Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənlərin əsl hədəfi İran yox, İslam dini və Qurandır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Quruculuq Cihadı hərəkatının minlərlə gənc və mücahid üzvü ilə görüşdə qeyd etdi ki, “Allaha eşq və iman”, habelə “uzaqgörənlik, əzm və təşəbbüskarlıq” İran xalqının həyata keçirdiyi böyük ümumxalq hərəkatının başlıca amilləri, Quruculuq Cihadı hərəkatının isə ruhu və mahiyyətidir. Ali Məqamlı Rəhbər həmçinin bunları da vurğuladı: “Belə bir qiymətli sərmayəyə sahib olan toplum, heç şübhəsiz, nüfuz və əzəmətin ən uca zirvələrini fəth edəcək. Sözsüz ki, əziz İran xalqımızın alın yazısı da məhz belə bir iftixar dolu məqama malik olmaqdır”.

Bu gün səhər baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei bildirdi ki, Quruculuq Cihadı hərəkatının üzvü olan gənclərin gənclik enerjisi, optimist ruhu, ümid və imanı İslam Respublikasına, habelə İslam İnqilabının tarixinə nüfuz və ehtiram qazandırmışdır. O, ölkənin dörd bir yanında yaşayan yüz minlərlə gənc və fəal qurucu mücahidə üzünü tutaraq dedi: “Əzizlərim! Sizin belə bir cavanlıq keçirməyiniz, olduqca dəyərli gənclik çağınızı İslama, inqilaba və xalqa xidmət yolunda sərf etməyiniz hər bir müdrik insanı sizə qibtə etməyə, eyni zamanda sizi təqdir etməyə vadar edir”.

Ali Məqamlı Rəhbər Qərb ölkələrindəki gənclərin ruh düşkünlüyünə, pessimizmə və şübhələrə qapıldığını, məqsədsiz həyat sürdüyünü qeyd edərək dedi: “Bizim imanlı, dəyərli, fəal və məsuliyyətli gənclərimiz xalqa xidmət etmək kimi böyük bir neməti, bu gücü Tanrıdan hədiyyə olaraq qəbul etmişlər və onlar özlərində olan həvəs və enerjiyə, düzgün mövqe seçmək bacarığına dəyər verməlidirlər. Həmçinin dövlət rəsmiləri və məsul şəxslər də bitib-tükənmək bilməyən bu xəzinənin, bu əzəmətli hərəkatın qədrini bilməlidirlər”. 

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, vaxtilə tələbə və məktəblilər arasında ehtiyaclı insanlara yardım və xidmət etmək ənənəsinin yaranması, bunun öz-özünə formalaşmış bir hərəkat kimi gənclər arasında geniş yayılması İmam Xomeyninin (r.ə) Quruculuq Cihadının təşkili ilə bağlı fərman verməsi üçün başlanğıc rolunu oynamışdır. O dedi: “Camaat arasında on il öncə formalaşaraq davam etdirilən bu hərəkat 1980-ci ildə Quruculuq Cihadının təşkili ilə bağlı fərman verilməsi üçün təkan oldu və belə bir həqiqəti aşkara çıxardı ki, sadə camaat səviyyəsində görülən bu cür işlər ölkə rəsmilərinin fəaliyyətinə stimul verə bilər və məhz belə də olmalıdır”.       

Ali Məqamlı Rəhbər 4 başlıca faktoru – Allaha sevgi, iman, uzaqgörənlik və əzmkarlığı “Quruculuq Cihadı hərəkatının mahiyyəti” adlandıraraq əlavə etdi: “Bu hərəkətverici, eyni zamanda nüfuz və əzəmət bəxş edən faktorlar İslam İnqilabının və İmam Xomeyninin (r.ə) qədirbilən İran xalqına hədiyyəsidir. Xalqımızın son 30 il ərzində bu amilləri özündə yaşatması İslam İnqilabının pak fidanının möhkəmlənməsinə, qol-budaq ataraq növbənöv yeni və təravətli bəhrələr verməsinə səbəb olmuşdur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran gənclərinin İmam Xomeyniyə (r.ə) aşiqanə bağlılığı, möhkəm imanı, emosionallığı və son dərəcə uzaqgörənliyi onu göstərir ki, İslam İnqilabı ölkədə özünün tam güc və enerjisi ilə davam edir. O, bəzi insanların İslam İnqilabı ideyalarının köhnəldiyi, ömrünü başa vurduğu, İmam Xomeyninin (r.ə) unudulduğu barədə əsassız iddialarına toxunaraq əlavə etdi: “Elə əvvəllər də yeri gəldikcə İslam İnqilabı ilə düşmənçilik etmiş bu şəxslər, əslində, cılız maddi və şəxsi məqsədlərə  şirnikmiş, qüdrət və hakimiyyət həvəsinə düşmüşdülər və bu böyük bəla onları daxildən puç edərək axırlarına çıxdı. Məhz buna görə də onlar elə düşünürlər ki, İslam İnqilabının da axırı çatıb, lakin bu iddialar yalnız və yalnız boş, reallıqdan uzaq fantaziyalardır”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da qeyd etdi: “Xalqımız gələcəkdə də təkrar olunacağı istisna olunmayan, xırda-para xoşagəlməz hallara əhəmiyyət vermədən özünün günü-gündən çiçəklənən, optimist ruh dolu hərəkatına davam etmişdir və bundan sonra da davam edəcək!”              

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin dörd bir yanında milyonlarla insana maddi və mənəvi xidmət göstərilməsi Quruculuq Cihadı hərəkatının bərəkətli nəticələrindəndir. O, əlavə etdi: “Dindar və imanlı gənclərin ucqar kəndlərdə, yoxsul regionlardakı nümunəvi fəaliyyəti Quran ayələrinin, xalqın əməli surətdə İslam dininə, İslam  İnqilabına dəvət olunmasının təcəssümüdür”.  

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Quruculuq Cihadında fəaliyyət göstərmək eyni zamanda gənclərin istedad və potensialının çiçəklənməsi, onların təcrübə toplaması, həyatın reallıqları ilə yaxından təmasda olması, cəmiyyətdəki təbəqələşmənin aradan qalxması, gənclərin psixologiyasında “insanlara sevə-sevə xidmət göstərmək” həvəsinin formalaşdırılması üçün də gözəl zəmin yaradır.  O, əlavə etdi: “Quruculuq Cihadında iştirak edən gənclər “əmək, çalışqanlıq, xidmət və əlindən gəldiyi qədər səy göstərmək” ideyalarını ölkənin müxtəlif regionlarında həyata keçirən səfirlərdir. Əldə edilmiş böyük nailiyyətlər isə sübut edir ki, möhtəşəm bir hərəkat olan Quruculuq Cihadı hərəkatını qoruyub saxlamaq və gücləndirmək lazımdır”. 

Ali Məqamlı Rəhbər yeni dərs ilinin başladığını qeyd edərək gəncləri yaxşı oxumağa, elmin zirvələrini fəth etmək üçün səy göstərib çalışmağa çağırdı. O, əlavə etdi: “Boş vaxtlarınızda xalqa xidmət etmək kimi gözəl bir hərəkata qoşulmağınız bu hərəkatı daha da təkmilləşdirəcək”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei böyük və əzəmətli İran xalqının tarixin təhlükəli bir döngəsindən keçməkdə olduğunu qeyd edərək dedi :”Ötən 30 il ərzində biz bu taleyüklü etapın bir çox təhlükəli anlarını arxada qoymuşuq, lakin buna baxmayaq, bu həssas tarixi etapı hələ tamamilə başa vurmamışıq. Xalqımız və dövlət rəsmilərimiz bütün diqqətlərini toplayaraq, ağıl və tədbirlə, bir yumruqda birləşərək irəliyə doğru hərəkəti davam etdirirlər”.

İran xalqını “İslam ümmətinin nicat və xoşbəxtliyinin bayraqdarı” adlandıran Ali Məqamlı Rəhbər 30 il ərzində dünyadakı hegemon və istibdadçıların İran xalqına qarşı bir cəbhədə birləşdiyini qeyd edərək dedi: “Düşmənlər qəsdən özlərini elə göstərirlər ki, guya onların hədəfi İrandır. Əslində isə onlar İslam dinini və Qurani-Kərimi hədəfə alıblar, çünki İran xalqının tərəqqisinə, mübarizəsinə və vüqarına stimul verən hərəkətverici qüvvənin Allahın açıq-aşkar dini olan İslam dini, mənəviyyat və Quran olduğunu anlayıblar”.      

Həzrət Ayətullah Xamenei İran xalqının əzminin, uzaqgörənliyinin və bacarığının inqilabın ilk illəri ilə müqayisədə dəfələrlə artdığını deyərək vurğuladı: “İran xalqı İslam ümmətinin dünya imperialistlərinə qarşı mübarizəsinin avanqardı olaraq, heç bir tərəddüd və geriləməyə yol vermədən öz hərəkatının gücünü və sürətini artırmışdır və eynilə inqilabın ilk illərindəki təkan və qüvvə ilə irəli getməkdədir”.

Ali Məqamlı Rəhbər gənclərin elm və texnologiyanın nüvə enerjisi, kök hüceyrələr, nano texnologiyaları kimi müxtəlif sahələrində fəal və həlledici iştirakını xatırladaraq əlavə etdi: “İslam İnqilabının qələbəsini, İmam Xomeynini və Müqəddəs Müdafiə savaşını gözü ilə görməmiş gənclər hal-hazırda bütün sahələrdə digər yaş qruplarına aid insanlarla çiyin-çiyinə ön sıralarda dururlar. Onlar quruculuq meydanında fəaliyyət göstərməkdən əlavə, 9 Dey, 22 Bəhmən və 2009-cu ilin prezident seçkiləri kimi tarixi qəhrəmanlıqlara imza atmaqla ölkənin siyasi arenasını da uzaqgörənlik, əzm, ruh yüksəkliyi və enerjinin təcəssüm etdiyi meydana çeviriblər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu reallıq düşmənin öz məqsədinə çatmadığını, ölkədə inqilabi əhval-ruhiyyəni zəiflətmək, İmam Xomeyni (r.ə) xatirəsinin yaddaşlardan silmək cəhdlərinin boşa çıxdığını göstərir. O, əlavə etdi: “İslam İnqilabının başlanğıcında İran xalqının həyata keçirdiyi inqilabın 3 gün, 1 həftə, maksimum 2 ay ərzində məhvə uğrayacağından danışan şəxslər indi daha bu cür hərzə sözləri ağızlarına almırlar və bu, onların zəif, İran xalqının isə güclü olduğunu göstərir”.

Şəhrivər ayının 31-də – İranın zorla sürükləndiyi İran-İraq müharibəsinin başlamasının ildönümü günündə Könüllü Quruculuq hərəkatının üzvü olan minlərlə gəncin qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei müharibənin davam etdiyi 8 il ərzində dünyanın hegemon dövlətlərinin Səddam Hüseynə silah, maliyyə vəsaiti, siyasət və təbliğat cəhətdən hərtərəfli dəstək olduqlarını xatırladaraq əlavə etdi: “Dünya hegemonlarının İranın İmam Xomeynisinə (r.ə), inqilabına və xalqına qarşı mübarizə aparmaq üçün “irəli ötürdükləri” Səddam zillət və rəzalət içərisində öldü, İslam İnqilabı və İmam Xomeyninin (r.ə) xalqı isə hər zaman olduğundan daha güclü, daha sağlamdır və bu, təkrarlanması mümkün olan bir təcrübədir”.     

“İran xalqının hazırkı və gələcək düşmənlərini də Səddam Hüseynin aqibəti gözləyir!” – deyən Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Heç şübhəsiz, İran xalqının düşmənlərinin uğursuzluğa düçar olması sayəsində bu xalqın hərəkatı günü-gündən daha da canlanacaq və sürətlənəcək və o, tərəqqi və iftixarın ən uca zirvələrini fəth edəcək”.

Görüşün əvvəlində Yoxsulların Səfərbərlik Təşkilatının komandanı gənclərin “Cihad orduları” layihəsində olduqca fəal iştirak etdiklərini qeyd edərək dedi: “Geridə qoyduğumuz 10 il ərzində yoxsul regionlarda, kəndlərdə yaşayan milyonlarla insan tikinti və quruculuq, səhiyyə, ümumi rifah səviyyəsinin yüksəldilməsi və təhsil sahəsində Quruculuq Cihadı hərəkatının xətti ilə fəaliyyət göstərən dəstələrin xidmətindən bilavasitə yararlanmışlar. Ümumxalq səviyyədə bu formada həyata keçirilən quruculuq işi nümunəvi inkişaf modellərinin işlənib hazırlanması üçün yeni bir nəzəriyyə kimi irəli sürülə bilər”.    

Komandir Nəqdi IX və X kabinetlərin hakimiyyətdə olduğu dövr ərzində Quruculuq Cihadı ordularının əldə etdiyi sıçrayışlı nailiyyətlərə, prezidentin və vilayət başçılarının qurucu dəstələrin fəaliyyətini daim dəstəklədiyinə toxunaraq dedi: “Səfərbərlik hərəkatına qoşulmuş könüllülərin təmənnasız əməyi və dövlətin daha da artıq dəstəyi sayəsində V inkişaf proqramı ərzində quruculuq sahəsində qarşıya qoyduğumuz bir çox məqsədlərə, o cümlədən savadsızlığın və bəzi xəstəliklərin kökünün kəsilməsinə nail olmaq, meşə təsərrüfatı və meliorasiya sahələrində diqqətəlayiq işlər görmək, ümumilikdə bir çox quruculuq və inkişaf layihələrini həyata keçirmək olar”.

Görüş əsnasında həmçinin Quruculuq Cihadı ordularının fəallarından olan cənab Əhmədi də ordu sıralarında böyük həvəs və saf niyyətlə xidmət edən gənclərə həsr etdiyi şeri oxuyaraq dedi: “İmanlı gənclərin əzmkarlığı sayəsində cihad və quruculuq bayrağı bu ölkənin hər bir guşəsində şərəflə göylərə ucalacaq”. 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /