Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkidən sonrakı iğtişaşlar İran xalqının uzaqgörənliyini daha da artırıb

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei xalq tərəfindən təntənə ilə qarşılandıqdan və Həzrət Məsumə (s) məqbərəsini ziyarət etdikdən sonra məqbərənin yaxınlığındakı meydanda toplaşmış izdihamlı kütlə ilə görüşdü, ona qarşı öz sevgi və səmimiyyətini ifadə edən insanlara qarşılıqlı emosiyalarla cavab verdi.

Görüş zamanı Həzrət Ayətullah Xamenei Qum şəhərini “elm, cihad və bəsirət şəhəri” adlandırdı, bu şəhərin bəsirətlə çulğalaşmış cihad hərəkatı əsasında formalaşdığını qeyd edərək dedi: “Qum şəhəri özünün tarixi boyu Əhli-Beyt haqqında maariflənmənin əzəmətli dayağı olduğu kimi, müasir dövrdə də ən gözəl dini və ilahi bilgilərin qaynağı olaraq, İslam dünyasının şərqini və qərbini öz dahi alimlərinin yorulmaq bilməyən səy və bəsirətindən faydalandırmaqda davam edir”.

Qum əhalisinin İranın müasir tarixinin həssas bir dönəmində - yəni 1963-cü ilin Aşura günündə və 15  Xordad qiyamında, həqiqətən, unudulmaz rol oynadığını qeyd edən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “O mühüm etapda qumlular İmam Xomeyninin (r.ə) dəstəyi ilə cəmiyyətdə ruhani hərəkatını fəaliyyətə keçirdilər. Həmçinin 1977-ci ildə də şah rejiminin dahi İmam Xomeyniyə qarşı qurduğu məkrli planın mahiyyətini müdriklik və uzaqgörənliklə dərk etdilər, gənc övladlarının qanı bahasına islami hərəkatın genişlənməsində avanqard rolunu oynayaraq bu şəhəri əzəmətli İslam İnqilabının beşiyinə çevirdilər”.

Ali Məqamlı Rəhbər Qum əhalisinin ixlaslı, sadiq, qəlbi təmiz və hər kəsə nümunə ola biləcək qədər uzaqgörən olduğunu deyərək əlavə etdi: “Qum əhalisinin ayıq-sayıqlığı olmasaydı, düşmənlərin bu mühüm şəhər üçün qurduğu planlar nəticəsiz qalmazdı”.

Əhalisinin ayıq-sayıqlığı və bu şəhərdə yerləşən Elmi-teoloji Mərkəzin bərəkəti sayəsində müqəddəs Qum şəhərinin “bəsirət və cihadın dayağı” olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qumlular Elmi-teoloji Mərkəzin və ruhaniliyin qiymətini bilirlər və son 32 il ərzində İslamı və inqilabı müdafiə meydanlarında özlərinin bərəkətli iştirakını daim nümayiş etdiriblər”.

Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzinin mərhum Ayətullah Hairinin dövründən mərhum Ayətullah Burucerdinin dövrünə qədər yetişdirdiyi dahi, müdrik və uzaqgörən mərcə-təqlidlərin, həmçinin Ayətullahül-üzmalar Qolpayqani-Eraki, Mərəşi və Behcət də daxil olmaqla son dövrlərin böyük mərcə-təqlidlərinin fəaliyyətinə toxunaraq əlavə etdi: “Bu gün də, Allaha həmd olsun ki, Qum Elmi-teoloji Mərkəzində buranı xeyir-bərəkət qaynağına, sonsuz səy və mücahidə məkanına çevirən böyük mərcə-təqlidlər və fəzilət sahibi olan görkəmli şəxsiyyətlər var”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam İnqilabının ölkənin ən dindar şəhərində – yəni Qumda formalaşması, həmçinin dahi fəqih və alim olan İmam Xomeyninin (r.ə) bu inqilaba rəhbərlik etməsi İran xalqının həyata keçirdiyi inqilabın mahiyyətinin dinə söykəndiyini sübut edir. O, əlavə etdi: “İnqilabın düşmənləri də İran inqilabının dini mahiyyətli olmasının effektini dərk edərək bütün səylərini bu səadət bəxş edən mahiyyətə zərbə vurmaq istiqamətinə yönəldiblər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dünyadakı hegemon dövlətlərin iki başlıca hədəfi “dinə” və “xalqın sədaqətinə” zərbə vurmaqdır. O dedi: “Din faktoru olmasaydı, ola bilsin, inqilabın bəzi rəsmiləri müəyyən imtiyazlar müqabilində düşmənə qarşı yumşaqlıq göstərərdilər. Lakin İslam dini zalımın qarşısında təslim olmağa icazə vermir, əvəzində isə ədalət, azadlıq, mənəviyyat və tərəqqi vəd edir. Məhz buna görə də İslam dövlətinin rəsmiləri bu günə qədər imperializmdən çəkinməyiblər, bundan sonra da dinin bərəkəti sayəsində, İslamın və inqilabın düşmənlərinə qarşı mübarizəni davam etdirəcəklər”.

Beynəlxalq istibdad blokunun İslamın gerçəkliklərini zəiflətmək və inkar etmək məqsədilə cürbəcür hiyləgər planlar qurduğunu qeyd edən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Salman Rüşdi məsələsi, Qərbin çəkdiyi bəzi antidin məzmunlu filmlər, alçaldıcı karikaturalar və Quranın yandırılması İslam düşmənlərinin uğursuz cəhdləridir. Bununla yanaşı ölkə daxilində də onların yolunu gedənlər özbaşınalığı, məsuliyyətsizliyi, yanlış ideologiyaları təbliğ etmək və s. bu tip işlər görməklə camaatın, xüsusən də gənclərin dini əqidəsini zəiflətmək məqsədi güdürlər”.

Həzrət Ayətullah Xamenei bu barədə onu da qeyd etdi ki, əzəmətli İmam Xomeyni (r.ə) İran xalqına öz gücünə arxalanmaq və daha da güclənmək, uzaqgörənliyini və ilahi vədlərə inamını günü-gündən artırmaq dərsini öyrədib. O dedi: “İmam bizə bunu öyrətdi ki, əgər həqiqi mömin kimi mübariz və tədbirli olsanız, Tanrı qələbəni sizə mütləq nəsib edəcək”.

“Xalqın İslam dövlətinə qarşı sədaqətini sarsıtmaq düşmənin məkrli planlarının ikinci hədəfidir” – deyən Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Din faktorundan başqa, xalqın güclü dəstəyi və fəallığı da İslam dövləti rəsmilərinin mətinliyinin dayağıdır. Düşmən də xalqın sədaqətini məhz bu səbəbdən hədəfə alıb”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, cürbəcür şayiələr yaymaqla camaatı pessimist ruhda kökləmək, insanlarda dövlət rəsmilərinə, xüsusilə də üçlü hakimiyyət qüvvələrinin başçılarına qarşı ümidsizlik yaratmaq, nöqsanları şişirtmək, nailiyyətləri və görülən işləri görməməzliyə vurmaq İslam dövlətinin əleyhdarlarının xalqın etimad və sədaqətinə zərbə vurmaq məqsədilə işlətdiyi digər metodlardır.

Həzrət Ayətullah Xamenei bunu da vurğuladı: “Düşmənin son 32 il ərzində dinə zərbə vurmaq, xalqın sədaqətini sarsıtmaq məqsədilə çəkdiyi bütün xərclər və məkrli planlar qəti uğursuzluğa düçar olduğu kimi, bundan sonra da xalqımızın və dövlətimizin düşmənləri analoji tədbir və proqramlarla heç bir nəticə əldə edə bilməyəcəklər”.

Xalqın ötən ilin Aşura günü törədilən fitnəyə dərhal və uzaqgörənliklə reaksiya verməsinin məkrli planlar quran düşmənlərin daimi uğursuzluğuna nümunə olduğunu deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Bu reallıq onu göstərir ki, xalqın dini hissləri, intellekti və sədaqəti günü-gündən daha da dərinləşir”.

Həzrət Ayətullah Xamenei ötən il ölkədə baş tutan prezident seçkilərində 40 milyon insanın iştirakını “xalqın İslam dövlətinə qarşı sədaqət və etimadını nümayiş etdirən milli referendum” adlandıraraq əlavə etdi: “Qəzəblənmiş düşmən iğtişaş törətməklə bu milli fəallığın effektini yox etməyə çalışsa da, xalqımız fitnə və iğtişaş qarşısında da mübarizlik nümayiş etdirməklə düşmənin arzusunu bir daha ürəyində qoydu”.

Həzrət Ayətullah Xamenei dedi ki, xalqın 2009-cu ildə törədilən fitnə və iğtişaşlara qarşı nümayiş etdirdiyi ayıq-sayıqlıq və səbat ölkənin və bütövlükdə xalqın siyasi və ictimai viruslar əleyhinə “peyvəndlənməsinə” səbəb oldu. O vurğuladı: “Düşmənin gözlədiyinin əksinə olaraq, seçkinin ardınca törədilən iğtişaşlar İran xalqının uzaqgörənliyini daha da artırdı”.

Düşmənin cürbəcür taktikaları barədə danışan Ali Məqamlı Rəhbər “ruhanilərsiz İslam” ideyasını yaymaq səylərinə toxunaraq dedi: “Onlar insanların hərəkətə gəlməsində və xalqın oyanışında ruhanilərin heyrətamiz dərəcədə mühüm təsir gücünə malik olduğunu dərk ediblər. Məhz buna görə də “ruhanilərsiz İslam” ideyasını yaymaq niyyətindədirlər. Ayıq-sayıq olmaq, düşmənin bu strategiyasına qarşı mübarizə aparmaq lazımdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, dinin siyasətdən ayrı olduğunu, “siyasətdən kənar İslam” ideyasını təbliğ etmək imperializmin digər taktikasıdır. O, əlavə etdi: “Düşmənin İslam dövlətinə qarşı mübarizədə rəhbər tutduğu başlıca prinsiplər və ümumi plan bizə də müdafiə olunmaq üçün müəyyən plan cızmaqda kömək edə bilər. Belə ki onların hücum hədəfi olan hər bir məsələni biz diqqət mərkəzində saxlamalı və daim vurğulamalıyıq”.

İrana qarşı sanksiyaların gücləndirilməsinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Xalqımız və ölkəmiz İslam İnqilabının ilk illərindən etibarən sanksiyalara məruz qalıb və buna qarşı mübarizə yollarına yaxşı bələddir. Odur ki xalqa təzyiqləri gücləndirməklə onu İslam hökumətindən uzaqlaşdırmaq məqsədi ilə planlaşdırılmış sonuncu sanksiyalar da – rəsmilərimizin və xalqımızın dediyi, habelə əməldə də sübut olunduğu kimi – insanlarımızın həyatına diqqətəlayiq bir təsir göstərə bilmədi”.

Ali Məqamlı Rəhbər sanksiyalarla bağlı bunları da vurğuladı ki, 80-ci illərin çətinlik və çatışmazlıqlarına sinə gərmiş bir xalq bu gün böyük tərəqqi və nailiyyətlərinə arxalanaraq gələcəyinə daha çox ümid və inamla baxır, buna görə də məkrli planlar cızan düşmənlərinə qarşı möhkəm durub.

Çıxışının son qismində Həzrət Ayətullah Xamenei xalqın və rəsmilərin davranışında zəruri olan məqamlar kimi, bir neçə mühüm məsələni vurğuladı. “Milli söz birliyi” Ali Məqamlı Rəhbərin mövzu ilə bağlı qeyd etdiyi ilk məsələ oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Nüfuzlu şəxslər və sadə xalqın nümayəndələri milli birlik məsələsinə tam ciddiyyətlə yanaşmalıdırlar. Əlbəttə ki, “birlik” haqqında yalnız danışmaq kifayət deyil. Çünki milli birliyin öz meyarları var və onlara sadiq olmaq lazımdır”.

Xalqın və nüfuzlu şəxslərin üçlü hakimiyyət qüvvələri, xüsusilə də prezidentlə günü-gündən daha çox həmrəyliyə nail olması Ali Məqamlı Rəhbərin vurğuladığı ikinci məsələ oldu.

Həzrət Ayətullah Xameneinin elmi-teoloji mərkəzlərə və ruhanilərə təkidlə tövsiyə etdiyi daha bir mühüm məsələ gənclərdə dinə imanın gücləndirilməsi – onların ideoloji ehtiyaclarının təmin edilməsi, şübhə və suallarının günün tələblərinə uyğun şəkildə cavablandırılması oldu.

Ali Məqamlı Rəhbərin çıxışı əsnasında qeyd etdiyi digər mühüm məqamlar ruhanilərin, ziyalıların və intellektli insanların “ruhaniliyi cəmiyyətə düzgün və layiqli şəkildə” təqdim etməyə, gənclərin isə özlərində uzaqgörənlik və düşməni tanımaq kimi keyfiyyətləri artırmağa çalışması, ölkənin elm sahəsindəki müsbət irəliləyişinin daha da sürətləndirilməsinin, xalqın narazılığına səbəb olan faktorların və problemlərin aradan qaldırılması istiqamətində səy göstərilməsinin vacibliyi oldu.

Xalqın problemlərinin aradan qaldırılması haqda danışan Ali Məqamlı Rəhbər məişət problemlərinə, işsizliyə, inzibati sistemdəki problemlərə – hökumət idarələrinə, xüsusilə də yüksək vəzifələrə kadrların təyin olunması probleminə, hökumət qurumları arasında qarşılıqlı əlaqə və koordinasiyanın vacibliyinə toxunaraq əlavə etdi: “Xalqla birbaşa əlaqədə olan bələdiyyə və polis kimi hökumət orqanları gördükləri işlər sayəsində insanların problemlərini həll edə, yaxud əksinə, narazılığın yaranmasına səbəb ola bilərlər. Ona görə də onlar özlərinin fəaliyyətinə hərtərəfli diqqət yetirməlidirlər”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei beynəlxalq arenada Qum şəhərinə xüsusi diqqət və həssaslıqla yanaşıldığını qeyd edərək dedi: “Qumda İslam dünyasının ən böyük və əzəmətli elmi-teoloji təhsil kompleksinin, mənəviyyat qütbü sayıla biləcək möhtərəm ziyarətgahların yerləşməsi bu şəhərin milli və beynəlxalq miqyaslı sərvətidir”.

Qum şəhərinin problem və çatışmazlıqlarına toxunan Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabından sonra, o cümlədən son illərdə problemlərin həlli istiqamətində bir çox işlər görülüb, lakin Qum əhalisinin içməli su problemi kimi problemlər hələ tamamilə aradan qaldırılmayıb. Şəhər əhalisinin eyni zamanda əkinçilik və sənətkarlıq sahələrində də problemləri var ki, onların həlli tempi daha artıq səy və ciddiyyət sayəsində nəzərəçarpacaq dərəcədə sürətlənməlidir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /