Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mənəvi qüdrətin maddi qüdrətə qələbəsinə konkret nümunə İslam İnqilabının qələbəsidir

Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şəhid Səttari adına Hərbi Aviasiya Akademiyasında İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin dördüncü birgə buraxılış və andiçmə mərasimi keçirildi.

Mərasimin başlanğıcında meydana daxil olan Ali Baş Komandan şəhid memorialını ziyarət etdi, “Fatihə” oxuyaraq Uca Tanrıdan şəhid olmuş dəyərli hərbçilərin ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi. Daha sonra Həzrət Ayətullah Xamenei meydanda düzülmüş hərbi birləşmələrin paradını izlədi.

Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər İslam dövlətində qüdrət modelinin imana, Allaha inama və ülvi amallar yolunda ixlasla çalışıb-vuruşmağa əsaslandığını deyərək bunları vurğuladı: “Allaha imana arxalanan  silahlı qüvvələrimiz, o cümlədən İran İslam Respublikasının Ordusu hərbi texnika istehsalı sahəsində də diqqətəlayiq irəliləyiş əldə edə bilmiş və bu sahədə hava qüvvələrimiz öndə gəlmişlər”.

Ali Baş Komandan qarşıya ilahi və humanist məqsədlər qoymağı, habelə xalqla səmimi-qəlbdən bağlılığı “İslam Respublikası Ordusunun iki spesifik cəhəti” adlandıraraq əlavə etdi: “İslam dövlətinin qüdrət modelində intizam, hərbi texnika və hərbi təlim əhəmiyyətli mövqeyə malikdir, lakin bütün bunların mahiyyətində insanın öhdəsinə düşən ilahi vəzifəni duyması və Uca Yaradana arxalanması durur”.

Qüdrət meyarı sırf hərbi texnika və maddi dəyərlər olan materialist dövlətlərin İslamın qüdrət meyarlarını rəhbər tutmuş bir xalqı diz çökdürməyə qadir olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Mənəvi qüdrətin maddi qüdrətə qələbəsinə konkret nümunə İslam İnqilabının qələbəsidir ki, onun gedişində İran xalqı yalın əllə, lakin Allaha imana arxalanaraq despot şah rejiminə qalib gələ bildi”.

İran xalqının zorla sürükləndiyi İran-İraq müharibəsində qələbə çalmasını buna daha bir nümunə adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı Müqəddəs Müdafiə dövründə hər tərəfdən sanksiyalara məruz qaldığına baxmayaraq, gənclərinin və silahlı qüvvələrinin imanına və şücaətinə arxalanaraq şərqdən və qərbdən hər cür dəstək alan fasid BƏSA rejiminə qalib gələ bildi”.

Ali Baş Komandan İslam dövlətinin qüdrətinin spesifik cəhətlərindən biri kimi, onun özünəgüvənmə gücünü daim artırmasını və istedadların çiçəklənməsi üçün şərait yaratmasını qeyd edərək bunları vurğuladı: “İslam dövlətinin qüdrət modelində dünyanın imperialistlərinə heç bir ehtiyac duymamaq, iranlı beyninin, iranlı təfəkkürünün məhsulları ilə təchiz olunmuş silahlı qüvvələri formalaşdırmaq mümkündür”.

Ölkənin silahlı qüvvələrinin mürəkkəb konstruksiyalı, modern hərbi texnikaların istehsalı sahəsində əldə etdiyi nailiyyətlərin məhz bu təfəkkürün nəticəsi olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Öz gücünə və imkanlarına arxalanma cihadının ilk müəssisəsi hərbi hava qüvvələrində yaradıldı və Səttari, Babayi, Xəzrayi və “Dövran” kimi dəyərli şəhidlər bu yolda ilk addımları atdılar”.

Həzrət Ayətullah Xamenei hərbi akademiyaların müdavimlərinə bu dəyərli şəhadət yolunu və İslam dövlətinin qüdrət modeli çərçivəsindəki fəaliyyətlərini davam etdirməyi tövsiyə edərək əlavə etdi: “Təhsilinizi, tədqiqat və araşdırmalarınızı öz güc və bacarığınıza arxalanaraq, qocaman hərbçi kadrların təcrübəsindən istifadə edərək istiqamətləndirin. Həmçinin inkişafın heç bir səviyyəsi ilə qane olmayın”.

Kamala və səadətə aparan yolun sonsuz olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hərbi akademiyalar ölkənin ən ümidverici elm ocaqları sırasındadırlar. Onlar sabaha optimist nəzərlərlə baxaraq və işıqlı perspektivlərə can ataraq öz irəliləyişlərini daha da dinamik şəkildə və sürətlə davam etdirməlidirlər”.

İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının buraxılış və andiçmə mərasimində şəhid ailələrindən, müəllimlərdən, komandirlərdən, nümunəvi məzun və tələbələrdən bir neçəsi təltif olundular, həmçinin yeni kursantların təmsilçiləri də paqonlarını şəxsən Ali Məqamlı Rəhbərin əlindən qəbul etdilər.

Mərasimin əvvəlində Hava Qüvvələrinin komandanı general Şah Səfi çıxış edərək aşağıdakı məqamları vurğuladı: “Ordunun hərbi akademiyalarının kursantları Allaha imana, hərbi sistemimizdəki nizam-intizama və əldə etdikləri yeni-yeni biliklərə arxalanaraq cihad və soyuq müharibə meydanlarında fəal iştirak edirlər və vaxtında fəaliyyətə keçməyə daim hazırdırlar”.

Şəhid Səttari adına Hərbi Aviasiya Akademiyasının komandiri general Şeyx Həsəni də çıxış edərək hərbi akademiyalarda təhsilin vəziyyəti, tələbələrin bu təhsil müəssisələrinə cəlb edilməsi metodlarında aparılmış əsaslı dəyişikliklər və tədris olunan fənlərin başlıca tematikası haqda məlumat verərək dedi: “Ordunun hərbi akademiyalarının gördüyü işlər sırasına özünütəminetmə imkanlarının öyrənilməsi məqsədilə araşdırma missiyalarının təşkil edilməsi də daxildir”.

Mərasim əsnasında hərbi akademiyaların kursantları meydanda müxtəlif hərbi manevrlər də  icra etdilər.

Mərasimin sonunda meydanda düzülmüş hərbi birləşmələr təntənəli paradla Ali Baş Komandanın önündən keçib getdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /