Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qum şəhəri İran İslam Respublikasının qürur və heysiyyət simvoludur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum vilayətinin müxtəlif məntəqələrində məsul vəzifələrdə çalışan şəxslərlə görüşündə xalqa xidmət etməyi “Tanrının insana nəsib etdiyi müvəffəqiyyət və dəyər” adlandıraraq vurğuladı: “Üstəlik bu xidmət Qum vilayətinin əhalisi kimi imanlı, mücahid, ictimai işlərdə ülvi stimula malik olan və sınaqlardan çıxmış bir camaat üçündürsə, sözsüz ki, ikiqat dəyərə malikdir. Məhz buna görə də vəzifəli şəxslər Qum əhalisinə maksimum səviyyədə xidmət göstərmək və vilayətin problemlərini həll  etmək yolunda bütün qüvvələrini səfərbər etməlidirlər”.

Ölkə başçısının birinci müavininin, hökumət kabinetinin nümayəndələrinin, habelə Qum əhalisinin parlamentdəki nümayəndələrinin də iştirak etdiyi görüşdə Ali Məqamlı Rəhbər şah diktaturası dövründə əhalisinin dindarlığı, ruhanilərlə sıx əlaqədə olması, vilayətdə teoloji təhsil müəssisəsinin fəaliyyət göstərməsi, din alimlərinin və əhalinin keçmişdə apardığı mübarizə ucbatından Qum vilayətinə nifrətlə yanaşıldığını qeyd edərək dedi: “İslam İnqilabının qələbəsindən sonra Qum şəhərinə xüsusi diqqət yetirilməyə başladı. Lakin son 5 ildə Qumda quruculuq və abadlaşdırma işlərinin sürət tempi, həqiqətən, daha da intensivləşib”.

Bu sürətli irəliləyişin davam etdirilməli olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Qumda quruculuq və abadlaşdırma işləri bu sürət tempi ilə davam etdirilərsə, vilayətin çoxsaylı çatışmazlıqları tezliklə aradan qaldırılar”.

“Qum vilayətinə xidmət etmək bütün ölkəyə xidmət etməkdir”, –  deyən Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Müqəddəs Qum şəhəri İran İslam Respublikasının qürur və heysiyyət simvoludur, çünki bu şəhər İslam İnqilabının, ruhaniliyin dayağı, ən böyük elmi-teoloji mərkəzin və görkəmli elm və din xadimlərinin fəaliyyət göstərdiyi bir məkandır”.

Son günlər ərzində xarici KİV-in Qum şəhəri ilə bağlı apardığı genişmiqyaslı təbliğata toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu, şəhərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. O, əlavə etdi: “Ötən 30 il ərzində İslam dövlətinin əleyhdarlarının həyata keçirdiyi təbliğat proqramlarından biri də İslam dininin və inqilabın simvollarını, xüsusilə də Qum şəhərini cılızlaşdırmaq və təhqir etmək olmuşdur”.

Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Düşmən cəbhəsinin İslamın əzəmətinin dayağı, inqilabın bayrağını göylərə ucaltmış mərkəz olan Qum şəhəri üçün həmişə xüsusi planları olub. Bunların sırasında Qum şəhərində İslam İnqilabı əleyhinə əks-inqilab mərkəzi yaratmaq planı da olmuşdur”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənin cürbəcür plan və layihələrinin ana xəttini Qum əhalisinin emosiyalarına və düşüncəsinə təsir göstərmək təşkil edir və buna qarşı mübarizənin yeganə yolu əvvəlkindən də artıq səy göstərib əhaliyə xidmət etmək, insanların həyatındakı problem və qayğıları aradan qaldırmaqdır”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Əlbəttə ki, Qum sakinləri son günlər ərzindəki emosional və möhtəşəm davranışları ilə düşmənin bütün planlarına və təbliğatına qətiyyətli bir cavab verdilər, ayıq-sayıq olduqlarını, Allaha imanın qəlblərinin dərinliyinə qədər işlədiyini nümayiş etdirdilər”.

Dövlət orqanlarının əllərindəki imkanların məhdud olduğunu xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qumdakı problemlərin həlli üçün onların prioritet ardıcıllığı müəyyənləşdirilməli, mövcud problemlərin aradan qaldırılmasına ciddi nəzarət olunmalıdır”.

Hökumət kabinetinin Qum şəhərində baş tutmuş bugünkü iclasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Hökumətin vilayətlərə səfərlər çərçivəsində, həmçinin bugünkü iclasda qəbul etdiyi bütün qərarların icrasına diqqət və təşəbbüskarlıqla nəzarət olunmalı və onlar həyata keçirilməlidir”.

Ali Məqamlı Rəhbər Qum şəhərinin başlıca problemləri sırasında içməli su, yoxsul məntəqələr, özəlliklə qadınlara aid olan səhiyyə və müalicə xidmətləri,müxtəlif sənətkarlıq növləri, aqrar su və sənaye sahələrindəki problemləri qeyd edərək dedi: “Son illər ərzində – IX və X hökumət kabinetləri dövründə əvvəlki dövrlərlə müqayisədə dəfələrlə çox işlər görülüb, lakin İran xalqına tarixdən miras qalmış nöqsan və geriliklərin yerini doldurmaq üçün bütün sahələrdə sürətli və fasiləsiz irəliləyişə ehtiyac var”.

Bütün rəsmilərə və vəzifəli şəxslərə xalqa münasibətdə mehriban və xoşrəftar olmağı tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqı səmimiyyət və mehribanlıqla qarşılamaq məsul şəxslərin ən mühüm vəzifəsidir”.

İnsanlara xidmətin mənəvi mükafatının dünyəvi mükafatlarından dəfələrlə uca və dəyərli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər Qum vilayətində çalışan rəsmilərə səy və işgüzarlıqlarına, xüsusilə də son günlər ərzində çəkdikləri zəhmətlərə görə minnətdarlıq etdi.

Görüşün əvvəlində ölkə başçısının I müavini cənab Rəhimi hökumət kabinetinin Qum şəhərində keçirilmiş bugünkü iclası haqqında məlumat verərək dedi: “İclasda vilayətə səfərlər çərçivəsində qəbul edilmiş qərarlardan əlavə, Qum vilayəti ilə əlaqədar yeni qərarlar qəbul olundu”.

Prezidentin I müavini hökumət kabinetinin Qum əhalisi üçün qəbul etdiyi qərarlar sırasında Tehran-Qum marşrutu üzrə hərəkət edən sürət qatarı üçün dəmir yol xəttinin inşasını sürətləndirmək məqsədilə 150 milyard tümən məbləğində əlavə kreditin ayrılması, 30 ay müddətində Qum şəhərinin bəzi məntəqələrində yoxsulluğun aradan qaldırılması məqsədilə 120 milyard tümən ayrılması, əsasən aztəminatlı ailələrin mənzil probleminin həllinə yönəlmiş “Məskən-e mehr” adlı mənzil-inşaat proqramı çərçivəsində tikilən 31 min yeni yaşayış evinin tikintisinin gələn ilin sentyabr ayına qədər başa çatdırılması, Quma şirin suyun çəkilişi üçün 110 milyarda tümən məbləğində pul ayrılması ilə bağlı qərarları qeyd etdi.

Qumun vilayət başçısı cənab Musapur çıxış edərək ötən illər ərzində, xüsusilə də son 5 ildə görülmüş bəzi işləri qeyd etdi. O dedi: “Müxtəlif bölgələrdə 13 minə yaxın orta məktəbin fəaliyyət göstərməsi, 53 min tələbənin universitetlərdə təhsil alması, Həzrət Məsumə (s) adına Qızlar Universitetinin, Qum Tibb Elmləri və Qum Sənaye Universitetinin  yaradılması, 2000-dən artıq xəstəyə xidmət göstərə biləcək xəstəxana palatalarının hazırlıqlı vəziyyətdə olması, 213 sağlamlıq və terapiya mərkəzinin, 360 idman kompleksinin, 40 min mənzil və 25 min mobil telefon nömrəsinin əhalinin istifadəsində olması Qum şəhəri üçün görülmüş tədbirlər sırasındadır”.

Fəaliyyətdə olan sənaye, əkinçilik və maldarlıq müəssisələrini Qum şəhərinin üstünlükləri hesab etdiyini deyən cənab Musapur bunları da qeyd etdi: “Əhaliyə xidmət istiqamətində görülmüş bütün  bu işlərə baxmayaraq, Qum vilayətinin yenə də bir sıra problemləri var. Onlardan biri də istifadə müddətini başa vurmuş və qəza vəziyyətində olan çoxsaylı tikililərdir”.

Görüşdən sonra hökumət kabinetinin üzvləri və Qum vilayətində çalışan vəzifəli şəxslər Ali Məqamlı Rəhbərliyin Qum şəhərindəki idarəsində Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazlarını qıldılar.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /