Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikasını və dini şüarları İran cəmiyyətindən silib atmaq düşmənlərin başlıca planı idi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə Qum sakini ilə bugünkü görüşündə qeyd etdi ki, uzaqgörənlik və şəraiti düzgün qiymətləndirmək bacarığı, məsuliyyət hissi və zəruri anda meydanda var olmaq ilahi sınaqlardan müvəffəqiyyətlə çıxmağa imkan verən, habelə maddi və mənəvi tərəqqi üçün zəmin yaradan üç başlıca amildir. O vurğuladı: “Ötən 30 il ərzində cürbəcür ilahi sınaqlardan müvəffəqiyyətlə keçmiş İran xalqı bu gün özünün səadət və mükəmməlliyin zirvələrinə, gözəl dünya və axirət həyatına aparan yoluna hər zaman olduğundan daha qüdrətli şəkildə, güclü əzm və iradə ilə, ayıq-sayıqlıqla, bir yumruqda birləşərək davam edir”.

Qum əhalisinin 1356-cı il dey ayının 19-u (1978, 9 yanvar) həyata keçirdiyi tarixi qiyamın ildönümündə keçirilən bu görüşdə Həzrət Ayətullah Xamenei həmin böyük hadisəni “Qum sakinlərinin uzaqgörənlikdə, məsuliyyət hissində və meydanda var olmaqda hər zaman öndə gəlməsinin əlaməti” adlandıraraq əlavə etdi: “Qum əhalisinin 1356-cı il 19 dey günündəki hərəkatı despot şah rejiminə və imperializm blokuna vurulan möhkəm bir sillə idi və bu hərəkat İmam Xomeyninin (r.ə) rəhbərliyi və istiqamətləndirməsi sayəsində 1357-ci ilin 22 bəhmən günündə İslam İnqilabının qələbə çalması üçün zəmin yaratdı”.   


Ali Məqamlı Rəhbər vurğuladı ki, düşmənin Qum əhalisinə və buradakı teoloji mərkəzə böyük həssaslıqla yanaşmasının səbəbi də qumluların yüksək səviyyəli uzaqgörənliyi, məsuliyyətini duyma və zəruri məqamda meydanda var olma əhval-ruhiyyəsidir. O dedi: “Rəhbərliyin bu müqəddəs şəhərə səfəri zamanı Qum əhalisinin, buranın teoloji mərkəzinin, ruhani alimlərinin və gənclərinin bir daha öz qüdrətini nümayiş etdirməsinə düşmənin verdiyi reaksiya da qumluların həmin yüksək əhval-ruhiyyəsini və hərəkat əzmini, eyni zamanda düşmənlərin acizliyini və zəifliyini göstərir”.


Ali Məqamlı Rəhbər bildirdi ki, İran İslam İnqilabının qələbəsi və küfr, imperializm dünyasının ötən 32 il ərzində ona qarşı seçdiyi reaksiya metodları İslam dövlətinin düşmənlərinin və müxaliflərinin nə qədər zəif, İran xalqının hərəkatının isə nə qədər əzəmətli olduğuna daha bir nümunədir. O, əlavə etdi: “İranda İslam dövlətinin qurulması və bu dövlətin dünyanın ən hegemon dövlətləri qarşısında müqavimət göstərməsi gerçək İslama əsaslanan yeni bir yolun ortaya qoyulması demək idi. Bu isə zülm və imperializm cəbhəsi üçün dözülməzdir. İran İslam Respublikasına qarşı müxalifətin başlıca səbəbi də məhz budur”.


Həzrət Ayətullah Xamenei İran xalqının müxtəlif meydanlarda gördüyü böyük işləri, əldə etdiyi, başucalığı gətirən nailiyyətləri xatırladaraq bunları vurğuladı: “İlahi sınaqlardan uğurla çıxmağının bərəkəti sayəsində, bu xalq maddi və mənəvi meyarlar baxımından yüksələ bilib. Ölkənin hər yanında əldə olunan elmi, texnoloji nailiyyətlər, əmək və xidmət sektorundakı uğurlar maddi tərəqqiyə nümunədir”.


Bütün bu uğur və nailiyyətlərin Uca Allahın yardımı və lütfü sayəsində mümkün olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “İran xalqı Allahın əlinin qüdrətini müxtəlif meydanlarda görüb və hiss edib”.


Həzrət Ayətullah Xamenei ötən il seçkidən sonra baş vermiş fitnənin uğursuzluqla sonuclanmasını “Allahın lütfünə və qüdrətinə daha bir nümunə” adlandıraraq əlavə etdi: “Uca Yaradanın lütfü və mərhəməti sayəsində, camaat oyandı, meydana atıldı, böyük bir məkrli planı puça çıxarmağı bacardı”.


Həzrət Ayətullah Xamenei dedi: “Ötən ilki fitnənin müxtəlif aspektləri hələ də tam olaraq məlum deyil. Həmin hadisənin bir çox aspektlərdən daha dərindən analiz olunmasına və işıqlandırılmasına ehtiyac var. Çünki düşmən bu məsələdə dəqiq hesablama apararaq plan cızmışdı”.


2009-cu ildə baş vermiş iğtişaşların layihəsinin əslində xarici qüvvələr tərəfindən hazırlandığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Camaatın “iğtişaşların başçısı” adlandırdığı şəxslər əslində əsas layihəçilərin əlində oyuncaq idilər. Düşmən onları ortaya atmışdı. Əlbəttə, onlar yollarını düşməndən ayırmalı idilər. Amma bunu etmədilər və günaha batdılar”.


Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsan düşmənin əlində oyuncağa çevrilməməlidir. Əgər qəflət ucbatından bunu edib və işin ortasında məsələni anlayıbsa, dərhal yolunu dəyişməlidir”.


Ötən il baş vermiş iğtişaşın müxtəlif aspektlərini açıqlayan Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Əsas faktor başqaları idi. Layihəni onlar çəkmiş, öz layihə və hesablamalarında İslam Respublikasını yox etməyi, rejimi devirməyi qarşıya məqsəd qoymuşdular”.


Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənlərin başlıca planı bu idi ki, İslam Respublikası, dinin özü və şüarları İran cəmiyyətindən silinib atılsın və onlar bu ölkədə özlərinin ürəyincə olan hökuməti və dövlət quruluşunu bərqərar etsinlər”.


Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Olayın əsl rejissorları öz ssenarilərinə başqa bir vəziyyəti də daxil etmişdilər ki, əgər istədikləri nəticəni əldə etməsələr, ölkədə iğtişaş və çaxnaşma salsınlar, İslam İnqilabını parodiya etmək, onun karikaturasını yaratmaqla öz məqsədlərinə çatsınlar”.  


Ali Məqamlı Rəhbər əlavə etdi: “Lakin İran xalqı situasiyanı düzgün qiymətləndirərək, öhdəsinə düşən məsuliyyəti dərk edərək və tam zamanında ortaya çıxıb olaya müdaxilə edərək əsl layihəçilərin ağzının üstündən vurdu və onların büsatına son qoydu”.


İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran xalqının bu böyük və dolaşıq sınaqdan uğurla çıxması dinin və İslam İnqilabının kursunun ölkədə daha da parlaq çalarda önə keçməsi, İslam dövlətinin qüdrətinin günü-gündən daha da artması üçün zəmin yaratdı. O dedi: “İslam dövlətinin günü-gündən artan qüdrəti əslində bu sınaqdan uğurla çıxmağın müqabilində verilmiş ilahi mükafatdır”.


Həzrət Ayətullah Xamenei xalqın bütün nümayəndələrini və rəsmiləri ayıq-sayıqlığını qorumağa, başlıca problemləri ikinci dərəcəli problemlərdən fərqləndirməyə, bu ikisinin yerini və  əhəmiyyətini qarışıq salmamağa çağırdı. O, əlavə etdi: “Uzaqgörən olmamaq, ilahi sınaqlardan üzüqara çıxmaq cəmiyyətin tənəzzülünə və parçalanmasına səbəb olacaq. Eynilə Əmirəl-möminin Əlinin (ə) dövründə də camaatın ilahi sınaqlardan uğursuz çıxması və o həzrətin ibadət mehrabında insanların ən zalımının əli ilə şəhid edilməsi sonralar Həzrət Seyiddüş-şühəda Hüseynin (ə) və yoldaşlarının Kərbəladakı şəhadəti ilə nəticələndi”.


Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran xalqının hazırkı yüksək statusu, daxili məsələlərdə əldə etdiyi müvəffəqiyyət, regiondakı nüfuzu və dünya miqyaslı mühüm problemlərə təsir gücü bu xalqın müxtəlif sınaqlardan başucalığı ilə çıxmasının nəticəsidir O dedi: “Düşmən çox çalışır ki, iqtisadi təzyiqlərlə, genişmiqyaslı, yalan təbliğatla, dünya dövlətlərini və xalqlarını İran İslam Respublikasından ürkütməklə İslam dövlətinin öz inkişaf yolunu davam etdirməsinə mane olsun. Amma o, hələ bu günə qədər heç bir nəticə əldə etməyib”.


Ali Məqamlı Rəhbər ABŞ-ın yürütdüyü siyasətin Fələstin, Livan, Əfqanıstan və İraqla bağlı hadisələrdə uğursuzluğa düçar olmasına toxunaraq əlavə etdi: “Amerikalılar İran İslam Respublikasını öz uğursuzluqlarının əsas səbəbi kimi qələmə verirlər. Halbuki onların uğursuzluğunun səbəbi xalqların oyanışı və düzgün siyasət aparmasıdır”.


Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “İran İslam Respublikasının regiondakı və dünya xalqları arasındakı təsir gücü və nüfuzu mənəvi xarakterlidir, çünki İslam dövləti xalqların oyanışına səbəb olur. Məhz belə bir şəraitdə Amerika bütün səylərini İraqın hazırkı hökumətinin yenidən iş başına keçməsinə əngəl olmağa yönəldib. Lakin xalqın oyanışı və ayıq-sayıqlığı sayəsində, həmin hökumət yenidən hakimiyyətə gələcək, Amerika isə buna qarşı heç bir şey edə bilməyəcək”.


Ali Məqamlı Rəhbər dedi: “İran xalqı öz tərəqqi və iqtidar yolunu zirvələrə, gözəl dünya və axirət həyatına yetişənə qədər davam etdirəcək!”


İran xalqının, habelə dövlət rəsmilərinin bu yolu sona qədər qət etməkdə güclü əzm və iradəyə malik olduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Tərəqqi və iqtidar yolunu uğurla davam etdirməyin başlıca şərti ayıq-sayıq olmaq, düşməni kiçik və əhəmiyyətsiz hesab etməməkdir”.


Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın bütün nümayəndələri, xüsusilə də gənclər, ruhanilər, universitet təmsilçiləri və rəsmi şəxslər ayıq-sayıqlıqlarını qorumalı və ikiqat artırmalıdırlar”.  


Sonda Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Rəsmilərin ayıq-sayıqlığı xalqa xidmət etməkdən, öz aralarında birlik və həmrəyliyi qorumaqdan ibarətdir. Bu isə düşmənin gözünə ox kimi batacaq”.


Görüşün əvvəlində müqəddəs Həzrət Məsumə (s.ə) ziyarətgahının hamisi Höccətül-İslam vəl-muslimin Səidi 1356-cı il 19 dey günü baş vermiş tarixi qiyama toxunaraq bunları vurğuladı: “Qum əhalisi həmişə meydanda var olmuş və vilayəti-fəqihin dayağı olduğunu nümayiş etdirmişdir”.     


Cənab Səidi Ali Məqamlı Rəhbərin müqəddəs Qum şəhərinə etdiyi sonuncu səfərə görə Qum vilayətinin əhalisinin, Elmi-teoloji Mərkəzin və ruhani alimlərin adından ona təşəkkür və minnətdarlığını bildirdi.
   



Materialdan istifadə edərkən
WWW.LEADER.İR saytına istinad zəruridir

700 /