Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nüfuzlu, müstəqil, qüdrətli və varlı olmaq istəyən xalq ali təhsil ocaqlarını gücləndirməlidir

Universitet ölkənin inkişafı üçün hərəkətverici bir qüvvədir. Nüfuzlu, müstəqil, qüdrətli və varlı olmaq istəyən xalq ali təhsil ocaqlarını gücləndirməlidir.   

Bu gün günortadan sonra ölkənin ali təhsil ocaqlarında çalışan yüzlərlə müəllimlə görüşdə Ali Məqamlı Rəhbərin çıxışının mehvərində məhz bu ideyalar dururdu.

3 saatlıq bu görüşün əvvəlində 14 nəfər müəllim 2 saatdan artıq çıxış edərək müxtəlif elmi, mədəni, sosial, iqtisadi və siyasi məsələlərlə bağlı rəy və görüşlərini bildirdilər.

Görüş əsnasında aşağıda adları qeyd olunan xanımlar və bəylər çıxış etdilər:

Doktor Məhəmməd Rza Şəms Ərdəkani – Tehran Tibb Elmləri Universitetinin Ənənəvi tibb fakültəsinin dekanı;

Doktor Həsən Sübhani – Tehran Universitetinin iqtisadiyyat müəllimi;

Doktor Qasim Əmu Abidini – Tehran Universitetinin Texnologiya fakültəsinin biotexnologiya üzrə elmi şurasının üzvü;

Doktor Həmid Rza Ayətullahi – Əllamə Təbatəbayi adına Universitetin fəlsəfə müəllimi, humanitar elmlər üzrə elmi araşdırma mərkəzinin direktoru;

Doktor Hüseyn Purəhmədi – Şəhid Behişti adına Universitetin dosenti, ixtisası – beynəlxalq əlaqələr;

Doktor Fəhmiyə Fərəhməndpur – Tehran Universitetinin Elmi Şurasının üzvü, ixtisası – fəlsəfə, ilahiyyat və tarix;

Doktor Əlirza Zali – Şəhid Behişti adına Tibb Elmləri Universitetinin neyrocərrahiyyə müəllimi;

Doktor Əkbəriyan – Müdərris Pedaqoji Universitetinin Hikmət və fəlsəfə kafedrasının dosenti;

Doktor Məhəmmədmehdi Zahidi Vəfa – İmam Sadiq (ə) adına Universitetin İslam iqtisadı və islami biliklər fakültəsinin dekanı;  

Doktor Səccadi – İran Tibb Elmləri Universitetinin Elmi Şurasının üzvü;

Məhəmməd Həsən Ramoşt – riyaziyyat sahəsi üzrə elmlər doktoru;

Doktor Əli Əsğər Cəfəri – Xacə Nəsrəddin Tusi adına Universitetin Mexanika fakültəsinin dosenti;

Doktor Fəyyaz – Mədəniyyət və mədəni əlaqələr üzrə doktor, Tehran Universitetinin Etnoqrafiya və antropologiya kafedrasının üzvü;

Doktor Mahruzadə – Əzzəhra Universitetinin Pedaqogikanın fəlsəfəsi kafedrasının dosenti;

Çıxış edənlər aşağıdakı məsələlərin əhəmiyyətini vurğuladılar:

– İranı dünya elmində liderə çevirəcək dövlət proqramı kimi “Ölkənin vahid elmi planı”na hərtərəfli diqqət yetirilməsi;

– Neftə söykənən iqtisadiyyatdan uzaqlaşmaq üçün elmi biliklərə əsaslanan şirkətlərin sayının artması;  

– İqtisadi sanksiyalar nəticəsində ortaya çıxması ehtimal olunan istənilən problem və çatışmazlıqların aradan qaldırılmasında universitet müəllimləri və elmi işçilərin həmkarlıq etməyə hazır olması;         

– Elmi mərkəzlərin yeni novator və avanqard nəsli olaraq, fəlsəfi biliklərə əsaslanan universitetlərin təşkili;

– İran tarixindəki müxtəlif nəsillərin təcrübəsinin biri-birinə məntiqi formada ötürülməsini təmin etmək üçün ənənəvi tibbin yenidən dirçəldilməsi;

– Ölkənin həqiqi tərəqqi və yüksəlişinin bazisi kimi, “humanitar elmlərə” daha çox diqqət yetirilməsi;

– Humanitar elm sahələrində günün tələbinə uyğun dəyişikliklər etmək üçün bu elm sahələrinin və mövcud resursların yenidən nəzərdən keçirilməsi;

– Administrasiya işinin təşkilində və mühüm qərarların qəbulunda humanitar elmlər üzrə mütəxəssislərə önəm verilməsi;     

– Humanitar Elmlər Nazirliyinin, yaxud Elmlər Nazirliyi nəzdində müvafiq şöbənin yaradılması təklifi;

– Soyuq müharibə faktoruna qarşı rasional şəkildə mübarizə aparılması, bu təhlükəyə qarşı mübarizədə başlıca strategiya olaraq, İslam-İran resurslarına əsaslanan nəzəriyyələrin irəli sürülməsi;

– Ölkənin tələbə ictimaiyyətinə münasibətdə uzaqgörənlik və rasionallıq;

– Ölkənin parlaq elmi hərəkatının tələbə ictimaiyyətinə aşılanması və tələbələr arasında genişləndirilməsi üçün səy göstərilməsi;

– Dünya standartları ilə müqayisədə, ölkənin müxtəlif tibb və terapiya sahələri üzrə diqqətəlayiq inkişafı;

– Universitetlərdə yeni ideya və təfəkkür hərəkatının formalaşdırılmasının zəruriliyi;

– Düşüncə və ideya həvəskarları ilə bu sahənin mütəxəssisləri arasında disput və müzakirələr üçün şərait yaradılması;

– İslam iqtisadiyyatı sahəsində mütəxəssis qüvvəsinin yetişdirilməsi üçün daha çox səy göstərilməsi;

– Elm və texnologiya sahəsində yeni-yeni strukturlara və vahid administrasiyaya ehtiyac duyulması;

– Dünya üzrə tibb sahəsində görülən bütün işlər və əldə edilən nailiyyətlər üzərində Qərbin iri kapitalist şirkətlərinin ağalıq etməsi;

– Qarşıdan gələn bir neçə onillik üçün uzunmüddətli strateji proqram və layihələrin işlənib hazırlanması məqsədilə müvafiq qurumun yaradılması;  

– Universitetlər və sənaye müəssisələri arasında daha sıx əlaqəni təminetmə metodu olaraq,  texnologiya ixtisasına yiyələnən tələbələrin ölkənin sənaye müəssisələrində təcrübə keçməsi;  

Ölkənin elmi-akademik ictimaiyyətini təmsil edən nümayəndələrin çıxışlarından sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının qüdrət və nüfuzunda universitetlərin çox böyük əhəmiyyət daşıdığını qeyd edərək vurğuladı: “Ölkəmizin bütün sahələrdə və bütün meydanlarda elmi cihada ehtiyacı var. Mən böyük diqqət, həyəcan və tələbkarlıqla bu olduqca mühüm prosesin gedişinə nəzarət edəcəyəm”.  

Ölkənin elmi tərəqqisi yolunda mövcud olan maneələrə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam mədəniyyətində cihadın mənası hər hansı bir meydanda qarşısındakı maneələri və müqaviməti qırmaq uğrunda çalışıb-vuruşmaqdır. İslamın bu prizmasından yanaşsaq, ölkəmizin elm sahəsində, həqiqətən, cihada ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elmin müxtəlif sahələri üzrə inkişaf etmiş ölkələrin bu sahədəki inhisarçılığı, elmi biliklərini və əllərindəki imkanları başqaları ilə bölüşməməsi də ölkənin elmi tərəqqisi yolunda mövcud olan maneələrdən biridir. O dedi: “Daxili bir cəhd və sıçrayışla bu maneələri dəf etməliyik”.

İslam İnqilabının Rəhbəri İran xalqının elm və mədəniyyət sahəsində iftixar dolu tarixi keçmişə malik olmasını, İran insanının ağıl və istedadını “elmin yüksək zirvələrini fəth etmək üçün münasib bir zəmin” adlandıraraq əlavə etdi: “İslam İnqilabı ölkənin elmi tərəqqisində həlledici rol oynayacaq bu amillərin üzərinə daha birini – oyanış və öz  bacarığına inanma amilini də əlavə etdi”.

Ali Məqamlı Rəhbər dedi ki, ölkənin elm və texnologiyanın müxtəlif sahələrində əldə etdiyi təqdirəlayiq nailiyyətlər İran xalqının daha böyük addımlar atmaq iqtidarında olduğunu göstərir. O, sözünə belə bir əlavə də etdi: “Gəlin son 30 ildə əldə edilmiş bütün nailiyyətləri ölkəmizin parlaq elmi tərəqqisi yolunda atılmış ilk addımlar hesab edək, elmi tərəqqiyə strateji bir məsələ kimi yanaşaraq bu yolda daha böyük addımlar atmaq barədə düşünək!”

Həzrət Ayətullah Xamenei universitet müəllimlərinin bu görüşdə etdiyi çıxışların müxtəlif məzmunlu olduğunu, mühüm məqamları və əməli təklifləri ehtiva etdiyini qeyd edərək söylənən fikirlərdən məmnun qaldığını bildirdi. O, əlavə etdi: “Hikmət və fəlsəfəyə əsaslanan yeni universitetin yaradılması ideyası, “Ölkənin elmi inkişaf planı”nın hazırlanması və icrası prosesinə nəzarətin həyata keçirilməsi üçün müvafiq mərkəzin təşkili ilə bağlı təklif, habelə humanitar elmlərin müxtəlif aspektlərdən əhəmiyyətinin vurğulanması möhtərəm elm xadimlərimizin qeyd etdiyi mühüm məqamlardan idi”.

İslam İnqilabının Rəhbəri müəllimlərdən birinin humanitar elmlərin tematikasının artıq köhnəlməsi, onlarda heç bir dəyişikliyin edilməməsi ilə bağlı iradını “haqlı irad” adlandıraraq qeyd etdi: “Bu nöqsan onun göstərir ki, biz Qərb liberal-demokratiyası ilə  vacib olan ideya qarşıdurmasına girmək üçün özümüzdə kifayət qədər cürət hiss etmirik”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslamın humanitar elmlərin öyrəndiyi problemlərə arqumentlərlə əsaslandırılmış cavabları var və bu cavabları ortaya qoymaq Qərb humanitar elmləri ilə qarşıdurmaya girməkdə ən düzgün metoddur. O, əlavə etdi: “Elmi-teoloji mərkəzlərin və universitetlərin müəllimləri bu meydanda cəsarətlə iştirak etməli, İslamın səadət bəxş edən cavablarını dünya humanitar elmləri qarşısında ortaya qoymaqda öhdələrinə düşən ağır və məsuliyyətli rolu ifa etməlidirlər”.

İslam İnqilabının Rəhbəri həmçinin xanım müəllimlərdən birinin Ali Məqamlı Rəhbərliklə ölkənin qadın ictimaiyyəti arasında daha sıx əlaqələrin qurulmasının vacib olması ilə bağlı təklifinə toxunaraq əlavə etdi: “Qadınlar ölkə ictimaiyyətinin yarısını təşkil edirlər və təbii ki, bir təşkilat və qurumla təmsil oluna bilməzlər. Lakin bu təklif, əsas etibarilə, düzgün bir təklifdir və ölkənin ziyalı, təhsilli xanımlarının rəy və görüşləri ilə bağlı məlumat əldə etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmalıdır”.  

Həzrət Ayətullah Xamenei müəllimlərdən birinin İran İslam Respublikasının tibbin müxtəlif sahələrində əldə etdiyi qürurverici nailiyyətləri ilə bağlı dediklərinə toxunaraq əlavə etdi: “Ölkəmizin başqa elm sahələrində və s. meydanlardakı inkişaf və tərəqqisi də diqqətəlayiqdir, lakin bəziləri kənar-bucaqda durmadan pessimist ruhlu sözlər danışır, xalqda, tələbələrdə və universitet müəllimlərində ümidsizlik əhval-ruhiyyəsi yaratmağa çalışırlar”.    

Ali Məqamlı Rəhbər belə insanları “ziyanverici və dağıdıcı həşəratlar” adlandıraraq dedi: “Təbii ki, tarixdə baş vermiş hər bir ictimai hərəkat kimi, İran xalqının möhtəşəm hərəkatı da müəyyən çətinliklərlə üzləşir, lakin İslam İnqilabının körpə fidanı bu gün pak və köklü-köməcli bir ağaca çevrilib və İran yeni bir qüvvə ilə tərəqqi və yüksəliş etməkdədir”.    

Həzrət Ayətullah Xamenei düşüncə və ideyanın inkişafının elmin inkişafından daha mühüm, hətta daha çətin olduğunu deyərək əlavə etdi: “İran fəlsəfənin beşiyidir, elmi-teoloji mərkəzlərdə və universitetlərdə çalışan müəllimlər fəlsəfi yanaşmadan qaynaqlanan fikir və ideyaların inkişafı üçün daha çox çalışmalıdırlar”.

İslam İnqilabının Rəhbəri “Ölkənin vahid elmi inkişaf planı”nın təsdiq olunması barədə danışaraq prosesin artıq son mərhələlərdə olduğunu dedi. O vurğuladı: “Bu planın həyata keçirilməsi üçün müvafiq proqrama ehtiyac var və aidiyyəti olan qurumların rəsmiləri “Ölkənin vahid elmi inkişaf planı”nın reallaşması üçün dəqiq fəaliyyət proqramları hazırlamalıdırlar”.

Ali Məqamlı Rəhbər ölkənin bütün elmi-tədqiqat mərkəzlərinin vahid elmi inkişaf planının ərsəyə gəlməsi və reallaşması işinə məsuliyyətlə yanaşmalı olduğunu deyərək əlavə etdi: “Ölkənin vahid elmi inkişaf planı” effektiv, dinamik və aktual olmalı, onun dəqiq surətdə icrasına nəzarət edilməlidir”.

İslam İnqilabının Rəhbəri həmçinin ali təhsil ocaqlarının sayının qeyri-məqsədəuyğun şəkildə artırılmasını büdcənin və insan resurslarının əbəs yerə sərf edilməsinə səbəb olduğunu deyərək əlavə etdi: “Elm və texnologiyanın müxtəlif sahələrində ölkənin başlıca ehtiyacları öyrənilməlidir ki, ali təhsil ocaqlarının və tələbələrin sayı, lazımi fakültələr və həmin fakültələr üzrə təhsil pillələri həmin ehtiyaclara uyğun olaraq müəyyənləşdirilsin. Ali Təhsil və Elmlər Nazirliyi də ali təhsil ocaqlarının sayını yalnız bu ehtiyacları nəzərə alaraq artırmalıdır”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Ramazan ayının son günlərinin yaşandığını qeyd etdi, bu günlərin ilahi lütf, rəhmət, nuraniyyət və mənəvi təmizlik ab-havasından lazımınca yararlanmağı tövsiyə edərək dedi: “Mənəvi saflıq və nəfsin təmizliyi hər bir insan üçün faydalıdır, lakin alimlər və universitet müəllimləri üçün bu daha lazımlı və faydalıdır. Çünki müəllimin xarakter və davranışı gənc tələbənin şəxsiyyətinin formalaşmasında olduqca böyük təsirə malikdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, müəllimlərdə mənəvi saflıq və nəfsin paklığı kimi keyfiyyətlərin olmasının daha bir faydası ölkənin elmi hərəkatı üçün düzgün istiqamətin müəyyənləşdirilməsidir.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra iştirakçılar İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /