Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Novruz bayramı münasibətilə müraciəti

Mən bu ili “İqtisadi cihad ili” adlandırıram

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
 
یا مقلّب القلوب و الأبصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الأحوال، حوّل حالنا الی احسن الحال

“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”

Mübarək Novruz bayramı, baharın və yeni ilin gəlişi münasibətilə ölkənin dörd bir yanındakı əziz həmvətənlərimizi, həmçinin başqa ölkələrdə, dünyanın müxtəlif yerlərində yaşayan iranlıları, Novruza dəyər verən və ehtiramla yanaşan digər xalqları təbrik edirəm. Özəlliklə ölkəyə, İslam İnqilabına və dövlətə xidmət edən insanları və ailələri təbrik edirəm: bu sıraya əziz şəhidlərimizin ailələri, əlil və veteranlarımız və onların ailə üzvləri, hər kəsin öz ailəsi ilə bir araya gəldiyi bu axşamda iş başında olan, öz həssas və əhəmiyyətli vəzifəsini yerinə yetirən, ailəsi ilə birlikdə  bayramı qeyd etməkdən məhrum olan dövlət qulluqçuları və onların ailə üzvləri daxildir. Ümidvaram ki, Allahın mərhəməti sayəsində, inşallah, İran xalqını qarşıda sevinc, nemət və bərəkət dolu bir il gözləyir və xalqımız bütün meydanlarda uğur, başucalığı və qələbə qazanacaq.

Əlbəttə ki, bəzi ölkələrdə insanlara qarşı törədilən acınacaqlı hadisələr – əziz Bəhreyn camaatının başına gətirilənlər, Yəmən və Liviyada baş verənlər – bayram ovqatımızı pozur və bu sevinci tam olaraq yaşamağımıza mane olur. Ümidvaram ki, Ulu Yaradan bu xalqlara – Bəhreyn, Yəmən və Liviya camaatına tezliklə nicat verəcək və xalqlara düşmən kəsilənləri öz ilahi cəzası ilə cəzalandıracaq.

Bayram insanın bir il, bir ay, bir gün və gecə boyunca təbii irəliləyişinin simvoludur. Bu irəliləyiş təkamül və yüksəlişə doğru olmalıdır, elə buna görə də hər bir bayram insanın yeni mərhələyə qədəm qoymasına yol açan bir başlanğıc nöqtəsidir. İran xalqı, Allahın dəstəyi, yardımı və mərhəməti sayəsində, 1389-cu ildə böyük işlərə imza ata bilib. Biz 1389-cu ili “Daha artıq zəhmət və təşəbbüs ili” adlandırmışdıq. Xoşbəxtlikdən, il boyu bu şüar əməli surətdə reallaşdı. Əminliklə deyə bilərəm ki, bu illər ərzində xalqın və dövlət məmurlarının diqqət mərkəzində ən çox yer alan, əməl olunan və ölkənin vəziyyətinə təsir göstərən şüar elə “Daha artıq zəhmət və təşəbbüs” şüarı olmuşdur. Doğrudan da sevindirici haldır ki, xalqımız və dövlətimiz bu işdə, bir il ərzindəki irəliləyiş prosesində daha da çox zəhmət və təşəbbüs nümayiş etdirdi: biz iqtisadi və siyasi sferalarda, xalqın müxtəlif ictimai-siyasi arenalarda əzəmətli və çoxmilyonlu iştirakı məsələsində, elm, texnologiya, xarici siyasət və digər sahələrdə ölkə rəsmilərinin – icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının böyük işlər gördüyünün şahidi olduq. Bu bir il ərzində özəlliklə icraedici hakimiyyət böyük işlərə imza atdı. Həmin işlər sırasında olduqca həssas və böyük əhəmiyyət kəsb edən subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi məsələsini qeyd etmək olar ki, geridə qoyduğumuz ildə nəhayət bu böyük işə də start verildi. Ümidvaram ki, inşallah, bu iş tam müvəffəqiyyətlə yekunlaşdırılacaq. 

Bütövlükdə götürsək, mən hesab edirəm ki, ölkəmiz, əlhəmdulillah, tərəqqi və yüksəliş yolunda çox müsbət irəliləyişə başlayıb. Sürət tempini günü-gündən daha da çoxaltmış bu irəliləyiş, əlbəttə ki, dövlət rəsmilərimizin və xalqımızın uzun illər boyu çəkdiyi zəhmətin, göstərdiyi səylərin nəticəsidir. Lakin xoşbəxtlikdən, zaman keçdikcə bu irəliləyiş daha da sürətlənib. Misal üçün, elmi inkişaf sahəsində:  dünyanın ixtisaslaşmış mərkəzlərinin və beynəlxalq institutların açıqladığı statistikaya görə ölkəmizin dünya elminin inkişafında iştirakı yüzdə 11 faizdən artıqdır. Halbuki biz dünya əhalisinin 1 faizini təşkil edirik və regionda bizdən sonra bu sahədə ən böyük göstəricini ortaya qoymuş ölkənin inkişafı yüzdə 6 faizdən az olmuşdur. Odur ki ölkəmizin müxtəlif sahələrdə inkişafı, əlhəmdulillah, çox müsbətdir. Bu sürətli, ciddiyyət və əzm dolu irəliləyiş davam etdirilməlidir.

Ölkənin problemlərinə ümumilikdə nəzər saldıqda görürük ki, xalqımızın və ölkəmizin düşmənləri dövlətimizə qarşı mübarizədə başlıca tədbirlərdən biri kimi iqtisadiyyatla bağlı məsələlərə əl atırlar və biz qarşıdakı 1390-cı ildə bütün səy və əzmimizi məhz bu istiqamətə yönəltməliyik. Sözsüz ki, onlar mədəniyyət və siyasət sferalarında, elmi nailiyyətləri inhisara salmaq işində də aktivdirlər, lakin iqtisadiyyat sahəsində daha fəaldırlar. İran xalqının düşmənlərinin ictimai rəyə təsir göstərmək üçün ortaya atdığı, yaxud xalqımızın əleyhinə tətbiq etdiyi iqtisadi sanksiyaların məqsədi də elə ölkəmizin inkişafına güclü zərbə vurmaq, bu sürətli irəliləyişimizə əngəl törətmək idi. Əlbəttə ki, onlar istədiklərinə nail ola, sanksiyalardan gözlədikləri nəticəni ala bilmədilər. Rəsmilərin gördüyü tədbirlər və xalqın dəstəyi düşmənlərin planlarına qalib gəldi. Lakin onlar yenə də öz məqsədlərindən əl çəkmirlər. Buna görə də bu andan etibarən başlayan yeni ildə biz ölkənin ən əsas problemlərinə diqqət yönəltməliyik. Zənnimcə, bu problemlərin mehvərində iqtisadi məsələlər durur. Odur ki mən bu ili “İqtisadi cihad ili” adlandırıram. İstər hökumətdə, istər parlamentdə, istərsə də digər sahələrdə iqtisadiyyata aidiyyəti olan rəsmilərdən, həmçinin əziz xalqımızdan istəyim budur ki, iqtisadiyyat sahəsində cihad xarakterli bir hərəkat nümayiş etdirsinlər, işləsinlər, səy göstərsinlər. Təbii templə hərəkət etmək kifayət deyil. Bu meydanda sıçrayışla, cihad əzmi ilə hərəkət etməliyik.

Diqqətinizi bu məsələyə də yönəltmək istəyirəm ki, biz hal-hazırda – bu an “Tərəqqi və ədalət onilliyi”nin üçüncü ilinə qədəm qoyuruq. Əlbəttə ki, həm tərəqqi, həm də ədalət sahəsində xeyli dərəcədə müsbət işlər görülüb. Lakin elə etməliyik ki, bu onilliyi, sözün həqiqi mənasında, tərəqqinin və ölkəmizdə ədalətin bərqərar edilməsinin təzahürünə çevirək. İslam dünyasında meydana gəlmiş canlanmanı nəzərə alsaq, bu onilliyin, Yaradanın dəstəyi və yardımı ilə, region üçün də “Tərəqqi və ədalət onilliyi” olacağı hiss olunur.           

Ümidvaram ki, Ulu Yaradan sizləri – əziz xalqımızı, əziz dövlət rəsmilərimizi, mömin, yüksək ruhlu, fəal və istedadlı gənclərimizi öz lütfünə, Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) dualarına layiq görəcək. Əziz şəhidlərimizin, dahi İmam Xomeyninin (r.ə) xatirəsini ehtiramla yad edirik və ümidvarıq ki, Uca Tanrı bu böyük şəxsiyyətlərin pak ruhlarının bərəkəti sayəsində, İran xalqına öz rəhmətini, bərəkətini, Cənnətini və bağışlamasını nəsib edəcək.

Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun!



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /