Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gənc və perspektivli ruhani elm xadimlərinin rəy və görüşlərindən istifadə olunmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gecə Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının üzvləri ilə görüşündə qeyd etdi ki, Elmi-teoloji Mərkəzin fəaliyyəti üçün vahid təhsil, tədqiqat və təbliğat sisteminin işlənib hazırlanması vacibdir. O, əlavə etdi: “Elmi-teoloji Mərkəzin ciddi ehtiyaclarından biri perspektiv inkişaf planının, strateji fəaliyyət proqramının işlənib hazırlanmasıdır”.

Perspektiv inkişaf planı sayəsində uğurlu fəaliyyət proqramı hazırlamağın, qarşıya konkret məqsədlər qoymağın və tədris olunan dini elmlərin prioritet ardıcıllığını müəyyənləşdirməyin mümkün olacağını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Elmi-teoloji Mərkəzin idarəçiliyi də administrativ cəhətdən asan və çevik olmalıdır”.

Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının möhtərəm mərcə-təqlidlərlə daim əlaqədə olmasının vacibliyini qeyd edən Ali Məqamlı Rəhbər eyni zamanda mərkəzdə fəaliyyət göstərən gənc və perspektivli ruhani elm xadimlərinin rəy və görüşlərindən istifadə etməyin də zəruri olduğunu dedi.

Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Ali Məqamlı Rəhbərlik Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının müəyyənləşdirdiyi qayda-qanunlara və çıxardığı administrativ qərarlara qətiyyən müdaxilə etmir”.

Elmi-teoloji mərkəzlərdə tədris və təlim metodlarını məhdudlaşdırmamaq lazım olduğun deyən Ali Məqamlı Rəhbər dini təhsil alan tələbə və ruhanilər üçün əməli ürfanla tanışlığın vacib olduğunu vurğuladı. O dedi: “Dini təhsil alan tələbələri ömrünü nəfsini təmizləməyə həsr etmiş dahi ariflərin və əxlaq sahiblərinin həyatı, onların əxlaq haqqında nəsihət və məktubları ilə tanış etməyin effekti nəzəri ürfandan daha çoxdur”.

Elmi-teoloji Mərkəzdə dəyişiklik və islahatların həyata keçirilməsi ilə bağlı son illər ərzində gedən müzakirələrə, həmçinin ötən həftənin cümə axşamı din tələbələri ilə görüşdə qeyd olunan məsələlərə toxunan Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Elmi-teoloji Mərkəzdə dəyişikliklər edilməsi məsələsi ciddi surətdə izlənməli və həyata keçirilməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin səy və zəhmətlərinə görə Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasına və mərkəzin rəhbərliyinə təşəkkür və minnətdarlığını bildirdi.

Görüşün əvvəlində Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının sədri Ayətullah Yəzdi şuranın yeni strukturu, təşkil edilmiş ixtisaslaşmış yardımçı komitələr, həmçinin Ali İdarəetmə Şurasında qəbul edilmiş qərarlar barədə məlumat verdi. O dedi: “Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının qəbul etdiyi qərarlar sırasında ölkədəki elmi-teoloji mərkəzlərin elmi səviyyəsinin yoxlanması və onların müvafiq kateqoriyalara ayrılması, mərkəzin istedadlı və seçilən ruhaniləri ilə iş üzrə xüsusi idarənin yaradılması, bütün elmi-teoloji mərkəzlərdə balanslaşdırılmış administrativ və maliyyə sisteminin yaradılması, ruhani tədqiqatçılara maddi dəstək olmaq məqsədilə yaradılacaq fondun əsasnaməsinin hazırlanması da yer alır”.

Elmi-teoloji mərkəzlərin sədri Ayətullah Moqtədayi də görülən işlər barədə məlumat verərək dedi: “Elmi-teoloji mərkəzin strukturunda onun missiyasına müvafiq dəyişiklik və islahatların aparılması, “20 illik perspektiv plan” sənədinin işlənib hazırlanması, Təbliğatın Siyasi Strategiyası Şurasının və onun Təşkilat Komitəsinin təsis edilməsi, informasiya texnologiyalarından istifadə etməklə təhsil prosesinin daha da intensivləşdirilməsi, vahid təhsil-informasiya sisteminin yaradılması görülən işlərdən bir hissəsidir”.

Görüş əsnasında həmçinin şura üzvlərindən bəziləri də xüsusi istedadı ilə seçilən tələbələrin elmi-teoloji mərkəzlərdə saxlanması və təkmilləşdirilməsi üçün müvafiq mexanizmin yaradılmasının, möhtərəm mərcə-təqlidlərin rəy və görüşlərindən istifadə edilməsinin vacibliyi, bəzi görkəmli ustadların digər şəhərlərdəki elmi-teoloji mərkəzlərdə dövri fəaliyyət göstərməsinin lazımlılığı barədə müəyyən məsələləri qeyd etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /