Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

ABŞ daim xalqlarla “ağa-nökər” münasibəti qurmaq, onların milli mənafeyini qarət etmək arzusundadır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün səhər baş tutan izdihamlı görüşdə 13 Abanı “Amerikanın tamahkarlığının, despot şah rejiminin xaricdən asılılığının, gözüaçıqlığa söykənən imanın mətinliyinin, gənc nəslin ictimai-siyasi meydanlarda avanqard sıralarda yer almasının və gənc inqilabçılar nəslinin şücaət və cəsarətinin simvolu” adlandıraraq bunları vurğuladı: “Bu gün İran xalqı hər zaman olduğundan daha qətiyyətli və güclü şəkildə yüksək hədəflərə, səadət zirvələrinə doğru irəliləməkdədir və bu möhtəşəm hərəkatın ön sırasında gənclər durub!”

13 Aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü ərəfəsində keçirilən bu görüşdə Həzrət Ayətullah Xamenei 13-ü Aban tarixini “olduqca əhəmiyyətli, bir sıra məna və həqiqətlərlə dolu olan simvolik bir gün” adlandıraraq əlavə etdi: “13 Abanın əlamətdar hadisələrindən biri İmam Xomeyninin (r.ə) 1964-cü ildə, Qum şəhərində xalqın qarşısında çıxış edərək Amerika təbəələrinin hüquqi toxunulmazlığı ilə bağlı o dövrün parlamentində qəbul edilmiş zülmkar qanuna etiraz etməsi, ardınca İmamın (r.ə) həbs və sürgün olunması idi. Həqiqətdə, dahi İmam Xomeyni (r.ə) özünün haqq tələb edən fəryadı ilə İran xalqının mənafeyini və şərəfini qorudu”.

Bu hadisəni ABŞ-ın tamahkarlığının, habelə imperializmin dünya xalqlarına, o cümlədən İran xalqına zülm və zorakılıq etmək əhval-ruhiyyəsinin simvolu hesab etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının, xüsusilə də gənclərin tarixi yaddaşında bu məsələ daim qalmalıdır ki, Amerika heç vaxt başqa ölkələrlə normal münasibət qurmaq fikrində olmur. ABŞ daim xalqlarla “ağa-nökər” münasibəti qurmaq, onların milli mənafeyini qarət etmək arzusundadır. Onun qarşısında mübarizəyə qalxmasan, xalqın şərəf və heysiyyətini tapdalamaqdan belə çəkinməyəcək!”

Ali Məqamlı Rəhbər müxtəlif dövrlərdə Amerika prezidentlərinin üzdən dostcasına görünən çıxışlarını xatırladaraq əlavə etdi: “Bu çıxışlar zahirən yumşaq görünsələr də, mahiyyət yenə eynidir və məxmər əlcək altında dəmir əl gizlətməkdən ibarətdir”.

Həzrət Ayətullah Xamenei gözüaçıqlıq və uzaqgörənliklə çulğalaşmış imanı “13 Abanın ikinci gerçəkliyi” adlandıraraq vurğuladı: “İmam Xomeyninin (r.ə) 1964-cü ildə qaldırdığı fəryad dini və müsəlmançılıq hisslərindən baş qaldırmış, ümumxalq dəstəyinə söykənən ən saf fəryad idi. Onun nəticəsi 14 il sonra – İslam İnqilabının qələbəsində aşkara çıxdı”.

Ali Məqamlı Rəhbər despot şah rejiminin muzdurlarının 13 aban 1357-ci ildə (1978) tələbə və şagirdləri qətlə yetirdiklərinə toxunaraq əlavə etdi: “Bu reallığı nəzərə alaraq deyə bilərik ki, 13 Aban gənc nəslin ictimai-siyasi meydanlarda varlığını və avanqard sıralarda durmasını simvolizə edən tarixi bir gündür”.

Tələbə və şagirdlərinin Müqəddəs Müdafiə illərində də ön sıralarda yer aldıqlarını qeyd edən Ali Məqamlı Rəhbər bunun onların məsuliyyət hissindən, inqilabi əhval-ruhiyyəsindən və gözüaçıqlığından irəli gəldiyini deyərək əlavə etdi: “Bu gün də tələbə və şagirdlər xalqın ən öndə gələn təbəqələrindən biridirlər”.

Həzrət Ayətullah Xamenei həmçinin 13 aban 1358-ci ildə (1979) Amerikaya məxsus casus yuvasını ələ keçirmiş gənc tələbələrin bu cəsarətli addımını da xatırladaraq dedi: “Bu addım gənc inqilabçılar nəslinin Amerikanın nüfuzlu və heybətli görünüşü qarşısındakı şücaət və cəsarətinin simvoludur. Belə ki casus yuvasının ifşa edilməsi o dövrdə olduqca böyük nüfuza malik olan Amerika dövlətinin qüdrətini sarsıdaraq onu diz çökdürdü”.

13 Abanla əlaqəli olan əlamətdar hadisələrin mahiyyətində böyük və mühüm məna və həqiqətlərin gizləndiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu həqiqətlər haqqında dərindən düşündükdə anlayırıq ki, ötən il 13 aban tarixində Tehran küçələrində toplaşaraq bu əlamətdar hadisələrin əleyhinə şüarlar səsləndirən azsaylı qrupun niyyəti, əslində, Amerikanın nüfuz və qüdrətini yenidən dirçəltmək, onun işğalçı siyasətini ört-basdır etmək, İran xalqının ABŞ-ın zülmlərinə qarşı həyata keçirdiyi böyük hərəkatı sual altına salmaq idi. Sözsüz ki, onlar uğursuzluqla üzləşdilər”.

Gənclərə gözüaçıqlıq və uzaqgörənlik kimi keyfiyyətlərini artırmağı və mövcud reallıqlar haqqında dərindən düşünməyi təkidlə tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın lütfü sayəsində, bu gün ölkəmizdə gənclər siyasət, iqtisadiyyat, elm və texnologiya meydanlarında enerji dolu, effektiv və uzaqgörənliklə müşayiət olunan fəallıq nümayiş etdirirlər”.

Həzrət Ayətullah Xamenei 2009-cu ildə, prezident seçkilərindən sonra baş vermiş fitnə və iğtişaşların uğursuzluqla nəticələnməsini gənclərin ölkənin ictimai-siyasi həyatında effektiv və dərrakəli iştirakına bariz nümunə kimi qiymətləndirərək bunları vurğuladı: “Ötən il baş vermiş iğtişaşlar böyük bir fitnə idi və onların arxasında necə təhlükəli və məkrli bir planın gizləndiyi hələ gələcəkdə aydın olacaq. Gənclərin əzmkarlığı və meydanlarda öncül iştirakı sayəsində bu fitnə uğursuzluğa düçar oldu”.

Ötən il törədilmiş iğtişaşların əsl rejissorlarının bu dolaşıq planı cızmaqla İranı istila etmək məqsədi güddüklərini vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qeyd edim ki, əksəriyyətini mahiyyətinə varmadan hadisələrin axarına düşmüş insanların təşkil etdiyi iğtişaşçılar özləri də bilmədən bu layihənin əsl müəlliflərinin məqsədlərinə xidmət etmiş oldular. Bu məsələnin özünün də dərin psixoloji analizlərə ehtiyacı var ki, bir qrup insan özləri də bilmədən düşmənə necə yardımçı oldular?”

Xalqın müdrikliyini və uzaqgörənliyini, gənclərin ictimai-siyasi meydanlardakı fəallığını qorumaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Bu gün İran xalqı hər zaman olduğundan daha qüvvətlidir. Bunun əksinə olaraq, onun düşmənləri isə həmişəkindən daha zəif və mənfur simadadırlar. Buna baxmayaraq, düşmənin qurduğu məkrli planları heç vaxt nəzərdən qaçırmamalıyıq!”

Elm, texnologiya, siyasət, quruculuq və abadlaşdırma sahələrində ölkənin əldə etdiyi diqqətəlayiq nailiyyətlərə, İran xalqının inkişaf və mükəmməlliyin zirvələrinə doğru sürətli irəliləyişinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün ölkəmiz başdan-başa böyük bir əmək, zəhmət və xalqa xidmət emalatxanasıdır və İran xalqı özünün zəngin və istedadlı insan potensialı, canıyanan və işgüzar rəhbər işçiləri sayəsində əksər sferalarda özünütəminetmə səviyyəsinə gəlib çatıb”.

Ali Məqamlı Rəhbər həmçinin bunları da vurğuladı: “Rəhbər işçilərin təcrübəsi və professionallığı ilə yanaşı, gənclər də bu əzəmətli hərəkatın hərəkətverici qüvvəsi olaraq, ölkəyə qürur və iftixar qazandıran amillərin günü-gündən daha da artması üçün zəmin yaradırlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /