Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Bir qrup məhkumun əfvinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin xahişinə əsasən, mübarək Ramazan bayramının gəlişi münasibətilə, ümumi və inqilabi məhkəmələrdə, İqtisad Məhkəməsi və  Hərbi Tribunalda mühakimə edilmiş bir qrup məhkumun əfvinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi.

Ayətullah Amoli Laricaninin xahiş məktubunun və  Ali Məqamlı Rəhbərliyin məktuba verdiyi cavabın tam mətni:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei,

Sizə öz salamımı, salamatlıq diləklərimi və sonsuz ehtiramımı yetirirəm!

Mübarək Ramazan bayramı ərəfəsində İran İslam Respublikası Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndi rəhbər tutulmaqla, habelə Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Məsələləri üzrə Komissiyasının 06.08.2010-cu il tarixli 8/ə/11186/89 saylı təklifi nəzərə alınmaqla amnistiyanın inzibati şərtləri möhtərəm cənabınıza təqdim olunur. Təqdimatımız Ali Məqamlı Rəhbərlik tərəfindən təsdiq olunarsa, ümumi və inqilabi məhkəmələrdə, İqtisad Məhkəməsi və Hərbi Tribunalda mühakimə edilmiş məhkumlar aşağıda qeyd edilən şərtlər daxilində, əfv olunmaq və ya cəzaları yüngülləşdirilməklə islami mərhəmətdən faydalanacaqlar.     

a) Cəzaçəkmə müəssisələrində yatan və əvvəllər aktiv bir cinayət ucbatından mühakimə edilməmiş məhkumlar:   

1. 5 ilə qədər həbs cəzasına məhkum edilmiş məhkumların cəzasının 4/5 hissəsi;

2. 5 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilmiş məhkumların cəzasının 3/4 hissəsi;

3. 10 ildən 15 ilə qədər həbs cəzasına məhkum edilmiş məhkumların cəzasının 2/3 hissəsi;

4. Qəsdən törədilməmiş cinayətlərə görə məhkum edilmiş bütün məhkumların həbs cəzasının qalan hissəsi (İslami Cəzalar Məcəlləsinin 718 və 719-cu bəndlərində nəzərdə tutulan hallar istisna olunmaqla);

5. Qəyyumluq Qanununa əsasən, öhdəsində övladı olan qadın məhkumların cəza müddətinin qalan hissəsi;

6. Xəstəlik dərəcəsi Qanuni Tibbi Komissiyanın rəyinə əsasən müəyyənləşdirilmək şərti ilə, çətin müalicə olunan, yaxud sağalmaz keçici xəstəliyə tutulmuş məhkumların cəza müddətinin qalan hissəsi. Aydındır ki, ümumi və inqilabi məhkəmələrdə tətbiq edilən Cinayət Məcəlləsi haqda Qanunun 291-ci maddəsinin icrası məqsədilə məhkəmələrin həyata keçirdiyi tədbirlər bu amnistiyanın tətbiqi üçün maneə deyil;  

7. Yaşı 18-dən aşağı olan məhkumların cəzasının qalan hissəsi;

b) Nağd pul ödənişi ilə cəzalandırılmış, lakin həmin məbləği ödəmək iqtidarında olmadıqlarına görə həbsdə yatan məhkumlar:

1. 100 milyon rial məbləğinə qədər nağd pul ödəməklə cəzalandırılmış məhkumların cəzasının qalan hissəsi;

2. 100 milyon və 1 rialdan 500 milyon rial məbləğinə qədər nağd pul ödəməklə cəzalandırılmış məhkumların cəzasının 4/5;

3. Nağd pul ödənişi ilə cəzalandırılmış və yaşı 18-dən aşağı olan məhkumların cəzasının qalan hissəsi.

c) Amnistiyanın tətbiq edilməsi şərtləri:

1. Məhkumun bundan öncə 10 ildən artıq həbsə məhkum edilmiş məhkumlar barədə çıxarılmış amnistiya qərarından yararlanmış olmaması;

2. Məhkuma qarşı 19.03.2010-cu il tarixinə qədər xüsusi bir şikayətçinin, şikayətçinin razılığını əldə etmə, yaxud xüsusi iddiaçı və ya zərərçəkmişə (fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq) dəymiş ziyanı ödəmə tələbinin olmaması;

3. 10.09.2010-cu il tarixinə qədər cəzasının 1/4 hissəsini çəkmiş olması (a paraqrafının 1-3-cü bəndlərinin şamil olunduğu məhkumlara aiddir).

Qeyd: Həbs, yaxud nağd pul ödəmə ilə cəzalandırılmış məhkum daha öncə amnistiya qərarından yararlanmışdırsa, amnistiyanın tətbiqindən sonrakı məhkumluq müddətinin qalan hissəsi əsas götürüləcəkdir.

d) Hazırkı əfv qərarı aşağıdakı cinayətlər ucbatından mühakimə edilmiş məhkumlara şamil edilmir:

1. Oğurluğa görə məhkum edilmiş və həbs cəzasının müddəti 1 ildən artıq olan məhkumlar;

2. Narkotik və psixotrop maddələrlə bağlı cinayətlər ucbatından həbs edilmiş, cəza müddəti 5 ildən artıq olan məhkumlar;

3. Silah və döyüş sursatlarının qaçaqmalçılığı;  

4. Ölkədə asayiş və təhlükəsizliyi pozmaq məqsədilə daxildə və ya xaricdə yol verilmiş cinayətlər;

5. Adam oğurluğu;

6. Xüsusi amansızlıqla təcavüz;

7. Fəsad və əxlaqsızlıq ocağının təşkili və fəaliyyəti;

8. İsrafçılıq, mənimsəmə, rüşvətxorluq və dələduzluq;

9. Saxta əskinas və sikkələrin hazırlanması;

 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

 Sadiq Laricani
16 şəhrivər 1389
7 sentyabr 2010-cu il
 
Allahın adı ilə!

Salamlarımı, salamatlıq diləklərimi, mübarək günlər münasibətilə təbriklərimi yetirərək bildirirəm ki, qeyd olunmuş qaydada əfvin tətbiq edilməsi təklifi ilə razıyam.

Allahın salamı və rəhməti nəsibiniz olsun!  

Seyid Əli Xamenei
18 şəhrivər 1389-cu il
9 sentyabr 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /