Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Hər bir xarici məhsulun istehlakı bir iranlı fəhlənin işsiz qalması deməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra müxtəlif istehsalat, sənaye, mədən, aqrar təsərrüfat və səhiyyə sferalarında fəaliyyət göstərən yüzlərlə sahibkar və iş adamı ilə görüşündə sahibkarlığı “özünəməxsus ibadət, cəmiyyətdə dəyərlərin formalaşmasına təsir göstərən amil” adlandıraraq əlavə etdi: “Bu gün tərəqqi, quruculuq və iftixar səmasında sürətlə uçan qartal kimi zirvələrə ucalmaq üçün böyük İran ölkəsinin məşğulluğa və sahibkarlıq fəaliyyətinə hər zaman olduğundan daha çox ehtiyacı var”.

Ali Məqamlı Rəhbər məşğulluğun və sahibkarlıq fəaliyyətinin İslam dini baxımından böyük əhəmiyyət kəsb etməsinə toxundu, məşğulluğun maddi sərvətlərin istehsalından əlavə, zəngin insan resursları xəzinəsindən istifadə üçün də bir növ zəmin yaratdığını qeyd edərək dedi: “Bu gün İran böyük bir əmək, təşəbbüs və novatorluq emalatxanasına çevrilib, lakin bu reallıq ölkəmizin tərəqqi və vüqar marafonunda atılan sadəcə ilk addımdır”.

İslam İnqilabının Rəhbəri ölkənin başlıca olaraq, məşğulluğa və sahibkarlığa ehtiyac duyduğunu vurğulayaraq qeyd etdi: “İki əsas dəlil: ölkənin sıçrayışlı irəliləyişə hazır olması və düşmənlərin iqtisadi təzyiqləri sübut edir ki, İranın məşğulluğa və sahibkarlıq fəaliyyətinə bütün dövrlərdə olduğundan daha çox ehtiyacı var”.

“İran sıçrayışlı irəliləyişə hazırdır” fikrini  açıqlayan Həzrət Ayətullah Xamenei ölkədə müxtəlif infrastrukturların qurulduğunu, elm və texnologiya sahəsində diqqətəlayiq nailiyyətlərin əldə edildiyini, 30 illik idarəçilik təcrübəsi sayəsində sağlam və güclü administrasiyaların formalaşdığını qeyd edərək dedi: “Bu illər ərzində xalqımız özünün, xüsusilə də gənclərinin istedad və bacarığına bələd olub və hal-hazırda ölkəmiz üçün uğur və sıçrayış mərhələsi gəlib çatıb. Təbii ki, bu mərhələdə məşğulluğun və sahibkarlıq fəaliyyətinin ikiqat əhəmiyyəti var”.    

İmperialist blokunun İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiya və təzyiqlərə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu təzyiqlərə qarşı mübarizə apara bilmək üçün ölkəmizdə “həqiqi müqavimət qabiliyyəti olan bir iqtisadiyyat” formalaşdırmalıyıq. Sahibkarlığın əsl mahiyyəti də elə budur”.

İmperialistlərin İrana təzyiq göstərməkdə son məqsədinin İslam İnqilabından əvvəlki despotik rejimi hakimiyyətə qaytarmaq olduğunu deyən Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “İran xalqının düşmənləri çalışırlar ki, iqtisadi təzyiqlərlə xalqı təngə gətirsinlər, nəticədə camaat bu təzyiqlərin dövlətin yürütdüyü siyasətin nəticəsi olduğunu düşünsün və hökumətlə xalq arasındakı bağlar qırılsın. Lakin onlar ötən 30 il ərzində olduğu kimi, hələ də bu xalqı yaxşı tanıya bilməmişlər və öz gümanlarında tamamilə yanılırlar”.

İslam İnqilabının Rəhbəri bunları da vurğuladı: “Heç şübhəsiz, xalqımız və dövlət rəsmilərimiz budəfəki təzyiqlərin də öhdəsindən gələcək və ötən 3 onillik ərzində olduğu kimi, yenə də sanksiyaları nəticəsiz qoyaraq gərgin əməyə, tərəqqi və yüksəlişə davam edəcək”.

Çıxışının bu qismini yekunlaşdıran Həzrət Ayətullah Xamenei qeyd etdi ki, işləmək, istehsal və sahibkarlıq üçün şərait yaratmaq vəzifəli şəxslərin, habelə ölkənin taleyinə biganə yanaşmayan hər bir insanın vəzifəsidir. O, əlavə etdi: “Əl-ələ verərək “İran” adlı bu möhtəşəm emalatxananı hər gün daha artıq çiçəkləndirin!” 

Ali Məqamlı Rəhbər həmçinin görüş əsnasında bəzi sahibkarların bildirdiyi şikayətlərə də toxundu. O, Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasətlərin dəqiq, hərtərəfli, ardıcıl və mükəmməl surətdə icrasının əksər problemləri həll edəcəyini bildirərək qeyd etdi ki, hökumət aşağıda qeyd olunan iki başlıca işi yerinə yetirməlidir:

1.    Maliyyə resurslarının bölgüsünün dəqiq və tədbirli surətdə tənzimlənməsi

2.    Ölkədə biznes və sahibkarlıq üçün münasib şərait yaradılması

Həzrət Ayətullah Xamenei sahibkarların əksər giley və iradlarının maliyyə resurslarının tam və düzgün formada idarə edilməməsindən qaynaqlandığını bildirərək əlavə etdi: “Maliyyə resurslarını ölkə üçün daha artıq maliyyə və qeyri-maliyyə dəyəri kəsb edən istiqamətlərə yönəltməliyik ki, ölkədə istehsalın və məşğulluğun səviyyəsi artsın, biznes və sahibkarlıq üçün daha gözəl şərait yaransın”.

Ali Məqamlı Rəhbər sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaratmağın yolları sırasında qanunvericilikdə bəzi islahatların həyata keçirilməsini, administrativ əngəllərin aradan qaldırılmasını, kreditlərin düzgün formada təqdim edilməsini sadalayaraq əlavə etdi: “Sahibkarlığın çiçəklənməsi ən ümdə iqtisadi məsələlərdən biridir və onun reallaşması üçün dövlətin daha çox səy və təşəbbüs göstərməsinə ehtiyac var”.  

İslam İnqilabının Rəhbəri maliyyə resurslarının düzgün idarə  olunması və sahibkarlıq fəaliyyəti üçün münasib şəraitin yaradılması işində dövlətin üzərinə düşən vəzifələri qeyd etməklə yanaşı, ölkə daxilində istehsal olunan məhsulların keyfiyyətinin və bu məhsullara olan tələbatın artması üçün sahibkarları da ardıcıl və hərtərəfli səy göstərməyə çağıraraq əlavə etdi: “İnsanlarımız bilirlər ki, hər bir xarici məhsulun istehlakı bir iranlı fəhlənin işsiz qalması deməkdir. Lakin sahibkarlar və iş adamları da bilməlidirlər ki, təkcə şüarlarla camaatı daxili məhsulların istehlakına təşviq etmək olmaz. Bunun üçün həmin məhsulların keyfiyyətini yüksəltmək lazımdır”.

Lüzumsuz və məntiqsiz idxalı bir daha “böyük bir ziyan və təhlükə” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Aidiyyətli qurumlarda çalışan rəsmilər ölkənin gerçək ehtiyaclarını və məqsədlərini nəzərə alaraq idxal prosesini tənzimləməlidirlər”. 

Ali Məqamlı Rəhbər sənaye texnikumlarına, elmi-tətbiqi universitetlərə, habelə peşə məktəblərinə diqqət yetirilməsini, bununla da texnologiya sahəsi üçün bacarıqlı mütəxəssislərin yetişdirilməsini də vacib hesab etdiyini qeyd edərək dedi: “Ölkəmiz elmə ehtiyac duyduğu qədər, bacarıqlı və professional əllərə də ehtiyac duyur”.  
 

Həzrət Ayətullah Xamenei sahibkarlara daxili məhsul istehsalında təşəbbüskarlıq və yenilikçilik əhval-ruhiyyəsini qoruyub saxlamağı tövsiyə edərək dedi: “Məhsulların istehsalında istehlakçının estetik zövqünü oxşamaq məsələsinə lazımi diqqət yetirin”.

Ali Məqamlı Rəhbər çıxışının sonunda bunları əlavə etdi: “Olduqca istedadlı olan İran xalqı ucsuz-bucaqsız tərəqqi və iftixar səmasında qanad açıb göylərə ucalacaq və inşallah, bu ölkə bir gün dünya elmində liderə, müsəlmanların vüqar simvoluna, Yer üzündəki insanların cürbəcür məhsullara olan ehtiyacının təminatı mənbəyinə çevriləcək”.    

Görüşün əvvəlində aşağıda adları qeyd olunan cənablar çıxış etdilər:

-    Doktor Etemadiyan – Şəhid Haşimi Nejad adına xəstəxananın direktoru;

-    Doktor Məhəmməd Qənnadi – Atom Enerjisi Təşkilatının sədr müavini, Nüvə Elmləri və Texnologiyaları üzrə Elmi-tədqiqat Mərkəzinin direktoru;

-    Əlaəddin Mirməhəmməd Sadiqi – İran Ticarət, Sənaye və Mədən Palatasının vitse-prezidenti, Mədən Palatasının prezidenti; 

-    Rza Taziki – “Xorasan zəfəranı” Şirkətinin təmsilçisi;

-    Doktor Hadi Qənimifər – Sənaye və Mədən Palatalarının idarə heyətinin sədri;

-    Mustafa Vəidi – Vilayət üzrə qabaqcıl biznesmen, polimer məhsullarının istehsalı sahəsində fəal iş adamı;

-    Hüsaməddin Mədəni – “Anji-Pars” Şirkətinin icraçı direktoru;

-    Doktor Bəharvənd – “Royan” Embrioloji Tədqiqatlar Mərkəzinin üzvü;

-    Süheyla Əbülhəsəni – qabaqcıl iş adamı; 

-    Doktor Hüseyn Əttar –  “Şəfa” Sənaye Şirkətinin menecer-texnoloqu;

Çıxış edənlər aşağıdakı məqamları vurğuladılar:

–    Xərclərin azaldılması və xəstəxanaların səhiyyə-müalicə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün münasib zəmin yaratmaq məqsədilə idarəçilik və səmərəlilik metodlarının yaxşılaşdırılması;

–    Bütün nazirlik və qurumların “20 illik perspektiv plan” proqramına və Konstitusiyanın 44-cü maddəsinin icrasına lazımi diqqət yetirməsinin vacibliyi;

–    Özəl sektorun sanksiya və təhdidlərə qarşı mübarizəyə, habelə bu reallığı inkişaf və öz gücünə arxalanma üçün münasib bir fürsətə çevirməyə hazır olması;

–    Subsidiyaların istiqamətləndirilməsi prosesində sənaye sektoruna xüsusi diqqət yetirilməsi;

–    Yeni iş yerlərinin açılmasında kiçik müəssisələrin rolunu dövlət proqramlarında nəzərdə tutulan səviyyədə artırmaq məqsədilə sənaye qrupları modelinin gücləndirilməsi;

–    İstehsal, marketinq və ixracat yönümlü müəssisələr zəncirinin təşkili;

–    Ssudaların ödənilməsindən yayınma hallarının qarşısının alınması üçün prosesə ciddi nəzarət olunmaqla lazımi bank kreditlərinin istehsalçılara yönəldilməsi;

–    Ölkənin ümumi sənaye inkişafı planının işlənib hazırlanması;

–    Kiçik Sənayenin İnkişafı Bankının təsis edilməsi təklifi;

–    Dövlətin özəl sektorun problemlərinin həlli istiqamətində gördüyü işlərə görə minnətdarlıq;

–    Məşğulluğa rəvac verən fəal müəssisələrin təşviq edilməsi məqsədilə vergi və ixracat güzəştlərinin tətbiqi;

–    Ölkə iqtisadiyyatı ilə bağlı qərarların qəbulunda iqtisadi müəssisələrin təmsilçilərinin iştirakı;

–    Milli KİV-də sahibkarlıq və biznes mədəniyyətinin təbliğinə diqqət yetirilməsi;  

–    “20 illik perspektiv plan”ın əmək, işgüzar fəaliyyət və tərəqqi sferasında ümumi bir mədəniyyətə çevrilməsi üçün səy göstərilməsi;   

–    İran məhsullarına bənzər məhsulların idxalının qarşısının alınması və digər idxal məhsulları üçün nəzərdə tutulan gömrük tariflərinə yenidən baxılması;

–    İstehsalçıların daxili məhsulun keyfiyyətinin yüksəldilməsi və qiymətinin azaldılmasına səy göstərməsi;

–    Özəl müəssisələrin dövlətə olan borclarını ödəməsi istiqamətində müvafiq tədbirlər görülməsinin vacibliyi; 

–    Ölkənin səhiyyə sahəsində əldə etdiyi diqqətəlayiq nailiyyətləri nəzərə almaqla elmi sahibkarlığın genişləndirilməsi məqsədilə vahid qərargahın yaradılması;

–    Orqanik hüceyrələrlə müalicə üzrə ixtisaslaşmış yüksək ixtisaslı xəstəxanaların yaradılması təklifi;                 

–    Böyük sənaye müəssisələrinin yaxınlığında fəhlələr və işçi kadrlar üçün yataqxanaların tikilməsi; 

–    Əczaçılıq sənayesinin daha çox himayə edilməsi;

Görüş əsnasında həmçinin Əmək və Sosial Məsələlər Naziri cənab Şeyxül-İslam da çıxış edərək nazirliyin biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılması, sərmayədarların investisiya qoyuluşuna cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışdı. O dedi: “Görülən işlər sırasında əmək mədəniyyətinin təkmilləşdirilməsinə ciddi diqqət yetirilməsini, Əmək Qanununda dəyişikliklər edilməsi məqsədilə müvafiq proqramların işlənib hazırlanmasını, Milli Professionallar Təşkilatının təsis edilməsi və müvafiq nizamnamənin təsdiqi yolunda göstərilən səyləri, kooperasiya sahəsinə diqqət yetirilməsini, regional imkanların öyrənilməsi və regional bazarların səhmlərinin əldə edilməsini qeyd etmək olar”.

O həmçinin Əmək və Sosial Məsələlər Nazirliyinin gördüyü işlər sırasında biznesmen və sahibkarlara investisiya sahəsində xidmət göstərilməsi üçün vahid mərkəzin yaradılmasını da qeyd edərək dedi: “Vacib və zəruri olan tədbirlərdən biri kimi  istehsalat zəncirinin təkmilləşdirilməsini və ixrac yönümlü istehsala diqqət yetirilməsini də qeyd etmək yerinə düşər”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra iştirakçılar Ali Məqamlı Rəhbərlə birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /