Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İranda dini təhsil alan xarici tələbələrlə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum şəhərinə səfərinin 7-ci günü – bu  gün səhər İran İslam Respublikasında təhsil alan minlərlə xarici tələbə ilə görüşündə qeyd etdi ki, İslam dininin ülvi təlimlərinin bir daha tədqiq olunaraq dünyaya çatdırılması İran İslam Respublikasının başlıca məqsədlərindən biridir. Ali Məqamlı Rəhbər həmçinin bunları da vurğuladı: “Müsəlman xalqların bu nicatverici təlimlərlə tanış olması İslam ümmətinin öz kimliyini dərk etməsi, özündə nüfuz, tərəqqi, azadlıq və  qüdrət ruhu hiss etməsi üçün zəmin yaradacaq!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, “İslam ümməti” adlanan faktora diqqət yönəltmək İmam Xomeyninin (r.ə) İran xalqına və İslam dövlətinin rəsmilərinə öyrətdiyi böyük və unudulmaz dərsdir. O, əlavə etdi: “İslam İnqilabı başlanğıcından etibarən, İslam ümmətini imperializmin əlindən xilas etmək niyyətində idi, buna görə də İran İslam Respublikasında inqilabın qələbə çalması ilə, Yer kürəsinin şərqində və qərbində yaşayan bütün müsəlman xalqları həyatlarına dirilik bəxş edən bir mehin əsdiyini, yeni bir yolun başladığını hiss etdilər”.

Qumdakı “Camiətül-Mustafa” Universitetində 100-ə yaxın ölkədən gəlmiş çoxsaylı tələbənin təhsil almasını “xalqların əsl, saf islami bilgilərlə tanış olması üçün zəmin yaradan bir amil” adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Bu bərəkətli təlimdə məqsəd İslam İnqilabının – geniş yayılmış siyasi mənada – digər xalqlara ixrac edilməsi deyil. Çünki inqilab, ümumiyyətlə, siyasi, hərbi və təhlükəsizlik metodları ilə digər ölkələrə ixrac olunması mümkün olan bir hadisə deyil. Məhz buna görə də İslam dövləti lap əvvəldən “inqilabın ixrac edilməsi” anlayışının yanlış qavranmasını qəbul etməyib”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xarici tələbələrin Qumda təhsil almaqda məqsədi elm öyrənmək, təhsil almaqdır. O dedi: “Elm, maarif harada olursa-olsun, onun öz xiridarı var. Bu gün sizin bu müqəddəs şəhərdə olmağınız İslam elmlərinin, İslam maarifinin təşnə qəlbləri özünə cəlb etməkdə nə qədər qüdrətli olduğunu göstərir”.

“İslam maarifi təbiəti etibarilə, çəkici və cazibədardır”, – deyən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu bilgiləri xalqlara ötürməyin ən yaxşı metodu insanlarla etika, təvazökarlıq və sevgi ilə davranmaqdır.

Müstəmləkəçi və istismarçı dövlətlərin artıq 2 əsrdir ki müsəlman xalqlarına həqarət və nadanlıq hissi aşılamağa çalışdıqlarını xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabı tarixdə dönüş etməyə qadir olan “özünəhörmət”, “ədalət”, “mübarizlik” və “müsəlman şəxsiyyətini dərk etmək” kimi anlayışları İslam ümmətinin zehnində yenidən canlandırdı və imperialistlərin çoxdankı planlarını puça çıxardı”.

Allahın İslam peyğəmbəri Həzrəti-Məhəmmədə (s) başlıca olaraq, səbir və səbatı təlim etdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dahi İmam Xomeyni (r.ə) 1963-cü ildə öz hərəkatına başladığı vaxtdan etibarən, problem və çətinliklər qarşısında səbir və mətinlik nümayiş etdirməsi ilə bu həlledici dərsi İran xalqına öyrətdi. Belə ki ən ağır hadisələrin burulğanında belə, heç bir qasırğa o polad iradəni və böyük əzmi sarsıda bilmədi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qədirbilən İran xalqının İmam Xomeyninin (r.ə) ona öyrətdiyi səbir və mətinlik dərsinə sadiq qalması İslam düşmənlərinin “bitib-tükənmək bilməyən, gizli və aşkar” planlarını boşa çıxaran başlıca amildir. O, əlavə etdi: “Bu gün dünyadakı zalım və hegemon qüvvələr İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı hay-küy və sensasiya yaratmağa çalışırlar, lakin bu xalq 30 ildir ki, özünün səbri və mübarizliyi ilə “sanksiya və embarqolar” silahını yerə endirib. Məhz bu uzaqgörənlik və mübarizliyin bərəkəti, Allahın fəziləti sayəsində də bu gün İran İslam Respublikası siyasi qüdrətinin zirvəsindədir”.

Həzrət Ayətullah Xamenei onlarla ölkədən gəlmiş tələbənin Qum şəhərində dini təhsil almasını “beynəlxalq elmi-islami ictimaiyyətin ilkin özəyi” adlandıraraq dedi: “Bəşəriyyətə səadət bəxş edən İslam elmlərini öyrənməklə yanaşı, qarşılıqlı surətdə müxtəlif xalqların mədəniyyəti ilə tanış olmaq böyük bir fürsətdir və onun qədrini bilmək lazımdır”.

İranda dini təhsil alan tələbələrdən əksəriyyətinin gənc olduğunu qeyd edən Ali Məqamlı Rəhbər mənəviyyat, Tanrı ilə ünsiyyət, dua və Allah dərgahına üz tutmağın insanın varlıq aləminin Xaliqi ilə əlaqəsini daha da möhkəmlətməsi, Allahın bitib-tükənmək bilməyən bərəkət və yardımlarından bəhrələnməsi üçün zəmin yaratdığını dedi. O, əlavə etdi: “Mərhum İmam Xomeyninin (r.ə) hər bir kəlamının xalqa heyrətamiz şəkildə təsir etməsinin sirri bunda idi ki, dünyanın super-dövlətləri qarşısında əzəmət və qüdrət zirvəsi kimi çıxış edən bu şəxsiyyət öz mehriban Allahı qarşısında bütün varlığı ilə itaətkar, özünü büsbütün Rəbbinə həvalə etmiş bir bəndə idi”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda etdikləri xidmətlərə görə “Camiətül-Mustafa” Universitetinin rektoru Höccətül-İslam vəl-muslimin Ərafiyə və müəssisəsinin digər məsul işçilərinə səmimi təşəkkürünü bildirdi.

Görüşün əvvəlində “Camiətül-Mustafa” Universitetinin rektoru rəhbərlik etdiyi təhsil müəssisində 100-ə yaxın ölkədən gəlmiş müəllim, tələbə və görkəmli din xadiminin İslam elmlərini və İslam maarifini mənimsəməklə məşğul olduğunu dedi. Höccətül-İslam vəl-muslimin Ərafi bunu da əlavə etdi: “Camiətül-Mustafa” Universitetinin müəllim və tələbələri beynəlxalq ictimaiyyətin elmi və mədəni ehtiyaclarını yaxşı dərk edərək İslamın bu suallara verdiyi xilaskar cavabları və göstərdiyi düzgün çıxış yollarını dünya xalqlarına təqdim etməyə çalışırlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /