Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Regiondakı islami oyanış İran İslam İnqilabından ilham alıb

Bu gün səhər Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü. Nazirliyin yerləşdiyi məkana daxil olan zaman əvvəlcə şəhid olmuş üç məxfi əsgərin məzarını ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olan insanların xatirəsini ehtiramla yad etdi.

Daha sonra o, Kəşfiyyat Nazirliyinin fəaliyyətini əks etdirən sərgiyə baxış keçirərək nazirliyin müxtəlif şöbələrində görülən işlər və əldə olunan nailiyyətlərlə yaxından tanış oldu.

Həzrət Ayətullah Xamenei bu gün həmçinin Kəşfiyyat Nazirliyində çalışan rəhbər işçilər, mütəxəssislər və sıravi kadrlarla görüşərək ilahi niyyətlə və canıyananlıqla göstərdikləri səylərə görə İmam Zamanın (ə.f) məxfi əsgərlərinə qədirdanlığını ifadə etdi. Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyini “təməlini İslam İnqilabından götürmüş azsaylı qurumlardan biri” adlandıraraq vurğuladı: “Kəşfiyyat Nazirliyi imanlı, məsuliyyətli, peşəkar, canıyanan və inqilabçı kadrların əzmi sayəsində inqilaba böyük xidmətlər göstərib və hal-hazırda müasir dünyada gedən informasiya müharibəsi arenasında möhtəşəm bir mübarizə və cihad qərargahıdır”.

İran İslam Respublikasının kəşfiyyat sisteminin mömin və inqilabçı gənclərin əli ilə formalaşdığına toxunan Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikasının kəşfiyyat sisteminin mühüm özəlliklərindən biri onun yerli potensial və imkanlar hesabına formalaşdırılması, dünyadakı heç bir informasiya və kəşfiyyat xidməti orqanından nümunə götürməməsidir”.

Ali Məqamlı Rəhbər İslam İnqilabı nəticəsində ərsəyə gəlmiş bu strukturun gərgin əmək və Allaha təvəkküldən formalaşdığını deyərək əlavə etdi: “Bu strukturun mühüm özəlliklərinə diqqət yetirərək demək olar ki, Kəşfiyyat Nazirliyi inqilabın prinsip və əsaslarına sadiqliyi, şəriət və qanunun hüdudlarına riayət etməni daim özündə ən yüksək səviyyədə əks etdirməlidir”.

Həzrət Ayətullah Xamenei qanunçuluğa və nizam-intizama riayət etməyin son dərəcə mühüm olduğunu deyərək vurğuladı: “Məsuliyyətli, dindar və təqvalı olmağın vacib şərti qanuna əməl etmək və gələcəyə nikbin baxmaqdır”.

Kəşfiyyat Nazirliyinin fəaliyyətində problemlərə qlobal, strateji və dərindən yanaşmanın vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nazirlikdə çox gözəl, uzunmüddətli layihələr hazırlanıb, lakin digər mühüm məsələlərlə bağlı da hərtərəfli və strateji layihələr hazırlanmalı və təkmilləşdirilməlidir. Çünki bu strukturun ən mühüm vəzifəsi uzunmüddətli, mükəmməl layihələr işləyib hazırlamaqdır”.

Ali Məqamlı Rəhbərin toxunduğu digər məqamlar Kəşfiyyat Nazirliyində qurumdaxili həmrəyliyin qorunub saxlanmasının, partiya və fraksiya maraqlarının fövqündə duran yanaşmanın, düşmənin müdaxiləsi, zərərli ideoloji və siyasi cərəyanlar qarşısında diqqət və həssaslığın, təcrübəli kadrların təcrübəsindən yararlanmanın vacibliyi oldu.

Həzrət Ayətullah Xamenei öz çıxışında Kəşfiyyat Nazirliyinin rəhbər işçilərinə, mütəxəssislərinə və sıravi kadrlarına Quranla ünsiyyətdə olmağı, namazı, “Nəhcül-Bəlağə” və “Səhifeye-Səccadiyyə”ni oxumağı, ilahi prinsiplərə əsaslanan əxlaq və davranışı tövsiyə etdi.

Kəşfiyyat Nazirinə minnətdarlığını ifadə edən Ali Məqamlı Rəhbər həmçinin çıxışının digər hissəsində regionda gündən-günə artmaqda olan islami oyanışı fövqəladə dərəcədə böyük bir hadisə adlandıraraq əlavə etdi: “Regionda gedən hazırkı dəyişikliklər, sözsüz ki, dünyanın gələcəyinə təsir göstərəcək. Ona görə də bu dəyişiklikləri fəal surətdə izləmək, onların müxtəlif aspektlərini dəqiqliklə analiz etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei regionda baş qaldırmış islami oyanışın İran İslam İnqilabından ilham aldığını, İran xalqının müqavimətinin nəticəsi olduğunu deyərək vurğuladı: “Başda Amerika olmaqla imperialist bloku yaxşı bilir ki, bu xalq hərəkatlarına İran İslam İnqilabı nümunə olub. Buna görə də onlar bu nümunəni uğursuz və məğlub olmuş bir təcrübə kimi qələmə verməyə çalışırlar. Halbuki 22 Bəhmən günü küçələrə çıxan çoxmilyonlu insan izdihamının əzəməti qarşısında mat qalıblar”.

Görüşün əvvəlində çıxış edən Kəşfiyyat Naziri Höccətül-İslam vəl-muslimin Heydər Moslehi nazirliyin son illərdə əldə etdiyi nailiyyətlərə toxunaraq qeyd etdi ki, bu uğurlar qurumda təcrübəli inqilabçılarla yanaşı, mömin və gənc kadrların da çalışmasının nəticəsidir. O dedi: “İslam İnqilabının dəyərlərinə sadiqlik, bilik və professionallığın yerli potensiala əsaslanması Kəşfiyyat Nazirliyinin iki bariz xüsusiyyətidir. Məhz bu xüsusiyyətlər informasiya və texnologiyalar sahəsində müxtəlif aspektli dəyişikliklərin həyata keçirilməsinə səbəb olmuşdur”. Cənab Moslehi düşmənin apardığı soyuq müharibəyə və regionda gedən hazırkı dəyişikliklərə toxunaraq dedi: “İmam Zamanın (ə.f) məxfi əsgərləri hal-hazırda yüksək bacarıq və potensiala malikdirlər və Kəşfiyyat Nazirliyi gördüyü işlərdə daim birinci və hücumçu mövqedədir.

Görüş zamanı Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları da qılındı.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /