Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövləti ayrı-ayrı ruhanilərin yox, dinin və dini dəyərlərin hakimiyyəti deməkdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər alimlər, ruhani elm xadimləri, ustadlar, mədrəsə müdirləri və Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə izdihamlı və həyəcanlı şəraitdə baş tutan görüşdə teoloji təhsil müəssisələrində baş verən dəyişikliklər və bu dəyişikliklərin tənzimlənməsinin müxtəlif aspektləri haqda danışdı. Elmi-teoloji mərkəzlərlə İslam rejiminin qarşılıqlı münasibətləri ilə bağlı mövcud olan yanlış fikirlərə toxunan Ali Məqamlı Rəhbər İslam düşmənlərinin İslam dövlətini zəiflətmək, teoloji təhsil müəssisələrini və ruhaniləri bir küncə çəkilməyə vadar etmək məqsədilə cürbəcür taktikalardan istifadə etdiklərini dedi.

İmam Xomeyni (r.ə) adına gecə ibadətgahında, Məscidi-əzəm qarşısındakı Sahibəz-zəman meydanında və Həzrət Fatimeyi-Məsumə (s) hərəmi qarşısındakı Atabəy meydanında  toplaşmış yüzlərlə alim, ustad, ruhani və tələbə qarşısında çıxış edən Ali Məqamlı Rəhbər Qum şəhərini “İslam dünyasının bilik və mərifət mərkəzi” adlandıraraq bunları əlavə etdi: “Qum şəhəri Həzrət Məsumənin (s) şəhərə mübarək gəlişindən sonrakı dövrdə olduğu kimi, bu gün də Əhli-Beyt (s) maarifinin başlıca dayağıdır. Bu şəhər sağlam və fəal bir ürək kimi, bilik, bəsirət və ayıq-sayıqlığı “İslam ümməti” adlı vahid bir orqanizmin hər bir nöqtəsinə axıtmaq iqtidarındadır”.

On minlərlə tələbənin islami biliklərə yiyələnmək və sonradan onları təbliğ etmək məqsədilə Qum şəhərində böyük səy və həvəslə təhsil almasını misilsiz bir reallıq adlandıran Həzrət Ayətullah Xamenei Qum Elmi-teoloji Mərkəzinə qlobal aspektdən yanaşmaq lazım olduğunu qeyd edərək dedi: “Qum şəhəri dünyada gedən dəyişikliklərə və beynəlxalq proseslərə heç vaxt bugünkü qədər təsir göstərməyib və məhz buna görə də, heç vaxt bugünkü qədər dost-düşməni olmayıb”.

Həzrət Ayətullah Xamenei Elmi-teoloji Mərkəzin siyasi məsələlərə qarışmasının bu təhsil müəssisəsinə qarşı düşmənçilikləri artırdığını, onun nüfuzunu isə aşağı saldığını təbliğ edən yanlış söz-söhbətlərə də toxundu.

Ali Məqamlı Rəhbər bu söz-söhbətlərə cavab olaraq, belə bir reallığı qeyd etdi ki, bir kənara çəkilməklə və neytral davranışlarla heç bir nüfuzlu təşkilat heç bir zaman özünə həqiqi hörmət qazana bilməz. Çünki yalnız canlı varlıqlar fəaliyyətdə olmaq, ətrafa müəyyən təsir göstərməklə dostlarında, hətta düşmənlərində belə, özlərinə qarşı gerçək ehtiram oyadırlar.

Qum Elmi-teoloji Mərkəzinin bir küncə çəkilməsini və qeyri-dinamikliyini nəzərdə tutan yanlış mülahizəni rədd etmək üçün arqumentlər gətirməkdə davam edən Həzrət Ayətullah Xamenei bu təhsil müəssisəsinin passiv və seyrçi mövqedən çıxış etməsinin sonda onun tədricən meydandan silinməsinə gətirib çıxaracağını qeyd edərək dedi: “Şiə ruhaniliyi bir bütöv olaraq, daim ictimai-siyasi hadisələrin kontekstində olmuşdur, məhz buna görə də dünyada heç bir müsəlman, yaxud qeyri-müsəlman ruhani toplumuna xas olmayan dərin nüfuza malikdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Elmi-teoloji Mərkəzin siyasi və beynəlxalq məsələlərə münasibətdə dinamiklik nümayiş etdirməsinin vacibliyinə ikinci dəlil bunun İslamın gücləməsinə səbəb olmasıdır. O, əlavə etdi: “Ruhanilər dinin əsgərləri və xidmətçiləridir. Onların passiv davranışı, sözsüz ki, dinə zərbə vuracaq. Bu isə ruhanilərin varlığının fəlsəfəsi ilə ziddiyyət təşkil edir”.

Həzrət Ayətullah Xamenei ruhanilərin ictimai-siyasi meydanlarda iştirakını dinə qarşı düşmənçilik hissləri provokasiya edən bir faktor hesab etdiyini desə də, bunları əlavə etdi: “Bunu da nəzərdən qaçırmaq olmaz ki, ümumilikdə götürdükdə, müdrik və ayıq-sayıq olduğumuz təqdirdə bu düşmənçiliklər bizim üçün gözəl imkanlar yarada bilər. Çünki bu, ideoloji baxımdan dinamik yaradır, şübhələri cavablandırmaq həvəsini gücləndirir və tarixdəki çoxsaylı nümunələrin də sübut etdiyi kimi, islami biliklərin dərinləşməsinə və təbliğinə səbəb olur”.

Qum Elmi-teoloji Mərkəzinin siyasətdən və beynəlxalq aləmdə cərəyan edən məsələlərdən uzaq durmasının vacib olduğu barədə iddiaları təkzib etmək üçün daha bir arqument gətirən Ali Məqamlı Rəhbər bu həqiqəti də vurğuladı ki, passivlik və seyrçi mövqedə qalma düşməni dayandırmır, əksinə, onu zülm və ədavətə daha çox təşviq edir.

Ali Məqamlı Rəhbərin Qum şəhərinin alimləri, ruhaniləri və tələbələri qarşısındakı çıxışı “axundların hakimiyyəti”, həmçinin “ruhanilərin hökumət adamı olan və olmayan axundlara bölünməsi” kimi iki yanlış və azdırıcı anlayışlara qarşı diqqətli və ayıq-sayıq olmağın zəruriliyi haqda söhbətlə davam etdi.

İslam dininin və İslam dövlətinin düşmənlərinin bu iki azdırıcı anlayışı daim gündəmdə saxlamaqda hansı məqsədləri güddüyünü açıqlayan Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Onlar dövlətimizi alimlərin ideoloji, intellektual və məntiqi potensialı kimi nəhəng bir dayaqdan məhrum etmək, özlərinin düşündüyü kimi, inqilabçı və daim siyasi meydanlarda hazır olan ruhanilərə qara yaxıb, onları bir kənara çəkilməyə məcbur etmək istəyirlər. Düşmənin bu məqsədinə qarşı ayıq-sayıqlıqla mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei düşmənin bu iki azdırıcı məfhumu ortaya atmaq taktikasının müxtəlif aspektlərini işıqlandırmaq üçün ruhanilərlə İslam dövlətinin qarşılıqlı münasibətləri haqda danışaraq bunları vurğuladı: “Teoloji təhsil müəssisələri ilə İslam dövlətinin qarşılıqlı münasibəti “dəstəkləmək və nəsihət vermək” və “islah etməklə yanaşı müdafiə etmək”dən ibarətdir”.

Ali Məqamlı Rəhbər bu barədə onu da qeyd etdi ki, “axundların hakimiyyəti” anlayışını İslam Respublikasına aid etmək iftira və ağ yalandır. O, əlavə etdi: “İslam dövləti ayrı-ayrı ruhanilərin yox, dinin və dini dəyərlərin hakimiyyəti deməkdir!”

Həzrət Ayətullah Xamenei dedi: “İslam dövlətində hakimiyyət səlahiyyətini əldə etmək üçün sırf ruhani olmaq kifayət deyil. Çünki təkcə “ruhani olmaq” insanı heç bir səlahiyyətdən məhrum etmədiyi kimi, ona heç bir səlahiyyət də qazandırmır”.

Ruhanilər arasında “hökumətin adamı olanlar və olmayanlar” adı altında bölgü aparılmasını “rüsvayçı bir səhv” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Hər hansı bir məqsəd kimi, hakimiyyətin və hakimiyyət səlahiyyətlərinin ardınca getmək də dünyəvi məsələlər üçün və nəfsin təhriki ilə olsa, qəbuledilməzdir. Lakin hər hansı bir ruhani mənəvi və ilahi amalları rəhbər tutaraq dövlətin dəstəyini, yaxud istənilən vəzifə səlahiyyətini qəbul edirsə, bu, dində vacib olan “yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək” prinsipinin, Allah yolunda cihadın ən gözəl və bariz nümunəsidir”.

Həzrət Ayətullah Xameneinin bu izdihamlı kütlə qarşısındakı əhəmiyyətli çıxışı İran cəmiyyətində konkret dəyərlər formalaşdıran iki gerçəklik və anlayış – yəni “dövlətin elmi və nəzəri cəhətdən teoloji mərkəzlərə söykənməsi” və “elmi-teoloji mərkəzlərin və ruhanilərin İslam dövlətinə etinasız yanaşmaması” haqda söhbətlə davam etdi.

Ali Məqamlı Rəhbər birinci məqamla bağlı bunları qeyd etdi: “İslam dövləti elmi və nəzəri cəhətdən din alimlərinə və elmi-teoloji mərkəzlərə ehtiyac duyur və məhz onların gərgin əməyindən dəstək alaraq möhkəmlənir”.

Bu faktı daha geniş açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İslam Respublikası mahiyyəti etibarilə, dini əsaslı dövlət quruluşu olduğu üçün bütün sferalarda, o cümlədən siyasət, iqtisadiyyat, idarəetmə, pedaqogika sahələrində,  habelə dövlət administrasiyası ilə bağlı digər məsələlərdə nəzəriyyə və ideologiyaların işlənib hazırlanması din alimlərinin – yəni İslam dininə yaxşı bələd olan mütəxəssislərin öhdəsinə düşür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dövlət və cəmiyyətin idarəçiliyinin müxtəlif sferalarında dini nəzəriyyələrin yoxluğu nəticəsində müəyyən boşluqlar yaranarsa, bu, Qərbdən gələn, qeyri-dini nəzəriyyələrin cəmiyyətə nüfuz etməsinə və həmin boşluqları doldurmasına səbəb ola bilər. O dedi: “Mənim universitetlərdə humanitar elm sahələrinə diqqətlə yanaşılmasının vacibliyini dönə-dönə vurğulamağımın səbəbi də məhz budur”.

Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Hal-hazırda vüsət almış humanitar elmlər dini dünyagörüşünə əsaslanmırlar və dövlətimizi gələcəkdə idarə edəcək şəxsləri Qərbə xas, materialist dünyagörüşü əsasında tərbiyə edirlər. Elmi-teoloji mərkəzlər və din alimləri bunun qarşısını almaq üçün müxtəlif sahələr üzrə İslama əsaslanan nəzəriyyələri müəyyən etməli və onları müvafiq proqramlar işləyib hazırlamaları üçün rəsmilərə təqdim etməlidirlər”.

Ali Məqamlı Rəhbər elmi-teoloji mərkəzlərin cürbəcür şübhə və iradları cavablandırmasını “İslam dövlətinin din alimlərinə söykəndiyinə digər bir sübut” adlandıraraq əlavə etdi: “Dövlətimizin düşmənlərinin cəmiyyətə daim cürbəcür dini, siyasi, ideoloji şübhə və tərəddüdlər aşılamaqda məqsədi İslam dövlətinin əsaslarına zərbə vurmaqdır. Odur ki elmi-teoloji mərkəzlərin təmsilçisi olan görkəmli alim və ruhanilərin bu azdırıcı şübhələri cəmiyyətin təfəkküründən yox etmək istiqamətindəki fəaliyyəti İslam dövlətinə yardım etmək deməkdir və həqiqətdə, elmi-teoloji mərkəzlər bu nöqteyi-nəzərdən də dövlətin dayağıdırlar”.

Daha bir gerçəkliyi – elmi-teoloji mərkəzlərin İslam dövlətinə biganə yanaşmadığını da qeyd edən Həzrət Ayətullah Xamenei teoloji mərkəzləri və ruhaniləri, xüsusilə də Qum Elmi-teoloji Mərkəzini “İslam dövlətini dünyaya gətirmiş ana” adlandıraraq bu məqamı vurğuladı ki, ana heç vaxt öz övladına vecsiz və biganə yanaşa, yaxud lazım olan anda onu müdafiə etməyə bilməz.

Çıxışının bu qismini yekunlaşdıran Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Elmi-teoloji mərkəzlərlə hakim rejimin qarşılıqlı münasibətini “qarşılıqlı himayə, əməkdaşlıq və yardım” kimi xarakterizə etmək olar”.

“Elmi-teoloji mərkəzlərin müstəqilliyi” məsələsi Həzrət Ayətullah Xameneinin bir sual ətrafında müxtəlif aspektlərini açıqladığı digər mühüm məqamlardan biri oldu. Ali Məqamlı Rəhbər dedi: “Hökumətin elmi-teoloji mərkəzləri himayə etməsi onların müstəqilliyinə hər hansı bir xələl, yaxud ziyan gətirir, ya yox?”

Sualın cavabında Həzrət Ayətullah Xamenei elmi-teoloji mərkəzlərin tarix boyu istər dinin əleyhinə olan, istərsə də şiə ideologiyalı hökumətlərin dövründə öz müstəqilliyini qoruyub saxladıqlarını xatırladaraq əlavə etdi: “Din alimləri hətta bəzi şiə ideologiyalı hökumətlərə yardım etdikləri dövrdə belə, heç vaxt hakim dairələrə tabe olmamışlar. Şiə ruhaniliyi özünün tarixi boyunca olduğu kimi, bu gün və gələcəkdə də, Allahın fəziləti ilə, tam müstəqil olacaq”.

Ali Məqamlı Rəhbər elmi-teoloji mərkəzlərin müstəqilliyini vurğulamaqla yanaşı, bu məsələ ətrafında söz-söhbət və çaşqınlıq yaratmaq məqsədilə göstərilən bəzi səylərə qarşı ayıq-sayıq olmağın vacibliyini də qeyd etdi. O dedi: “Bir qrup şəxs “müstəqillik” adı ilə elmi-teoloji mərkəzlərin hökumətlə əlaqəsini kəsmək istəyir. Lakin hər kəsə aydındır ki, “asılı olmaq” “himayə və əməkdaşlıq”dan fərqlidir və müstəqilliyini əldən vermədən qarşılıqlı əməkdaşlıq etmək mümkündür”.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin elmi-teoloji mərkəzlərə borclu olduğunu deyərək əlavə etdi: “Dövlət elmi-teoloji mərkəzlərin daxili işlərinə qarışmadan onlara yardım etməyə borcludur. Çünki bu müəssisələrdə elə problemlər var ki, beytül-malın köməyi olmadan onları həll etmək mümkün deyil”.

Həzrət Ayətullah Xamenei din tələbələrinin məişət rifahı məsələsinin dövlətin elmi-teoloji mərkəzlərə yardımına aidiyyəti olmadığını deyərək vurğuladı: “Tələbələrin dolanışığı elmi-teoloji mərkəzlərin dərin mənaya malik keçmiş ənənəsinə uyğun olaraq, insanların verdiyi vəsait hesabına təmin olunmalıdır. Çünki bu, camaatla teoloji təhsil müəssisələri arasında səmimi və möhkəm bağlılıq yaradan simvolik məsələlərdən biridir”.

Ali Məqamlı Rəhbər İslam dövlətinin elmi-teoloji mərkəzləri himayəsinin yalnız cürbəcür maddi yardımlarla məhdudlaşmadığını qeyd edərək dedi: “Bu gün, Allahın fəziləti və dövlətin himayəsi sayəsində ən mühüm və total milli tribunalar böyük din alimlərinin və mərcə-təqlidlərin ixtiyarındadır. Elmi-teoloji mərkəzlərə hər cür himayə və dəstək olmaq bütün hökumət kabinetlərinin borcudur”.

“Müstəqillik” məsələsi ilə “dövlətlə elmi-teoloji mərkəzlər arasında qarşılıqlı əlaqə”ni qarışdırmamaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İslam dövləti və onun tərkibindəki elmi-teoloji mərkəzlər bir çox cəhətlərdən biri-biri ilə bağlı və çulğalaşmış olan iki böyük cərəyandır və əslində, onların taleyi birdir”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İslam dövlətinə vurulacaq istənilən zərbə elmi-teoloji mərkəzlərə və din əhlinə şiddətli xəsarət yetirəcək, lakin buna baxmayaraq İslam dövləti canlı və qüvvətlidir və əlbəttə ki, qarşıda üzləşəcəyi bütün döyüşlərdən qalib çıxacaq”.

Qum Elmi-teoloji Mərkəzinin alimləri, ustadları, qabaqcıl ruhani elm xadimləri və tələbələri qarşısında etdiyi çıxışın son qismində Həzrət Ayətullah Xamenei mühüm bir mövzu olan “elmi-teoloji mərkəzlərdə dəyişikliklərin həyata keçirilməsi” məsələsinə toxundu. Həzrət Ayətullah Xamenei   “müsbət və düzgün dəyişiklik” ilə “yanlış və azdırıcı dəyişiklik” arasındakı əsas fərqlər barədə danışaraq bəzi açıq-aşkar sübutlara toxundu. O, əlavə etdi: “Əgər “dəyişiklik” dedikdə elmi-teoloji mərkəzin başlıca fəaliyyət kurslarından birinin, misal üçün ictihad metodunun dəyişilməsi nəzərdə tutulursa, bu, tamamilə yanlış bir ideyadır və  süquta aparan bir dəyişiklik olacaqdır”.

Qum Elmi-teoloji Mərkəzində geniş yayılmış ictihad metodunu “ən güclü və məntiqli üslublardan biri” adlandıran Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Bu gün kimliyindən və titullarından asılı olmayaraq, kim isə ictihadda qeyri-ənənəvi və qeyri-fundamental metodlara müraciət etsə, gördüyü iş yanlış və qəbuledilməzdir”.

Həzrət Ayətullah Xamenei bəzi şəxslərin dünyanın əksəriyyət etibarilə maddi əsaslar üzərində qurulmuş qayda-qanunlarına riayət etmək, hətta imperialistlərin xoşuna gəlmək məqsədilə fətvalar çıxardığına toxunaraq əlavə etdi: “Belə şəxslərdən biri fətva verib ki, İranın sülhməramlı nüvə proqramı böyük dövlətlərdə şübhə doğurduğu üçün şəriət baxımından düzgün və qanuni sayılmır. Biz isə deyirik ki, imperializm çox səhv edib ki, İran xalqından şübhələnib”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, əgər müctəhidlər elmi-teoloji mərkəzlərdə geniş yayılmış düzgün metodlar əsasında fərqli şəri hökmlər çıxararlarsa, bunun heç bir eybi yoxdur. Əksinə, bu, elmi-teoloji mərkəzlərin yüksəliş və tərəqqisinə səbəb ola bilər”.

Elmi-teoloji mərkəzlərə beynəlxalq miqyasda fəlsəfə, fiqh və kəlam sahələri üzrə fəal iştirak etməyi tövsiyə edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Elmi-teoloji Mərkəz cürbəcür fəlsəfi-ideoloji məktəblərin müxtəlif məsələlərlə bağlı irəli sürdüyü nəzəriyyələrə diqqət yetirərək dünya miqyasında ortaya qoyulan bütün problemlərə arqumentlərlə əsaslanmış, düzgün və qaneedici cavablar təqdim etməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, modern rabitə texnologiyalarının varlığı Elmi-teoloji Mərkəzin ölkədə, habelə xaricdə yaşayan insanların sual və ehtiyaclarını sürətlə cavablandırması üçün gözəl bir imkandır. O dedi: “Epistemologiya, İslam dininin “siyasi və iqtisadi təfəkkürü”, fiqhi və hüquqi anlayışların açıqlanması, İslamın əxlaq və tərbiyə sisteminin dəqiq və elmi formada izah edilməsi elmi-teoloji mərkəzlərin dünya miqyasında məşğul ola biləcəkləri məsələlərdir”.

Elmi-teoloji mərkəzlərdə dəyişikliklərin aparılmasının vacibliyi haqda mövzunu davam etdirən Ali Məqamlı Rəhbər ictihad sahəsindəki yeni-yeni fəaliyyətlərin bu dəyişikliklərin əsasını təşkil etməli olduğunu deyərək əlavə etdi: “Dəyişikliklər və transformasiya qaçılmaz bir faktdır. Elmi-teoloji Mərkəzdə fəaliyyət göstərən mərcə-təqlidlər və böyük mütəfəkkirlər bu prosesin planlı surətdə getməsinə nəzarət etməli, onu düzgün məcraya yönəltməli və tənzimləməlidirlər”.

“Dəyişiklik” anlayışının yanlış qavranılmasına daha bir sübut olaraq, Həzrət Ayətullah Xamenei Elmi-teoloji Mərkəzin ənənəvi və olduqca səmərəli təlim və təhsil metodlarından imtina edilməsinə toxunaraq əlavə etdi: “Bu ənənəvi təlim və təhsil metodları zaman keçdikcə bütün dünyanın diqqətini özünə cəlb edib. Kimlərsə “dəyişiklik” adı ilə bu metodları zəiflətmək məqsədi güdsələr, bu, sözsüz ki, irticaçı və qəbuledilməz bir hərəkətdir”.

Ali Məqamlı Rəhbər elmi-teoloji mərkəzlərdə dəyişikliklərin həyata keçirilməsi üçün teoloji təhsil müəssisələrinin təlim və təhsil sistemində geniş yayılmış metodların möhkəmləndirilməli olduğunu vurğuladı  və həmin metodlar sırasında azad müəllim seçimi, müəllimə irad tutmaq, düşünmək, araşdırma aparmaq, əzbərçilikdən çəkinmək, materialı müzakirə yolu ilə mənimsəmək, müəllimə böyük ehtiramla yanaşmaq, müəllim və şagird hüquqlarına qarşılıqlı surətdə riayət edilməsi kimi düzgün və ənənəvi metodları qeyd etdi.

Həzrət Ayətullah Xamenei elmi-teoloji mərkəzlərin elmi fəaliyyətinin xalqın və cəmiyyətin ehtiyacları ilə uyğunlaşdırılmasını da bu müəssisələrdə müsbət dəyişikliklərin həyata keçirilməsi üçün zəruri şərtlərdən biri kimi qeyd edərək əlavə etdi: “Elmi-teoloji mərkəzlərdə dəyişikliklərin həyata keçirilməsi prosesində “davranış və əxlaq sistemi”nə də diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbər böyük mərcə-təqlidlərə sonsuz ehtiramla yanaşılmasını Elmi-teoloji Mərkəzin etik normalar sisteminin müsbət cəhətlərindən biri hesab etdiyini deyərək əlavə etdi: “Mərcə-təqlidlər əksəriyyət etibarilə, elmi-teoloji mərkəzlərin elmi zirvələridir və bu statusu heç kəs asanlıqla qazanmır. Buna görə də elmi-teoloji mərkəzlərdə möhtərəm və dəyərli mərcə-təqlidlərə hər kəs tərəfindən sonsuz ehtiramla yanaşılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elmi-teoloji mərkəzlərdə müsbət dəyişikliklərin davamlı surətdə həyata keçirilməsinin başlıca əsaslarından biri nəfsi təmizləməkdir. O, əlavə etdi: “Elmi-teoloji mərkəzlərin davranış və əxlaq sistemində inqilabi təmayüllərə və emosiyalara da hərtərəfli diqqət yetirilməlidir, çünki düşmənlər və onların davamçıları ölkədə inqilabi əhval-ruhiyyəni sarsıtmaqla öz məkrli niyyətlərini gerçəkləşdirməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər bununla bağlı aşağıdakıları da qeyd etdi: “Ayrı-ayrı şəxslərin inqilabi meyllərin və emosiyaların əleyhinə çıxması problem deyil. Problem budur ki, düşmən bu müxalifətə arxalanaraq ölkədə özü üçün əlverişli atmosfer yaratmaq istəyir və elmi-teoloji mərkəzlər bu məsələyə hərtərəfli diqqət yetirməlidirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, inqilabçı və bəsici ruhaniləri bir kənara çəkilməyə vadar edərək cəmiyyətdən təcrid etmək, şəhidləri və şəhidlik məqamını alçaltmaq, İran xalqının Müqəddəs Müdafiə hərəkatını sual altına salmaq İslam düşmənlərinin elmi-teoloji mərkəzlərdə inqilabi əhval-ruhiyyəni zəiflətmək məqsədilə istifadə etdiyi metodlardır. Ali Məqamlı Rəhbər Qum Elmi-Teoloji Mərkəzinin rəhbər işçilərinə və möhtərəm xadimlərinə bu məsələyə qarşı son dərəcə həssas və diqqətli olmağı tövsiyə etdi.

Ali Məqamlı Rəhbər elmi-teoloji mərkəzlərdə təhsil alan enerji dolu, inqilab əhval-ruhiyyəli gəncləri “ölkənin gələcək ümidləri” adlandırdı, lakin onlara da belə bir tövsiyə etdi: “Hər cür ekstremizmdən uzaq olun. İfrata varmaqdan və əksinə, işə barmaqarası yanaşmaqdan çəkinin. Elə edin ki, heç kəs sizə “ifratçı” adı ilə töhmət vura bilməsin”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İnqilabçı ruhlu hər bir insan öz enerjisini və emosionallığını qoruyub saxlamaqla yanaşı, gözüaçıq və ayıq-sayıq olmalı, dövrün dolaşıq məsələlərini dərk etməli, təzyiqlər və problemlər qarşısında mətin duraraq daim məntiqli və rasional şəkildə davranmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ətrafdakılar da inqilabçı qüvvələrə “ifratçı” damğası vurmaqdan çəkinməlidirlər. O dedi: “Bu, xalqımıza birbaşa və dolayısı ilə düşmən olan qüvvələrin ortaya atdığı yanlış bir ittihamdır”.

Elmi-teoloji Mərkəzlərdə dəyişikliklərin həyata keçirilməsinin vacibliyi haqda söhbətinin sonunda Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu dəyişikliklər tənzimlənməli və düzgün istiqamətləndirilməlidir. O, əlavə etdi: “Elmi-teoloji mərkəzlərdə mürəkkəb, genişmiqyaslı və hərtərəfli dəyişikliklər düzgün və güclü tənzimləmə mexanizmi olmadan həyata keçirilə bilməz. Böyük mərcə-təqlidlər, görkəmli ruhanilər və mütəxəssislər tərəfindən bəyənilən və təsdiq olunan bir qrup şəxs bu işi öhdəsinə götürməli və ona rəhbərlik etməlidir”.

Həzrət Ayətullah Xamenei həmçinin fəlsəfə fənninin və ümumilikdə fəlsəfə sahəsinin əhəmiyyətini vurğulayaraq elmi-teoloji mərkəzlərə rasional elmlərə, fəlsəfə, kəlam və təfsir sahələrinə xüsusi diqqət yetirməyi təkidlə tövsiyə etdi.

Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzinin müəllimlərindən, ruhani və tələbələrindən ibarət böyük izdihamın qarşısında etdiyi çıxışın sonunda mərkəzdə minlərlə xanım tələbənin təhsil almasını “möhtəşəm və mübarək bir fakt” adlandıraraq əlavə etdi: “Xanımların təhsil aldığı elmi-teoloji mərkəzlərdə alimlərin, tədqiqatçıların, fəqihlərin və filosofların yetişdirilməsi və bu ziyalıların gələcək, dünya miqyaslı fəaliyyəti eynilə minlərlə elm adamının ölkə universitetlərindəki fəaliyyəti kimi, İslam İnqilabına və İran İslam Respublikasına dünyada böyük nüfuz qazandıra bilər”.

Görüşün əvvəlində elmi-teoloji mərkəzlərin rəhbəri Ayətullah Moqtədayi İslam İnqilabının beşiyi olaraq, Qum Elmi-teoloji Mərkəzinin tutduğu müstəsna mövqeyə toxunub dedi: “Burada çalışan ustadlar, ruhanilər və təhsil alan tələbələr hədsiz uzaqgörənlik və ayıq-sayıqlıqla İslam dövlətinin müdafiəsi üçün  bir bayraqdar kimi ön sıralarda durublar. Onlar məkrli planlar və yanlış cərəyanlar qarşısında vilayəti-fəqihin statusunu qorumağı, şübhə və iradlara münasib cavab verməyi özləri üçün vacib şəri vəzifə hesab edirlər”.

Ayətullah Moqtədayi həmçinin dedi ki, elmi-teoloji mərkəzlərin elmi-mənəvi potensialının, cəmiyyətdə mədəniyyətin formalaşdırılması və İslam dini haqqında saf bilgilərin qorunub saxlanması işindəki rolunun dərindən dərk edildiyini nəzərə alaraq bu mərkəzlərin arzuolunan səviyyəyə çatdırılması üçün böyük və mətin addımların atılacağına ümid edir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /