Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Zalım imperialistlər üçün insanların “Ədalət!” və “Azadlıq!” fəryadları dözülməzdir


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə baş tutan bugünkü görüşündə cümə namazının fərdi, ictimai, siyasi, dini və beynəlxalq baxımdan olduqca mühüm və təsiredici rola malik olduğunu qeyd edərək bunları vurğuladı: “İmamcümələrin öhdəsinə düşən ən mühüm vəzifə cümə namazlarının bu mühüm roluna əvvəlkindən də artıq diqqət yetirmək, cəmiyyətin hazırkı reallıqlarından xəbərdar olmaq, düşmənin hazırladığı planlardan bixəbər qalmamaq, gənclərlə yaxın və səmimi münasibət qurmaq, onların təşəbbüskarlıq həvəsindən, güc və bacarığından istifadə etməkdir”.

Cümə namazının böyük və əhəmiyyətli rolu barədə danışan Ali Məqamlı Rəhbər bu ibadətin özünəməxsus xüsusiyyətlərini, o cümlədən hər həftə təkrarlanmasını qeyd edərək əlavə etdi: “Cümə namazı yol nişanlarına bənzəyir. O, hər cümə günü insanların gözü önündə canlanır və onlara düzgün hərəkət istiqamətini göstərir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki,  cümə namazının qılınması ilə bağlı şəri hökmlər, namazın iki rükətinin xütbələrlə əvəz olunması, imamcümənin xütbələri söyləmə qaydası və xütbələrin məzmunu cümə namazına olduqca böyük rol və əhəmiyyət qazandıran özünəməxsus cəhətlərdir. O dedi: “Belə bir mühüm rola malik olan cümə namazında, sözsüz ki, imamcümənin hərəkətləri, sözləri, eyhamları və hətta sükutu stimulverici ola bilər. Buna görə də imamcümələrin ən mühüm vəzifələrindən biri cümə namazının bu yüksək statusunu qoruyub saxlamaq, öz hərəkətlərinə, sözlərinə və davranışlarına daha artıq diqqət yetirməkdir”.  

Ali Məqamlı Rəhbər qeyd etdi ki, cümə namazının digər bir özəlliyi “zikri-kəsir”, yəni insanın dildə Allahı bolluca zikr edərək bütün varlığı və mənəviyyatı ilə diqqətini Yaradana yönəltməsidir. O, əlavə etdi: “Cümə namazının bərəkətli təsirləri təkcə imamcüməyə və namazda iştirak edən insanlara aid olmaqla məhdudlaşmır. Bu ilahi fəzilətlər həftə ərzində cəmiyyətdəki başqa insanlara da ötürülür. Cümə namazındakı “zikri-kəsir”in bərəkətli nəticəsi məhz budur”.

 “Zikri-kəsir”in – səmimi-qəlbdən diqqətini Allaha yönəldib Yaradanı xatırlamağın cəmiyyətə təsirindən danışan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bunun bərəkətli nəticələrindən biri imanın möhkəmlənməsi və düşməndən qorxmamaqdır. O vurğuladı: “Zikri-kəsir”in bərəkətindən yararlanan şəxslər üçün düşmənlərin hay-küyü və təhdidləri qorxulu və gözlənilməz bir şey deyil, çünki acgöz təbiətləri ucbatından daim ölkələrin maddi ehtiyat və potensialını inhisar altına salmaq, sovurub aparmaq niyyəti güdən zalım imperialistlər üçün insanların “Ədalət!”, “Azadlıq!” fəryadları, “məzlumu müdafiə etmək” ideyası, əlbəttə ki, dözülməzdir”. 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyadakı acgöz və imperialist qüvvələr səsləndirdikləri şüarların tam əksinə olaraq, hakimiyyət və sərvəti yalnız öz ətraflarında olan azsaylı bir qrup üçün arzu edirlər. Amerikada sadə camaatla hakim dairələrin həyat tərzini müqayisə etdikdə bu faktın bariz nümunəsini görmək mümkündür”.

Həzrət Ayətullah Xamenei amerikalıların yaşayış səviyyəsi ilə bağlı bəzi şokedici statistik məlumatlara toxunaraq dedi: “Əlbəttə, möhtərəm ölkə başçısı Birləşmiş Millətlər Təşkilatına işgüzar və əhəmiyyətli səfəri zamanı statistik məlumatlarda əksini tapmış bu reallıqların bir hissəsini açıqlamışdı. ABŞ-da küçələrdə gecələyən bir neçə milyon səfilin və yoxsulluq həddindən aşağı səviyyədə yaşayan on milyonlarla insanın varlığı Amerikanın acı həqiqətlərindən yalnız bir hissəsidir”.   

Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Bütün dünyaya ağalıq etmək niyyəti güdən bu həris və acgöz təfəkkür tərzinə qarşı böyük bir xalq, bütün varlığı ilə mübarizə aparır. O, zorakılığa boyun əymir, zülmə məruz qalmış müsəlman xalqlarını, xüsusilə də Fələstin xalqını müdafiə etmək üçün açıq-aşkar və qətiyyətli mövqe bildirir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperialistlərin belə bir xalqa qarşı qəzəb nümayiş etdirməsi, onu hədələyərək canavar kimi üstünə dişlərini qıcıması gözlənilməz və qeyri-təbii bir hal deyil. Lakin bu təhdidlər qarşısında ya təslim olmaq, ya da imanını, Allah-Taalaya mənəvi bağlılığını möhkəmlətməklə acgöz hegemonlara qarşı mübarizə aparmaq lazımdır”.    

Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “Müqavimət və mübarizlik İslamın, Qurani-Kərimin təqdir etdiyi ideyalardır. Bu mübarizlik cümə namazındakı “zikri-kəsir”in özünəməxsus cəhətlərindən biridir. Cümə namazlarında insanlar yalnız dildə deyil, səmimi-qəlbdən Allaha diqqət yönəldə bilsələr və bu diqqət bütün mənəvi, ictimai, siyasi və beynəlxalq aspektləri özündə ehtiva edə bilsə, sözsüz ki, cəmiyyət mətin və mübariz olar”.  

Günün aktual problemlərindən, cəmiyyətdəki reallıqlardan xəbərdar olmağı, ayıq-sayıqlığını daim qoruyub saxlamağı “imamcümələrin öhdəsinə düşən digər vəzifələr” adlandıran Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Ötən 30 il ərzində bəzi şəxslərin doğru yoldan sapınmasına və səhvlərə yol verməsinə məhz günün reallıqlarından məlumatsız olmaları səbəb olmuşdur”. 

Ali Məqamlı Rəhbər düşmənin qurduğu məkrli planlara diqqət yetirməyi də imamcümələrin vəzifələrindən bir hesab etdiyini bildirərək əlavə etdi: “Son illərdə bəzi qələm sahibləri “düşməni tanımaq” məsələsini cəmiyyətin, insanların diqqətindən yayındırmaq üçün əllərindən gəldiyi qədər səy göstəriblər. Hətta bəzən xalqı çaşdırmağa çalışaraq belə bir fikir də səsləndiriblər ki, guya hökumət ölkədəki bəzi problemlərin məsuliyyətini boynundan atmaq üçün daim “xarici düşmən” məsələsini ortaya atır”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Bu fikir tamamilə yanlışdır, çünki ötən 30 il ərzində ayrı-ayrı məsul şəxslərin yol verdiyi səhlənkarlığın, etinasızlığın və diqqətsizliyin ölkədə bəzi problemlərin ortaya çıxmasına səbəb olduğunu heç kəs inkar edə bilməz. Lakin bu, heç də o demək deyil ki, düşmənə əhəmiyyətsiz yanaşmaq, onun bu məsələdəki rolunu nəzərdən qaçırmaq olar”.

“Düşmənin məkrli planlarından daim gözdə-qulaqda olmaq lazımdır!” – deyən Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Nəyə görə bəziləri keçmişdə olduğu kimi, hal-hazırda da ölkədə baş verən müxtəlif hadisələrdə düşmənin məkrli və xəbis əlinin fəal iştirakını görməməzliyə vurmaqda israr edirlər?”

Ali Məqamlı Rəhbər dedi: “Düşmənin provokasiyalarına qarşı daim ayıq-sayıq olmaq, buna qarşı mübarizə metodlarını bilmək lazımdır”.

Daha sonra “Müasir dövrdə düşmən diqqəti daha çox hansı istiqamətə yönəldir?” sualı ətrafında danışan Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Ölkə ictimaiyyətinin əksəriyyətini təşkil edən gənclər düşmənin başlıca hədəfidirlər, çünki ölkənin hərəkətverici qüvvəsi məhz onlardır”.

Düşmənin bu dəyərli potensiala zərbə vurmaq üçün İslam İnqilabının qələbə çaldığı ilk gündən bəri planlar qurduğunu xatırladan Ali Məqamlı Rəhbər dedi: “Gəncləri düşmənin təhlükəli zərbələrindən qorumaq lazımdır. Bunun yollarından biri isə imamcümələrin gənclərlə ardıcıl şəkildə ünsiyyət qurması, onları düzgün istiqamətə yönəltməsidir”. 

Həzrət Ayətullah Xamenei bunları da əlavə etdi: “Gənclərlə səmimi dost olmaq, onların sözünü eşitmək, müxtəlif meydanlarda yaxından və fəal iştirak etmələrinə şərait yaratmaq lazımdır”. 

Gənc nəslin əhəmiyyətli rolunu vurğulayan Həzrət Ayətullah Xamenei imamcümələrə gənclərin dini, ictimai və siyasi məsələlərlə bağlı şübhə və suallarını aradan qaldırmağı tövsiyə etdi.

Görüş əsnasında İmamcümələrin İdarəetmə və Siyasi Strategiya Şurasının sədri Höccətül-İslam vəl-muslimin Təqəvi İmamcümələrin XXI Konfransında qarşıya qoyulmuş başlıca məqsədlərdən danışdı, ölkənin 643 şəhərində cümə namazlarının qılındığını qeyd edərək dedi: “Ötən il ərzində xalqın məlumatlılığını və uzaqgörənliyini artırmaq, cəmiyyətdə sakitlik və asayişi bərqərar etmək, imamcümələrin gənclərin təlim-tərbiyəsində iştirakını və onlarla daha sıx əlaqəsini təmin etmək məqsədilə müxtəlif fəaliyyət proqramları həyata keçirilib”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.   


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /