Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslamın nurlu amallarını yalnız ədalətli hökumət qurmaqla gerçəkləşdirmək mümkündür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imamət və dini rəhbərlik bayramı olan mübarək Qədir-Xum bayramında və 5 Azər – İran İslam Respublikasında bəsic qüvvələrinin formalaşdırılmasının ildönümü ərəfəsində  110 min nəfərə yaxın bəsici ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, əzəmətli bir hadisə olan Qədir-Xum hadisəsinin gerçək mahiyyəti tarixdə imamətin, ədalətli və bütün bəşər cəmiyyətinə səadət bəxş edəcək hökumətin təcəssüm etməsidir. O, bəsicin misilsiz dərəcədə parlaq mahiyyətinə də toxunaraq dedi: “Bəsicilərin varlığını davam etdirməsi, ixlasını, uzaqgörənliyini və mətinliyini gücləndirməsi mömin İran xalqının sonda qəti qələbə qazanacağı barədə verilmiş sadiq ilahi vədin gerçəkləşməsinin simvoludur”.

Mübarək Qədir-Xum bayramı münasibətilə bütün İran xalqını, habelə ədalət və azadlıq aşiqi olan hər kəsi təbrik edən Ali Məqamlı Rəhbər dedi: “Qədir-Xumun məzmunu və mahiyyəti bütün müsəlmanlara, habelə bəşərin rifahı və xoşbəxtliyi üçün ürəkdən yanan hər kəsə aiddir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, şiələrin Peyğəmbərdən sonra Əmirəl-mömininin canişinliyinə əminliklə etiqad bəsləməsi əsaslı və heç bir şübhə yeri buraxmayan dəlillərə söykənir. Həzrət Ayətullah Xamenei İslamın böyük hədis alimlərinin hamısının ardıcıl olaraq nəql etdikləri Qədir-Xum hədisinə toxunaraq əlavə etdi: “Əziz İslam Peyğəmbərinin (s) ümmətə rəhbərliyinin mahiyyətində duran məna eynilə İmam Əlinin (ə) əzəmətli Peyğəmbərin dili ilə, Allah tərəfindən möminlərin əmiri olaraq təqdim və təyin edilməsində də gerçəkləşir”.

Ali Məqamlı Rəhbər Əmirəl-möminin Əlinin (ə) ömrü boyu, o cümlədən gənclik çağlarında “İslam dinini və Peyğəmbəri müdafiənin, təqva, şücaət, mübarizlik və bəsirətin müxtəlif meydanlarının parlaq və misilsiz ulduzu” olduğunu deyərək əlavə etdi: “Bütün camaat, xüsusilə gənclər müttəqilərin mövlası İmam Əlinin (ə) əzəmətli ömür yolunun hər bir anında hidayət və səadət nurunu axtarıb tapmağa və dərk etməyə çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qədir-Xum hadisəsinin iki başlıca aspekti Allah tərəfindən Peyğəmbərin canişininin təyin edilməsi və imamət məsələsinə diqqət çəkməkdir. “İmamət” anlayışının əhəmiyyətini açıqlayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İmamət” bir şəxsin, yaxud qrupun insanların və cəmiyyətin rəhbərliyini ələ alması, dini və dünyəvi işlərdə onların hərəkət istiqamətini müəyyənləşdirməsi deməkdir. Buna görə də bu anlamda “imamət” tarix boyu bütün bəşər cəmiyyətin başlıca problemi olmuşdur”.

Qurani-Kərimin ayələrinə istinad edən Ali Məqamlı Rəhbər “imaməti” biri-birindən tamamilə fərqlənən iki kateqoriyaya ayıraraq dedi: “İmamət və rəhbərliyin bu iki növündən birinə mükəmməl nümunə ilahi peyğəmbərlərdir. Burada ədalətli rəhbərlər Allahın əmrlərinə və verdiyi istiqamətləndirmələrə əsasən, insan həyatının arzuolunan məqsədinə doğru aparan yolda camaata bələdçilik edirlər. Fironun nümunə olduğu ikinci rəhbərlik növündə isə camaat fəsada, cəhənnəm oduna və məhvə doğru sürüklənir”.

“İmamət” anlayışının nə qədər əhatəli olduğunu daha geniş açıqlayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Hətta dünyanın ən sekulyar dövlətlərində də siyasi qurumların dini və mənəvi qurumlardan ayrı olduğu barədə bütün iddialara baxmayaraq, xalqın bu dünyadakı həyatı və axirəti – hər ikisi hakim qüvvələrin əlindədir və onların seçdiyi kurs, faktiki olaraq, həmin toplumun dünya və axirət həyatını formalaşdırır”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər Qərbin nəhəng mədəniyyət mexanizmlərinin və dünyadakı hegemon qüvvələrin də Firon kimi, insanları əxlaqsızlıq oduna və məhvə sürükləyən imam və rəhbərlər sırasında aid olduqlarını dedi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, əzəmətli İslam Peyğəmbərinin (s) hökumət yaratmaq, ilahi peyğəmbərin buyurduğu kimi yaşayan bir sivil cəmiyyət formalaşdırmaq təşəbbüsü bu həqiqəti sübut edir: “İslam yalnız sözdə dəvət və nəsihətlə məhdudlaşmır, bu dinin məqsədi ilahi hökmlərin cəmiyyətdə həyata keçməsidir. Bu nurlu amalı isə yalnız ədalətli hökumət qurmaqla gerçəkləşdirmək olar”.

Ali Məqamlı Rəhbər Qədir-Xum hadisəsinin gedişində Peyğəmbərin canişininin Allahın göstərişinə və vəhyinə əsasən təyin olunmasını “həmin kursun davamı” adlandıraraq əlavə etdi: “Baxmayaraq ki, İslam tarixi başqa bir istiqamətə yönəldi, meyar sayılan bu kurs, insanlığa səadət bəxş edəcək bu düşüncə tərzi tarixdə qaldı, günlərin bir günü imanın, İmam Xomeyninin və İran xalqının mətinliyinin bərəkəti sayəsində Yer üzünün bu guşəsində gerçəkləşdi və Allahın lütfü ilə, günü-gündən İslam dünyasında daha da genişlənəcək”.

İslam İnqilabının Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışının digər qismində meydanda toplaşmış, bəsicilərdən ibarət 110 min nəfərlik izdihamı “ölkənin möhtəşəm, rayihəli bəsic bağçasının bir simvolu” adlandıraraq dedi: “Dahi İmam Xomeynimiz (r.ə) özünün uzaqgörənliyi və dərin düşüncəsi ilə bu bağçanı ərsəyə gətirdi, öz kəlamları və şəxsi keyfiyyətləri ilə onu elə suvardı ki, günü-gündən daha da qol-budaq atıb, barlı-bəhərli olur”.

Bəsic qüvvələrinin “möhtəşəm, parlaq və misilsiz bir gerçəklik” olduğunu deyən Həzrət Ayətullah Xamenei bəsic sıralarında kişi, qadın, qoca, cavan və yeniyetmələrin yer aldığına toxunaraq əlavə etdi: “İranda yaşayan bütün xalqların və etnosların, tələbələrin, professorların, şagirdlərin, müəllimlərin, ruhanilərin, fəhlələrin, əkinçilərin, ticarətçilərin və digər sosial, elmi və iqtisadi təbəqələrin bəsic sıralarında təmsil olunması bu böyük və misilsiz strukturun nə qədər geniş və əhatəli olduğunu göstərir”.

İran xalqının düşmənlərinin və onların ölkə daxilindəki ardıcıllarının bəsici alçaltmaq səylərinin boşa çıxacağını və heç bir nəticə verməyəcəyini deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Onlar Allahın kəlamı olan Qurana və İslamın əzəmətli Peyğəmbərinə qarşı da eynilə bu cür davranırlar, lakin bu alçaldıcı davranışlar bəsicin möhtəşəm və parlaq mahiyyətini zərrə qədər azaltmayacaq”.

Bəsicin intizamlı və mütəşəkkil bir struktur olduğunu da qeyd edən Həzrət Ayətullah Xamenei bu strukturun Allaha iman aspektini vurğulayaraq dedi: “Kəmiyyət baxımından da dünyadakı heç bir struktur bəsicə çata bilməz, lakin mühüm olan budur ki, bəsic “ideologiyaya, imana və emosiyalara” söykənir. Məhz bu reallıq çətin günlərində xalqın və ölkənin problemlərini həll etməyə, işlərindəki düyünləri açmağa yardım edir”.

“Bəsicin qədrini bilmək hamının borcudur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İlk növbədə, bəsicilər belə bir strukturun təmsilçisi olduqlarına görə Allaha şükür etməlidirlər. Bu minnətdarlığın vacib şərti isə bəsicilərin təfəkküründə və əməllərində bəsicin əsas prinsip və ideyalarını günü-gündən möhkəmləndirməkdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bəsicin əhəmiyyətini sübut edən dəlillərdən daha biri bu qüvvələrin müxtəlif arenalarda iştirak nümayiş etdirməsidir. O dedi: “Bəsic olduqca çətin hərbi meydanlarda hünər və qəhrəmanlığın zirvəsində olduğuna baxmayaraq, özünün “ixlası, imanı, şücaəti və təşəbbüskarlıq əzmi” sayəsində, daxil olduğu hər bir meydanlarda avanqard olacaqdır. Nümunə olaraq, bu gün elm sahəsində ən öndə gedənlərdən olan bəsici tələbə və professorlarımızı göstərmək olar. Eynilə bəsici incəsənət xadimləri də parlaq uğurlar əldə etmişlər”.

Həzrət Ayətullah Xamenei ixlas və bəsirəti bəsicin “başlıca sütunları” adlandıraraq əlavə etdi: “Bu iki həlledici faktor qarşılıqlı surətdə çulğaşmışlar. Belə ki insanın bəsirəti nə qədər çoxalsa, ixlası da bir o qədər artar. İnsanın ixlası artdıqca Allah-Taala onda bəsirət nurunu da çoxaldar”.

Ali Məqamlı Rəhbər nəfsin həvəs və istəklərinin bəsirət üçün ən başlıca maneə olduğunu dedi. O, 2009-cu ildə baş vermiş dolaşıq və əvvəlcədən planlaşdırılmış iğtişaşlar zamanı bəzilərinin nümayiş etdirdiyi davranışlara toxunaraq əlavə etdi: “Həmin olaylarda iğtişaşçılar hakimiyyəti ələ keçirmək naminə ölkənin mənafeyinə göz yumdular və açıq-aşkar haqq olan yeganə yoldan üz çevirdilər. İş o yerə gəlib çatdı ki, xalqın bir nömrəli düşmənləri həmin insanların əməllərini görüb, həvəsə düşərək onları dəstəkləməyə başladılar. Lakin bir qrup insan bu aşkar reallıqları görmədi və bu gün də görmür. Əlbəttə ki, bəziləri də həqiqəti dərk etdiklərinə baxmayaraq, qəlblərindəki zülmət və nəfslərinin tələbləri ucbatından bu dərk etdiklərini əməldə həyata keçirmək istəmirlər”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışının digər qismində bəsici olmağı “bərəkətli bir iş” adlandıraraq bunları vurğuladı: “Bəsici olmaqda davam etmək və tutduğu yolda mətin olmaq daha mühümdür. Bəsici olaraq qalmaqda davam etmək üçün isə özünə qarşı daim diqqətli olmaq lazımdır”.

Öncül və avanqard İran xalqının möhtəşəm inqilabının “maddiyyata qərq olmuş dünyanın cəhənnəmə aparan yolunu dəyişmək naminə bir səy” olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünya ictimaiyyətinin böyük bir hissəsi İran xalqının səadət bəxş edən inqilabının gerçək mahiyyətini dərk ediblər, lakin dünyadakı super-güclər də İran xalqının oyanış fəryadının əleyhinə cəbhə qurublar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, dünyanın istibdad və imperializm cəbhəsi ilə İslam İnqilabının qarşıdurmasının son nəticəsi ilahi vədlərin labüd gerçəkləşməsi və İran xalqının qələbəsi olacaq. O dedi: “O işıqlı gələcəyə çatana qədər düşmənlər bu xalqın  yolu üzərində maneələr yaradacaqlar. Buna görə də hazırlığımızı qorumalı və gücləndirməliyik”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının uğurunun sirri milli hazırlıq tədbirlərini daim yeniləməsində, saf niyyət və uzaqgörənliyini gücləndirməsində, günün tələb və ehtiyaclarına uyğun olaraq, bəsic – səfərbərlik vəziyyətində qalmasındadır. O, ümidvar olduğunu bildirdi ki, ölkənin bugünkü gəncliyi İran xalqının dünya və axirət səadətinin zirvəsində durduğu, başqa xalqların İran xalqının iftixar dolu məqamına can atdığı günün şahidi olacaqlar.

Mərasim əsnasında Ali Baş Komandan 110 min bəsicinin toplaşdığı məkana daxil olduğu zaman müxtəlif tayfaları və etnik qrupları təmsil edən bir neçə bəsic üzvü ona xoşgəldin etdilər.

Həmçinin görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Cəfəri mübarək Qədir-Xum bayramı münasibətilə hamını təbrik edərək dedi: “Ölkənin milli iqtidarının komponentlərindən biri hesab olunan bəsic öz fəaliyyətinin başlıca meyarlarını – yəni bəsirət, ixlas, habelə vaxtında və əndazəsində iş görmək meyarlarını  şəffaflaşdırmaqla öz daxili potensialını gücləndirməyə, İslam İnqilabının keşiyində durmaq işində bəsicilərin mənəvi qüvvəsini artırmağa, fərdi və elmi hazırlığını yüksəltməyə çalışır”.

Həmçinin Məzlumların Bəsic Təşkilatının sədri general Nəqdi Bəsic həftəsinin Qədir-Xum bayramı ərəfəsinə təsadüf etməsini böyük ehtiramla qeyd edərək dedi: “Bəsicilər bütün cihad meydanlarında, o cümlədən quruculuq, elm və soyuq müharibə arenalarında öz hazırlıqlarını artırıblar. Bu gün 400-ə yaxın şəhərdə milyonlarla bəsici eyni vaxtda küçələrə toplaşaraq imamət və dini rəhbərliyə sadiq olduqlarını bir daha ifadə edirlər”.

Görüş əsnasında həmçinin bütün bəsicilərin adından bəsic qüvvələrinin andı oxundu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /