Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövləti zəif və asanlıqla zərbə qəbul edən olsaydı, ona qarşı bu qədər planlar qurmağa ehtiyac olmazdı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin Sədri və məclis nümayəndələri ilə baş tutan görüşündə İslam Respublikasının beynəlxalq arenada və daxildəki vəziyyətini hərtərəfli və dəqiq təhlil etdi. O bildirdi ki, İslam dini və İslam İnqilabı cəbhəsinin günü-gündən möhkəmlənərək güclənməsi, imperializm cəbhəsinin isə əvvəlkindən də çox zəifləyərək dağınıqlığa və çaşqınlığa uğraması ölkədə İslam dövlətinin bərqərar edilməsindən sonrakı iftixar dolu 30 il ərzində müşahidə olunan mühüm və diqqətəlayiq faktlardan biridir. Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Dini və akademik sferaya aid olan görkəmli insanların, habelə cəmiyyətdə özünəməxsus təsir qüvvəsinə malik şəxslərin ən mühüm vəzifəsi insanlarda optimizm əhval-ruhiyyəsini gücləndirmək, onları dövlət rəsmilərinə qarşı pessimist ruhda kökləməkdən çəkinmək, ayıq-sayıq olub düşmənin hazırladığı məkrli planlardan bixəbər qalmamaq, prinsipial və ikinci dərəcəli məsələlər arasında fərq qoymaq, yüksək milli özünəinam əhval-ruhiyyəsinə, əldə edilmiş heyranedici nailiyyətlərə, ölkədəki əmək və işgüzarlıq atmosferinə etinasız yanaşmamaq, milli və islami birliyin möhkəmlənməsi yolunda şüarçılıqdan uzaq, əməli işlər görməkdir”.

İslam İnqilabının Rəhbəri çıxışına İslam dövləti cəbhəsinin beynəlxalq arenadakı vəziyyətini və imperializm cəbhəsinin davranışlarını təhlil etməklə başladı. O, əlavə etdi: “Bu gün imperializm cəbhəsinin davranışlarının ən bariz xüsusiyyəti onlarda  “hiperaktivlik” sindromunun müşahidə olunmasıdır. Bu sindromun simptomları isə həddən artıq, lakin mərkəzləşdirilməmiş, məqsədsiz dinamiklik və fəaliyyətdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam Respublikası əleyhinə bir neçə qətnamənin qəbulu, sanksiyaların tətbiq edilməsi, haqsız ittihamlarla beynəlxalq arenada İrana qarşı mənfi münasibətin formalaşdırılması, daxildəki müxalifəti fəal vəziyyətdə saxlamaq üçün göstərilən səylər, mümkün olan bütün informativ, siyasi, mədəni və iqtisadi vasitələrdən istifadə olunması imperialist blokunun İslam Respublikası əleyhinə həddən artıq dinamik fəaliyyətinin göstəriciləridir. O dedi: “Öz növbəsində təşviş və narahatlıqla da müşahidə olunan bu dinamiklik 30 ildən sonra İslam cəbhəsinin qüdrətli, təcrübəli, günü-gündən daha da məlumatlı olduğunu göstərir. Çünki bu cəbhə zəif və asanlıqla zərbə qəbul edən olsaydı, ona qarşı bu qədər planlar qurmağa ehtiyac olmazdı”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hazırda Qərb sivilizasiyasının beynəlxalq arenada, hətta öz müstəmləkəsi altında olan ölkələrdəki mövqeyi zəifləmiş və sarsılmışdır. O, əlavə etdi: “Günü-gündən artmaqda olan bu zəifləmə islami oyanışın nəticəsidir və bu, ona səbəb olub ki, özlüyündə heç bir nəticə verməsə belə, regionda müttəfiq olan bəzi Qərb ölkələri İslam dalğasının təzyiqindən və düşdükləri çıxılmaz vəziyyətdən xilas olmaq üçün yanaşma tərzlərində bəzi dəyişikliklər etmək barədə düşünsünlər. Odur ki imperialist blokunun sarsılmış və səbatsız bir mövqe tutduğunu demək olar”.

İslam İnqilabının Rəhbəri həmçinin bunları da qeyd etdi: “İrana qarşı qətnamənin qəbul edilməsi, İslam dövləti əleyhinə mövqe seçilməsi, 2009-cu il seçkilərindən sonra baş vermiş, düşmən əlinin açıq-aşkar müşahidə olunduğu iğtişaşlar, Qurani-Kərimin rüsvayçı formada təhqir edilməsi imperialist blokunun zəiflik və son  dərəcə çıxılmaz vəziyyətdə olmaq ucbatından əl atdığı tədbirlərdir. İmperializmin başbilənləri İslam dövləti cəbhəsinin güc və qüdrətini açıq-aşkar  etiraf edirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düzdür, bütün bu addımlar İslam dövləti cəbhəsinin daha da möhkəmlənməsinə səbəb olur, lakin bu, bizi qəflətə, müştəbehliyə və arxayınçılığa sövq etməməlidir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, qəflətə düçar olmamağın yeganə yolu insanın özünü daim islah və tərbiyə etməsidir. O dedi: “Cəmiyyətin və insanların islah olunması üçün ilk növbədə hər bir insan öz mənəviyyatını düzəltməlidir. Görkəmli şəxsiyyətlər və cəmiyyətə təsir gücünə malik olan insanlar özləri ilə Allah arasında düzgün rabitə yaratmalıdırlar, xalqın və gənclərin onların təsiri altında islah olunması üçün isə olduqca geniş və münasib zəmin mövcuddur. Çünki xalq müxtəlif etaplarda öhdəsinə düşən vəzifəyə daim əməl edib və bu gün də etməkdədir”.

Ölkə daxilindəki ümumi əhval-ruhiyyənin gücləndirilməsini də “dövlət rəsmiləri və ruhanilərin öhdəsinə düşən mühüm vəzifələrdən biri” adlandıran Həzrət Ayətullah Xamenei “cəmiyyətdə birlik” mövzusunun dəfələrlə vurğulandığını qeyd edərək dedi: “Birlik” təkcə bu mövzu ətrafında söhbət etmək deyil. Bu birlik cəmiyyətdə əməli surətdə reallaşdırılmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Birliyin mənası budur ki, müştərək ideya və dəyərlər gücləndirilsin və xalqın gözündə qabardılsın. Şəxsi inciklik və narazılıqlar insanın bütün davranışlarına hakim kəsilməməli, prinsipial, ortaq əhəmiyyətli problemlərin həlli əvəzinə, ikinci dərəcəli, ölkənin ümumi mənafeyinə zidd olan məsələlər önə çəkilməməlidir”.

Ali Məqamlı Rəhbər bunu da qeyd etdi ki, bu məsələdə düşmənin İslam dövləti cəbhəsi ilə mübarizə aparmaq üçün hazırladığı məkrli planları və mübarizə metodlarını zamanında və düzgün qiymətləndirə bilmək də olduqca mühümdür. O dedi: “Düşmən bütün planlarını iki əsas mehvər üzərində qurur: xalqla hakim rejim arasında uçurum yaratmaq və xalqın, xüsusən də gənclərin dini etiqadını zəiflətmək”.

Həzrət Ayətullah Xamenei xalqı “İslam dövlətinin başlıca dayağı” adlandıraraq əlavə etdi: “Məhz buna görə də düşmən xalqımızda dövlət rəsmilərimizə qarşı etimadsızlıq yaratmaq istəyir və rəsmilərimizin atdığı hər bir müsbət və xeyirli addımı öz təbliğatında yanlış və ölkənin mənafeyinə zidd olan addım kimi qələmə verməyə çalışır”.

Ali Məqamlı Rəhbər ötən 30 il ərzində xalqın dövlət rəsmilərinə qarşı etimadını qırmaq məqsədilə düşmənin qurduğu cürbəcür planları və İmam Xomeyninin (r.ə) bu planlara qarşı mübarizə metodunu xatırladaraq qeyd etdi: “İmam Xomeyni (r.ə) rəhbərlik postunda olduğu 10 il müddətində o dövrün bəzi dövlət adamlarına qarşı müəyyən etirazları olmasına baxmayaraq, daim onları müdafiə edərək qoruyurdu. Əlbəttə, İmamın bu cür mövqe seçməsi həmin dövlət rəsmilərinin atdığı bütün addımları xırdalıqlarına qədər dəstəklədiyi demək deyildi, lakin İmam Xomeyni (r.ə) xalqın dövlət adamlarına olan etimadına zərbə dəyməməsi məsələsinə olduqca böyük əhəmiyyət verirdi”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Ötən 20 il ərzində də Ali Məqamlı Rəhbərlik İmam Xomeyninin (r.ə) kursuna uyğun olaraq, hakimiyyətə gəlmiş dövlət administrasiyalarını dəstəkləyib və bundan sonra da bunu edəcək”.

Həzrət Ayətullah Xamenei əldə edilmiş tərəqqi və nailiyyətləri “dövlət rəsmilərinin saf niyyət və imanla, yorulmaq bilmədən göstərdiyi səylərin nəticəsi” adlandıraraq əlavə etdi: “Kənar-bucaqda müşahidə olunan hər hansı bir mənfi hal ucbatından dövləti və digər hakimiyyət qüvvələrini xalqın gözündən salmaq lazım deyil. Bəzi şəxslər haqsız yerə cürbəcür sözlər danışırlar, bu isə düşmənin tam ürəyincə olan bir işdir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Diqqətli olmalıyıq ki, düşmənin səsinə səs verməyək, dəyirmanına su tökməyək, onun səsinin ölkə daxilindəki əks-sədası olmayaq”.

Xalqı dini etiqadından, şəriətin qanun və hüdudlarından uzaqlaşdırmaq üçün göstərilən səylərdən danışan Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “Bu cür planlar, xalqı dini-əxlaqi aşınmaya məruz qoymaq cəhdləri  qarşısında tədbirli davranmaq lazımdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, dini etiqadla bağlı məsələlərə diqqət göstərmək bütün məsul şəxslərin, o cümlədən dövlətin vəzifəsidir. O vurğuladı: “Əlbəttə, bu sahədə başqalarına nisbətən, ruhanilərin, elmi-teoloji mərkəzlərin, dini və akademik sferaya aid olan görkəmli şəxslərin öhdəsinə daha çox məsuliyyət düşür”. 

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqın dini etiqadını gücləndirmək, düşmənin təşkilatlı surətdə gördüyü tədbirlərə qarşı mübarizə aparmaq üçün əməli və funksional işlərin görülməsi elmi-teoloji və akademik sferanın üzdə olan, görkəmli insanlarının öhdəsinə düşür. Bu gün müxtəlif mədəniyyət sahələrinin funksional-ideoloji  istiqamətləndirmə işini öhdəsinə götürəcək, akademik və dini sferaların nümayəndələrinin təmsil olunduğu vahid və sanballı bir qurumun yoxluğundan yaranan boşluq açıq-aşkar müşahidə olunur”.

Ali Məqamlı Rəhbər mədəniyyət və incəsənət sahəsi ilə bağlı qurumların “bir qəlib, çərçivə” olduğunu deyərək əlavə etdi: “Bu qəliblərin “forması” elmi-teoloji mərkəzlərdə və universitetlərdə təşkil olunan müxtəlif ideoloji komitələrdə hazırlanmalıdır ki, dini məzmunlu, qürurverici incəsənət əsərlərinin ərsəyə gəlməsi üçün zəmin yaransın. Çünki əks halda, qəlbilər düzgün və münasib formaya malik olmayacaq. Mədəniyyət və incəsənət sahəsinə aid olan qurumların ortaya qoyduğu məhsullarda müşahidə olunan bəzi nöqsanlar da məhz bundan irəli gəlir”.

Həzrət Ayətullah Xamenei çıxışının ikinci hissəsində İran İslam Respublikasındakı daxili vəziyyəti təhlil etdi, xalqın milli-mənəvi dəyərlərin, İslamın və inqilabın başlıca prinsiplərinin arxasında möhkəm durduğunu qeyd edərək dedi: “Ötən 30 il ərzində dövlətimizin islami və inqilabi mahiyyətinə qarşı mübarizə aparmaq üçün bir çox destruktiv addımlar atılıb, hücumlar edilib. Bütün bunların məqsədi xalqı çaşdırmaq, onu İslam İnqilabının əsas prinsiplərinə qarşı inamsızlığa düçar etmək olub. Buna baxmayaraq, Allahın lütfü sayəsində, bu səylər nəticəsiz qalıb”.

Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Bütün bu səylərə baxmayaraq, xalqımız və daim xalqın əzəmətli toplumu ilə çiyin-çiyinə olmuş imanlı dövlət rəsmilərimiz möhkəm durdular və İslam İnqilabı irəli getdi”. 

Ali Məqamlı Rəhbər ötən il ölkədə baş tutmuş prezident seçkilərini xalqın İslam İnqilabının dəyər və prinsiplərinin arxasında möhkəm durmasına nümunə hesab etdiyini deyərək əlavə etdi: “Bu seçkilərdə insanlar qeyri-dini, qeyri-islami çalarların hiss olunduğu şüarlara və söhbətlərə meyl göstərmədilər; İslamdan, ictimai ədalətdən, şıq və dəbdəbəli həyata önəm verməməkdən danışan şüar və proqramlara səs verdilər”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Xalqın, insanların biz dövlət rəsmilərinə ehtiram və bağlılıq nümayiş etdirməsinin səbəbi onların İslam dininə qarşı olan bağlılığıdır. Bircə anlıq belə olsun dinin və İslam İnqilabının kursundan uzaqlaşsaq, xalq, sözsüz ki, bizə qarşı nifrət və etirazını bildirər”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün də İslam İnqilabının şüarları, İmam Xomeyninin (r.ə) ideyaları və dedikləri aktualdır. Belə ki hətta daha əvvəllər İmama müxalif olmuş, açıq-aşkar surətdə İslam İnqilabının “dəfnindən” danışan insanlar bu gün xalqın diqqətini özlərinə cəlb etmək üçün İmamın dediklərini təkrar edir, İslam İnqilabı haqda danışırlar”.
 

Ali Məqamlı Rəhbər 2009-cu ildə baş vermiş iğtişaşları “xalqın İslam dininin, inqilabın dəyər və prinsipləri arxasında möhkəm durmasına nümunə” adlandıraraq əlavə etdi: “İğtişaşçıların iç üzü açıldıqdan sonra hətta seçilmiş namizədə səs verməmiş insanlar da dəyər və prinsiplərin arxasında durdular. 9 Dey və 22 Bəhmən günlərində insanların küçələrə axışdığını gördük və iğtişaşçıların azlığı təşkil edən bir qrup olduğu müəyyənləşdi”.

Həzrət Ayətullah Xamenei çıxışının bu qismini yekunlaşdırarkən bunları dedi: “Bu gün ölkəmizdə məqbul sayılan, bəyənilən yeganə yol və metod İmam Xomeyninin (r.ə) yolu, İmam Xomeyninin (r.ə) tərzi, dini və inqilabi dəyərlərdir və bu, böyük bir nailiyyətdir”.
 

Ölkə daxilindəki vəziyyəti təhlil edən Həzrət Ayətullah Xamenei elm, texnologiya və sənaye sahələrində əldə edilmiş heyranedici tərəqqi və nailiyyətlərə toxunaraq əlavə etdi: “Bu nailiyyətlərin arxasında duran reallıq düşmənlərin öz KİV-də təqdim etdiyindən daha iftixarlı və qürurvericidir, çünki bu tərəqqi ölkənin gənc alimlərində milli özünəinam əhval-ruhiyyəsinin oyanmasının nəticəsidir”.

Ramazan ayı boyunca müxtəlif təbəqələrin nümayəndələri – universitet müəllimləri, tələbələr, sahibkarlar və dövlət rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşləri bir daha xatırladan Ali Məqamlı Rəhbər bildirdi ki, bu görüşlərin ən mühüm xüsusiyyəti onlarda milli özünəinam hissinin açıq-aydın müşahidə edilməsi olub. O dedi: “Özünəinam əhval-ruhiyyəsi böyük bir nailiyyətdir, onu qoruyub saxlamaq və gücləndirmək lazımdır”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) də xalqın və gənclərin qəlbində məhz bu özünəinam əhval-ruhiyyəsini oyatmağa çalışdığını vurğulayaraq əlavə etdi: “Bunlar olduqca ürəkaçan və insana qürur verən məsələlərdir. Daim mənfi nüanslardan, zəif məqamlardan danışan insanlar bu faktları da görməlidirlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Başlıca məsələ ölkənin hərəkətverici qüvvəsi məsələsidir. Allahın lütfü sayəsində, ölkəmiz ümidlə, düzgün istiqamət və hədəf seçərək irəliyə doğru hərəkət edir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün ölkəmiz əmək, çalışqanlıq və quruculuq meydanıdır. Bir sıra əhəmiyyətli işlər görülüb və bu, olduqca dəyərlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Ötən 30 il ərzində düşmənin bizə göstərdiyi təzyiqlər və yaşadığımız sərt şərait xalqımızın və dövlət rəsmilərimizin daha da mübariz olması ilə nəticələndi. Sözsüz ki, təzyiqlərin yeni mərhələsi də xalqımızın daha da mətinləşməsindən savayı heç bir nəticə verməyəcək”.

Ali Məqamlı Rəhbər bütün bu təzyiqlərin hökmən dəf olunacağını deyərək vurğuladı: “Allah Onun dininə yardım edənlərə dəstək və yardımçı olacağını vəd edir. Bu ilahi vəddən əlavə, İslam İnqilabının müxtəlif etaplarında qazanılmış təcrübə də onu göstərir ki, xalqın müqaviməti sayəsində bu təzyiqlər dəf olunacaq”.

Həzrət Ayətullah Xamenei hal-hazırda müharibənin əzm və iradələr arasında getdiyini vurğulayaraq qeyd etdi: “İslam dövlətini məğlub etmək mümkün olsaydı, bu, ölkəmizin daha az bacarıq və təcrübəyə malik olduğu ilk onillikdə baş verərdi. Hal-hazırda isə İslam İnqilabının və ölkənin qüdrət və təcrübəsi inqilabın ilk illərində olduğundan dəfələrlə çoxdur”. 

Həzrət Ayətullah Xamenei hal-hazırda xalqın ümumi əhval-ruhiyyəsinin də inqilabın ilk onilliyinə nisbətən daha yüksək olduğunu deyərək əlavə etdi: “Hazırkı gənc nəslin imanı, əzmi və təşəbbüskarlığı inqilabın ilk nəslindən çox deyilsə, az da deyil”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, inqilabın qələbəsinin və İslam dövlətinin ötən 30 il ərzində əldə etdiyi müvəffəqiyyətlərin başlıca amili xalqın ictimai-siyasi meydanlarda fəal iştirakıdır. O vurğuladı: “Xalqın meydanlarda fəal iştirakının səbəbi isə insanlarımızın qəlbindəki ümid və optimizm hissləri olmuşdur. Ona görə də xalqda bu ümid hissini yaşatmaq, insanları pessimizmə və etimadsızlığa sövq edəcək istənilən söz və davranışlardan çəkinmək lazımdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, daxili problemlərin həllində mühüm olan məqamlardan biri də prinsipial və ikinci dərəcəli məsələləri ayırd etməkdir. O dedi: “Başlıca və prinsipial məsələləri düzgün qiymətləndirmək, ikinci dərəcəli məsələləri ön plana keçirməmək lazımdır. Əlbəttə, bu heç də o demək deyil ki, ikinci dərəcəli məsələlər diqqətdən kənarda qalmalıdır, lakin bu məsələlər prinsipial mövzuların yerini tutmamalı, müxalifət, yaxud həmrəylik etmək üçün meyara çevrilməməlidir”. 

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yeganə meyar haqq yoluna, İslama, inqilabın təməl prinsiplərinə, İmam Xomeyni (r.ə) amallarına və imperializmə qarşı mübarizə ideyasına səmimi-qəlbdən bağlı olmaqdır”.

Çıxışının digər qismində mədəniyyət məsələsinin iqtisadi və siyasi məsələlərdən daha əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bir xalqın ağıl, səbir, dini etiqad, inanc və mənəviyyatla yaşamaq ideyalarından ibarət olan mədəniyyəti düzgün bir mədəniyyətdirsə, sözsüz ki, o, cəmiyyətin rəftar və davranışında təzahür edəcək”.

Mədəniyyətlə bağlı məsələlərin meyarlarını açıqlayan Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “Məsuliyyətlilik, fədakarlıq, əmək vicdanı, intizamlılıq, sosial həmrəylik, sosial anlaşma, israfdan çəkinmək, maddi nemətlərin məqsədyönlü istehlakı, qənaətcillik psixologiyası, daxili istehsalın gücləndirilməsinə səy göstərmək, düzlük, İmam Xomeyni (r.ə) ideyalarının və inqilabi dəyərlərin aktuallığını daim qoruyub saxlamaq, müsəlman həmrəyliyi psixologiyasını gücləndirmək, abır-həya, hicab və sadə yaşayış tərzinə üstünlük vermək mədəniyyətlə bağlı məsələlər üçün mühüm olan meyarlardır və onların təbliğində KİV-in payına mühüm bir rol düşür”. 

Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Əlbəttə, mədəniyyət sahəsini ideya və məzmun cəhətdən istiqamətləndirmək ruhanilərin, elmi-teoloji mərkəzlərin öhdəsinə düşən bir vəzifədir”.

Görüşün əvvəlində Xubriqan Məclisinin Sədri Ayətullah Haşimi Rəfsəncani Xubriqan Məclisinin iki gün davam etmiş iclasına və orada müzakirə edilmiş məsələlərə toxunaraq qeyd etdi ki, iclas olduqca müsbət şəraitdə baş tutmuş və uğurlu olmuşdur.

Görüş əsnasında Xubriqan Məclisinin I sədrinin müavini Ayətullah Yəzdi də iclasda müzakirə edilmiş mövzular barədə ətraflı məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /