Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı öz güclü fəryadının əks-sədasını Misir və Tunis xalqlarının oyanışında müşahidə edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran şəhərində qılınan cümə namazında, şəhərin imanlı və inqilabçı əhalisinin möhtəşəm izdihamı qarşısında qeyd etdi ki, bu ilin “Fəcr dekadası” və 22 Bəhmən Günü fərqli həyəcan və emosiya ilə yaşanır. İslam İnqilabının qələbəsi nəticəsində baş vermiş dərin və əsaslı dəyişikliklər barədə danışan Ali Məqam Rəhbər bunları vurğuladı: “İran xalqının son 32 il ərzində göstərdiyi müqavimətin bərəkəti sayəsində həmin əsaslı dəyişikliklər davam etdirildi. İllərlə davam etmiş səy və mübarizədən sonra hal-hazırda İran xalqı özünün məzlumluqdan doğan, lakin güclü fəryadının əks-sədasını Şimali Afrikada baş verən hadisələrdə, xüsusilə də Misir və Tunis xalqlarının oyanışında müşahidə edir”.

Tehran əhalisinin izdihamlı iştirakı ilə Tehran Universitetində və ətraf küçələrdə qılınan cümə namazının I xütbəsində Ali Məqamlı Rəhbər İran İslam İnqilabının qələbəsindən öncəki şəraiti, bu inqilabın dünyanın siyasi balansına necə təsir etdiyini təhlil edərək dedi: “Dünyadakı imperialist və hegemon qüvvələr Orta Şərq kimi mühüm və strateji  məntəqədə öz mənafelərini qoruyub saxlamaq və genişləndirmək üçün dəqiq bir plan cızmış və illər boyu onu müvəffəqiyyətlə həyata keçirmişdilər. Lakin İslam İnqilabının qələbəsi onların bərqərar etdiyi balansı tamamilə pozdu”.

İslam İnqilabının qələbəsinə qədər imperializmin Orta Şərq regionu üçün qurduğu planın spesifik xüsusiyyətlərini şərh edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zəif, biri-biri ilə düşmən, Qərbin əli ilə hakimiyyətə gəlmiş və ona bütünlüklə itaət edən hakimlər tərəfindən idarə olunan, iqtisadi baxımdan istehlakçı, elmi cəhətdən geridə qalmış, mədəniyyət sferasında Qərbi kor-koranə təqlid edən, hərbi cəhətdən gücsüz, əxlaqi baxımdan pozğun, mənəvi aşınmaya məruz qalmış, dini etiqad baxımından tamamilə səthi, fərdi və formal həddə olan ölkələrin varlığı imperializmin Orta Şərq regionunda görmək istədiyi xüsusiyyətlər idi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam İnqilabının bomba kimi qəfil partlayışı və İmam Xomeyninin (r.ə) görkəmli alim, filosof, fəqih, habelə mübariz, cəsur, riskli, sözünün çəkisi və nüfuzu olan bir şəxsiyyət kimi ortaya çıxması Qərbin son dərəcə əhəmiyyətli olan Orta Şərq regionu üçün planlaşdırdığı strategiyanı darmadağın etdi. O, vurğuladı: “Bu dahi insanın yetişməsi, üzə çıxması və hadisələrdə iştirakı, həqiqətən, Allahın işi idi”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran xalqının oyanışı, əlindən gələni əsirgəmədən İmam Xomeynini (r.ə) dəstəkləməyə hazır olması İslam İnqilabının qələbəsi üçün zəmin yaratdı. O, əlavə etdi: “İmam və İran xalqı İslam İnqilabının qələbəsi və davam etdirilməsi yolunda dağ kimi möhkəm durdular. Düşmənlər nə qədər çalışsalar da, bu böyük dini inqilabı məğlub edə və ya yolundan sapdıra bilmədilər”.

Düşmənin inqilabı məğlubiyyətə uğratmaq üçün atdığı addımları, qurduğu planları xatırladan Həzrət Ayətullah Xamenei son 32 il ərzində qəsdən törədilmiş küçə toqquşmalarını, etnik savaşları, çevriliş cəhdlərini, ölkənin 8 il davam etmiş müharibəyə vadar edilməsini, iqtisadi sanksiyaları və fasiləsiz surətdə aparılan soyuq – mənəvi-psixoloji müharibəni qeyd edərək dedi: “Bütün bunları etməkdə düşmənin üç başlıca məqsədi olub”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, inqilabın süqutu, İslam Respublikası rejiminin devrilməsi düşmən blokunun son 32 il ərzində izlədiyi başlıca hədəf olmuşdur. O dedi: “Rejimi devirmək planının uğursuz olacağı təqdirdə, Amerikanın ikinci hədəfi İslam İnqilabının axarını dəyişmək – yəni zahiri formasını saxlamaqla mahiyyətini yox etmək idi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, 2009-cu ildə baş vermiş iğtişaşlar düşmənlərin inqilabın axarını dəyişmək üçün oynadığı sonuncu oyun idi. O, qeyd etdi ki, həmin iğtişaşların layihəçiləri və başçıları bu gün olduğu kimi, o zaman da ölkə sərhədlərindən kənarda idilər. Bir qrup insan isə nəfsinə, vəzifəyə olan sevgisi ucbatından düşmənin qurduğu məkrli planın əsirinə çevrildi, bilərəkdən, yaxud səhvən onunla həmkarlıq etdi”.

İmperialist blokunun üçüncü hədəfini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Onlar qərara almışdılar ki, əgər bütün ciddi-cəhdlərinə baxmayaraq, İslam dövləti hakimiyyətdə qalsa, nəfsinin qulu olan, asanlıqla təsir edə biləcəkləri zəif insanları ölkədə cərəyan edən məsələlərə müdaxilə etmək üçün öz adamları kimi əldə saxlasınlar, İranda gücsüz, müti, Amerikanın qarşısında müqavimət göstərmək iqtidarında olmayan bir rejim yaratsınlar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqının ayıq-sayıqlığı, ölkədə yaxşı ziyalıların və dövlət adamlarının varlığı düşmənin bütün hədəflərinin puça çıxmasına səbəb olub. O, əlavə etdi: “İslam İnqilabı dərin məna və mahiyyətə malik olduğu üçün ölkədə son dərəcə əsaslı dəyişikliklərin yaranmasına səbəb olub. İmam Xomeyni (r.ə) və İran xalqı inqilabın bünövrəsini elə möhkəm qoyublar ki, bu əzəmətli hərəkat bu günə qədər davam edib və bundan sonra da edəcək”.

İslam İnqilabının qələbəsindən sonra İranda baş vermiş dərin mənalı və əsaslı dəyişikliklərin nələrdən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei bir vaxtlar Pəhləvi şah rejiminin İslam dininə qarşı apardığı güclü mübarizəni xatırladaraq dedi: “İnqilab bu siyasəti 180 dərəcə dəyişərək İslam dinini ölkənin və cəmiyyətin idarəçiliyində mehvərə çevirdi”.     

İslam İnqilabının ölkədəki müsbət nəticələrini açıqlayan Həzrət Ayətullah Xamenei ikinci sırada Pəhləvi rejimi dövründə mövcud olmuş Amerika və İngiltərədən güclü asılılıq şəraitinin dəyişilməsini, İranın dünyada tam siyasi müstəqillik simvoluna çevrilməsini qeyd etdi.

Ali Məqamlı Rəhbər dedi: “Məhz bu siyasi müstəqillik və nüfuz dünya xalqlarını daha çox
cəlb edir. Onların İslam İnqilabına bəslədiyi hörmətin mühüm bir hissəsi məhz bu əhəmiyyətli məsələyə görədir”.

Pəhləvi şah dövründə hakimiyyətin monarxiyaya əsaslandığını, xalqın heç bir rola malik olmadığını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabdan sonra hakimiyyətin mənbəyi dini demokratiya oldu və əvvəlki – atadan oğula miras qalan monarxiya rejimindən fərqli olaraq, hakimiyyətdə xalqın iradəsi həlledici əhəmiyyət kəsb etdi”.

İslam İnqilabının qələbəsindən öncəki hərbi-polis diktaturasının hakimiyyətini xatırladan Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabı xalqın hökuməti tənqid və islah etməsi, rəsmilərə yol göstərməsi, hətta müxalifət və etiraz etməsi üçün azad atmosfer yaratdı və ötən 30 il ərzində bu proses həmişə davam etdirilib”.

Həzrət Ayətullah Xamenei İran xalqının elm sahəsində və digər sahələrdə qazandığı milli özünəinam və güvən hissini “İslam İnqilabının əldə etdiyi daha bir nailiyyət” adlandıraraq vurğuladı: “İnqilabın qələbəsindən öncə ölkəmiz elm və texnologiya baxımından tamamilə Qərbdən asılı bir vəziyyətdə idi. Hal-hazırda isə əldə etdiyi heyrətamiz elmi-texnoloji irəliləyişlərlə yanaşı, ölkəmizin müxtəlif sahələr üzrə dünya miqyasında misilsiz olan gənc və görkəmli alimləri də var”.

İranın region və dünya miqyaslı məsələlərə təsir etmək iqtidarında olmasını İslam İnqilabının digər müsbət nəticəsi adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bu gün İran xalqının nüfuz və əzəməti, dünya və region miqyaslı məsələlərə təsir gücü düşmənləri mat qoyub və onlar davamlı olaraq İranın nüfuzundan danışırlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın mədəniyyət sferasında sırf təqlidçilikdən qurtulması, düşmənin öz məqsədinə çatmaq üçün bu sahədən bir silah kimi istifadə etməsi məsələsinin problem şəklində qoyuluşu İslam İnqilabının digər təsirlərindəndir. O, əlavə etdi: “Belə spesifik xüsusiyyətlərə və əsaslara malik olan ölkə dünyada yeni bir sivilizasiyanın təməlini qoymaq iqtidarındadır”.

Qərb rəsmilərindən birinin “İslam Respublikasının xalqa məxsus, mütərəqqi konstitusiyası”nın başqalarına nümunə ola biləcəyi haqda səsləndirdiyi fikirləri, habelə İİR-in elmi-siyasi, iqtisadi və hərbi nailiyyətlərinin dünya xalqlarında böyük maraq və rəğbət doğurduğunu xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqın düşmənlərinin yaratdığı əngəllərə baxmayaraq, hal-hazırda bu fakt baş verib və İran xalqı müxtəlif cəhətlərdən dünya xalqları üçün nümunəyə çevrilib”.   

İran xalqının və İslam Respublikasının örnəyə çevrilməsində Qərbin yol verdiyi bəzi səhvlərin də rol oynadığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onların israrla İran xalqının nüvə hüququnu tapdalamağa cəhd göstərməsi xalqımızın və dövlət rəsmilərimizin daha da güclü müqavimətinə səbəb oldu və bütün dünya ictimaiyyəti anladı ki, İran nüvə məsələsində gözlənilməz nailiyyətlər əldə edib və heç bir təzyiq İslam Respublikasını geri çəkilməyə vadar edə bilməz”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Qərbin İrana benzin satışı ilə bağlı sanksiyaların tətbiqinə səy göstərməsi hökumət rəsmilərini benzin istehsalında ölkənin öz imkanlarına arxalanmaq barədə daha da ciddi düşünməyə məcbur edən məsələlərdən biridir. 

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları qeyd etdi: “Rəsmilərin verdiyi məlumata əsasən, bu ilin 22 bəhmən tarixindən etibarən ölkəmiz kənardan benzin idxalına heç bir ehtiyac duymayacaq və hətta bu məhsulu ixrac etməyə belə, qadir olacaq”.

Ali Məqamlı Rəhbər Qərbin İrana qarşı hərbi sanksiyalar tətbiq etmək, İranın qonşuluğunda paralel və ifratçı islami cərəyan yaratmaq kimi məsələlərdə yol verdiyi səhvləri də son nəticədə İranın güclənməsinə səbəb olan amillər adlandırdı.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “2009-cu ildə törədilən iğtişaşlar zamanı da onlar o qədər hay-küy və ajiataj yaratdılar ki, sonda xalq meydanlara çıxaraq 9 dey günü kimi tarixi bir hadisəni həyata keçirdi”.    

I xütbənin davamında Ali Məqamlı Rəhbər bunları dedi: “Hər hansı bir inqilabın başqa xalqlara təsir etməsi üçün onda bəzi özəl xüsusiyyətlər olmalıdır və bunların içərisində ən əhəmiyyətlisi mətinlik və mübarizlikdir”.

Ali Məqamlı Rəhbər İran xalqının və İslam dövlətinin inqilabın əsasları, başlıca prinsipləri üzərində nə qədər möhkəm durduqlarını açıqlayaraq əlavə etdi: “İnqilabın başlanğıcından etibarən İmam Xomeyni (r.ə) və xalqımız bu hərəkatın islami xarakter daşımalı olduğunu vurğuladılar. Lakin dünyadakı bəzi qüvvələr hay-küy qaldırıb, islami xarakterli inqilabın demokratiya ilə uyğun gəlmədiyini deyirdilər. Sözsüz ki, İmam və xalq bu qalmaqallara əhəmiyyət vermədən, mətin duraraq dünyaya car çəkdi: “Bizim inqilabımız İslam İnqilabıdır, İslam İnqilabı olaraq da qalacaq!”

Cəmiyyətdə islami ab-havanın qorunub saxlandığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bugünkü cəmiyyətimizdə islami atmosfer inqilab dövründəkindən çox olmasa da, ən azından, o zaman olduğu qədərdir. Belə ki müasir gənclərimiz bu sahədə hətta inqilab dövründəki bəzi insanlardan irəli gediblər”.  

Ali Məqamlı Rəhbər bəzilərinin son 32 il ərzində cəmiyyəti islami ab-havadan uzaqlaşdırmağa çalışdıqlarını qeyd edərək bunları vurğuladı: “Xalqımız və dövlət rəsmilərimiz İslamın üzərində möhkəm durublar və duracaqlar!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İranda xalqın hakimiyyəti üzərində möhkəm durulması inqilabın əsas ideya və spesifik xüsusiyyətlərinin bu gün də davam etdirildiyinə daha bir nümunədir. O, əlavə etdi: “İmam Xomeyni (r.ə) inqilabın qələbə çaldığı ilk gündən etibarən vurğulayırdı ki, xalq hər bir işdə öz rəyini bildirməlidir. Bu günə qədər həmin prinsipə bütün məsələlərdə, habelə seçkilərdə riayət olunub”.

Son 32 il ərzində ölkədə 30-dan çox seçkinin baş tutduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta müharibə dövründə – düşmənin bomba və raket yağışı altında seçkilər bircə gün belə olsun təxirə salınmayıb. Bu, sözün həqiqi mənasında xalqın hakimiyyəti prinsipi üzərində möhkəm durmaq deməkdir”.

Son dövrlərdə baş tutmuş bir neçə prezident seçkisi nəticəsində ölkədə müxtəlif siyasi cərəyanların hakimiyyətə gəldiyini qeyd edən Həzrət Ayətullah Xamenei xalqın rəyinin nə qədər güclü təsirə malik olduğu haqda bunları dedi: “Ali Məqamlı Rəhbəri təyin etmək və vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malik olan Xubriqan Məclisinin tərkibindən tutmuş prezident, parlament, müxtəlif şuralar və digər məsələlərə qədər – hər şey xalqın seçkidəki rəyinə əsaslanır”.

Ali Məqamlı Rəhbərin toxunduğu digər əhəmiyyətli məqamlardan biri də “ictimai ədalət” prinsipi üzərində möhkəm durmaq məsələsi oldu.

İctimai ədaləti bərqərar etməyin hər bir işdən daha mühüm və daha çətin olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bunları dedi: “Bu gün ölkəmizdə müşahidə olunan vəziyyət İslamın bizdən istədiyi ədalətdən xeyli uzaqdır, lakin mühüm olan budur ki, cəmiyyətimizin ictimai ədalətə doğru irəliləyişi daim davam edib və daha da güclənib”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin hər yerində yaşayış üçün şərait və imkanların düzgün bölüşdürülməsi, rəsmilərin vilayətlərə səfərləri, “ədalət səhmləri”nin paylanması, kəndlilərin üçün evlərin tikintisi, subsidiyaların məqsədyönlü paylaşdırılması hökumətin ictimai ədaləti bərqərar etmək uğrunda göstərdiyi səylərdir. O dedi: “Subsidiyaların məqsədyönlü paylaşdırılması kimi mühüm bir iş xalqımızın, dövlət rəsmilərimizin səyi ilə lazımınca və düzgün icra olunsa, ictimai ədalətin bərqərar olunması prosesi daha da sürətlənər”.

Ali Məqamlı Rəhbər həmçinin bunları da əlavə etdi: “Bizim və digər rəsmilərin həyat tərzi cəmiyyətin ən yoxsul təbəqəsinin həyat tərzi kimi olmalıdır. Doğrudur, bu, belə deyil, amma rəsmilərimizin həyat tərzi, əksəriyyət etibarilə, orta təbəqənin həyat tərzinə uyğundur ki, bunun özü də olduqca dəyərli bir faktdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, zülmə qarşı çıxmaq, dünyadakı hegemon qüvvələr qarşısında təslim olmamaq İslam İnqilabının İranda yaratdığı, son 32 il ərzində xalqın və dövlət rəsmilərinin əzmi sayəsində qorunub saxlanan daha bir keyfiyyətdir.

İnqilabın əvvəllərində və son 3 onillik ərzində bəzilərinin “zülmə qarşı mübarizə” prinsipini zəiflətməyə çalışdıqlarını qeyd edən Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Onlar istəyirdilər ki, inqilabın şüarlarını yaddaşlardan silməklə əvvəlcə Amerika ilə münasibət qurulmasını adiləşdirsinlər, sonra isə tədricən ölkəni Amerikanın apardığı siyasətə tabe etsinlər”.

Xalqın və İslam Respublikasının 32 illik səbat və müqavimətinin dünya xalqlarının nəzərində İrana əzəmət qazandırdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu əziyyətli iş ardınca Allahın rəhmət və bərəkətini gətirdi. Onun böyük nəticələri tədricən müşahidə olunmağa başlayıb və hal-hazırda İran xalqını başqa xalqlar üçün gözəl bir örnəyə çevirib”.

Cümə namazının I xütbəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Xatırlatdığım məsələ və reallıqlar onu göstərir ki, bu ilin “Fəcr dekadası” daha mühüm, həssas və həyəcanlıdır və inşallah, xalqımızın 22 Bəhmən günü edəcəyi yürüş son 32 il ərzində xalqımıza iftixar gətirmiş böyük hadisələrin sırasına əlavə olunacaq”.

Cümə namazının II xütbəsində Həzrət Ayətullah Xamenei son günlər ərzində Şimali Afrikada cərəyan edən hadisələrin, xüsusilə də Tunis və Misirdəki dəyişikliklərin çox əhəmiyyətli olduğunu deyərək, baş verənləri “həqiqi bir zəlzələ” adlandırdı. O, əlavə etdi: “Misir xalqı Allahın yardımı ilə öz hərəkatını irəli apara bilsə, Amerika və sionist rejimi regionda aradan qaldırılması mümkün olmayan bir məğlubiyyətlə üzləşəcəklər”.

Ali Məqamlı Rəhbər sionist rejimin Misirdə baş verən dəyişikliklərlə bağlı narahatlığının günü-gündən artmaqda olduğunu qeyd edərək dedi: “Sionistlər hamıdan yaxşı bilirlər  ki, Misir onların müttəfiqi olmaqdan imtina etsə, regionda necə böyük bir hadisə baş verəcək və nəticədə İmam Xomeyninin (r.ə) proqnozları gerçəkləşəcək”.  

Tunis və Misirdə baş verən son dəyişikliklərin səbəbini təhlil edən Həzrət Ayətullah Xamenei Qərbin bu məsələ ilə bağlı yanlış analizlərinə toxunaraq dedi: “Dünyanın analitikləri  Tunis və Misirdə xalqın qiyama qalxmasının başlıca səbəbini təkcə iqtisadi problemlərlə bağlamağa çalışırlar. Halbuki başlıca amil Tunis və Misir hökumətlərinin fəaliyyətinin xalq arasında yaratdığı alçalma duyğusudur”.

Həzrət Ayətullah Xamenei Tunisin ölkə başçısı Bin Əlinin hakimiyyətdə olduğu müddət ərzindəki fəaliyyətinə toxunaraq dedi: “Bin Əli tamamilə Amerikadan asılı olan bir şəxs idi. Hətta bəzi məlumatlara görə o, Amerikanın casus təşkilatı ilə əlaqəli olub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəsinin başında duran hakimin ABŞ orqanlarına rəsmən nökərçilik etməsi xalq üçün çox ağırdır. Tunis xalqını qiyama qalxmağa vadar etmiş səbəblərindən biri də elə budur”.

Həzrət Ayətullah Xamenei Bin Əlinin Tunisdə apardığı anti-islam siyasətinə, o cümlədən ictimai yerlərdə dini mərasimlərin icrasına və hicaba qoyulmuş qadağaya toxunaraq vurğuladı: “Tunisdəki qiyama təkan vermiş başlıca stimullardan biri də xalqın İslama bağlılığıdır. Qərb analitikləri isə bu məsələni ört-basır etməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Hal-hazırda Tunisdə azacıq dəyişikliyə nail olunub, lakin Tunis xalqı ayıq-sayıqlıqla öz mənafeyini müəyyənləşdirməli və düşmənə aldanmamalıdır”.

II xütbənin davamında Misirdə baş verən fövqəladə dərəcədə mühüm dəyişikliklərdən danışan Ali Məqamlı Rəhbər bu ölkənin tarixi, mədəni, siyasi və dini keçmişinə toxunaraq əlavə etdi: “Misir XVII əsrdə Qərb sivilizasiyası ilə tanış olmuş və bu sivilizasiyanın qarşısında müqavimət göstərməyi bacarmış ilk müsəlman ölkəsi idi”.

Həzrət Ayətullah Xamenei Misiri tarix boyu islamçıların və İslam mütəfəkkirlərinin dayağı olmuş bir ölkə kimi xarakterizə edərək dedi: “Misir diyarı bizə dahi və qəhrəman islamçı Seyid Cəmaləddin Əsədabadini və onun şagirdlərini, o cümlədən Məhəmməd Əbdəni xatırladır”.  

Misirin siyasi-ideoloji mövqeyindən danışan Ali Məqamlı Rəhbər bu ölkədə azadlıq və müstəqillik naminə həyata keçirilmiş hərəkatları və Misir ordusunun sionist rejimin ordusu ilə döyüşünü xatırladaraq əlavə etdi: “Belə bir yüksək tarixi keçmişə və mövqeyə malik olan Misir 30 ildir elə bir şəxsin əlindədir ki, o, nəinki təkcə azadlıq uğrunda mübarizə aparmır və sionizmin əleyhinə deyil, hətta azadlıq tələbinə düşmən, sionistlərin isə həmkarı və nökəridir”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Namübarəkin” hakimiyyəti dövründə Misir elə bir vəziyyətə düşdü ki, ərəb və İslam dünyasına ilham verən bir ölkədən sionistlərlə həmkarlıq edən və Fələstinə düşmən olan bir ölkə səviyyəsinə endi”.

Bu barədə söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei Hüsni Mübarəkin sionist rejimin Qəzza əhalisinə qarşı 22 gün ərzində apardığı hərbi əməliyyatlar və əhalinin məzlum vəziyyətdə blokadaya salınması müqabilində nümayiş etdirdiyi davranışlara toxunaraq dedi: “Bu davranış tərzi Misir xalqını təngə gətirdi, çünki Misir hökuməti İsrailə tərəfdaşlıq edən, sırf Amerikanın ləpirləri ilə gedən bir rejimə çevrilmişdi. Belə bir vəziyyətdə xalq özünü tamamilə təhqir olunmuş hesab edirdi”.

Misir xalqının islamçı keçmişini yada salan Ali Məqamlı Rəhbər bu xalqın hərəkatına stimul vermiş başlıca faktorlardan birinin də dinə bağlılıq olduğunu deyərək vurğuladı: “Misir camaatı hərəkata cümə namazlarından və məscidlərdən başlayır, dini şüarlar, xüsusilə də “Allahu əkbər!” şüarı səsləndirir. Misirdəki ən güclü mübarizə cərəyanı da islamçı cərəyandır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərblilər Misir xalqının qiyamına dini hisslərin stimul verdiyinin region xalqları arasında üzə çıxacağından çox narahatdırlar. Ona görə də xalqın hərəkatının səbəbini yalnız iqtisadi amillə izah etməyə çalışırlar”.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da qeyd etdi: “Elə xalqın ayağa qalxmasına təsirsiz ötüşməmiş iqtisadi amil də Mübarəkin Amerikadan asılılığının nəticəsidir. Mübarəkin ABŞ-a nökərçilik etməsi Misir iqtisadiyyatının inkişafına əngəl olub və vəziyyəti o yerə çatdırıb ki, Qahirənin 100 minlərlə sakini yoxsulluq ucbatından qəbiristanlıqlarda yaşayırlar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar bu günə qədər Mübarək kimi bir nökərə heç iqtisadi mükafat da verməyiblər və bundan sonra da verməyəcəklər. Misirin hakimi bu saat ölkədən qaçsa, sözsüz ki, Bin Əli və Məhəmmədrza Pəhləvi kimi, onun da üzünə bağlanan birinci qapı Amerikanın qapısı olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu hadisələr Amerika ilə dostluq etməkdən ötrü əldən-ayaqdan gedənlər üçün ibrət dərsidir. Belələri Amerikanın öz nökərlərinə necə arxa çevirdiyini bilməlidirlər”.

Misir xalqının qiyamının Amerika və sionist rejimini çaşqın bir vəziyyətə saldığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hal-hazırda onlar bu vəziyyətdən çıxış yolu axtarırlar və artıq yalan və hiylə işlətməyə başlayıblar. Əlbəttə, Amerika və Qərbin ssenarilərinin uğurlu olub-olmayacağı Misir xalqının davranışlarından və verəcəyi qərardan asılıdır”.

Xütbələrin sonunda Ali Məqamlı Rəhbər region xalqlarına müraciətlə ərəb dilində çıxış etdi. Həmin çıxışında Həzrət Ayətullah Xamenei Misirdəki hazırkı vəziyyəti “Misir xalqı ilə onun düşmənləri arasında iradə döyüşü” adlandıraraq əlavə etdi: “Bu döyüşdə iradəsi daha güclü olan tərəf qələbə çalacaq”.

Ali Məqamlı Rəhbər Amerika və sionist rejiminin Misirdə gedən dəyişiklikləri dayandırmaq və xalqın qiyamını məğlubiyyətə uğratmaq üçün göstərdiyi səylər haqqında danışaraq dedi: “Onlar çalışırlar ki, xalq ruhdan düşərək öz məqsədlərini həyata keçirməkdən əlini üzsün. Lakin Misir xalqı Uca Yaradana arxalanmalı, onlara yardım olunacağını bəyan edən ilahi vədə bir anlıq belə olsun şübhə etməməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Misir xalqının düşmənlərə qarşı ən mühüm silahı birlik və həmrəylikdir. O vurğuladı: “Misir xalqı düşmənin təfriqə yaratmaq məqsədilə qurduğu hiylə və planlardan ehtiyatlı olmalı, qeyrətli gənclərinə söykənib, Allaha təvəkkül edərək mətanət və sabitqədəmliklə öz qiyamını davam etdirməlidir”.    

Misir xalqını Amerika və Qərbin aldadıcı tövsiyələrinə və siyasi ssenarilərinə qarşı ayıq-sayıq olmağa çağıran Ali Məqamlı Rəhbər dedi: “Hələ bir neçə gün öncə Mübarəki himayə edən amerikalılar indi ondan əllərini üzdükləri üçün özlərini xalqla həmrəy kimi göstərməyə çalışırlar ki, istədikləri adamı hakimiyyətə gətirə bilsinlər”.

Hazırkı şəraitdə Misirin din alimlərinin, xüsusilə də Əl-əzhər Universitetində çalışan alimlərin öhdəsinə olduqca həssas bir rolun düşdüyünü vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Misirin din alimləri xalqın qiyamında öhdələrinə düşən tarixi rolu oynamalıdırlar”.

Ali Məqamlı Rəhbər həmçinin Misir ordusunun sionist rejimin ordusuna qarşı apardığı iki hərbi əməliyyatı xatırladaraq əlavə etdi: “Misir ordusu hazırda cərəyan edən dəyişikliklərdə öz tarixi rolunu ifa etməli və xalqla əlbir olmalıdır”.



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /