Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranlı qarilərin Məscidül-Həramda Quran tilavət etməsi İİR üçün iftixar mənbəyidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasında həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüşdə cari ildə mərasimin yaxşı təşkil olunduğunu qeyd edərək dedi: “Keçmişdəki səy və zəhmətlərlə yanaşı, builki həcdə görülən müsbət və faydalı tədbirləri də diqqətə alaraq hər il tətbiq etməyə çalışın”.

Həcc ziyarətinin təşkilində əməyi olan bütün rəsmilərə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsbət və faydalı tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqları da nəzərdən qaçırmamaq lazımdır ki, arzuolunan və hər cəhətdən yüksək səviyyəli həccə il-ildən daha da yaxınlaşa bilək”.

Müsəlmanların vəhdətinin, şiə-sünni arasındakı ixtilafların azaldılmasının əhəmiyyətinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “İslam İnqilabının liderləri hətta inqilabın qələbəsindən öncə də İslam dünyasında vəhdətin bayraqdarı olmuşlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, həcc ziyarətinin məsul təşkilatçıları ilə zəvvarlar arasında əlaqələrin qurulması olduqca əhəmiyyətli, bu əlaqələrin davam etdirilməsi isə vacibdir. O dedi: “Müqəddəs Məkkə və Mədinə şəhərlərindəki saflığın, mənəvi atmosferin, əzəmət və möhtəşəmliyin şahidi olan insanlarda böyük bir mənəvi dəyişiklik baş verir və belə bir nailiyyəti qoruyub saxlamaq son dərəcə əhəmiyyətlidir. Buna isə zəvvarlarla müntəzəm əlaqə saxlamaq, maarifləndirmə işi aparmaq sayəsində mümkün ola bilər”.

İranlı qarilərin Məscidül-Həramda Quran tilavət etməsinin İran İslam Respublikası üçün iftixar mənbəyi olduğunu deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Son illər ərzində həcc mərasimində Qurana və onun tilavətinə daha çox diqqət yetirilir. Milli media müqəddəs məkanlardan görüntüləri yayımlamaqla bərabər, hazırladığı proqramların bir hissəsini qarilərin tilavətini işıqlandırmağa həsr etsə, çox yaxşı olar”.

Ali Məqamlı Rəhbər görüş əsnasında həmçinin məsum imamların (ə) Kərbəla, Nəcəf və Bağdad şəhərlərindəki ziyarətgahlarına təşkil olunan ziyarət səfərlərinə toxunaraq belə bir tövsiyə etdi: “Zəvvarların münasib mehmanxanalarda yerləşdirilməsi və sərhədlərdən keçərkən çətinliklə üzləşməməsinə diqqət yetirilməli, bu sahədə müvafiq tədbirlər görülməlidir”.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi və iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər builki həcc ziyarətinin mənəvi-ideoloji mahiyyətini “İslami birlik, oyanış və məsuliyyət” şüarı ilə ifadə edərək dedi: “Bu il həcc ziyarətinin ayinləri və mənəvi tədbirləri bütün məsul orqan və qurumların həmrəyliyi və həmkarlığı şəraitində, hər zaman olduğundan daha yaxşı – tam asayiş içərisində icra olundu”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /