Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın yaşayışı bütün müstəvilərdə yüksək rifah, rahatlıq və təhlükəsizliklə təmin olunmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra ölkə prezidenti Mahmud Əhmədi Nejad və hökumət nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, dövlətin başlıca siyasi-ideoloji strategiyalarını qoruyub saxlamaq – yəni ədalətpərvərlik, parıltı və dəbdəbədən uzaq, sadə yaşayış tərzi, yorulmaq bilmədən çalışıb xalqa xidmət göstərmək, imperializmə qarşı mübarizə və s. kimi prinsiplərə sadiq qalmaq vacibdir. Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Dövlətin başlıca strategiyaları arasında xalqın rifah səviyyəsinin yüksəldilməsi və “20 illik perspektiv plan”ın icrası istiqamətində daha çox səy göstərilməlidir”.

Hökumət həftəsi, habelə İslam İnqilabının ilk illərində ölkə başçısı və baş nazir postlarını tutmuş mərhum Rəcayi və Bahonərin şəhid olmalarının ildönümü münasibətilə keçirilən bu görüşdə İslam İnqilabının Rəhbəri bu iki dəyərli şəhidi “imanla çalışıb zəhmət çəkməyin, heç bir halda güzəştə getmədən dəyər və prinsiplərə sadiq qalmağın təcəssümü” adlandıraraq qeyd etdi: “Bu nurlu simaların yaddaşlarda qalması Uca Yaradanın xalis imanlı, bütün varlığı ilə İslam uğrunda çalışıb-vuruşan, gördüyü hər bir işdə dini və inqilabi dəyərləri əks etdirən bəndələrinə təşəkkürünün nişanəsidir”.

Ali Məqamlı Rəhbər 2009-cu il üçün planlaşdırılmış fitnə və iğtişaşlara toxunaraq əlavə etdi: “Bu fitnə ölkəmizin iş və inkişaf tempinə ağır bir zərbə vuraraq düşməni ruhlandırdı, lakin xalq və dövlət özünəinam, iman və mübarizliklə işinə davam etdi və Tanrının lütfü sayəsində, hökumətimiz diqqətəlayiq uğurlar əldə edə bildi. Bunun özü də şəhid Rəcayi və şəhid Bahonər kursuna sadiq qalmağın göstəricisi hesab oluna bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hökumətin əldə etdiyi uğurların sirri İslam İnqilabının şüarlarına sadiqlikdən qürur və başucalığı duymaqdır.  Ali Məqamlı Rəhbər ölkə başçısına və hökumət nümayəndələrinə müraciətlə dedi: “Xalq da sizi “ədalətpərvərlik”, “dinə bağlılıq” və “antiimperializm” şüarları sayəsində dəstəkləyib. Çalışın ki, bu kursu ciddiyyət və qətiyyətlə qoruyub saxlayasınız”.

Hökumətin fəaliyyətində zəruri olan siyasi-ideoloji kurslardan danışan Ali Məqamlı Rəhbər “xalqın yaşayışını asanlaşdırmaq” məsələsinə toxunaraq əlavə etdi: “Bu mühüm mövzu tam diqqət mərkəzində olmalıdır ki, xalqın yaşayışı bütün müstəvilərdə yüksək rifah, rahatlıq və təhlükəsizliklə təmin olunsun”.

“20 illik perspektiv plan” sənədinin icrasını “hökumətin fəaliyyətində digər vacib strategiya” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Perspektiv plan reallığı nəzərə alaraq, diqqətlə hazırlanmış, ölkəyə 20 il müddətində bələdçilik edəcək bir xəritədir. Bu sənədin icrasına istənilən şəraitdə hərtərəfli diqqət yetirilməlidir”.

“20 illik perspektiv plan”ın icrasına başlanmasından artıq 5 il ötdüyünü qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu müddət ərzində keçdiyimiz yolu diqqətlə nəzərdən keçirməliyik. Elə etmək lazımdır ki, perspektiv planın qarşıya qoyduğu məqsədlər müxtəlif zaman etapları ilə mütənasib surətdə reallaşsın”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “Bu olduqca mühüm dövlət proqramına diqqət yetirmədən 10 ili arxada qoysaq, təbii ki, qalan müddət ərzində bu sənədin qarşıya qoyduğu məqsədləri gerçəkləşdirmək imkanımız olmayacaq. Buna görə də dövlət səlahiyyəti elə şəxslərə həvalə etməlidir ki, onlar perspektiv planda nəzərdə tutulan tərəqqi və inkişafın arxada qoyduğumuz zaman kəsiyi ilə mütənasib olub olmadığına hərtərəfli düşünülmüş və tədbirli şəkildə cavabdehlik edə bilsinlər”. 

Həzrət Ayətullah Xamenei İslam İnqilabının dördüncü onilliyinin şüarına – yəni “Ədalət və tərəqqi” şüarına diqqət yetirilməsini dövlətin digər zəruri siyasət kursu adlandıraraq əlavə etdi: “Onilliyin arxada qoyduğumuz iki ili ərzində tərəqqi və inkişaf istiqamətində müsbət işlər görülüb. “Ədalət” şüarının reallaşması haqqında mühakimə yürütmək üçün isə konkret meyar və göstəricilər müəyyən edilməlidir ki, həmin meyarlar rəhbər tutulmaqla “ədalət” şüarının iqtisadi, sosial, təhsil, mədəniyyət və s. sferalarda nə dərəcədə reallaşdığı barədə fikir bildirmək mümkün olsun”. 

İslam İnqilabının Rəhbəri beşillik planların icrasını da ölkənin mühüm daxili siyasət strategiyalarından biri adlandırdı. Ali Məqamlı Rəhbər parlamentdə artıq 5-ci beşillik plana baxıldığını qeyd edərək ümidvar olduğunu bildirdi ki, qanunverici və icraedici hakimiyyət orqanlarının real və qarşılıqlı güzəştə əsaslanan həmkarlığı sayəsində bu proqram birgə məsuliyyətlə və lazımınca işlənib hazırlanaraq təsdiq ediləcək.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, parlament hökumət tərəfindən təqdim olunmuş beşillik plan layihəsində əsaslı dəyişikliklər etməkdən çəkinməli, bu sənədə təkcə regional və lokal prizmadan yanaşmamalıdır. O, əlavə etdi: “Hökumət də, öz növbəsində, hazırladığı proqramı tənqid və üzərində dəyişiklik edilməsi mümkün olmayan bir sənəd hesab etməməlidir”. 

Dövlətin iqtisadiyyat sahəsində gördüyü işlərlə bağlı ölkə başçısının qeyd etdiyi maraqlı məqamlara toxunan Həzrət Ayətullah Xamenei hökumət nümayəndələrinə “İqtisadi dəyişikliklər” layihəsinin bütün fəsil və maddələrini icra etməyi tövsiyə edərək dedi: “Subsidiyaların məqsədyönlü şəkildə paylaşdırılmasından əlavə, bu layihənin bank sistemi, milli valyuta və s. ilə bağlı digər maddələri də ciddi şəkildə icra edilməlidir”.

İqtisadi məsələlərdə irimiqyaslı meyarlara diqqət yetirməyin mühüm olduğunu qeyd edən Ali Məqamlı Rəhbər “20 illik perspektiv plan”da nəzərdə tutulmuş istehsal artımı göstəricisinin reallaşdırılması, habelə daxili və xarici sərmayə qoyuluşunun həcminin artırılması istiqamətində daha çox çalışmaq lazım olduğunu vurğuladı.

Hökumət nümayəndələrindən məşğulluq probleminin həlli istiqamətində xüsusilə və ardıcıl surətdə səy göstərmələrini xahiş edən Həzrət Ayətullah Xamenei məhsuldarlığın artımının ölkənin iqtisadi inkişafında mühüm yer tutduğunu qeyd etdi.

İslam İnqilabının Rəhbəri görülən işlərin Konstitusiyanın 44-cü maddəsinin strategiyaları baxımından nəzərdən keçirilməsini xüsusi vurğulayaraq əlavə etdi: “44-cü maddənin mahiyyəti xalqın – özəl sektorun investor və sahibkar qismində iqtisadiyyata daxil olmasına əsaslanır. Hökumət sözügedən maddənin mahiyyətində duran mənaya hərtərəfli diqqət yetirərək müvafiq siyasət yürütməli, nəzarət və istiqamətləndirmə işini həyata keçirməlidir”.

Həzrət Ayətullah Xamenei özəl sektorun bəzi sferalara böyük həcmdə sərmayə qoymaq iqtidarında olmadığını qeyd edərək dedi: “Hökumətin tətbiq etdiyi strategiya və tədbirlər elə formada olmalıdır ki, özəl sektor irihəcmli investisiyaların yükü altına da girə bilsin”.
44-cü maddənin düzgün və mükəmməl formada icrasını “orta və ya uzun müddət tələb edən bir iş” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu iş reallaşsa, ölkə iqtisadiyyatında həqiqi bir açılım əldə ediləcək”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei dövlət administrasiyası ilə bağlı müəyyən məqamları qeyd etdi. Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, xalqın və rəsmi şəxslərin hüquqi vəzifələrinin müəyyən edilməsində Nazirlər Kabinetinin mühüm mövqeyə malik olduğunu bildirərək əlavə etdi: “Hökumətin çıxardığı qərarlarda bütün nazirlər şərikdirlər və özünəməxsus təsir gücünə malikdirlər, buna görə də onlar müzakirələrdə professional şəkildə və aktiv iştirak etməlidirlər ki, təsdiq olunan qanun layihələrinin tənzimlənməsi, habelə üzərilərində dəyişikliklərin həyata keçirilməsi və təkmilləşdirilməsi işi düzgün formada həyata keçirilsin”.  

Hökumət qurumları arasında səmərəli əməkdaşlığa yardım edilməsini “Nazirlər Kabinetinin administrativ fəaliyyətində digər bir mühüm məsələ” adlandıran Ali Məqamlı Rəhbər bəzi qurumların dövlət administrasiyası daxilində təbii olan fikir ayrılıqlarını geniş kütlə qarşısında açıqlamalarını tənqid edərək bunları vurğuladı: “Bu qəbildən olan problemlər Nazirlər Kabinetinin iclaslarında müzakirəyə çıxarılaraq həllini tapmalı, yaxud minimum həddə endirilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müxtəlif sferalarda, o cümlədən xarici siyasətdə eyni istiqamətli işlərin aparılmasından çəkinmək, habelə nazirlərə onların vəzifə və səlahiyyətləri çərçivəsində etimad göstərmək hökumət administrasiyasının fəaliyyətində mühüm olan digər məqamlardır.

İslam İnqilabının Rəhbəri nazirlərə tənqidlərə daha tolerant yanaşmağı tövsiyə edərək qeyd etdi: “Əlbəttə, əksər məsələlərdə haqq dövlətin tərəfində olur, lakin hökumət nümayəndələri bütün hallarda tənqidlərə loyal yanaşmanı və tolerantlığı rəhbər tutmalıdırlar”.

Həzrət Ayətullah Xamenei hökumətin mədəniyyət sahəsinə xüsusi diqqət göstərməsindən və bu sahəyə ayrılan büdcənin artırılmasından məmnunluğunu ifadə etdi. Mədəniyyət sahəsinə ayrılan büdcənin hansı istiqamətdə sərf olunduğuna həssas və diqqətli yanaşılmasını vacib hesab etdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mədəniyyət işlərinə maliyyə vəsaiti ayrılarkən əvvəlcə başlıca hədəflərə və reallığa diqqət yetirmək, prioritet məsələləri müəyyənləşdirmək lazımdır. Bundan sonra isə işin mahiyyətinə və sənət baxımından professional səviyyədə olmasına hərtərəfli diqqət yetirilməlidir. Çünki mədəniyyət sahəsində formal, gözdən pərdə asmaq xarakteri daşıyan işlər nəinki təkcə faydasız olur, həm də konkret ziyanlar verməklə nəticələnir”.

Dövlətin diplomatiya sahəsindəki dinamik fəaliyyətinin, həqiqətən də, təqdirəlayiq olduğunu bildirən Həzrət Ayətullah Xamenei belə bir qeyd də etdi: “Siyasi dinamiklikdən və cürbəcür səfərlərdən də çox, diplomatik fəaliyyətin mahiyyətinə və strategiyasına diqqət yetirilməlidir”. 

İslam İnqilabının Rəhbəri bildirdi ki, xarici siyasətə, İranla digər ölkələr arasındakı əlaqələrə istənilən formada aidiyyəti olan məsələləri vahid mərkəzdən və konkret proqram əsasında tənzimləmək Xarici İşlər Nazirliyinin öhdəsinə düşən bir məsuliyyətdir.
Görüş əsnasında ölkə başçısı Mahmud Əhmədi Nejad hökumətin müxtəlif sahələrdə gördüyü işlər barədə ətraflı məlumat verdi.

Ölkə prezidenti əvvəlcə IX və X hökumət kabinetlərinin başlıca fəaliyyət istiqamətlərinə toxunaraq dedi: “Xalqa xidmət, camaat, xüsusilə də kasıb təbəqə qarşısında təvazökarlıq, yorulmaq bilmədən, hər gün daha da artıq çalışıb iş görmək əhval-ruhiyyəsinin yayılması, “ədalət” prinsipinin hökumət nümayəndələri arasında yayılması və onlar üçün xarakterik cəhətə çevrilməsi, İslam İnqilabının hədəflərinə, İmam Xomeyninin (r.ə) və Ali Məqamlı Rəhbərliyin kursuna uyğun fəaliyyət göstərmək, dini-inqilabi dəyərlərin qorunması hökumətin başlıca fəaliyyət strategiyalarıdır. Bu günə qədər dövlətin bütün fəaliyyət proqramları məhz bu strategiyalar əsasında qurulmuşdur və bundan sonra da belə olacaq”.

Dövlətin “ədalət” prinsipinin yayğınlaşması məqsədilə həyata keçirdiyi proqramlar haqqında danışan ölkə başçısı dedi: “Ədalət” prinsipinin hökumətin fəaliyyəti üçün xarakterik bir cəhətə, “xalqın nökəri olmaq və ona xidmət etmək” ideyasının isə bir mədəniyyətə çevrilməsi məqsədilə dövlətin gördüyü tədbirlər sırasında vilayətlərə dövlət səviyyəsində 73 səfər edilməsini, “ədalət səhmləri”nin paylanmasını, dövlət resurslarının ədalətlə bölüşdürülməsini, əkinçilik məhsullarının nağd vəsaitlə alınmasını, “Qərzül-həsənə”nin genişləndirilməsini, kəndlilərin yaşayış şəraitinin və sosial təminatının yaxşılaşdırılmasını, təbii qazın ötürülməsi şəbəkəsinin genişləndirilməsini, subsidiya kreditlərinin əkinçilik sektoruna və yoxsul regionlara istiqamətləndirilməsini, səhiyyə ocaqlarının sayının artırılmasını, “Ailə həkimi” layihəsinin icrasını, hökumət administrasiyasının siyasi partiya və cinahların məhdud çevrəsindən çıxarılaraq xalqa açılmasını, hakimiyyət elitasının formalaşmasına qarşı görülən mübarizə tədbirlərini qeyd etmək olar”.

Daha sonra hökumətin ayrı-ayrı sahələr üzrə gördüyü bəzi işlərə toxunan cənab Mahmud Əhmədi Nejad iqtisadiyyat sektoru ilə bağlı bunları dedi: “Bu sahədə görülmüş işlərin əsasında iqtisadiyyatda struktur islahatların həyata keçirilməsi durmuşdur. Məhz bu prinsipə əsasən, ev, qızıl, valyuta və avtomobil bazarına nəzarət həyata keçirilmiş, mövcud resurslar fond birjasına doğru istiqamətləndirilmişdir. Bütün bu siyasətlərin icrasının göz qabağında olan nəticəsi isə xarici valyuta bazarı göstəricilərinin artmasıdır”.

Ölkə prezidenti iqtisadi proqramlar arasında “İqtisadi dəyişiklik” layihəsinin də yer aldığını qeyd edərək dedi: “Subsidiyalardan məqsədyönlü istifadə” layihəsi iqtisadi islahatın başlıca sahələrindən biridir və bu sahə üçün lazım olan infrastruktur artıq yaradılıb. Yaxın gələcəkdə layihənin yekun hissələri reallaşacaq”.

Çıxışının davamında cənab Mahmud Əhmədi Nejad dövlətin iqtisadiyyat sferasında gördüyü işlərlə bağlı aşağıdakı statistik məlumatları təqdim etdi:

- İxracat sahəsindəki artım – 2005-ci ildən 2009-cu ilə qədər ölkənin qeyri-neft sektoruna aid ixracatın ümumi həcmi 96 milyard dollar təşkil etmişdir. Bu göstərici 1981 - 2004-cü illər arasında ümumilikdə 60 milyard dollar olmuşdur.

- İdxalat – Son illər ərzində ölkəyə idxal olunan məhsulların orta göstəricisi 100-də 9.3 faiz olmuşdur. Halbuki əvvəllər bu rəqəm ildə 25 faiz təşkil edirdi.

- Xarici investisiya –Xarici investisiyaların həcmi 3 milyard dollar təşkil etmişdir və İran bu sahədə dünya üzrə 6-cı yeri tutmaqdadır. 

- Konstitusiyanın 44-cü maddəsinin icrası və dövlət əmlakının özəlləşdirilməsi – IX və X hökumət kabinetlərinin fəaliyyəti dövründə 7 trilyon tümən məbləğində dövlət əmlakı özəlləşdirilmişdir. Bu rəqəm 1993-2004-cü illər arasında 300 milyard tümən təşkil etmişdir.

Ölkə başçısı iqtisadiyyat sahəsində görülən işlərlə bağlı həmçinin bazarın tənzimlənməsini, məhsulların bölgüsünə nəzarətin, bank və sığorta sahəsində islahatların həyata keçirilməsini, bu sahə üzrə dövlətin idarəetmə funksiyasının həcminin azaldılmasını və dövlət xidmətlərinin həcminin artırılmasını, milli valyutanın məzənnəsinin sabitləşdirilməsini də qeyd etdi.

Cənab Əhmədi Nejad öz hesabat çıxışında dövlətin digər sahələrdəki fəaliyyəti ilə bağlı aşağıdakı statistikanı da təqdim etdi:

–    Avtomagistralların çəkilişi orta hesabla ildə 46 kilometrdən 106 kilometrə qədər artmışdır;

–    Tranzitin həcmi 40 faiz artmışdır;

–    Elektrik enerjisi sahəsinə investisiya qoyuluşu 3 dəfə artmışdır;

–    Neft sektoruna qoyulan investisiyanın həcmi ümumilikdə III beşillik inkişaf proqramında nəzərdə tutulan 39.6 milyard dollardan IV proqramda 88.5 milyard dollara qədər artmışdır;

–    Son 1 ildə 10 neft-kimya layihəsinin icrasına başlanmışdır;

–    Ölkənin benzinə olan ehtiyacı bütünlüklə daxili imkanlar hesabına təmin olunur;

–    Əkinçilik məhsullarının ümumi həcmi 87 milyon tondan 107 milyon tona qədər artmışdır;

–    Əkinçilik sektoru üzrə məşğulluq səviyyəsi 2 dəfə artmışdır;

–    Kəndlərdə 10 000-ə yaxın kommunikasiya xidməti idarəsi yaradılmışdır;

–    Mobil telefon istifadəçilərinin sayı 5.1 milyondan 52.1 milyon nəfərə qədər artmışdır;

–    Dövlətin Mərkəzi Banka olan borcu 2 trilyon tümən məbləğində azaldılmışdır;

–    İşsizliyin səviyyəsi 11.2 faizə qədər azaldılmışdır;

Ölkə başçısı Tehranda baş tutmuş Nüvədən Tərksilah Konfransına, habelə NPT protokoluna yenidən baxılması məqsədilə Nyu-Yorkda keçirilən iclasda İranın fəal iştirakına toxunaraq bunları vurğuladı: “Sanksiyalara və ağır siyasi təzyiqlərə baxmayaraq, hökumət xalqın dəstəyi sayəsində imperializmin siyasi nüfuzunu qırmağa müvəffəq olub”.

Ölkə başçısı digər sahələr sırasında mədəniyyət sferasına da toxunaraq əlavə etdi: “X hökumət diqqəti başlıca olaraq, mədəniyyət sahəsinə yönəldib. Qarşıya qoyulan əsas məqsədlər isə bu sferada optimist əhval-ruhiyyənin, ideallara doğru can atma psixologiyasının yayılması, ərsəyə gələn mədəniyyət nümunələrində İslam və İran motivlərinin önəmli yer tutmasıdır”.

Cənab Əhmədi Nejad digər hakimiyyət qüvvələri, xüsusən parlamentlə qarşılıqlı anlaşma və əməkdaşlıq atmosferinin yaradılmasını, qanunun aliliyinə, maksimum dərəcədə cəlbetmə və azad fikir ab-havasının qorunub saxlanmasını hökumətin başlıca strategiyaları adlandıraraq qeyd etdi: “Biz bu əqidədəyik ki, vəli-fəqihin rəhbərliyinə, İmam Xomeyninin (r.ə) və Ali Məqamlı Rəhbərliyin kursuna əsaslanan dövlət quruluşu mükəmməl və mütərəqqi bir quruluşdur. İnanırıq ki, hökumət kabineti də başlıca ideologiya və prinsiplər çərçivəsində fəaliyyət göstərib, digər dövlət qurumları ilə birlik və səmərəli əməkdaşlığı rəhbər tutmaqla öhdəsinə düşən vəzifələrə lazımınca əməl edəcək”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı və iştirakçılar İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /