Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı imperialistlərin acgözlüyü qarşısında möhkəm dayanmaqda davam edəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum vilayətində yaşayan dəyərli şəhid ailələri, əlil və veteranlarla bu gün səhər baş tutan görüşündə şəhidliyə etiqadın, Allah yolunda canından keçməyin savabına və fəzilətinə inamın “İran xalqının gerçək qüdrətinin simvolu” olduğunu deyərək bunları vurğuladı: “Böyük İran xalqı ona izzət və əzəmət bəxş edən bu mənəvi faktorlar sayəsində imperialistlərin acgözlüyü və haqsız tələbkarlığı qarşısında möhkəm dayanmaqda davam edəcək!”

Şəhidlərin vüqarlı xatirəsinin rayihəsi ilə dolu bu mənəvi toplantıda Ali Məqamlı Rəhbər “şəhidliyin” olduqca dərin məna və mahiyyətə malik olduğunu bildirərək əlavə etdi: “Şəhidliyə etiqad, şəhidlərin əzəmətinə inam bir xalqın nə qədər dərin mənəviyyata, əzəmətli milli kimliyə malik olduğunu göstərir”.

Xalqın imanı, dini emosiyaları və şücaəti, habelə uca məqamlı şəhid ailələrinin səbir və dözümü sayəsində İran xalqının şəhid olmaqdan qorxub çəkinmədiyini deyən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Bu mühüm məqam haqqında düşünmək lazımdır ki, mürəkkəb hərbi texnologiyalara və geniş təbliğat imkanlarına malik olmayan İran xalqı necə və hansı amilin təsiri ilə xalqların nəzərində bu qədər əziz, diqqətəlayiq və qüdrətli bir obraz yarada, dünyada baş verən cürbəcür hadisələrə təsir göstərə bilir?”

Həzrət Ayətullah Xamenei bildirdi ki, Livan xalqının İran xalqının dövlət başçısını hamılıqla və böyük emosiya ilə qarşılayaraq dəstəkləməsi dərindən təhlil olunmağa layiq bir məsələdir. O, əlavə etdi: “Bu cür gerçəkliklər İran xalqının digər xalqların nəzərində əzəmətli və diqqətəlayiq bir xalq olduğunu göstərir”.

Bu əzəmət və iqtidarın kökünü araşdıran Ali Məqamlı Rəhbər şəhidliyin əhəmiyyətinə toxunaraq əlavə etdi: “Bir xalqda və onun gənclərində Allah yolunda canını qoymağa, fədakarlıq etməyə və şəhid olmağa bu qədər inam yaranarsa, təbii ki, o, Tanrının sadiq vədlərinə uyğun olaraq, qüdrət, nüfuz və əzəmət əldə edər. Məhz buna görə də bu gün İran xalqı bütün başqa xalqlardan daha güclü və əzəmətlidir”.

Şəhidlərin İran xalqının əzəmətinə misilsiz təsir etdiyini qeyd edən Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Şəhidlər, əlillər və veteranlar haqq cəbhəsinin avanqardıdırlar. Onlar şəhidliyə, Allah yolunda canından keçərək savab və fəzilət qazanmağa inamı bu xalqa əməli surətdə öyrədiblər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “İran xalqına əzəmət bəxş edən amillərin sırasında ikinci yeri şəhidlərin səbirli ataları, ürəyidağlı anaları, ağıllı-kamallı balaları və dəyərli həyat yoldaşları tutur. Onlar əzizini itirmək kimi zahirən kədərli və acı bir hadisədən qürur və iftixar duyaraq nümayiş etdirdilər ki, eynilə şəhid olmuş övladları kimi, Allah yolunda canını fəda etməyin ucalığına etiqad bəsləyirlər və Zeynəbi-Kübra (s) yolunun həqiqi davamçılarıdırlar”.

İran xalqının və dəyərli şəhid ailələrinin dünya imperialistlərinin təhdidləri qarşısındakı mətin duruşunun milli özünəinam və öz gücünə arxalanmadan qaynaqlandığını bildirən Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “İran xalqı hegemonların çığır-bağırı qarşısında bircə anlıq belə olsun, öz amallarından geri çəkilməyəcək!”

Xalqın və dövlət rəsmilərinin qəlbində Allaha iman hissini günü-gündən gücləndirməyin və dərinləşdirməyin vacib olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İnsana güc və qüdrət qazandıran bu imanın qiymətini bilməli, onu elmi, texnoloji, siyasi, ictimai və iqtisadi tərəqqimizin dayağı etməliyik”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) vəfatından sonrakı illər ərzində düşmənlərin və onların ölkə daxilindəki ardıcıllarının xalqın imanını və etiqadını zəiflətmək məqsədilə qurduğu və həyata keçirdiyi saysız-hesabsız planları xatırladaraq əlavə etdi: “İran xalqının əleyhdarlarının bütün bu planları uğursuzluqdan başqa heç bir şeylə nəticələnməyib və bundan sonra da nəticələnməyəcək!”

Ölkədəki gəncliyin olduqca yaxşı və safqəlbli olduğunu deyən Ali Məqamlı Rəhbər bunu da əlavə etdi: “Xalqın imanı və etiqadı atmosferində böyüyüb boya-başa çatmış bu gənc nəsil xeyir-bərəkətli və eynilə İslam İnqilabı illərindəki cavanlar kimi, fədakarlığa və qurbanlar verməyə hazır bir nəsildir”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər 6 min şəhidi, 11 min əlil və veteranı, Zeynəddin, Heydəriyan və Sadiqi kimi adlı-sanlı şəhidləri olan Qumu şəhidlik məsələsində də “öndər şəhər” adlandırdı, şəhidlərə aidiyyəti olmağın onların bütün yaxınları, xüsusilə də övladları üçün qürur və iftixar mənbəyi olduğunu dedi.

Görüşün əvvəlində üç şəhid və bir veteran atası Höccətül-İslam Vəkili Ali Məqamlı Rəhbərə xoşgəldin etdi.

Əli İbni-Əbi Talib adına 17-ci diviziyanın komandiri şəhid Mehdi Zeynəddin və şəhid Məcid Zeynəddinin anası da bu görüşdə aşağıdakı fikri vurğuladı:  “Şəhidlərə söz veririk ki, eynilə onlar kimi vilayəti-fəqihə, habelə İslamın və inqilabın başqa dəyərlərinə daim sadiq qalacağıq!”

Şəhid övladı, siyasi elmlər doktoru Höccətül-İslam Dəlir də çıxış edərək dedi: “Qum vilayətindəki şəhid övladları elmi və teoloji dərəcələr qazanmaqda parlaq nailiyyətlər nümayiş etdiriblər. Onlardan bəziləri universitetlərin və teoloji təhsil müəssisələrinin ən öndə gedənləri sırasındadırlar”.

Ölkə başçısının müavini, Şəhid və Veteranlar Fondunun sədri cənab Zəribafan da bu görüşdə Qum vilayətinin 6 min şəhidi, 11 600 nəfər əlil və veteranı olduğunu qeyd edərək dedi: “Bu vilayətin əhalisi İslam İnqilabından əvvəlki və sonrakı, Müqəddəs Müdafiə savaşı illərindəki və son dövrlərdəki həssas etaplarda İslamın və mərcəiyyətin müdafiəsində avanqardların sırasında olmuşdur”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /