Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasındakı reallığı tərsinə qələmə vermək düşmənin 30 illik metodudur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə) adına gecə ibadətgahında Qum vilayətində yaşayan minlərlə bəsici ilə həyəcanlı və izdihamlı bir atmosferdə görüşdü. Bəsicin müxtəlif aspektləri və onu təşkil edən komponentlər haqda danışan Ali Məqamlı Rəhbər üç başlıca faktoru – gözüaçıqlıq, ixlas, habelə vaxtında və əndazəsində iş görməyi “bəsicin fəaliyyətinin başlıca meyarları” adlandıraraq vurğuladı: “Düşmənlərin İran İslam Respublikasının diqqətəlayiq nailiyyətlərini tərsinə qələmə vermək məqsədilə apardığı geniş təbliğat onların xalqımızın və dövlət rəsmilərimizin böyük və sürətli irəliləyişlərinə mat qaldığını göstərir. Düşmənin istəyinin əksinə olaraq, bu irəliləyiş ətalətə uğramayacaq, İran xalqının gələcəyi işıqlı və günü-gündən artan nailiyyətlərlə dolu olacaq!”

Həzrət Ayətullah Xamenei ölkədə, xüsusən də Qum vilayətində enerji dolu, imanlı, sədaqətli və uzaqgörən bəsicilərin varlığının İran xalqının dinamikliyinə və tərəqqisinə, cürbəcür dolaşıq hiylə və planlar qarşısında sarsılmazlığına möhkəm və məntiqi sübut olduğunu deyərək əlavə etdi: “Bəsic Allahın qüdrətinin nişanələrindən biridir. O, bir ideya şəklində müasir tariximizin misilsiz şəxsiyyəti və Tanrının saleh bəndəsi olan İmam Xomeyni (r.ə)  tərəfindən irəli sürülmək, sonrakı mərhələdə isə həyata keçirilməklə təzahür etmişdir. 30 il ötdükdən sonra daha da bar-bəhərli olmuş bu müqəddəs ağac bu gün İslam İnqilabı və İran xalqı üçün öz bəhrələrini verir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dahi İmam Xomeyni (r.ə) Allahın qüdrətli əli ilə idarə olunan işləri daim misilsiz uzaqgörənliklə görürdü. Məhz bu baxımdan da o, xalqa etimad göstərdi, xalq da bu etimadı doğruldaraq meydanlara çıxdı və tarixin o möhtəşəm və inanılmaz hadisəsi – İslam İnqilabının qələbəsi baş verdi”.

Bəsicin mahiyyəti və funksiyası haqda danışan Ali Məqamlı Rəhbər bunları dedi: “İmam Xomeyni (r.ə) tərəfindən bəsic dəstələrinin təşkili ideyasının irəli sürülməsi, əslində, İmamın uzaqgörənliyinin, xalqa və gənclərə etimadının davamı idi. Bəsicin bugünkü gənc nəsli İmam Xomeyninin (r.ə) öz əli ilə əkdiyi o pak və müqəddəs ağacın şirin meyvələridir”.

İman, əməl və cihadı “bəsicin formalaşmasında başlıca rol oynayan komponentlər” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəsicin cihad meydanları geniş və çoxcəhətlidir. Bu meydanlar elm, siyasət və ictimaiyyətdən tutmuş, beynəlxalq arenaya qədər davam edir”.

Ötən 30 il ərzində bəsicin müxtəlif sınaqlardan çıxdığını, o cümlədən  Müqəddəs Müdafiə illərində də həlledici və təşəbbüskar rol oynadığını xatırladan Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Bəsic kəmiyyət və keyfiyyət baxımından, daim yüksələn xətt üzrə hərəkət etmiş, provokasiyalar qarşısında mətin durmağı bacarmışdır”.

Ali Məqamlı Rəhbər üç faktorun – gözüaçıqlıq, ixlas, habelə vaxtında və əndazəsində iş görməyin bəsicin fəaliyyəti üçün meyar olduğunu deyərək əlavə etdi: “Bəsicin əldə etdiyi nailiyyətlərdən biri də düşmənin günü-gündən daha dolaşıq xarakter alan planları qarşısında bacarığını və uzaqgörənliyini artırmasıdır. 2009-cu ildə baş vermiş hadisələr buna sübutdur”.

Həzrət Ayətullah Xamenei dedi: “2009-cu ildə baş vermiş fitnəkar iğtişaşlar zamanı çoxları səhvə yol verdilər, onlar arasından bir çoxu isə az sonra səhvlərini düzəltdilər. Lakin gözüaçıqlığı və uzaqgörənliyi rəhbər tutmuş bəsic öz əzəmətli hərəkatının yolunu azmadı və haqq yolda qalmağı bacardı”.

Haqqın müəyyən edilməsində insanların şəxsiyyətinin və simasının meyar olmadığını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəzən nüfuzlu simalar da yanlış istiqamətə yönələ bilərlər, ona görə də haqqı batildən gözüaçıqlıqla ayırd etmək lazımdır, insanların şəxsiyyətini və simasını əsas tutaraq yox!”

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İmam Xomeyni (r.ə) belə buyurardı: “Əgər mən İslamdan uzaqlaşsam, xalq da məndən üz çevirər”. Odur ki haqqı müəyyən etməyin meyarı İslamdır və düşmənin planını uzaqgörənliklə anlamaq lazımdır”.

Bəsicin fəaliyyətində təsirə malik olan ikinci amil kimi, “ixlas” barədə danışan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İxlas dedikdə insanın ilahi stimulla hərəkət etməsi, şəxsi, partiya, ailə maraqlarının, dostlara üzgörənliyin onun fəaliyyətinə heç bir təsir etməməsi başa düşülür”.

Vaxtında və əndazəsində iş görməyin də olduqca əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İfratçılıqdan və əksinə, işə soyuq, barmaqarası yanaşmaqdan çəkinmək bəsicin fəaliyyəti üçün zəruri olan şərtlərdən biridir. Çünki iş görməmək nə qədər ziyanlıdırsa, ifrata varmaq da bir o qədər ziyanlıdır”.

Gənc bəsicilərdə inqilabi əhval-ruhiyyənin zərrə qədər də azalmasına imkan verməmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu inqilabi əhval-ruhiyyə hər gün daha da yüksəlməlidir, lakin diqqətli olmaq lazımdır ki, ondan yerində istifadə olunsun”.

Bəsicilərə “cihadi-əkbər”ə - nəfslə cihada əvvəlkindən də artıq səy göstərməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei baş verən hadisələri düzgün analiz və dərk etmək üçün nə etmək lazım olduğu barədə danışaraq əlavə etdi: “Hadisələri düzgün dərk etməyin yollarından biri budur ki, düşmənin hansı fəaliyyət proqramını həyata keçirməyə çalışdığına diqqət yetirək”.

Ali Məqamlı Rəhbər dedi: “Hal-hazırda düşmənin soyuq müharibə çərçivəsindəki iş planının ana xəttini ölkədəki reallıqları tərsinə qələmə vermək təşkil edir”.

Düşmənin müsəlman İranındakı gerçək vəziyyəti tam fərqli formada təqdim etmək məqsədilə apardığı geniş və irihəcmli təbliğata toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu, düşmənin zəiflədiyini, xalqımızın və dövlət rəsmilərimizin tərəqqi və nailiyyətlər yolunda əzəmətli və sürətli hərəkatının əleyhinə olan cəbhənin sarsıldığını göstərir”.

Düşmənin ölkədəki iqtisadi vəziyyət və iqtisadi məsələlərlə bağlı apardığı təbliğata toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu təbliğat ölkəmizdəki iqtisadi atmosferi məyusedici və çıxmaza dirənmiş bir vəziyyətdə imiş kimi qələmə verməyə çalışır, halbuki reallıq tam tərsinədir”.

Düşmənin bu təbliğatının ölkə daxilindəki bəzi insanlar tərəfindən təkrarlandığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Kim olduqları ötən il baş vermiş fitnəkar iğtişaşlarda üzə çıxan bəzi şəxslər seçkidən öncə xalqı iqtisadi baxımdan çətin və ağır bir ilin gözlədiyi barədə proqnozlar verirdilər. Halbuki hər kəs 2009-cu ilin heç də belə bir il olmadığını gördü”.

İslam dövlətindəki reallıqları tərsinə qələmə verməyin düşmənin 30 illik təbliğat metodu olduğunu deyən Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Əlbəttə ki, son illərdə bu təbliğat daha da çoxalıb, çünki hökumət və rəsmilər İslam İnqilabının şüarlarını daha da dolğun və ciddi şəkildə irəli sürürlər, ölkədə İmam Xomeyninin (r.ə), İslam İnqilabının kursuna, xalqa xidmətə son dərəcə böyük önəm verilir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Son illərdə hökumət rəsmiləri özlərini xalqın bir nümayəndəsi hesab edirlər və camaat da eyni hissləri yaşayır. Bu isə İslam dövlətinin əleyhdarlarına heç də xoş gəlmir”.

İranın xarici siyasətinə də toxunan Ali Məqamlı Rəhbər dedi: “İslam dövlətinin əleyhdarlarının təbliğatında və bəzi iğtişaşçı əhval-ruhiyyəli insanların çıxışlarında deyilir ki, guya İran İslam Respublikası dünyada gözdən düşüb və nüfuzunu itirib.  Halbuki bu gün İİR-in dünya xalqları arasındakı nüfuzu nəinki azalmayıb, əksinə, daha da artıb”.

Livan xalqının İran prezidentini yüksək səviyyədə qarşılamasını “bu reallığa nümunə” adlandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dünyanın heç bir yerində, heç bir ölkənin prezidenti üçün belə möhtəşəm səviyyədə bir qarşılama olmayacaq. İİR prezidentinin Livana səfəri və Livan xalqının onu bu səviyyədə qarşılaması məsələsi lazımınca qiymətləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Bu gün İslam dövlətinin tanınmış rəsmiləri istənilən müsəlman ölkəsinə səfər etsələr və oranın camaatı üçün azad şərait yaradılsa, onlar eynilə Livan xalqının İran prezidentini qarşıladığı səviyyədə qarşılanarlar”.

Bu hadisəni “İran xalqının əzəmət və iftixarı” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Hökumətimiz xalqdan uzaq bir hökumət olsaydı və qəlbi stimulla dolu milyonlarla gənc onu dəstəkləməsəydi, sözsüz ki, Livanda belə bir fakt baş verməzdi”.

Həzrət Ayətullah Xamenei həmçinin İslam dövlətinin əleyhdarlarının bəsic haqqında apardığı təbliğata da toxunaraq dedi: “Düşmən dünyada apardığı təbliğatı bir müddət bəsicin üzərində mərkəzləşdirdi və bəsici xalqın gözündən salmaq məqsədilə onu təbliğat bombardmanına tutdu. Buna baxmayaraq, bəsic parlaq bir həqiqətə, əzm və iradə təcəssümünə çevrilib”.

İran xalqının və İslam ümmətinin gələcəyinin daha gözəl və daha parlaq olacağını vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqının gələcək tərəqqi və nailiyyətləri ilə hazırkı vəziyyəti arasındakı məsafə, sözsüz ki, bu günü ilə 30 il bundan əvvəlki günü arasındakı məsafədən çox olacaq”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İran xalqının İslam və Quran yolundakı ardıcıl irəliləyişi İslam dövlətini parlaq və mütərəqqi bir gələcəyin gözlədiyini bizə müjdə verir və bunun İslam dünyasına və müsəlman xalqlarının əksəriyyətinin oyanışına böyük təsiri olacaq”.

Görüşün əvvəlində Qum vilayətinin iki tanınmış bəsic üzvü – cənab Hamid Abdullahi və xanım Ehsani öz çıxışlarında düşmənin müxtəlif səviyyələrdə soyuq müharibə apardığına toxunaraq ağıllı və inqilabçı əhval-ruhiyyəli gənclərin fəaliyyəti üçün şərait yaratmaq lazım olduğunu vurğuladılar, həmçinin görkəmli bəsicilərin elmi sferada və müxtəlif icraiyyə orqanlarında işə götürülməsini, ölkədə hazırlanan proqramlarda onların bilik və bacarığından, rəy və görüşlərindən istifadə olunmasını xahiş etdilər.

Əli İbn Əbitalib adına Qum Korpusunun komandanı general İbrahim Cəbbari də görüş əsnasında çıxış edərək gözüaçıqlığı “bəsicilərin, xüsusilə də Qum vilayətinin bəsicilərinin bariz xüsusiyyəti” adlandıraraq dedi: “Keçmişdəki ağır şəraitdən və düşmənlərin dolaşıq planlarından kifayət qədər təcrübə toplamış bəsici gənclər daha qarışıq və mürəkkəb soyuq müharibə meydanlarında iştirak etmək üçün qüvvə və bacarıqlarını artırıblar. Onlar lazımi məqamda öhdələrinə düşən vəzifəyə əməl etməyə daim hazırdırlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /