Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran və Türkiyə iki müsəlman, dost və qardaş ölkələrdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Türkiyə Respublikasının dövlət başçısı cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikası və Türkiyəni “iki müsəlman, dost və qardaş ölkə” adlandıraraq vurğuladı: “Ötən uzun illərlə müqayisədə hal-hazırda İran və Türkiyə arasında iqtisadi və siyasi baxımdan yüksək səviyyəli əlaqələr mövcuddur. Bu tarixi şansdan hər iki ölkənin malik olduğu bütün geniş imkanların reallaşdırılması istiqamətində istifadə olunmalıdır”.    

Ali Məqamlı Rəhbər hər iki ölkənin aralarındakı ticarətin həcmini üç dəfə artırmaq niyyətində olduqlarına toxunaraq əlavə etdi: “Biz düşünürük ki, biri-birinə yaxın olan ölkələr daha yüksək effektivliyə nail olmaq üçün aralarındakı siyasi və iqtisadi əməkdaşlığı bir bütöv şəklində davam etdirə bilərlər”.

Həzrət Ayətullah Xamenei Türkiyənin İslam dünyasındakı hazırkı mövqeyinin ötən illərlə müqayisədə çox fərqli olduğunu qeyd edərək dedi: “Qərbin  qarşısında müstəqil mövqe nümayiş etdirməsi, sionist rejimindən uzaq durması və Fələstin xalqını dəstəkləməsi Türkiyənin İslam dünyasına yaxınlaşmasına səbəb olmuş amillər sırasındadır”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Bu, düzgün bir siyasətdir. Türkiyə böyük İslam dünyasına nə qədər çox yaxınlaşsa, bu həm onun özünün, həm də İslam dünyasının xeyrinə olar”.

İran və Türkiyənin regionla bağlı məsələlərə, xüsusilə də Əfqanıstan, İraq, Livan və Fələstindəki problemlərə yanaşma tərzinin oxşar olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Misirdə baş verən son dəyişikliklər də həm bu ölkənin, həm də regionun mənafeyinə müsbət təsir göstərə biləcək olduqca mühüm hadisələrdir”.  

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerika və sionist rejiminin Misirdə on illər boyu davam etmiş ağalığı və xalqın təhqir olunması bu hərəkatın əsas hərəkətverici amildir. O dedi: “Misir camaatı güclü islami stimullara malik olan müsəlman bir camaatdır”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Xalq meydana girib təşəbbüsü əlinə aldıqda proseslərin gedişatı dəyişir, standart siyasi və hərbi vasitələr öz səmərəliliyini itirir. Misir xalqı isə hal-hazırda meydanın və olayların tən ortasındadır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar Misir xalqının əzəmətli hərəkatının nəticələrini onun əlindən almaq istəyirlər. İran İslam Respublikası Misirdə cərəyan edən proseslərə xarici qüvvələrin müdaxilə etməsinin əleyhinədir və bu fikirdədir ki, qərar verən başlıca tərəf xalq olmalıdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dünyasında başlıca əhəmiyyət daşıyan məsələ müsəlman ümmətinin vəhdətini qorumaq və möhkəmləndirmək, müsəlmanlar arasına ixtilaf və təfriqə salmaq məqsədi güdən yadların toruna düşməməkdir. O vurğuladı: “İslam dünyası öz yüksək potensialını və imkanlarını aşkara çıxarıb tanısa, vəziyyət xeyli dəyişər və İslam dünyası böyük təsir gücünə malik olan bir qüvvə kimi beynəlxalq proseslərdə özünəməxsus rol oynaya bilər”.

Müsəlmanlar arasında ixtilaf salmağa səy göstərən başlıca faktorun İngiltərə dövləti olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei müsəlman dövlətlərinin bütün siyasətlərini və addımlarını İslam dünyasını bir yumruqda birləşdirməyə və qüdrətini artırmağa yönəltmək lazım olduğunu vurğulayaraq dedi: “Qərb həmişə İslam dünyasını alçaldıb. Bu təhqirin qarşısını almaq, öz gücünü və bacarığını göstərmək istəyən hər bir dövlət və xalq Qərbin müxalifəti və maneçiliyi ilə üzləşəcək”.  

Həzrət Ayətullah Xamenei Allahın müsəlmanları qələbə ilə müjdələyən, labüd vədini xatırladaraq əlavə etdi: “Regionun və işğalçı dövlətlərin hazırkı vəziyyətinə diqqət yetirib, keçmişlə müqayisə etsək, görərik ki, bütün bunlarda Allahın yardımının nişanələri açıq-aşkar müşahidə olunur”.

Ali Məqamlı Rəhbər həmçinin bunları dedi: “Amerika və iddialı Qərb dövlətləri 30 il əvvəl regionda at oynadırdılar, amma indi nə vəziyyətdədirlər ?! Sionist rejimin hazırkı vəziyyəti 30 il əvvəlki ilə müqayisədə necədir?! Bugünkü İranı 30 il əvvəlki ilə müqayisə edin. Bugünkü Türkiyənin 30 il əvvəlkindən nə kimi fərqi var?! Bugünkü İraq və Fələstin illər öncəkindən nə ilə fərqlənir?! Bütün bunlar ilahi yardımın əlamətləridir və bu proses getdikcə daha da sürətlənəcək”.

İİR-in dövlət başçısı Mahmud Əhmədinejadın da iştirak etdiyi bu görüşdə Türkiyə Respublikasının prezidenti Abdullah Gül Ali Məqamlı Rəhbərlə görüşündən məmnun olduğunu bildirərək İran-Türkiyə əlaqələrini “qədim və tarixi əlaqələr” adlandırdı. O, İran İslam Respublikasının dövlət başçısı ilə apardığı müzakirələrə toxunaraq dedi: “Tehranda müsbət danışıqlar aparılıb. Ümidvarıq ki, iki ölkə arasında bütün sahələrdə, xüsusilə də özəl sektor üzrə əməkdaşlıq böyük işlər üçün zəmin rolunu oynayacaq”.

Türkiyənin dövlət başçısı regionda gedən proseslərə də toxunaraq dedi: “Bütün faktlar və dəlillər regionun dəyişməkdə olduğunu göstərir. Ümid edirəm ki, bu dəyişikliklər regiondakı dövlətlərin və xalqların xeyrinə olacaq”.

Cənab Abdullah Gül müsəlman ölkələri arasında birliyin qorunması məsələsinin də region üçün mühüm əhəmiyyət daşıdığını dedi.



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /