Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sualın qarşısını kəsmək elm və biliyin qarşısını kəsməkdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü gecə Qum Elmi-Teoloji Mərkəzində fəaliyyət göstərən ustadlardan, alimlərdən və mərkəzin nümunəvi tələbələrindən bir qrupu ilə görüşərək söhbət etdi. Söhbət əsnasında Ali Məqamlı Rəhbər “elm”in elmi-teoloji mərkəzlərin gerçək mahiyyətini təşkil etdiyini dedi, bu mahiyyətə əməldə bağlılığın meyarlarına toxunaraq həmin mərkəzlərin şübhə və sualları müsbət qarşılamasının, azad düşüncəyə geniş yer verməsinin və mühafizəkarlıqdan uzaq olmasının, elm sahəsində özünə inamlı olmasının, müxtəlif rəy və fikirlər qarşısında rasional və məntiqə uyğun metodlardan istifadə etməsinin vacibliyi, onların müxtəlif sferalara ehtiyac duyması, oradakı əxlaq və tərbiyə sistemi və düşməni tanımağın zəruriliyi ilə bağlı mühüm məqamları qeyd etdi.

4 saatdan atıq davam edən bu görüşdə Ali Məqamlı Rəhbər “elm”in elmi-teoloji mərkəzlərin başlıca dayağı olduğunu qeyd edərək dedi: “Elmi-teoloji Mərkəzin bünövrəsində elm durur, buna görə də o, elmi rəhbər tutmağın meyarlarına sadiq qalmalıdır”.

Həzrət Ayətullah Xamenei insanlarda yaranan şübhə və sualları müsbət qarşılamağı da “elmi-teoloji mərkəzlərin özlərinin elmi mahiyyətinə sadiqliyinin meyarlarından biri” adlandıraraq əlavə etdi: “Elmin cürbəcür suallar doğurması təbiidir və elmi funksiya daşıyan qurumlar, o cümlədən Elmi-teoloji Mərkəz şübhələri, sualları və ikibaşlı fikirləri normal qarşılamalıdır”.

Elmi-teoloji mərkəzlərin tarixində tez-tez rast gəlinmiş, kifayət qədər ciddi elmi qarşıdurmalara toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu dəyərli ənənəni Elmi-teoloji Mərkəzin müxtəlif sahələrində möhkəmləndirmək lazımdır”.

“Sualın qarşısını kəsmək elm və biliyin qarşısını kəsməkdir!” deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sual verməyin, yeni bir məsələ və ya metodu ortaya qoymağın heç bir eybi yoxdur. İrəli sürülən fikir səhv olsa belə, onun qarşısına elmi metodlarla çıxmaq lazımdır”.

Ali Məqamlı Rəhbər azad fikir və sərbəst düşüncəni “elmi-teoloji mərkəzlərdə geniş yayılmış ənənələrdən biri” adlandırdı, bu gözəl ənənəni daha da dərinləşdirmək lazım olduğunu vurğulayaraq əlavə etdi: “Azadfikirlilik elmli insanlara xas olan bir keyfiyyətdir və elm meydanında mühafizəkarlığın qətiyyən mənası yoxdur”.

Həzrət Ayətullah Xamenei eyni zamanda Elmi-teoloji Mərkəzdə azad düşüncə və tənqidlər üçün şərait yaradılmadığı barədə səslənən bəzi fikirləri “böyük bir iftira” adlandıraraq dedi: “Hal-hazırda Elmi-teoloji Mərkəzdə azad fikrə, sərbəst düşüncəyə əvvəlkindən də çox yer verilir. Lakin bu azadfikirlilik müxtəlif sferalarda genişlənməli və dərinləşməlidir ki, öz fikri, öz sözü olan insanlar bütün sahələrdə istənilən rəy və görüşlərini sərbəst ifadə edə bilsinlər”.

Həzrət Ayətullah Xamenei elmi-teoloji mərkəzlərin öz elmi funksiyasını davam etdirməsi üçün digər şərtlərdən biri kimi, elm sahəsində özünəinam və özünəgüvənməni qeyd edərək dedi: “Elmi-teoloji mərkəzlərdəki rəy və ideya qarşıdurmasında elmə ən yüksək qiymət verilməlidir. Əlbəttə, təqva, dünyaya meylli olmamaq və itaətkarlıq daha üstün dəyərlərdir, lakin elm ölçüyə və sınağa gələn bir keyfiyyətdir. Məhz bu baxımdan da elmi-teoloji mərkəzlərdəki “ən elmli şəxslər” dəyərlərdən ən çoxuna malik olmalıdırlar”.

Elmi-teoloji Mərkəzdə “elmi etika” haqqında danışan Ali Məqamlı Rəhbər elm sahəsində vicdan və ədalətə riayət edilməsi və elmi işlərə ciddi yanaşma məsələlərini vurğulayaraq əlavə etdi: “Elmi-teoloji Mərkəzdə dərs deyən ustad araşdırma aparmaq, özlüyündə düşünüb analiz etməklə ortaya “yeni fikir” qoymağı bacarmalıdır ki, teoloji mərkəz yeni təhsil sisteminin üzləşdiyi bəlalara düçar olmasın”.

Ali Məqamlı Rəhbər Elmi-teoloji Mərkəzin öz elmi funksiyasını qoruyub saxlaması üçün zəruri olan digər bir məsələ kimi, ölkədəki elmi ictimaiyyətlə, habelə milli və beynəlxalq ictimaiyyətlə dinamik əlaqələrin qurulmasını qeyd edərək dedi: “Qum Elmi-teoloji Mərkəzi universitetlər, habelə ölkədəki və İslam dünyasındakı digər elmi-teoloji mərkəzlərlə müntəzəm elmi əlaqələr qurmalıdır. Müasir kütləvi rabitə vasitələrindən istifadə edərək bu əlaqələri daha da sürətləndirmək və asanlaşdırmaq mümkündür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, azad rəyin boğulmasının əleyhinə olmaq elmi-teoloji mərkəzlərin digər gözəl və dinamik ənənələrindən biridir. O, əlavə etdi: “Elmi-teoloji Mərkəzlərdə alternativ rəy və fikirləri inkar etmək üçün qeyri-elmi metodlardan istifadə olunmamalıdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, elmi-teoloji mərkəzlərdə istifadə olunan elmi metodların əsasını arqument gətirmək və məntiqi baxımdan qaneedici cavab vermək təşkil edir. O, “təkfir”in, yəni “kafir elan etmə”nin qeyri-elmi metod olduğunu deyərək əlavə etdi: “Yanlış fikirlərlə möhkəm, lakin arqumentlərə əsaslanmış formada mübarizə aparın”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, dərin düşüncə, tədqiqat və araşdırma ilə müşayiət olunan təhsil prosesi Elmi-teoloji Mərkəzin öz elmi funksiyasını doğrultması üçün digər lazımlı şərtlərdən biridir. O dedi: “Elmi-teoloji Mərkəzdə dərs deyən möhtərəm ustadlar tələbələri ibtidai mərhələlərdən etibarən araşdırma, dərin düşüncə və tədqiqat ruhunda tərbiyə etməlidirlər”.

Elmi-teoloji Mərkəzin öz fəaliyyətini tədqiqat işi üzərində qurmasının vacibliyinə toxunan Ali Məqamlı Rəhbər teoloji mərkəzlərin müxtəlif elm sahələrinə, o cümlədən fəlsəfəyə ehtiyac duyduğunu deyərək əlavə etdi: “Fiqh elmi-teoloji mərkəzin onurğa sütunudur, lakin teoloji mərkəzlər müxtəlif elmlərin prioritet ardıcıllığını müəyyənləşdirərək təfsir, təbliğat fənləri və humanitar elmlər kimi digər sahələrdə də mütəxəssis kadrlar yetişdirməlidirlər”.

Təlim prosesində və elmi fəaliyyətdə yeni üsul və metodların müsbət qarşılanmalı olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əxlaq və tərbiyə sisteminin əhəmiyyətinə toxunaraq əlavə etdi: “Elmi-teoloji Mərkəz ruhanilikdən kənar sferalara, xüsusilə də olduqca geniş və effektiv sahələrdən biri olan təhsil və tərbiyə sahəsinə daha fəal və dinamik təsir göstərməlidir”.

Bu məqsədə çatmaq üçün təlim, tərbiyə və əxlaq sahələrində mütəxəssis kadrların yetişdirilməsinə ehtiyac olduğunu deyən Ali Məqamlı Rəhbər Elmi-teoloji Mərkəzin rəhbər işçilərinə bu zərurətə lazımi diqqət yetirməyi tövsiyə etdi.

Ali Məqamlı Rəhbər ölkədə və xaricdə ictimai rəyə təsir göstərə biləcək sahələrin və vasitələrin günü-gündən yeniləndiyini qeyd edərək dedi: “İnsanların təfəkkürünün, cürbəcür şübhə və iradların zaman keçdikcə yenilənməsi faktı Elmi-teoloji Mərkəzin öhdəsinə düşən vəzifəni daha da ağırlaşdırır və mərkəzin diqqətini yeni və növbənöv sahələrə yönəltməsini vacib edir. Bu işin öhdəsindən gəlmək üçün müvafiq fəaliyyət proqramları hazırlanmalıdır”.

İstedadlı və həvəsli insanları elmi-teoloji mərkəzlərə daha çox cəlb etmək lazım olduğunu deyən Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzində görülmüş müsbət və əhəmiyyətli işlərə toxunaraq əlavə etdi: “Bütün bu işlərin həyata keçirilməsində mərkəzin möhtərəm mərcə-təqlidlər tərəfindən də müsbət qiymətləndirilən hazırkı güclü və təqdirəlayiq rəhbərliyinin birbaşa və hərtərəfli təsiri olmuşdur”.

Ali Şuranın və Elmi-teoloji Mərkəzin administrasiyasının zəifləməsindən ehtiyatlanmaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Hər kəs muğayat olmalıdır ki, Tədris İşçiləri Cəmiyyəti kimi dərin funksiyaya malik, köklü-köməcli qurumlar zəifləməsin”.

İmperializmin, xüsusən də Amerika və İsrailin dindarlığın yayılması və dərinləşməsi ilə düşmənçilik apardıqlarını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təhqiramiz karikaturalar, müqəddəs Quranı yandırmaq və s. kimi layihələr, habelə dünya sionist şəbəkəsinin atdığı digər addımlar İslam düşmənlərinin nə dərəcədə xəbis olduqlarını göstərir. Bu məsələyə barmaqarası baxmaq, etinasız yanaşmaq olmaz!”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Təbii ki, Elmi-teoloji Mərkəz bu düşmənçilikləri sükutla qarşılaya bilməz və imperializmin hücumları qarşısında ayıq-sayıqlıqla mövqe tutmaqdadır”.

Düşməni tanımağın və onun dəyirmanına su tökəcək istənilən davranışdan çəkinməyin vacib olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın nümayəndələri, o cümlədən elmi-teoloji mərkəzləri təmsil edən ruhanilər daim diqqətli olmalıdırlar ki, düşmənin ürəyincə olacaq bir kəlməyə və ya kiçicik bir addıma belə, yol verməsinlər”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei elmi-teoloji mərkəzin fəaliyyətinin əsasında mənəviyyat, Allaha təvəssül, dua, günahlardan çəkinmək və dünyəvi işlərə etinasız yanaşmağın durduğunu deyərək əlavə etdi: “Əgər bütün elmi, məntiqi və rasional şərtlər təmin olunsa, lakin əxlaq və mənəviyyat insanların ruhuna və meyllərinə hakim kəsilməsə, işlər düzgün istiqamətdə getməyəcək”.

Elmi-teoloji Mərkəzin böyük, ziyalı alim və ustadlarının, o cümlədən İmam Xomeyninin (r.ə) tələbələrə daim nəsihət vermək, onları əməli surətdə əxlaq və mənəviyyata dəvət etmək kimi spesifik xarakterə malik olduqlarını xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Gənclərin qəlbində nəsihəti qəbul etmək, ali mənəvi məqamlara doğru irəliləmək üçün münasib zəmin var. Bu əlverişli zəmindən istifadə edərək ruhani tələbələri sözdə və əməldə axirət haqqında dərindən düşünməyə, elmi sırf ilahi niyyətlə mənimsəməyə dəvət etmək lazımdır”.

Elmi-teoloji Mərkəzdə dərs deyən ustadlar və görkəmli ruhanilərlə keçirdiyi görüşlərin yaddaqalan olduğunu, ona böyük zövq və fayda verdiyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ustadların və qabaqcıl ruhani xadimlərin danışdığı bütün sözlər yaxşı, ölçülüb-biçilmiş, təşəbbüskarlıqla deyilmiş və maraqlı idi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hazırlanan layihələrdə, hökmən, mövcud şəraitə və reallığa hərtərəfli diqqət yetirilməlidir ki, onların gerçəkləşməsi şansı artsın və gözəl sözlər arzu səviyyəsində qalmasın”.

Bəzi ustadların “Elmi-teoloji Mərkəzin perspektiv planı”nın və ya “Elmi-teoloji Mərkəzin və ruhaniliyin missiyası haqqında bəyannamə”nin işlənib hazırlanmasının vacib olduğu barədə səsləndirdiyi fikirləri təsdiq edən Ali Məqamlı Rəhbər bunları qeyd etdi: “Bu çətin və mürəkkəb iş öncədən müvafiq düzgün tədbirlərin görülməsi ilə həyata keçirilsə, Elmi-teoloji Mərkəzin fəaliyyəti üçün uzunmüddətli proqramların hazırlanmasına da şərait yaranar. Lakin o vaxta qədər ortaya real planlar qoymaq və onların həyata keçirilməsinə ciddi nəzarət etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei həmçinin ustadlardan birinin humanitar elmlərlə bağlı səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Humanitar elmlər vacib və lazımlı elm sahələridir, bir şərtlə ki, islami dünyagörüşü əsasında formalaşsınlar”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Elmi-teoloji Mərkəz hazırda geniş yayılmış humanitar elm sahələri ilə yaxından tanış olaraq İslam təfəkkürünə və dünyagörüşünə əsaslanan humanitar elmlər tərtib etməlidir”.

Görüşün əvvəlində Elmi-teoloji Mərkəzdə və universitetlərdə dərs deyən müəllimlərdən, mərkəzin nümunəvi tələbə və ruhanilərindən 12 nəfəri teoloji mərkəzlər, fiqh, elm, fəlsəfə, ictimaiyyət və mədəniyyət sahələrindəki müxtəlif məsələlərlə  bağlı rəy və görüşlərini bildirdilər. Çıxış edən müəllim və ruhanilər:

-    Əbdülhüseyn Xosrovpənah

-    Məhəmmədrza Zibayinejad

-    Məhəmmədmehdi Şəbzendedar

-    Hadi Sadiqi

-    Əli Səbuhi Təsuci

-    Məhəmmədcəfər Elmi

-    Əbülqasim Əlidust

-    Qulamrza Fəyyazi

-    Məhəmməd Fəthəlixani

-    Əbbas Kəbi

-    Məhəmmədmehdi Mohəndesi

-    Əhməd Mobəlleği

Çıxış edənlərin vurğuladığı başlıca məsələlər:

- Elmi-teoloji Mərkəz üçün vahid elmi-tədqiqat planının işlənib hazırlanmasının vacibliyi;

- Rasional elmlərə hərtərəfli diqqət yetirilməsi və Elmi-teoloji Mərkəzdə bu elm sahələrinin tədrisinə nəzarətin həyata keçirilməsi;

- “İslam hikməti” adlı ali dərəcəli mədrəsənin təsis edilməsi təklifi;

- “Fiqhin fəlsəfəsi” və “Humanitar elmlərin fəlsəfəsi” kimi əlavə fəlsəfə sahələrinin təsis edilməsi və genişləndirilməsinin vacibliyi;

- Elmi-teoloji mərkəzlərdə təhsilin müxtəlif pillələrində mənəvi-əxlaqi stimulun qorunub saxlanması və gücləndirilməsinin əhəmiyyəti;

- Elmi-teoloji Mərkəzin yüksək təhsil pillələrində fənlərin tədrisinin elmi-tədqiqat üzərində mərkəzləşdirilməsinin vacibliyi;

- Elmi-teoloji mərkəzlərdə Quran və təfsirin elmi və professional statusunun yenidən müəyyənləşdirilməsi;

- Elmi-teoloji Mərkəzdə elm və təhsilə tam diqqət yetirmək şərti ilə, informasiya texnologiyalarına və internetə düzgün yanaşmanın formalaşdırılması;

- Dinamik təhsil ənənələrini rəhbər tutmaqla Elmi-teoloji Mərkəzin təhsil sistemində islahatların həyata keçirilməsinin vacibliyi;

- Elmi-teoloji mərkəzlər daxilindəki elmi dairələrdə tənqid və polemika atmosferinin mümkün qədər çox inkişaf etdirilməsi;

- Cəmiyyət arasında mədəniyyət formalaşdıran bir mexanizm kimi yeni kütləvi rabitə vasitələrinə və virtual məkana hərtərəfli diqqət yetirilməsinin vacibliyi;

- İslam dininin saf həqiqətlərinin təbliğində insanlarla gözəl, bəlağətli və yaddaqalan bir “dillə” danışan incəsənətin roluna diqqət yetirilməsi;

- Elmi-teoloji Mərkəzin perspektiv fəaliyyət planının işlənib hazırlanması;

- Beynəlxalq aləmdə ortaya qoyulan bəşər hüquqları, ətraf mühit və dünyaya inteqrasiya kimi yeni problemlərə İslamın nicatverici cavablarını dünya ictimaiyyətinə sistemli şəkildə təqdim etmək üçün böyük səy göstərməyin vacibliyi;

- Şəri hökmlərin çıxarılması prosesində dövrün və məkanın tələblərinə, habelə yeni yaranan sahələrə diqqət yetirilməsi;

- Administrasiya sahəsində gənc, bacarıqlı və ziyalı müəllimlər üçün şərait yaradılması;

- Humanitar elmlərin İslam dininin əsasları və yerli mədəniyyət çərçivəsində tətbiqinin zəruriliyi;

- Elmi-teoloji Mərkəzdə ideologiya kafedrasının təsis edilməsi və “Təbliğatın nizamnaməsi”nin işlənib hazırlanması ilə təbliğat fəaliyyətinin mərkəz tərəfindən tənzimlənməsi;

- Elmi-teoloji Mərkəzin mütəxəssisləri ilə müxtəlif ölkələrin, xüsusilə də İslam dünyasının görkəmli ziyalıları arasında  möhkəm və intensiv əlaqələrin qurulmasının vacibliyi;

- Dünyadakı müxtəlif ideoloji məktəblər arasında qarşılıqlı əlaqələrin qurulması və ideoloji polemikaların aparılması prosesinə daha çox təsir göstərə bilmək üçün futurologiya sahəsinə diqqət yetirilməsi;

- Auditoriyanın ehtiyaclarını dərindən öyrənmək və verilən mesajı düzgün formalaşdırıb istiqamətləndirmək əsasında təbliğat işinin tənzimlənməsi;

- Elmi-teoloji Mərkəzdə dəyişikliklərin həyata keçirilməsi prosesində müəllimin rolunun keyfiyyət baxımından yüksəldilməsi;

- “Davranış, metod seçimi və ideologiya” müstəvilərində qlobal yanaşma.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /