Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın regiondakı məğlubiyyətləri davam edəcək

Bu gün – 1390-cı ilin ilk günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məşhəd şəhərində səkkizinci imam Əli İbn Musa Rizanın (ə) müqəddəs məqbərəsini ziyarətə gəlmiş on minlərlə zəvvar və qonşuluqda yaşayan əhali ilə görüşdü. İmam Xomeyni adına (r.ə) gecə ibadətgahında və İmam Riza (ə) ziyarətgahının digər üstüaçıq və örtülü meydançalarında toplaşmış insanların qarşısında olduqca mühüm fikirlər söyləyən Həzrət Ayətullah Xamenei ölkənin 1389-cu il ərzindəki ümumi inkişafını, xüsusilə də “Daha artıq zəhmət və təşəbbüs” şüarının müxtəlif sahələrdə, o cümlədən elm və texnologiya, subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi, Qərbin sanksiyalarına qarşı güclü və tədbirli müqavimət sferalarında gerçəkləşməsi istiqamətində göstərilən səyləri dəyərləndirdi. Ali Məqamlı Rəhbər bununla yanaşı 1390-cı il üçün elan edilmiş “İqtisadi cihad” şüarının mahiyyəti, bu möhtəşəm hərəkatın meyar və göstəriciləri haqqında da danışdı. Çıxışının yekun qismində isə Həzrət Ayətullah Xamenei İslam Respublikasının regionda baş qaldırmış xalq hərəkatlarına qarşı mövqeyini açıqlayaraq Amerika və Qərbin hiyləgər və ikiüzlü davranışlarını şərh etdi.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei İran xalqını və Novruzu əziz tutan bütün xalqları bu bayram münasibətilə bir daha təbrik edərək ölkənin 1389-cu il ərzində keçdiyi ümumi irəliləyiş prosesini, xüsusən də “Daha artıq zəhmət və təşəbbüs” şüarının reallaşması istiqamətində göstərilən səyləri dəyərləndirdi. O dedi: “Ötən il xalqımız və rəsmilərimiz, doğrudan da, böyük əzm və təşəbbüskarlıq nümayiş etdirdilər və daha artıq çalışmağa müvəffəq oldular. Əlbəttə, bunun nəticələri uzun zaman çərçivəsində bilinəcək, lakin bu səylərin müxtəlif sferalarda müsbət nəticələrini elə yaxın müddətdə – son aylar ərzində də müşahidə etmək mümkündür”.

“Elm və texnologiya sferası “Daha artıq zəhmət və təşəbbüs” şüarının gerçəkləşdiyi sahələrdən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmizdə bir neçə il öncə start verilmiş möhtəşəm elmi hərəkat hal-hazırda daha böyük sürət tempi ilə davam etdirilir. Yüksələn xətt üzrə inkişaf edən bu elmi hərəkat dünyadakı ən yeni, yüksək bilik və texnologiyaların mənimsənilməsinə xidmət edir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, biotexnologiya, aeronavtika, nano texnologiyalar, kök hüceyrələri, olduqca əhəmiyyətli radiodərman preparatlarının, xərçəng əleyhinə dərmanların, hava turbini mühərriklərinin, super kompüterlərin və yeni enerji mənbələrinin istehsalı kimi sahələr dünyanın ən yeni və yüksək elmi bilikləri sırasındadır. O vurğuladı ki, gənc iranlı alimlər bu sahələrdə sürətli bir templə irəliləməkdədirlər və mötəbər beynəlxalq mərkəzlərin verdiyi məlumata görə, İranın elmi inkişaf tempi qlobal elmi inkişaf tempindən daha sürətlidir. 

Ölkənin sürətli elmi inkişafının spesifik xüsusiyyətlərindən danışan Həzrət Ayətullah Xamenei dedi: “Ölkəmizin elmi inkişafının bariz xüsusiyyətləri sırasında orta hesabla 35 yaş həddində olan gənc alimlərin fəal iştirakını, yüksək özünəinam əhval-ruhiyyəsini, elmi nailiyyətlərin ticariləşməsi, milli məhsulun istehsalı zəncirinin formalaşdırılmasını qeyd etmək olar”. Ali Məqamlı Rəhbər elmi inkişafın ticariləşməsi haqda bunları da qeyd etdi ki, elmi inkişaf, elmi biliklərin texnologiyaya çevrilməsi, məhsul istehsalı və ən nəhayət, elmin ticariləşməsi prosesləri vahid zəncirdə birləşsə, ölkədə qazanılan elmi nailiyyətlər milli məhsulun istehsalı ilə, xalqın tələblərinə cavab verməklə nəticələnər. 

Ali Məqamlı Rəhbər subsidiyaların məqsədyönlü istiqamətləndirilməsini “Daha artıq zəhmət və təşəbbüs” şüarının gerçəkləşməsinin daha bir nümunəsi adlandıraraq əlavə etdi: “İqtisadçı ekspertlərin yekdilliklə dəstəklədikləri “Subsidiyalardan məqsədyönlü istifadə” layihəsinin icrası uzun illər boyu arzulanan məsələlərdən biri idi ki, Allahın lütfü sayəsində, 1389-cu ildə buna start verildi. Qeyd edim ki, layihənin icrasında dövlətimiz və xalqımız yüksək səviyyədə əməkdaşlıq etdilər”.

İcrasına başlanmış “Subsidiyalardan məqsədyönlü istifadə” layihəsinin nəticələrinin gələcəkdə aşkara çıxacağını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Subsidiyaların məqsədyönlü şəkildə istiqamətləndirilməsinin bəzi müsbət nəticələrini elə bu yaxınlarda da müşahidə etmək mümkün olacaq”.

“Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsində başlıca hədəflərdən biri də dövlətin ayırdığı subsidiyaların ədalətli bölgüsünü təmin etmək, ictimai ədalətin gerçəkləşməsi yolunda böyük bir addım atmaqdır” – deyən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Bu məsələdə qarşıya qoyulmuş digər məqsədlər enerji sərfinə nəzarəti həyata keçirmək, həqiqətən qənaətli istehlaka nail olmaq, ölkənin iqtisadi strukturunda islahatlar aparmaqdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, “Daha artıq zəhmət və təşəbbüs” şüarının 1389-cu ildə reallığa çevrildiyinə daha bir nümunə qeyri-neft məhsullarının ixracının artması, ölkə büdcəsinin neftdən asılılığına son qoymaq kimi mühüm bir məqsədə yaxınlaşmadır. O bildirdi ki, xalqın və rəsmilərin Amerika başda olmaqla Qərbin sanksiyalarına qarşı qüdrətli və tədbirli formada mübarizə aparması bu fakta digər bir misaldır. Ali Məqamlı Rəhbər dedi: “Sevindirici haldır ki, rəsmilərin müxtəlif sahələrdə böyük səyləri və ardıcıl əməyi sayəsində düşmən tərksilah edildi və hal-hazırda qərblilər özləri sanksiyaların artıq heç bir effekt vermədiyini etiraf edirlər”.

Həzrət Ayətullah Xamenei işsizliyin aradan qaldırılması, şəhər və kəndlərdə mənzil tikintisi, yolların, magistralların və elektron rabitə xətlərinin çəkilişi sahəsində görülmüş tədbirləri “Daha artıq zəhmət və təşəbbüs” şüarının iqtisadiyyat sferasında gerçəkləşməsinə digər misallar sırasında qeyd etdi. Ölkənin ötən il ərzindəki inkişafı haqqında söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər vurğuladı: “1389-cu il, sözün həqiqi mənasında, daha artıq zəhmət və təşəbbüs ili olmuşdur. Əlbəttə, bu məsələ təkcə 1389-cu ilə aid deyil; cari ildə və qarşıdakı illərdə də bu prinsip davam etdirilməlidir ki, İran xalqı öz layiqli mövqeyinə yetişə bilsin”.

Ali Məqamlı Rəhbərin çıxışının ikinci qismi cari ilin “İqtisadi cihad” ili adlandırılması ilə bağlı idi.

Çıxışının bu hissəsində Həzrət Ayətullah Xamenei əvvəlcə 1390-cı ilin “İqtisadi cihad” ili adlandırılmasının səbəbini açıqlayaraq dedi: “Hərçənd ölkəmizdə görüləsi əsas və zəruri işlər vardır, lakin mütəxəssislər bu fikirdədirlər ki, hazırkı mərhələdə daha çox əhəmiyyət daşıyan və təcili həllini gözləyən problemlər iqtisadi problemlərdir və bu sahədə cihad xarakterli bir hərəkat həyata keçirilməlidir. Belə ki əgər İslam dövləti iqtisadi problemləri həll etməkdə özünün güc və bacarığını dünyaya və bütün xalqlara nümayiş etdirsə, bu, ölkənin tərəqqisinə və İran xalqının nüfuzunun artmasına çox böyük təsir göstərəcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, iqtisadiyyatda irəliləyişin başlıca meyarı “V perspektiv inkişaf planı”nda nəzərdə tutulmuş iqtisadi inkişafa nail olmaqdır. O, əlavə etdi: “V inkişaf planı”nda nəzərdə tutulmuş minimum iqtisadi inkişaf göstəricisi 8 faizdir və bu göstəricinin reallaşmasında səmərəlilik böyük rol oynayacaq”.

“Vəzifəli şəxslər ölkənin iqtisadi inkişafında səmərəliliyin payının yüksəlməsinin əhəmiyyətini camaata izah etməlidirlər” – deyə vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İqtisadiyyat sferasında həyata keçirilməli olan digər tədbirlər bunlardır: işsizliyin səviyyəsinin azaldılması və məşğulluğun artırılması, özəl sektora investisiya qoyuluşunun çoxaldılması, özəl sektorun xüsusi çəkisinin kooperativlərin qurulması yolu ilə artırılması, hüquqi və qanunvericilik infrastrukturunun işlənib hazırlanması, əməyin çiçəklənməsinə dəstək, əsas resurslardan, xüsusilə də əkinçilikdə istifadə olunan sudan qənaətli istifadəni təmin etmək üçün lazımi infrastrukturların yaradılması və xalqın iqtisadiyyatda bilavasitə iştirakı”.

Xalqı iqtisadiyyat haqda məlumatlandırmaq, insanların iqtisadiyyatda birbaşa iştirak qabiliyyətini artırmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kütləvi informasiya vasitələri, xüsusilə də televiziya və radio bu işdə mühüm rola malikdirlər və xalqa iqtisadi mövzularla bağlı informasiya verməlidirlər. Eyni zamanda dövlət də bu məsələyə daha fəal yanaşmalıdır”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər 1390-cı ildə ölkədə həyata keçiriləcək böyük iqtisadi hərəkatın zəruri tələbləri haqda danışaraq aşağıdakıları vurğuladı: “İqtisadiyyat sahəsində cihad etmək üçün cihad əhval-ruhiyyəsinə, cəmiyyətdə, xüsusən gənclər arasında mənəviyyatın və dinə meylliliyin daha da möhkəmlənməsinə, ölkədə marginal məsələləri şişirtməkdən və marginallıqdan  çəkinməyə, xalq arasında, xalqla rəsmilər, habelə rəsmilərin öz arasında milli birlik və həmrəyliyi qoruyub saxlamağa ehtiyac var”.

Ali Məqamlı Rəhbər üçlü hakimiyyət qüvvələrinin təmsilçilərinə biri-birinə qarşı giley-güzarlarını ictimaiyyət səviyyəsinə çıxarmamaqla bağlı ciddi xəbərdarlıq edərək dedi ki, rəsmilər arasında narazılıq İslam İnqilabının əvvəllərindən bəri olub və bu, iş prosesinə xas olan təbii bir şeydir. Lakin bu giley-güzarı xalq arasına daşımaq, insanları məyus və narahat etmək olmaz. Rəsmilər narazılıqlarını öz aralarında həll etməlidirlər.

Həzrət Ayətullah Xamenei hər yeni ilin yeni bir adla, yeni bir şüarla adlandırılmasına yanaşma tərzi haqda da bir məqamı qeyd etdi. O bildirdi ki, bəzən yeni il üçün elan edilən ad və şüarlar paytaxt Tehranda və başqa şəhərlərdə kütləvi formada, özü də çox bahalı tablolar üzərində küçələrə asılır. Halbuki bu, faydasız və yanlış bir işdir və hər yeni ilin bir adla adlandırılmasında qarşıya qoyulan əsas məqsədə ziddir. Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Hər ilin yeni bir adla adlandırılmasında məqsəd həmin şüarın, yaxud müvafiq məzmunlu şəkillərin tablolarda əks olunması yox, əməli tədbirlərin görülməsidir”.

Ali Məqamlı Rəhbərin mövzu ilə bağlı vurğuladığı üçüncü və sonuncu məqam isə 1390-cı ildə iqtisadiyyatdan kənar sferalara, xüsusilə də elm və texnologiyaya da diqqətlə yanaşmağın vacibliyi oldu.

Daha sonra Həzrət Ayətullah Xamenei çıxışının üçüncü hissəsinə – son zamanlar regionda baş verən hadisələrin, Tunis, Misir, Bəhreyn, Yəmən və Liviyadakı xalq hərəkatlarının təhlilinə keçdi.

Ali Məqamlı Rəhbər bu hərəkatların olduqca böyük əhəmiyyət kəsb etdiyini, bunların ərəb-müsəlman regionunda fundamental bir dəyişikliyin, islami oyanışın əlaməti olduğunu dedi. O, əlavə etdi: “Bu hərəkatlarda iki mühüm element müşahidə olunur: xalqın meydanlarda mübarizəsi və dini təmayüllülük”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, son dövrdə regionda baş qaldırmış hərəkatların başlıca səbəbi region xalqlarının qürur və heysiyyətinin zülmkar dövlət başçılarının neqativ rəftarı nəticəsində tapdanmasıdır. Ali Məqamlı Rəhbər buna misal olaraq, Hüsni Mübarəkin Misirdə etdiklərini, sionist rejimini dəstəkləyərək – özəlliklə Qəzza məsələsində – ən cinayətkar əməllərə əl atmasını, həmçinin Qəddafinin Liviyada törətdiklərini, bu ölkənin nüvə imkanlarının Qərbin mənasız təhdidləri və puç vədləri qarşısında Amerikaya təhvil verilməsini qeyd etdi və bütün bunların xalqın şərəf və heysiyyətinə zərbə vurmuş addımlar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da əlavə etdi: “Başda Amerika olmaqla Qərb dövlətləri İrana qarşı da təhdid və təzyiqlərə əl atdılar və bunu hal-hazırda da davam etdirirlər. Lakin İran İslam Respublikasının dövlət rəsmiləri bu təhdidlər qarşısında nəinki geri çəkilmədilər, hətta öz ölkələrinin nüvə imkanlarını hər il daha da artırırlar”.

Amerikalıların regionda gedən proseslərə qarşı mövqe və davranışını açıqlayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar bu hadisələrdən əvvəlcə çaş-baş vəziyyətə düşmüşdülər və baş verənləri təhlil edə bilmirdilər, bu səbəbdən də onlar ziddiyyətli mövqe nümayiş etdirdilər”.   

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Diktatorları himayə etmək amerikalıların dəyişməz metodudur. Onlar Hüsni Mübarəki də son ana qədər müdafiə etdilər. Mübarək diktaturasının hakimiyyətdə bundan artıq qalmasının qeyri-mümkün olduğunu görəndə isə onu işlənmiş salfet kimi kənara atdılar. Bu, Amerikadan asılı olan hökumət başçılarına ibrət dərsi olmalıdır”. 

“Misirdə diktaturanın süqutu Amerikanın Orta Şərqdə yürütdüyü siyasətə böyük bir zərbə oldu” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bin Əli və Hüsni Mübarəki hakimiyyətdə saxlamaqdan əli üzüləndən sonra Amerika Tunis və Misirdə onların diktatura rejiminin mahiyyətini qoruyub saxlamaq üçün hiyləgər, xəbis və əlbəttə ki, səthi səviyyəli səylər göstərməyə başladı. Lakin xalqın qiyamı davam etdirməsi ilə bu məkrli plan boşa çıxdı”.

Ali Məqamlı Rəhbər xatırlatdı ki, amerikalıların bu planı boşa çıxandan sonra onlar daha iki planı: fürsəti fövtə verməmək və xalq hərəkatlarını simulyasiya etmək planlarını işə salmağı düşünsələr də, fürsətdən öz xeyrinə istifadə etmək və inqilabların nəticəsini xalqın əlindən almaq planları da uğursuzluqla üzləşdi.

Həzrət Ayətullah Xamenei Amerikalıların regiondakı hadisələri dini demokratiya və xalq hakimiyyəti əsasında idarə olunan İranda simulyasiya etmək səylərinə toxunaraq əlavə etdi: “Onlar nəfsinin toruna düşmüş, alçaq ünsürlərdən istifadə etməklə İranda regiondakı xalq hərəkatlarının gülünc bir karikaturasını yaratmağa çalışdılar. Amma İran xalqı onların ağzından vurdu və bu planları da heç oldu”.

Amerikanın regiondakı xalq hərəkatlarına qarşı mövqeyinin və “xalqları müdafiə” iddiasının ikiüzlü olduğunu deyən Həzrət Ayətullah Xamenei ABŞ prezidentinin İran xalqını dəstəkləməklə bağlı səsləndirdiyi son fikirləri xatırladaraq dedi: “Görəsən, Amerikanın hazırkı dövlət başçısı ağzından çıxardığı sözləri özü dərk edir? O deyir ki, Tehranın Azadlıq meydanındakı xalq eynilə Misirin Təhrir meydanındakı xalqdır. Halbuki xalqımız hər il 22 Bəhmən günü Tehranın Azadlıq meydanına toplaşır və əsasən “Amerikaya ölüm!” şüarını səsləndirir”.

Həzrət Ayətullah Xamenei Amerikanın xalqları dəstəklədiyi barədə iddiasının hər zaman yalan olduğunu, onların nəinki regiondakı xalqlara, hətta öz xalqlarına belə rəhm etmədiyini vurğulayaraq fikrini belə əsaslandırdı: “ABŞ-ın hazırkı prezidenti ölkəsinin ən böhranlı iqtisadi şəraitdə yaşamasına baxmayaraq, amerikalıların trilyonlarla dollar pulunu silah və neft şirkətlərinin pul kisəsinə axıdır”.

Regionda baş qaldırmış xalq hərəkatlarını təhlil etməkdə davam edən Ali Məqamlı Rəhbər Liviyada gedən proseslərə toxunaraq dedi: “Liviya hadisələrinə gəlincə, İran İslam Respublikası həm bu ölkədə hakim rejimin xalqı qırmasını, həm də Amerika və Qərbin hərbi hücumlarını qətiyyətlə pisləyir”.

“Amerika və Qərbin hərbi hücumlara Liviya xalqını müdafiə etmək məqsədilə başladıqları haqda iddiaları tamamilə qəbuledilməzdir” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Onlar doğrudan da Liviya xalqının tərəfindədirlərsə, nəyə görə insan qırğınını bir ay kənardan seyr etdilər və heç bir addım atmadılar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Amerika və Qərbi yalnız Liviyanın nefti və gələcəkdə Tunis və Liviya hökumətlərini nəzarət altında saxlaya bilmək üçün indidən özlərinə bu ölkədə yer eləmək maraqlandırır.

Həzrət Ayətullah Xamenei BMT-nin Liviyada baş verən hadisələrə reaksiyasını da bu qurum üçün “üz qarası” adlandırdı. O, əlavə etdi: “BMT xalqlara xidmət etmək əvəzinə, Amerika və Qərbin əlində alətə çevrilib”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər Bəhreyndə baş verən son hadisələrə toxunaraq bunları vurğuladı: “Bəhreynlilərin qiyamının mahiyyəti Misir, Tunis, Liviya və Yəmən xalqlarının qiyamından heç nə ilə fərqlənmir, çünki Bəhreyn camaatı da azad şəraitdə baş tutan seçkilərdə səs vermək hüququna malik olmaq istəyir və bu, elə də böyük bir tələb deyil”.

Həzrət Ayətullah Xamenei Amerika və Qərbin Bəhreyn olayları ilə bağlı sünni-şiə məsələsini qəsdən ortaya atmasını “regionda gedən proseslərə müdaxilə etmək üçün bəhanə” adlandıraraq əlavə etdi: “Amerikalılar Bəhreyndə sünni-şiə məsələsini gündəmə gətirməklə ölkədə baş qaldırmış xalq qiyamını xalqın dəstək və yardımından məhrum etməyə çalışırlar”.

Bəzi şəxslərin amerikalıların bu tələsinə düşməsindən təəssüfləndiyini bildirən Ali Məqamlı Rəhbər qeyd etdi ki, Bəhreyn hadisələrində sünni-şiə məsələsini ortaya atmaq Amerikaya və İslam ümmətinin düşmənlərinə ən böyük xidməti göstərmək deməkdir.

İran İslam Respublikasının Fələstin xalqını daim, xüsusən də Qəzzada gedən 22 günlük hərbi əməliyyatlar zamanı dəstəklədiyini xatırladan Həzrət Ayətullah Xamenei dedi: “İİR şiə olmadıqlarına baxmayaraq, Fələstin xalqını, həmçinin Tunis, Misir, Liviya və Yəməndə baş qaldırmış xalq hərəkatlarını dəstəkləyib. Çünki bu hadisələrdə sünni-şiə məsələsi önəm daşımır. Odur ki Bəhreyn xalqının şiə olmasını əsas gətirib bu ölkədə baş verən hadisələr qarşısında susmaq olmaz”.

Səudiyyə Ərəbistanı hökumətinin Bəhreyndə baş verənlərə müdaxiləsi məsələsinə toxunan Ali Məqamlı Rəhbər bunları dedi: “Amerikalıların şərəfsizliyinin və regiona qarşı işlətdikləri günahların pik nöqtəsi budur ki, onlar Səudiyyə tanklarının Bəhreyndə olmasını müdaxilə adlandırmırlar, amma mərcə-təqlidlərin, ruhani alimlərin və xeyirxah insanların Bəhreyndə insan qırğınına etiraz bildirməsini “İranın müdaxiləsi” adlandırırlar”.

Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsinin yanlış olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı ki, bu addım Səudiyyə hökumətinin regionda nifrət qazanmasına səbəb olacaq və Ərəbistan üçün ardınca, mütləq, böyük xəsarətlər gətirəcək”.

Regionda gedən son proseslər haqqında söhbətini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “Regionda başlamış bu yeni hərəkat İslam ümmətinin hərəkatıdır və İslamın hədəflərinə doğru istiqamətlənib. İlahi vədə əsasən, bu hərəkat, mütləq, qələbə ilə nəticələnəcək və Amerikanın regiondakı məğlubiyyətlərinin silsiləsi hələ davam edəcək”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “İslam Respublikasının regionda gedən proseslərə qarşı mövqeyi xalqları, onların hüquqlarını dəstəkləmək, diktatorlara və müstəmləkəçilərə qarşı çıxmaqdır”. 

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Novruz bayramını “İslam dininin əmr və göstərişlərinə əməl etmək üçün dəyərli bir fürsət” adlandıraraq dedi: “İran xalqı uzun illər boyu, xüsusən də İslam İnqilabının qələbəsindən sonra Novruz bayramından mənəvi cəhətdən zənginləşmək, müdrikləşmək və Allaha daha da yaxınlaşmaq üçün istifadə edib. Buna bariz nümunə əhalinin böyük bir hissəsinin yeni il təhvil olunduğu zaman müqəddəs məqbərələrə, ziyarətgahlara və dini məkanlara toplaşaraq dualar oxumasıdır”.    

Həzrət Ayətullah Xamenei həmçinin bunu da vurğuladı: “İran xalqı Novruz ənənəsindən, Novruz ayinindən daim din, mənəviyyat, İslam əxlaqı istiqamətində bəhrələnib”.

Görüşün əvvəlində Vəli-fəqihin Xorasan üzrə nümayəndəsi və müqəddəs İmam Riza (ə) məqbərəsinin hamisi Ayətullah Vaiz Təbəsi Ali Məqamlı Rəhbəri yeni ilin gəlişi münasibətilə təbrik edərək salamladı.     



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /