Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

İslam İnqilabı mədəniyyət və incəsənətin inkişafı üçün əlverişli zəmin yaradıb

İmam Həsən Müctəbanın (ə) milad gecəsində qocaman və gənc şairlərdən, ədəbiyyat və mədəniyyət xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbərinin qonağı oldular. Görüş əsnasında 30-a yaxın söz ustadı dini, ictimai, əxlaqi və qəhrəmanlıq məzmunlu şerlərini oxudular.

Həzrət Ayətullah Xamenei İranda şer janrının yeni mərhələsinin tam inkişafa doğru getdiyini və mükəmməl səviyyədə olduğunu qeyd edərək dedi: “Bu gün ölkəmizdə şer janrı dil və təxəyyül baxımından güclü olmaqla yanaşı, uzaq-uzaq üfüqlərə nəzər salmaq, həyatın aktual problemlərinə həssas və diqqətli yanaşmaq kimi xüsusiyyətlərə də malikdir. Məhz buna görə də İran şerində dil, məna və məzmun baxımından yeni bir üslubun müşahidə olunduğunu, onun müxtəlif aspektlərinin gələcəkdə daha yaxşı öyrəniləcəyini demək olar”.

İslam İnqilabının Rəhbəri qocaman və təcrübəli şairlərin müasir şerdə formalaşmış yeni üsluba maraq göstərdiklərini xatırladaraq əlavə etdi: “Bu yeni üslub günü-gündən daha da təkmilləşərək inkişaf edir. Sevindirici haldır ki, tanınmış və görkəmli şairlər də bu hərəkata qoşularaq hünər göstərirlər”.
 

Görüş əsnasında Həzrət Ayətullah Xamenei bir neçə məsələni xüsusi qeyd edərək vurğuladı.

Müasir mədəniyyət sahələri arasında şer janrına xüsusi diqqət yetirmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Şer janrında qədim tarixi keçmişə, zəngin və dəyərli irsə malik olan ölkəmiz bu sahədə ön sırada gələn ölkələrdən biri hesab olunur”.

Həzrət Ayətullah Xamenei ölkədə şer janrının inkişaf və yüksəlişinin digər sənət sahələrinin önə çəkilməsi və onlara marağın təmin olunması üçün zəmin yaratdığını deyərək əlavə etdi: “İran ədəbiyyatın nüfuzlu janrlarından biri sayılan şer sahəsində tarixi keçmişi olan bir istedada, inkişaf və yüksəliş potensialına malikdir. Bu böyük potensialı nəzərə alaraq demək olar ki, bu sahənin inkişafı üçün nə qədər çalışsaq, düşünsək, layihələr hazırlasaq və araşdırmalar aparsaq, yenə də azdır”.  

Ədəbi məclislərin təşkilinin zəruri olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ədəbi məclis şerə həvəsi və marağı olan istedadlı insanların bir araya gəldiyi məkandır. Belə məclislərin fəaliyyəti üçün dövlətin, yaxud hansısa hökumət qurumunun himayəsi şərt deyil, belə ki bir vaxtlar İranın ən yaxşı şairləri Məşhəddə – şer ustadlarının evlərində təşkil olunan ədəbi məclislərdə yetişib püxtələşərək cəmiyyətə atılmışdılar”. 

İslam İnqilabının Rəhbəri ədəbi məclisləri gözəl və ətirli güllərin yetişməsi üçün münasib şəraiti olan bir oranjereyaya bənzədərək dedi: “Ədəbi məclislərdə qocaman ustadlarla ünsiyyətdə olan gənc şairlər özlərinin zəif cəhətlərini aradan qaldırırlar və bu halda, onların yazdığı şerlər daha da püxtələşərək mükəmməlləşir”.           
   

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İrşadı Nazirliyi, Mədəniyyət və İncəsənət Departamenti, habelə qocaman şairlər müasir şerə və ədəbi məclislərə dəstək olmalıdırlar.

Ali Məqamlı Rəhbərin vurğuladığı ikinci məsələ isə bu oldu ki, şairlik təbindən Uca Yaradanın məmnun qaldığı istiqamətdə istifadə olunmalıdır. O, əlavə etdi: “Şairlik istedadı, şer təbi Allahın insana bəxş etdiyi böyük bir nemətdir və bu nemət heç bir zahiri nemətlə müqayisə oluna bilməz. Ona görə də şair bu istedadı Uca Yaradanın ondan umduğu və bəyəndiyi istiqamətdə sərf etməlidir”.

Mövzunu daha geniş açıqlayan Həzrət Ayətullah Xamenei şairlərin incə ruhlu olduğunu qeyd edərək dedi: “Poeziyadan insanın hiss və emosiyalarının ifadəsi üçün istifadə olunması qaçılmazdır, lakin şerdə dini mövzularla yanaşı cəmiyyətin aktual problemlərinə, İslam İnqilabı və ölkəmizlə bağlı mühüm məsələlərə də yer ayrılmalıdır”.

Həzrət Ayətullah Xamenei İslam dininin İrana gəlişindən sonrakı 1400 il ərzində ölkədə baş vermiş hakimiyyət dəyişikliklərini, müxtəlif dövrlərdə müşahidə olunmuş ictimai-siyasi vəziyyəti ötəri qeyd edərək dedi: “Bütün bu müddət ərzində ölkəmiz İslam İnqilabı qədər möhtəşəm bir tarixi hadisə ilə üzləşməmişdir. İran xalqı ətrafına çəkilən cürbəcür, süni sədləri heç bir zaman bugünkü kimi qırıb ata, qəddini düzəldib, vüqarla tərəqqi və yüksəliş yoluna çıxa bilməmişdir”.

İslam İnqilabının Rəhbəri bu barədə aşağıdakıları da əlavə etdi: “Xalqımız tarixin heç bir mərhələsində İslam İnqilabından sonra olduğu qədər, siyasət və hərb meydanında belə bir müdriklik, şücaət və qəhrəmanlıq, habelə sosial həyatda bu cür tərəqqi və inkişaf nümayiş etdirməmişdir”.  

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran tarixinin bu mərhələsini təsvir etmək şer və incəsənətin vəzifəsidir. O dedi: “İslam İnqilabı mədəniyyətin, fəlsəfi fikrin və incəsənətin inkişafı üçün əlverişli zəmin yaradıb. Sənət reallığı ustalıqla, əsaslı və faydalı şəkildə təsvir etməklə zəmanənin firavanlığını, dəyərini və məziyyətlərini artıra bilər”. 

Bu görüşdə Ali Məqamlı Rəhbərin toxunduğu digər məsələ duyğu və emosiyaların ifadəsində əxlaq, həya-abır çərçivəsinə riayət olunması idi. Həzrət Ayətullah Xamenei şairlərə belə bir tövsiyə etdi: “Qəlbin duyğu və emosiyalarını təsvir edərkən müəyyən şərtlərə riayət olunmalı, şerdə həya-abır və iffət çərçivəsi qorunub saxlanmalıdır”.
 

İslam İnqilabının Rəhbəri həmçinin iztirab və narahatlıq əlamətləri duyulan şerlərə də toxunaraq dedi: “Bəzi gənclərin şerlərində rast gəlinən bu təşvişə hörmətlə yanaşılmalıdır, lakin bu iztirab və narahatçılıq ideologiya və dini biliklərin möhkəmləndirilməsi yolu ilə aradan qaldırılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şairlər, xüsusilə də qocaman ustadlar öz şerlərində daha aydın ifadə üsulu seçməlidirlər. O, əlavə etdi: “Poeziya nümunələri elə formada olmamalıdır ki, hətta bu sahəyə yaxından bələd olan insanlar mətləbi anlaya bilməyib çaşqınlıq içərisində qalsınlar. Çünki bu, poeziya üçün nöqsan hesab olunur”.

Həzrət Ayətullah Xamenei bugünkü görüşdən böyük zövq aldığını deyərək bütün şairlərə və görüşün təşkilatçılarına təşəkkür və minnətdarlığını bildirdi.

4 saata yaxın davam edən görüşün əvvəlində şairlər Həzrət Ayətullah Xamenei ilə dostcasına söhbət etdilər. Səmimi söhbətdən sonra görüş iştirakçıları Ali Məqamlı Rəhbərin imamətliyi ilə məğrib və işa namazı qılıb, onunla birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /