Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mədəniyyət və təlim-tərbiyə sahəsində ruhanilərin və elmi-teoloji mərkəzlərin öhdəsinə mühüm və strateji bir vəzifə düşür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum Elmi-teoloji Mərkəzi nəzdindəki Tədris İşçiləri Cəmiyyətinin sədri və üzvləri ilə görüşdə sözügedən qurumu “köklü-köməcli, İslam hərəkatının baş qaldırdığı dövrdə, eləcə də İslam İnqilabından sonra sınaqlardan çıxmış, İmam Xomeyninin (r.ə) və inqilabın kursunu mətanətlə davam etdirən, elmi-teoloji sferada misilsiz olan bir qurum” adlandıraraq vurğuladı: “Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyəti bu güclü mahiyyətini qoruyub saxlayaraq elmi-teoloji dairələr, həmçinin ölkənin ümumi atmosferi üçün meyar olmaqda davam etməlidir”.

Cəmiyyət üzvlərinin şah diktaturası dövründəki mübarizə və cihadını xatırladan Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Tədris İşçiləri Cəmiyyəti o çətin dövrdə İmam Xomeynini (r.ə) müdafiə məqsədilə bəyannamələr hazırlamaq və bu bəyannamələrin imzalanmasının bahasını ödəməklə öz imtahanını verdi. Bu qurum İslam İnqilabının qələbəsindən sonra, siyasi-ideoloji kurslar arasında qarışıqlıq və çaşqınlığın yaşandığı dövrdə də qətiyyət və israrla İmam Xomeyninin (r.ə) yolunu tutdu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabının ilk illərində bəzi şəxslərin və cərəyanların Tədris İşçiləri Cəmiyyətini ləğv etmək üçün səy göstərməsinin səbəbi də qurumun dahi İmam Xomeyninin (r.ə) dəyişməz kursu üzərində möhkəm dayanması və cəmiyyətə təsir gücü olmuşdur. O dedi: “Qum Elmi-teoloji Mərkəzi nəzdindəki Tədris İşçiləri Cəmiyyətinin gərgin əməyinin və maarifləndirmə fəaliyyətinin İslam İnqilabının tarixinə və gedişinə mühüm təsiri olmuşdur”.

Tədris İşçiləri Cəmiyyətinin güclü mahiyyətini və effektivliyini qoruyub saxlamağın vacibliyini vurğulayan Həzrət Ayətullah Xamenei qurumun bəzi hazırlıqlara ehtiyac duyduğunu da dedi. O, əlavə etdi: “Tədris İşçiləri Cəmiyyətinin mühüm vəzifələrindən biri böyük mərcə-təqlidlərlə əlaqələrini qoruyub saxlamaq və möhkəmləndirməkdir. Çünki Tədris İşçiləri Cəmiyyəti möhtərəm mərcə-təqlidlərin yetişdiyi bir qurumdur və onlardan bəziləri bir vaxtlar cəmiyyətin üzvü olmuşlar”.

Ali Məqamlı Rəhbər ictimaiyyətlə əlaqələrin gücləndirilməsini, xüsusilə də yeni əlaqə metodlarının nəzərdən keçirilməsini, ideya və novator düşüncə palatasının yaradılmasını Qum Elmi-teoloji Mərkəzi nəzdindəki Tədris İşçiləri Cəmiyyəti üçün vacib olan digər məsələlər hesab etdiyini deyərək vurğuladı: “Tədris İşçiləri Cəmiyyəti seçilən və nümunəvi tələbələri, görkəmli ruhaniləri öz sıralarına cəlb etməklə güclü, çoxşaxəli və effektiv fəaliyyətli bir struktur formalaşdırmalıdır ki, müxtəlif sahələrdə onların ideya və rəylərindən istifadə olsun”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei cəmiyyət üzvlərindən bəzilərinin mədəniyyət sferası, habelə “Səda və sima” Dövlət Teleradiosunun fəaliyyəti ilə bağlı qeyd etdikləri məsələlərə toxunaraq dedi: “Mən mədəniyyət sferasındakı, habelə Dövlət Teleradiosunun və Təhsil və Tərbiyə Nazirliyinin fəaliyyətindəki nöqsanların bir qisminə görə məsuliyyəti ruhanilərə və Elmi-teoloji Mərkəzə aid edirəm. Çünki cəmiyyətin mədəni cəhətdən düzgün, dini dəyərlərə və etiqada uyğun istiqamətləndirilməsi ruhanilərin və Elmi-teoloji Mərkəzin vəzifəsidir”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Ruhanilərin Dövlət Teleradiosundakı fəaliyyəti təkcə çıxışlar etmək, moizə və xütbələr söyləməklə məhdudlaşmamalı, daha dərin və effektiv olmalıdır”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Bu mühüm vəzifənin icrası üçün incəsənət sahəsi haqda məlumatı olan, xüsusilə də bu sahədəki sapınmaları necə aşkara çıxarmaq, mədəniyyət və incəsənət sahəsində yanlış istiqamət götürmənin qarşısını necə almaq lazım olduğunu bilən ruhani kollektivinə ehtiyac var”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Səda və sima” Dövlət Teleradiosunda bacarıqlı və mütəxəssis ruhani müşavirlərin təmsil olunacağı belə bir kollektivin təşkil olunması üçün yayımlanan proqramlarda düzgün ideya və istiqamətlənmənin tətbiqi üçün imkan yaradılması lazımdır”.

Təhsil və Tərbiyə Nazirliyinin də olduqca əhəmiyyətli və Dövlət Teleradiosundan fərqli olaraq, problem və nöqsanları göz qabağında olmayan bir maarifləndirici qurum olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bu çoxşaxəli maarifləndirmə və tərbiyə şəbəkəsi daxilində ruhanilərin və Elmi-teoloji Mərkəzin öhdəsinə mühüm və həssas bir vəzifə düşür. Elə ruhani kadrlar yetişdirmək lazımdır ki, onlar Təhsil və Tərbiyə Nazirliyində mədəni və ideoloji cəhətdən düzgün və effektiv istiqamətləndirmə işini apara bilsinlər”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Şiə ruhaniliyinin mərkəzi olaraq, Qum Elmi-teoloji Mərkəzi İslam dövləti üçün media, maarifləndirmə və tərbiyə məsələləri ilə bağlı geniş bir kadr potensialı hazırlaya bilər”.

Görüşün əvvəlində Qum Elmi-teoloji Mərkəzi nəzdindəki Tədris İşçiləri Cəmiyyətinin sədri Ayətullah Yəzdi rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən cəmiyyətin böyük mərcə-təqlidlərlə daim əlaqədə olduğu, Elmi-teoloji Mərkəz və tələbələrlə əlaqələrin necə qurulduğu, Qum Elmi-teoloji Mərkəzinin Ali Şurasının fəaliyyətinə nəzarət edildiyi, görkəmli alimlərlə ölkə və vilayət miqyaslı görüşlərin keçirildiyi və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə əlaqələrin qurulduğu haqda məlumat verdi.

Ayətullah Yəzdi görülən işlər sırasında Tədris İşçiləri Cəmiyyətinin Araşdırmalar Mərkəzinin təşkil olunduğu və müvafiq nizamnamənin tərtib edildiyini də qeyd edərək dedi: “Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyəti daim İmam Xomeyninin (r.ə) və Ali Məqamlı Rəhbərliyin kursu üzrə hərəkət edərək ölkənin ictimai-siyasi meydanlarında fəal olmuş, İslam İnqilabının müxtəlif həssas etaplarında açıq-aşkar mövqe bildirərək maarifləndirmə işi aparmışdır”.

Görüş əsnasında Qum Elmi-teoloji Mərkəzi nəzdindəki Tədris İşçiləri Cəmiyyətinin 9 üzvü müxtəlif məsələlərlə bağlı rəy və görüşlərini bildirdilər.

Tədris İşçiləri Cəmiyyətinin bəzi möhtərəm üzvlərinin öz çıxışlarında toxunduqları əsas məsələlər bunlar idi: mədəniyyətlə bağlı məsələlər,  cəmiyyətdə dini dəyərlərə və dinin ehtiramına əvvəlkindən də çox diqqət yetirilməsinin, bəzi şəxslərin öz çıxışlarında İslam İnqilabı mədəniyyətinə və İmam Xomeyninin (r.ə) kəlamlarına diqqət yetirməsinin zəruriliyi, elmi-teoloji mərkəzlərdə tədris olunması üçün vilayəte-fəqihin – şəri qayda-qanunlar üzərində qurulan dövlət hakimiyyətinin elmi əsaslarının, xüsusilə də İmam Xomeyninin (r.ə) bu mövzu ilə bağlı ideyalarının dərslik şəklində işlənib hazırlanmasının vacibliyi, yanlış ideologiyalara və azdırıcı dini firqələrə qarşı mübarizənin, irəli sürülən şübhə və suallara arqumentlərlə əsaslandırılmış formada, elmi cavabların verilməsinin zəruriliyi, “Səda və sima” Dövlət Teleradiosunda yayımlanan proqramların cəmiyyətdə mədəniyyətin formalaşmasında oynadığı mühüm rol,  bu proqramların gənclərin və ailələrin ideoloji cəhətdən istiqamətləndirilməsinə göstərdiyi təsir, humanitar elmlərin tematikası ilə bağlı Qurani-Kərimdən və Peyğəmbər (s) sünnəsindən qaynaqlanan dərin elmi və ideoloji mövzuların işlənib hazırlanmasının vacibliyi, elmi-teoloji mərkəzlərdə istedadlı və hazırlıqlı kadrların yetişdirilməsi, bu mərkəzlər üçün dəyişiklik və islahatlara əsaslanan perspektiv inkişaf və fəaliyyət planının hazırlanmasının zəruriliyi, Qum Elmi-teoloji Mərkəzinin beynəlxalq arenada daha ciddi formada çıxış etməsi, mərkəzdə ictimai təlim-tədris sisteminin yenidən dirçəldilməsi.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /