəal iştirak edir. Təkcə ötən il məntəqəyə 11 milyard dollara yaxın daxili və xarici investisiya qoyulub.

Strateji əhəmiyyət kəsb edən Cənubi Pars zonasındakı sənaye müəssisələrində  yerli istehsalın məhsulu olan avadanlıqlardan istifadənin səviyyəsi hasilatın həyata keçirilməyə başladığı ilkin dövrlərdə, yəni təxminən 10 il əvvəl 15 faizi təşkil edirdisə, bu göstərici hal-hazırda 60 faizə çatıb.

Sənaye zonası rəsmiləri görüş əsnasında Ali Məqamlı Rəhbərə belə bir məlumat da verdilər ki, əvvəllər layihələrin icra müddəti orta hesabla 70 ay idi, lakin dərin elmi araşdırmalar və mütəxəssislər tərəfindən həyata keçirilən kompleks tədbirlər sayəsində, hal-hazırda bu müddət 35 aya çatdırılıb.

Sənaye müəssisələrinə baxış keçirən Ali Məqamlı Rəhbər ekoloji normalara riayət edilməsi və əlavə dəyərin istehsalına daim səy göstərilməsi məsələlərini vurğuladı.

Cənubi Pars məntəqəsində istifadəyə verilmiş, yaxud inşa mərhələsində olan bir neçə neft-kimya kompleksi də var. Ölkənin ən böyük aromatik müəssisəsi sayılan Nuri (Borzəviye) Neft-kimya Şirkəti də bu komplekslərdən biridir. Butan, propan və metan istehsal edən Nuri Neft-kimya Şirkəti ölkənin müxtəlif sənaye müəssisələrinin ehtiyac duyulan maddələrlə təmin edilməsində mühüm rola malikdir.

Yüksək oktanlı təmiz benzinin istehsalı da sözügedən neft-kimya kompleksinin həyata keçirdiyi, düşmənin İrana benzin satışına qadağa qoymaq təhdidlərini puça çıxarmış  yeniliklərdən biridir.

Bu neft-kimya kompleksinə baxış keçirdikdən sonra Ali Məqamlı Rəhbər qeyd etdi ki, təşəbbüskarlıq və novatorluq əhval-ruhiyyəsi ölkənin inkişafını sürətləndirən amildir.

Cənubi Pars məntəqəsində Nuri Neft-kimya Şirkətindən başqa, inşa edilməkdə olan digər neft-kimya kompleksləri də var. Bunlardan biri də Kaviyan Neft-kimya şirkətidir. İldə 2 milyon ton istehsal qabiliyyətinə malik olan bu möhtəşəm sənaye kompleksi tipinə görə ən böyük neft-kimya müəssisəsi sayılır. İndiyə qədər 1 milyard dollara yaxın investisiya qoyulmuş bu kompleks cari ildə istifadəyə veriləcək.

Cənubi Pars zonasındakı müxtəlif sənaye fazalarına baxış keçirən Ali Məqamlı Rəhbər “layihələndirmə, konstruksiya, menecment və icra” sahəsindəki biliklərin gənc nəslə ötürülməsinin vacib olduğunu da qeyd etdi.

Hal-hazırda məntəqədəki müxtəlif sənaye və iqtisadiyyat müəssisələrində 53 min nəfər çalışır ki, onların əksəriyyətinin ortalama yaş həddi 30-dur.

Rəsmilər Ali Məqamlı Rəhbərə Cənubi Pars məntəqəsinin 2015-ci ilə qədər 55 milyon ton neft-kimya məhsulu hasil etmə qabiliyyətinə malik olacağı haqda da məlumat verdilər.  

Sənaye zonasını gəzməzdən öncə Ali Məqamlı Rəhbər ölkənin neft sənayesinin rəhbər vəzifəli şəxsləri və icraçı direktorları, habelə Cənubi Pars məntəqəsində həyata keçirilən müxtəlif istehsal-inkişaf layihələrinin podratçıları ilə görüşdü.

İqtisadiyyat, Sənaye və Mədən nazirlərinin, Mərkəzi Bankın baş direktorunun və parlament nümayəndələrindən bir neçəsinin iştirak etdiyi bu görüşdə Neft Naziri neft sənayesi müəssisələrində çalışmış cihad ruhlu şəhidlərin xatirəsini ehtiramla yad edərək dedi: “Cənubi Pars qaz yatağının olduqca dəyərli ehtiyatlarından bəhrələnmək üçün 29 faza nəzərdə tutulmuşdur ki, bunların hamısı “Ölkənin 5-ci inkişaf planı” çərçivəsində işlənəcək”.

Neft Naziri Cənubi Pars məntəqəsinin inkişafında qarşıya qoyulmuş başlıca məqsədlər sırasında qazın xaricə qaz ixracının da yer aldığını qeyd etdi.

Cənab Mirkazimi Cənubi Pars məntəqəsində fazaların işlənmə müddətinin qısaldılması üçün dəqiq mütəxəssis tədqiqatlarının həyata keçirildiyini də qeyd edərək bildirdi ki, 29 istehsal və inkişaf fazası tam olaraq işləndikdən sonra Cənubi Pars məntəqəsində sənayenin illik gəliri 110 milyard dollardan artıq olacaq.

Cənab Mirkazimi Cənubi Pars və Əsələviyənin neft-kimya sənayesi potensialına toxunaraq dedi: “5-ci inkişaf planı”nın sonunda ölkənin neft-kimya potensialı 95 milyon tona çatacaq”.

Neft Naziri İran şirkətlərinin Cənubi Pars məntəqəsinin inkişafı layihələrində uğurlu iştirakını “sevindirici və ümidverici bir fakt” adlandıraraq dedi: “Nəzərdə tutulmuş fazalar işlənib qurtardıqdan sonra İran neft və qaz sənayesində yerli texnologiyaya malik olacaq və tamamilə özünə aid olan bu texnologiyanı digər ölkələrə də ixrac edə biləcək”.

Çıxışını yekunlaşdıran Neft Naziri yeni ilin neft və qaz sənayesi üçün olduqca dinamik və uğurlu bir il olacağını proqnozlaşdırdı.

Görüş əsnasında Pars Neft və Qaz Şirkətinin icraçı direktoru cənab Suri də Cənubi Pars sənaye zonasında müxtəlif istehsal və inkişaf layihələrinin irəliləyiş tempi haqda məlumat verdi.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /