Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam düşmənlərinə qarşı mübarizənin yeganə yolu müsəlman ümmətinin vahid cəbhəsini formalaşdırmaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndəsi olan bir qrup insanla görüşdə qeyd etdi ki, mübarək Ramazan bayramının müsəlmanlara aşıladığı ən böyük dəyər İslam dünyasının vəhdətidir. O vurğuladı: “Müsəlman xalqları günü-gündən biri-birinə daha da yaxınlaşmalı, birlik və həmrəyliyə əvvəlkindən də çox cəhd göstərməlidirlər. Çünki İslam düşmənlərinə qarşı mübarizənin yeganə yolu müsəlman ümmətinin vahid cəbhəsini formalaşdırmaqdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, müsəlmanların möhtəşəm görünüşlü, sıx və möhkəm cərgələrdə bayram namazına düzlənməsi onların Allah qarşısında itaətinin, öz aralarındakı səmimi-qəlbdən doğan, mənəvi bağlılığın təzahürüdür. O, əlavə etdi: “Müsəlmanlar İslam dünyası ilə bağlı bütün problemlərə münasibətdə belə vahid cərgədə, vahid cəbhədə birləşməlidirlər ki, ideya və imkanların eyni istiqamətə yönəldilməsi sayəsində, müsəlman ümmətinin İslam düşmənlərinin böyük cəbhəsi qarşısında kifayət qədər qüdrətli olduğu məlum olsun”.

Ali Məqamlı Rəhbər İslam dünyasının əleyhinə çıxan cəbhənin bu düşmənçiliyi bütün müsəlmanlara qarşı yönəltdiyini vurğulayaraq qeyd etdi: “Onların bəzi müsəlmanlara dost və havadar, bəzilərinə isə düşmən olduğunu güman etmək yanlışdır. Çünki onlar İslamın əsasında duran “zorakılığa qarşı mübarizə” prinsipinin əleyhinədirlər”.

İslam ümmətinin oyanışının günü-gündən daha da artdığını qeyd edən, müsəlmanların Fələstin məsələsinə münasibətdə müdriklik və uzaqgörənlik nümayiş etdirməsini “bu oyanışa bir nümunə” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün böyük İran xalqı müsəlman xalqları üçün örnəkdir. Xalqımız mükəmməl bir uzaqgörənliklə diqqətini dünyada gedən proseslərə və İslam dünyasının problemlərinə yönəldib”.

Ali Məqamlı Rəhbər İran xalqının Ümumdünya Qüds Günü yürüşündə möhtəşəm iştirakını “bu xalqın İslam dünyasının problemlərinə xüsusi diqqətlə yanaşmasının əlaməti” adlandıraraq vurğuladı: “Bu, dahi İmam Xomeyninin (r.ə) xalqımıza göstərdiyi yoldur. Təhdidlər, düşmənçiliklər və qərəzli davranışlar İran xalqını bu yoldan döndərə bilməyəcək”.

Görüşün əvvəlində mübarək Ramazan bayramı münasibətilə hamını təbrik edən ölkə başçısı Mahmud Əhmədi Nejad iman və ilahi təqvanın Ramazan ayının başlıca faydası olduğunu qeyd edərək vurğuladı: “İran xalqı özünün iman və təqva ehtiyatı sayəsində hegemonlara qarşı mübarizə, ədalət və mənəvi saflıq yolunda israrla irəliləyəcək”.

Ölkə başçısı həmçinin cahil bir amerikalı keşişin səmavi kitabların ən müqəddəsi olan Qurani-Kərimi yandırmaq qərarını “sionistlərin və bütün peyğəmbərlərin təlimlərinin əleyhinə olanların məkrli planı” adlandıraraq dedi: “Sionistlər və onların himayədarları süqut və məhvə doğru getməkdədirlər. Bu cür mənasız hərəkətlər nəinki onları xilas etməyəcək, əksinə, süqut və məhvlərini daha da tezləşdirəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /