Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının məqsədi imperializmin əlini ölkəsindən tamamilə kəsməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər  xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə gilanlı ilə görüşündə qeyd etdi ki, daimi əzmkarlıq, gözüaçıqlıq, dərin düşüncə və ayıq-sayıqlıq İran xalqını yüksəliş və tərəqqinin zirvələrinə doğru aparan başlıca amillərdir. O vurğuladı: “İran xalqı zorla sürükləndiyi, 8 il davam etmiş müharibədə özünün təşəbbüskarlığı, fədakarlığı, şücaəti və meydanlarda var olması ilə düşmənə qalib gəldiyi kimi, 8 aylıq soyuq müharibədə də, Uca Yaradanın köməyi sayəsində, nümunəvi bir məharət nümayiş etdirdi. Habelə ötən il – 9 dey tarixində Həzrət Seyidüş-şühəda Hüseynin (ə) xatirəsinin bərəkəti, özünün əzmi, gözüaçıqlığı, müdrikliyi və ayıq-sayıqlığı sayəsində fitnəkarların büsatına son qoydu”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkəyə tarixən miras qalmış gerilik və çatışmazlıqların aradan qaldırılması, İran xalqının layiq olduğu elmi zirvələrə yetişməsi üçün əzm, təşəbbüskarlıq və gələcəyə ümidlə baxmağa ehtiyac var. O, əlavə etdi: “Xoşbəxtlik və tərəqqi zirvələrinə ucalmağın yeganə yolu təşəbbüskarlığı, əzmi və gələcəyə optimist baxışı daim qoruyub saxlamaqdır. Ötən 30 il ərzində İran xalqı inkişaf etməyə, sıçrayışlı irəliləyişə qadir olduğunu göstərib”.

İran xalqının irəli sürdüyü şüarların qlobal mahiyyət daşıdığını, bu xalqın başlıca məqsədinin isə imperializmin əlini ölkəsindən tamamilə kəsmək olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İmperialistlərin bu xalqa qarşı aqressiyasının və qurduqları məkrli planların başlıca səbəbi də elə budur. Ötən il baş verən iğtişaşlar da düşmənlərin xəbis planlarının təzahürlərindən biri idi”.

Ali Məqamlı Rəhbər ötən ilki iğtişaşlarda başlıca məqsədin zahirən haqlı, lakin yanlış mahiyyətli şüarlar səsləndirməklə xalqı çaşdırmaq və yolundan azdırmaq olduğunu deyərək vurğuladı: “Ötən ilin 9 dey günündə İran xalqı tamamilə spontan bir hərəkatla fitnəkarların arzusunu ürəyində qoydu və ağızlarının üstündən möhkəm bir yumruq çəkdi”.

2009-cu ilin 9 dey günündə həyata keçirilmiş tarixi qəhrəmanlığı “xalqın ayıq-sayıqlığının və uzaqgörənliyinin əlaməti” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının düşmənləri və xalqı İslam hökumətindən uzaqlaşdıra biləcəyini güman edənlər 9 dey gününün bu önəmli mesajını dərk etməlidirlər ki, ölkəmizdə hakimiyyət xalqın özünə məxsusdur və İslam dövlətinin həqiqi keşikçisi xalqdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Başda ABŞ olmaqla imperialist dövlətlərin rəsmiləri İslam dövlətinə qarşı mübarizədə xəbis planlar, riyakar bəyanatlar, açıq-açığına düşmənçilik və populist şüarlar səsləndirmək kimi müxtəlif metodlardan istifadə edirlər. Bütün bunlar onların hələ də İran xalqına doğru-düzgün bələd olmadıqlarını göstərir”.

Xalqın əzmkarlığını qoruyub saxlamağın vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Biz bu ili “Daha artıq əzm və təşəbbüs ili” adlandırmışıq. Sevindirici haldır ki, ölkədə bu ikiqat əzmin əlamətləri görünür və məmurlarımız müxtəlif sferalarda müsbət işlər görürlər. Lakin belə ikiqat-üçqat əzmkarlıq ardıcıl olmalı, gələcək illərdə də müşahidə edilməlidir ki, İran xalqı maddi və mənəvi inkişafın, mükəmməlliyin zirvələrini fəth etməklə düşməni özündən məyus etsin”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənlərin şərindən yaxa qurtarmağın yeganə yolu plan və arzularını puça çıxarmaqla onları məyus etməkdir. O, əlavə etdi: “Ötən il baş vermiş iğtişaşlarda əli olan bəzi insanların ən böyük günahı düşmənə ümid vermələridir”.

Ötən il baş tutmuş möhtəşəm seçkini və xalqın bu seçkidəki heyrətləndirici iştirakını xatırladan Ali Məqamlı Rəhbər bunları qeyd etdi: “Xalqın bu möhtəşəm iştirakı İran xalqına bir çox siyasi meydanlarda xal qazandıra bilərdi. Lakin fitnəkar ünsürlər iğtişaşlar törətməklə düşməni ümidləndirdilər və bununla İslam İnqilabına və xalqa zərbə vurdular”.

Ali Məqamlı Rəhbər 2009-cu ildə baş vermiş iğtişaşı “böyük bir qarşıdurma” adlandıraraq əlavə etdi: “Bu böyük qarşıdurmada bir yandan düşmən iğtişaşları provokasiya edənləri dəstəkləyir, hətta onların adını dilə gətirməkdən belə çəkinmirdi. Digər tərəfdən isə İran xalqı meydanlarda var olduğunu tam gücü və mətanəti ilə nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı məcburən qoşulduğu, 8 il çəkən müharibə zamanı meydanlarda möhkəm əzm, şücaət və fədakarlıqla döyüşdüyü kimi, 8 aydır davam edən soyuq müharibədə də öz varlığını bütün arenalarda əzm, bəsirət, uzaqgörənlik və ayıq-sayıqlıqla nümayiş etdirdi və həqiqətən səriştəli olduğunu göstərdi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əslində, baş verən bu idi ki, Allah-Taala qüdrət əli ilə xalqın qəlbini Özünə cəlb etdi və onu doğru yola istiqamətləndirdi”.

Həzrət Ayətullah Xamenei əzm, bəsirət və uzaqgörənliklə yanaşı, Tanrı ilə rabitəni də qorumaq və möhkəmləndirmək lazım olduğunu vurğulayaraq dedi: “Ötən ilin 9 dey günü xalqımızın Allahın rəhmətini özünə cəlb etdiyi hallardan biri idi. İran xalqı Həzrət Seyidüş-şühəda Hüseynin (ə) xatirəsinin bərəkəti ilə meydana atıldı və fitnəkarların büsatına son qoydu”.

Xalqın, xüsusilə də rəsmilərin, ziyalı, ayıq-sayıq təbəqənin və gənclərin öhdəsinə ağır bir vəzifənin düşdüyünü deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Daim Allahın lütfünə və hidayətinə arxalanmalı, çalışmalıyıq ki, Uca Yaradanın İran xalqı üçün təqdir etdiyi gözəl aqibətə yetişək”.

Çıxışının digər qismində Gilan əhalisinin tarixi, dini və mübarizə keçmişinə toxunan Həzrət Ayətullah Xamenei gilanlıların əzmini “İran xalqının əzmkarlığına bariz nümunə” adlandıraraq əlavə etdi: “Despot şah rejimi Gilan əhalisinin əqidəsini korlamaq üçün çox çalışsa da, bu diyarın əhalisi öz əzmi, imanı və ideologiyası ilə o rejimin bütün səylərinə qarşı çıxdı. Gilan dindarlıq, ixlas, cihad və meydanlarda var olmaq baxımından ölkənin qabaqcıl vilayətlərindən biridir”.

Ali Məqamlı Rəhbər şəhid Mirzə Kuçekxan Cəngəlinin mübariz və mücahid şəxsiyyətini yüksək qiymətləndirməklə yanaşı, Gilan əhalisinin parlaq keçmişi haqqında bunları da qeyd etdi: “Gilanlıların dinə qarşı çıxan ateist qruplara qarşı mübarizəsi, İslam İnqilabının qələbəsinə effektiv təsiri, vilayətin mömin və bəsici gənclərinin Müqəddəs Müdafiə savaşında göstərdiyi rəşadət, habelə vilayətin ziyalılarının, universitet müəllimlərinin və ruhani alimlərinin müxtəlif etaplarda oynadığı həlledici rol bu vilayətin əhalisinin parlaq dini, inqilabi və elmi keçmişinə nümunədir”.

Həzrət Ayətullah Xamenei ötən il baş vermiş iğtişaşlara qarşı mübarizədə Rəşt əhalisinin oynadığı həlledici rola toxunaraq bunu “Gilan əhalisinin əzm və uzaqgörənliyinin daha bir nişanəsi” adlandırdı. O, əlavə etdi: “Xalqın spontan hərəkatı başlamamışdan bir gün öncə – 2009-cu il dey ayının 8-də İran xalqının fitnəkarlara qarşı mübarizə arenasına çevrilmiş azsaylı məntəqələrdən biri də Rəşt idi”.

Görüşün başlanğıcında vəli-fəqihin Gilan vilayəti üzrə nümayəndəsi və Rəşt şəhərinin imam-cüməsi Höccətül-İslam vəl-muslimin Qurbani Gilan əhalisinin Əhli-Beytə (ə), o həzrətlərin məktəbinin təbliğinə nə qədər bağlı olmasına tarixi nümunələr gətirməklə yanaşı bu məntəqənin yetirməsi olan böyük mərcə-təqlid və alimləri xatırladaraq dedi: “Gilanın mömin əhalisi daim müstəmləkə və istibdada qarşı mübarizənin bayraqdarı olub. Mirzə Kuçekxan Cəngəli buna bariz nümunədir. Qeyd edim ki, Gilan vilayəti 8 il davam etmiş Müqəddəs Müdafiə zamanı İslam İnqilabı uğrunda 8 min şəhid verib”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /