Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Təcavüzkarların İraqı yenidən işğal altına salması artıq mümkün deyil!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İraqın Baş Naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İraqı “İran İslam Respublikasına qardaş ölkə” adlandırdı. O, İraqda yeni hökumət kabinetinin təşkilinin artıq bir neçə aydır ki, təxirə düşməsinə toxunaraq vurğuladı: “Hökumət kabinetinin mümkün qədər tez formalaşdırılması və tam təhlükəsizliyin bərqərar edilməsi İraqın ehtiyac duyduğu mühüm məsələlərdən biridir. Çünki İraqda asayişin bərpası, quruculuq işlərinin aparılması və İraq xalqının öz layiqli yerini tutması yalnız bu iki məsələnin gerçəkləşməsi sayəsində mümkün ola bilər”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İraqın bütün rəsmiləri, siyasətçiləri və  ölkənin müqəddəratına biganə yanaşmayan insanlar öz səylərini hökumət kabinetinin mümkün qədər tez təşkil olunması məsələsi ətrafında birləşdirməlidirlər”.

İraqda təhlükəsizliklə bağlı vəziyyətin əvvəlkinə nisbətən daha yaxşı olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nisbi sabitliyə baxmayaraq, İraqda vəziyyət hələ də təhlükəlidir və bunda qismən bəzi dövlətlərin də rolu var ki, onların siyasi mənafeyi qeyri-sabit vəziyyətin yaradılmasından ibarətdir”.

Həzrət Ayətullah Xamenei İraqı “varlı və qədim tarixi keçmişə malik olan bir ölkə” adlandıraraq vurğuladı: “Belə bir tarixi keçmişə malik olan İraq xalqı hazırda düçar olduğu problemlərə layiq deyil”.

İraq xalqının ağrı-acılarının İran İslam Respublikasında narahatlıq, qələbə və müvəffəqiyyətlərinin isə sevinc və məmnunluq doğurduğunu deyən Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “İraq xalqı ayıq-sayıq bir xalqdır və təcavüzkarların bu ölkəni yenidən işğal altına salması artıq mümkün deyil!”

Sonda Ali Məqamlı Rəhbər ümidvar olduğunu bildirdi ki, Uca Yaradan ABŞ-ın şər buludlarını İraqın üzərindən mümkün qədər tez çəkəcək və İraq xalqının problemləri aradan qalxacaq.

I Vitse-prezident cənab Rəhiminin də iştirak etdiyi bu görüşdə İraqın Baş Naziri cənab Nuri Maliki müxtəlif etaplarda və çətin vəziyyətlərdə İraq xalqına dəstək olduğuna görə İran İslan Respublikasına öz təşəkkür və minnətdarlığını bildirərək vurğuladı: “İran İslam Respublikası İraqın həmkarlıq əlaqələri qurduğu ölkələrin siyahısında ən başda gəlir və İranla əlaqələr İraq üçün strateji əhəmiyyətə malikdir”.

İran-İraq münasibətlərinin əvvəlkindən də artıq genişləndirilməli olduğunu qeyd edən Baş Nazir dedi: “Bu gün biz bütün səylərimizi İraqda artıq 24 il ərzində durğunluğa düçar edilmiş infrastrukturların və servis mərkəzlərinin bərpasına start vermək üçün mümkün qədər tez bir zamanda İraq dövlət kabinetini təşkil etməyə yönəltmişik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /