Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fədakar və mücahid İran xalqı ilə mübarizə aparmaq qeyri-mümkündür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə İsfahan  sakini ilə emosional bir atmosferdə baş tutan izdihamlı görüşdə qeyd etdi ki, İran xalqının müvəffəqiyyətlərinin sirri onun imanında və dini dəyərlərə sadiqliyindədir. Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran xalqı bu bərəkətli sədaqətini daha da möhkəmləndirmək sayəsində bütün sferalarda avanqard və qalib olacaqdır. Düşmənin isə həmişə olduğu kimi, arzuları puç olacaq, məyus və ümidsiz bir vəziyyətdə qalacaq!”

Mübarək Qurban bayramı münasibətilə mömin və fədakar İran xalqını, habelə bütün dünya müsəlmanlarını təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu bayramın hikmətinin dərk edilməsi fərdi və milli həyatın müxtəlif sferalarında insanlara problemlərdən çıxış yolunu göstərə bilər. O, əlavə etdi: “Həzrət İbrahimin (ə) möhtəşəm fədakarlığı və Allahın o haqq peyğəmbərə qarşı böyük qədirdanlığı bu hikmətli həqiqətin simvoludur ki, fədakarlıq etmədən, qurbanlar vermədən ucalıq, tərəqqi və mənəvi yüksəliş yolunu qət etmək mümkün deyil”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Allahın fərdləri və xalqları mütəmadi olaraq sınağa çəkməsinin fəlsəfəsi onlara yeni-yeni inkişaf və yüksəliş mərhələlərinə keçmək üçün vəsiqə qazandırmaqdır. O dedi: “Sınaq, möhnət və çətinliklər vadisindən keçən hər bir fərd və xalq, Allahın lütfü ilə, özünün uca amallarına bir addım yaxınlaşmış olur”.

İlahi sınaqların fəlsəfəsindən danışan Ali Məqamlı Rəhbər buna konkret nümunə olaraq, İran xalqının 2009-cu ilin fitnəkar iğtişaşlarından başucalığı ilə çıxmasını xatırlatdı.

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı aşağıdakıları qeyd etdi: “İran xalqının bu fitnədən müvəffəqiyyətlə ötüb keçməsinin mahiyyəti təkcə bu xalqın qüdrətinin üzə çıxmasında xülasələnmir. Xalqımızın ötən il üzləşdiyi sınaq və çətinliyi bacarıqla arxada qoymasının əsl mənası budur ki, İran xalqı imanına, gözüaçıqlığına, zəruri anı dəyərləndirmək, zamanın tələblərini dərk etmək və lazımi addımları atmaq bacarığına arxalanaraq həyatının yeni bir mərhələsinə qədəm qoydu, son məqsədinə çatmaq üçün özündə yeni bir güc-qüvvə tapdı”.

Ali Məqamlı Rəhbər çıxışının digər qismində İsfahan əhalisinin 1361-ci il 25 aban tarixində (1982, 16 noyabr) fədakarlıq edərək imza atdığı qəhrəmanlığı “ilahi sınaqlardan başucalığı ilə çıxmağa digər bir nümunə” adlandıraraq əlavə etdi: “O möhtəşəm gündə İsfahan camaatı 370 şəhidi dəfn etməklə bərabər, minlərlə rəşadətli gəncini cəbhəyə yola saldı, bununla da vüqar və fədakarlığın parlaq bir simvolunu yaratdı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İsfahanın mömin, inqilabçı və mədəni camaatının İslam İnqilabından əvvəl və inqilabın həyata keçirildiyi dövrdə baş vermiş cürbəcür hadisələrdə, İranın məcburən sövq edildiyi İran-İraq müharibəsində və ölkənin inkişaf və tərəqqisinin müxtəlif sferalarında fəal iştirakı bu vilayətin əhalisinin iman, fədakarlıq və cihad əhval-ruhiyyəsinin təcəssümüdür. O dedi: “Bu qürurverici amillər haqqında dərindən düşündükdə İsfahan camaatının şəxsiyyətini və mənəvi potensialını dərk etmək, bu camaatı durmadan inkişafa, öncüllüyə və vüqara aparacaq yolu aydın təsəvvür etmək olar”.

Ali Məqamlı Rəhbər geniş mənada cihadın xalqın tərəqqisinə, canlanmasına və optimist ruhda köklənməsinə səbəb olduğunu deyərək əlavə etdi: “Cihad öhdəsinə düşən vəzifələri bilərək, tərəqqi və yüksəlişə mane olan səbəblərlə daim mübarizə apararaq iştirak nümayiş etdirmək, fəaliyyətdə olmaq deməkdir. Bu  iştirak bəzən insanın canını və malını qurban verməsi ilə müşayiət olunur, bəzən isə müxtəlif ictimai-siyasi meydanlarda, hətta ideoloji sferalarda fəaliyyəti ilə mahiyyət kəsb edir”.

Həzrət Ayətullah Xamenei düşmənin ard-arda üzləşdiyi uğursuzluqlara istinad edərək fədakar və mücahid İran xalqı ilə mübarizə aparmağın qeyri-mümkün olduğunu dedi. O həmçinin bunları da vurğuladı: “İslamın, inqilabın və İranın düşmənlərini özündə birləşdirən cəbhə müharibə və hərbi təhdidlərlə bu xalqın öhdəsindən gələ bilmədi. Hal-hazırda da “sanksiyalar” yolu ilə bu xalqı diz çökdürmək fikrində olanlar boş və nəticəsiz bir işlə məşğuldurlar”.

Ali Məqamlı Rəhbər düşmənin xalq arasında uçurum yaratmağa, xalqı dövlət rəsmilərindən uzaqlaşdırmağa, kiçik və əhəmiyyətsiz məsələlər ucbatından insanları biri-birinə qarşı pessimizm və hərc-mərclik əhval-ruhiyyəsində kökləməyə ümid etdiyini deyərək əlavə etdi: “Düşmənin bu əməllərindən hər kəs ehtiyatlı olmalıdır”.

Künc-bucaqda neqativ fikirlər yaymaqla, pessimist əhval-ruhiyyə və təfriqə yaratmaqla İslam dövlətini yadellilərin ürəyincə olan məsələlərdə ittiham edən bəzi şəxsləri kəskin tənqid edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belələri, əslində, xalqın düşmənlərinin dəyirmanına su tökürlər, sionistlərin və amerikalıların təbliğat sahəsində düçar olduğu uğursuzluğu kompensasiya etmək məqsədi güdürlər.  Lakin xalq belə işlərin açıq-aşkar xəyanət olduğunu bilir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, əxlaqsızlığın və narkotik maddələrin yayılması düşmənin öz siyasi məqsədlərinə çatmasına xidmət edən vasitələrdir. O, xalqı, rəsmiləri və xüsusilə də gəncləri bu məsələdə ehtiyatlı olmağa çağırdı.

İsfahanı “din elminin və müxtəlif elmlərin mərkəzi” adlandıran Ali Məqamlı Rəhbər bu şəhərdə gözəl elmi-teoloji mərkəzin və mötəbər universitetlərin fəaliyyət göstərdiyini qeyd edərək dedi: “Müəyyən mərhələdə İsfahan şəhəri elm nurunu ölkəyə və bütün İslam dünyasına saçan bir mərkəz olmuşdur. Bu diyarın alimləri, ziyalıları və incəsənət xadimləri şəhərə yenidən belə bir status qazandırmağı öz fəaliyyətlərinin hədəfinə çevirməlidirlər”.

Görüşün əvvəlində Vəli-fəqihin İsfahan üzrə nümayəndəsi və şəhərin imam-cüməsi Ayətullah Təbatəbayinejad şəhər əhalisinin Müqəddəs Müdafiə illəri boyunca və ondan sonra ölkənin həyatında şərəfli bir rol oynadığını qeyd edərək dedi: “1361-ci ilin 25 aban günü (1982, 16 noyabr) İsfahan camaatının cihad və fədakarlıq meydanlarında daim avanqard olduğunu bizə xatırladan tarixi bir gündür. Məhz buna görə də İsfahanın tarixində bu günə “İsfahanın fədakarlıq eposunun yazıldığı gün” adı verilib”.

Ayətullah Təbatəbayinejad əlavə etdi: “İsfahan camaatı seçkilər, elm və quruculuq sahəsində tərəqqi kimi İslamı və inqilabı müdafiə etməyin tələb olunduğu müxtəlif meydanlarda yenə də tam fəallıq və ayıq-sayıqlıqla iştirak etməyə hazırdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /