Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 5 saatdan artıq müddətdə strateji texnologiyalar sərgisinə baxış keçirdi və müxtəlif bölümləri təmsil edən rəsmilərin verdiyi məlumatlar əsasında, ölkənin alim və tədqiqatçılarının əldə etdiyi elmi-texnoloji nailiyyətlərin bir hissəsi ilə tanış oldu. 

Strateji texnologiyalar sərgisinin keçirildiyi məkana daxil olan Ali Məqamlı Rəhbər əvvəlcə şəhid Əliməhəmmədi və Şəhriyarinin xatirə memorialını ziyarət etdi, “Fatihə” oxuyaraq Allahdan elm və iman yolunda şəhid olanlara ən ali dərəcələri nəsib etməsini dilədi.

Strateji texnologiyalar sərgisində ölkənin alim və tədqiqatçılarının aeronavtika, mikroelektronika, müasir enerji mənbələri, nano texnologiyaları, fənlərarası texnologiyalar, kök hüceyrələri, informasiya və kommunikasiya texnologiyaları, biotexnologiya, müalicəvi bitkilər və tibb sahələrindəki elmi-texnoloji ixtiraları, istehsal edilən məhsullar və qazanılan nailiyyətlər nümayiş olundu.  

Müasir enerji mənbələri sferasında əldə olunmuş elmi nailiyyətlərdən biri də          “Maqnit baryeri üsulu ilə nüvə sintezini həyata keçirən sınaq AES reaktorunun layihələndirilməsi və quraşdırılması” adlı milli layihə idi. Nüvənin sintezi elektrik enerjisi istehsalının ən müasir üsullarından biridir və bir-neçə ildən sonra nüvənin cari parçalanma üsulunu əvəz edəcək. İran İslam Respublikası hazırda bu layihəni araşdırma mərhələsindədir və gələcəkdə nüvə sintez edən AES-in inşası etapına qədəm qoyacaq.

Sərgidə nümayiş olunan irimiqyaslı milli layihələr sırasında “Əmirkəbir” milli superkompüteri də var idi.  Bu superkompüterin layihəsi, konstruksiyası və istismarı tamamilə ölkə daxilində – Əmirkəbir Sənaye Universitetində həyata keçirilmişdir. Sözügedən superkompüterin konstruksiya texnologiyası yalnız 10 ölkədə var. Milli superkompüter saniyədə 89 trilyon hesablama əməliyyatı aparmağa qadirdir.  

Əmirkəbir Sənaye Universitetinin alim və tədqiqatçılarının sərgidə nümayiş olunan nailiyyətləri sırasında “Əmirkəbir” peyki də yer alırdı.

Xərçəng şişlərinin müalicəsi məqsədilə X şüaları buraxan xətti, sürətləndirici radioterapiya qurğusunun, radioizotop qurğusunun istehsalı, qazma qurğularının quyularda istiqamətləndirilməsi üçün maqnit naviqasiya qurğusu, video və foto informasiyanı fəzada eyni vaxtda çəkmə və ötürmə qabiliyyətinə malik olan “Zühəl” adlı pilotsuz uçan boşqab, informasiyanı 2-40 GHz tezlikləri arasında müəyyənləşdirmə və çıxarış etmə qabiliyyətinə malik intellektual radar sistemi, radar qurğularını aşkarlama sistemi, yerli meteoroloji radarın layihələndirilməsi və quraşdırılması strateji texnologiyalar sərgisində təqdim olunan digər elmi-texnoloji nailiyyətlər sırasında idi.  

Sərgidə həmçinin tamamilə daxili istehsalın məhsulu olan “Novid” və “Zəfər” peykləri də nümayiş olundu. Bu iki peyk fəzaya buraxılmağa hazır vəziyyətdədir.

Sərginin aeronavtika bölməsində həmçinin canlıları, xüsusilə də insanı kosmosa göndərmək üçün nəzərdə tutulan biokapsulun konstruksiya layihəsi də təqdim olundu. Yaxın gələcəkdə bu biokapsul vasitəsilə canlı bir varlığın 120 kilometr yüksəkliyə göndərilməsi və sağ-salamat geri qaytarılması planlaşdırılır.

Kosmik uçuşlar zamanı canlı orqanizmin fəzada məruz qaldığı bütün bioloji dəyişiklikləri  tədqiq etmək üçün lazımi tələblərə cavab verən, yüngül çəkili aviasimulyatorun quraşdırılması da iranlı alimlərin nailiyyətləri sırasında idi.

Strateji texnologiyalar sərgisində təqdim olunan məhsullardan biri də üç pilot klasının tələblərinə cavab verən, sərbəst uçuşlu idman təyyarəsi idi. Tamamilə kompozit materialdan olan bu ikinəfərlik təyyarənin layihə və konstruksiyasının bütün mərhələləri ölkə daxilində həyata keçirilib. Sərgidə həmçinin çoxfunksiyalı mikrojet təyyarə nümunəsi də nümayiş olundu.

Strateji texnologiyalar sərgisinin digər bir bölməsi Royan Embrioloji Tədqiqat Müəssisəsinin nailiyyətlərinə, xüsusilə də kök hüceyrələrdən ibarət “hüceyrə bankı”nın yaradılması və modelləşdirilməsi sahəsində qazanılmış elmi nailiyyətlərə həsr olunmuşdu. Bu bölmədə tədqiqatçılar Ali Məqamlı Rəhbərə modelləşdirmə mərhələsi, habelə icra edilmiş digər mərhələlərlə bağlı aparılan təcrübələr haqqında ətraflı məlumat verdilər. Strateji texnologiyalar sərgisinin digər bir bölümündə nano texnologiyalar sahəsindəki elmi nailiyyətlər nümayiş olunurdu. Bu bölmədə xərçəng əleyhinə nanodərman preparatlarının istehsalına, ürək xəstəlikləri nəticəsində ölüm hallarının qarşısını almağa imkan verən nanodərmanların sınaq istehsalına və kompozit sənaye üçün şüşə liflərinin istehsalına nümunələr təqdim olunurdu. Tibbi nailiyyətlərə həsr olunmuş bölümlərdə döş xərçənginin erkən diaqnozunun qoyulması üçün rəqəmsal mammoqrafiya aparatı, böyrək daşlarının və yumşaq toxumanın kəsiklərinin müalicəsi üçün uroloji lazer aparatı, anadangəlmə ürək xəstəliklərinin diaqnozu üçün smart-sistem, qandan istifadə olunmadan orqanizmdə şəkərin miqdarını təyin edən aparat və tibbi görüntüləmə aparatı (MRI) təqdim olunurdu.

Dünya standartlarına cavab verən tibbi görüntüləmə aparatının layihəsi və istehsalı ilk dəfə olaraq ölkə mütəxəssisləri tərəfindən həyata keçirilib.

Bioimplantların istehsalı layihəsi strateji texnologiyalar sərgisinin digər bir bölməsini əhatə edirdi. Burada son model bioimplantlar nümayişə çıxarılmışdı.

Yeni enerji mənbələri bölməsində işıq şüalarının köməyi ilə suyun altında məsafəni müəyyən edən cihaz, dünya elektrik mühərriklərinin ən yeni nəsillərindən olan kömürsüz mühərrik, buxar turbinin işə salınması və istilik sistemlərində istifadə üçün günəş enerjisini toplayan parabolik qurğu, ilk tamamilə hibrid avtobusun layihəsi və istehsalı, külək enerjisi stansiyaları üçün istehsal edilmiş mühərrik və ötürücü qutu kimi elmi-texnoloji nailiyyətlər nümayiş olundu.          

Sərginin digər bir hissəsi dərman bitkiləri və İran təbabətinə həsr olunmuşdu. Bu bölümdə ölkəmizin alim və tədqiqatçılarının ən son nailiyyətləri sərgilənirdi.

Strateji texnologiyalar sərgisinin digər bir bölümü isə ölkədə elmi ictimaiyyətin rolunun, inkişaf mərhələlərinin, elmi ictimaiyyətin kompleks fəaliyyət planında qarşıya qoyulmuş məqsədlərin və prioritet problemlərin müəyyənləşdirilməsinə həsr olunmuşdu. 

Sərgidə ölkə başçısının elmi və texnoloji məsələlər üzrə müavini, Ali İnqilab Mədəniyyəti Şurasının katibi, Səhiyyə, Müalicə və Tibbi Təhsil Naziri, Müdafiə Naziri, universitet rektorları və elmi-texnoloji mərkəzlərin rəhbərləri iştirak etdilər.

Zöhr azanının vaxtı yetişdiyi üçün Ali Məqamlı Rəhbərin imamətliyi ilə camaat namazı qılındı, namazdan sonra isə Həzrət Ayətullah Xamenei sərgiyə baxışı davam etdirdi.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /