Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövlətinin qorunub saxlanması ən vacib şəri vəzifədir!

Bu gün günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyyə minlərlə universitet tələbəsinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi və həyəcanlı bir atmosferdə görüşdüyü məkana çevrildi.

3 saata yaxın davam edən görüş əsnasında müxtəlif tələbə təşkilatlarını təmsil edən 12 nəfər nümayəndə elm, ali təhsil, ictimaiyyət, siyasət və iqtisadiyyat sferalarındakı ən mühüm problemlərlə bağlı rəy və fikirlərini Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei ilə bölüşdülər.

Daha sonra İslam İnqilabının Rəhbəri çıxış edənlərin qeyd etdiyi, sual doğuran bəzi məqamları cavablandırdı, tələbə və universitet mühiti ilə bağlı zəruri məsələlərə toxundu. 
       

Görüşün əvvəlində aşağıda adları qeyd olunan xanımlar və cənablar çıxış etdilər:
 

Məhəmməd Mehdi Məqamfər – Tələbə Səfərbərlik Təşkilatının nümayəndəsi;

Seyid Əli Ruhani – 2009-cu ildə keçirilmiş tələbə olimpiadasının qalibi, nümunəvi tələbə;

Ramin Məhəmmədi – magistratura tələbəsi, Vəhdətin Möhkəmləndirilməsi Bürosunun siyasi məsələlər üzrə katibi;

Fərəhnaz Fəhimipur – “Xarəzmi” olimpiadasının birincisi, stomatologiya ixtisası üzrə doktorantura tələbəsi;

Məsud Bərati – Ədalətpərvər Tələbələr Hərəkatının nümayəndəsi;

Macidə Məhəmmədi – nümunəvi elmi işçi;

Seyidməhyəddin Faziliyan – Tehran Universitetinin və Tehran Tibb Elmləri Universitetinin tələbələrinin təşkil etdiyi İslami Tələbə Təşkilatının sədri;

Fatimə Fəyyaz – nümunəvi elmi işçi;

Məhəmməd Əfkanə – Müstəqil İslami Tələbə Təşkilatları Birliyinin nümayəndəsi;

Seyid Natiqi – Qədir Gününün Davamçıları Birliyinin nümayəndəsi, elmlər namizədi;

Məhəmmədrza Yəzdani – “Fikir ziyafəti” adlı tələbə layihəsinin nümayəndəsi, fizika ixtisası üzrə doktorantura tələbəsi;

Moctəba Keşvəri – Tələbə Cihad Ordularının nümayəndəsi;

Çıxış edənlər əsasən aşağıdakı məsələlərə toxundular:

–    Məsul icraçılar həmkar seçimində tam diqqətli olmalıdırlar;

–    Siyasətə meylli şəxslər seçki rəqabətinə vaxtından əvvəl girməkdən çəkinməlidirlər;

–    Tələbə birlik və təşkilatları siyasi partiya və cərəyanlardan asılı olmamalı, müstəqil şəkildə fəaliyyət göstərməlidirlər;

–    Hal-hazırda baş verən və gələcəkdə rast gəlinə biləcək qarışıq fitnə və iğtişaşlar qarşısında uzaqgörənlik qorunub saxlanmalı və daha da dərinləşdirilməlidir;

–    Tələbələrin ideologiyası möhkəmləndirilməlidir;

–    “Fikir ziyafəti” layihəsinin müsbət nailiyyətlərindən istifadə etməklə tələbələr üçün keçirilən mədəniyyət istiqamətli düşərgə və seminarların fəaliyyətinə yenidən baxılmalıdır;

–    Bəşəriyyətin zəngin və dəyərli təcrübəsindən faydalana bilmək üçün tarix düzgün formada öyrənilməlidir;

–    Ölkənin müxtəlif sferalarında çalışan məsul işçilərdə cihad və səfərbərlik əhval-ruhiyyəsi gücləndirilməlidir;

–    Ötən il baş verən hadisələrə lazımi diqqət yetirilməli, “birlik” və “maksimum dərəcədə cəlbetmə” kimi anlayışlar biri-birindən düzgün şəkildə fərqləndirilməlidir; 
 

–    Fiziki və hüquqi şəxslər lazımi formada tənqid edilməlidir;

–    “Reallığı görmək” və “dəyərlərin zəifləməsi” arasında fərq qoyulmalıdır;  

–    Ali Məqamlı Rəhbərliyin İran xalqının nüvə hüququnun gerçəkləşməsi naminə gördüyü tədbirlərə qədirbilənliklə yanaşılmalıdır;

–     Konkret fəaliyyət proqramlarının işlənib hazırlanması ilə “İran xalqının və İİR-in nüfuz və iftixar cəbhəsinin gənc zabitləri” olan nümunəvi tələbə potensialından istifadə edilməlidir; 

–    İslam İnqilabının qarşıya qoyduğu məqsədlərin gerçəkləşməsində başlıca faktor kimi, “hər yerdə və hər zaman ədalət tələbetmə” mədəniyyəti genişləndirilməli və möhkəmlənməlidir; 

–    İran İslam Respublikasının dünya elmində liderə çevrilməsi kimi strateji bir məqsədə çatmaq üçün dəqiq fəaliyyət proqramları işlənib hazırlanmalıdır;

–    Elmi biliklərə əsaslanan iqtisadiyyata doğru əsaslı bir hərəkat həyata keçirilməlidir;

–    Siyasi arenada yol verilən pozucu və qeyri-etik davranışlar sərt tənqid edilməlidir;

–    Elm sahəsində durğunluğun qarşısını almaq üçün universitet müəllimlərinin attestasiyası zamanı elmi meyarlara lazımi diqqət yetirilməlidir;

–    Ədliyyə orqanları rüşvətxorluğa və Beytül-malın qarət edilməsinə qarşı kəskin mübarizə aparmalıdırlar;

–    Mədəni ictimaiyyətin və İran İslam Respublikasının İslam modeli üzrə inkişafının planı hazırlanmalıdır;

–    Milli özünəinam hissi gücləndirilməlidir;
 

–    Ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaların “öz gücünə arxalanıb inkişaf etmək” üçün əlverişli bir fürsətə çevrilməsi naminə düzgün fəaliyyət proqramları işlənib hazırlanmalıdır;

–    Müxtəlif elm sahələri üzrə elmi-tədqiqat mərkəzləri yaradılmalıdır;

–    Mövcud imkan və resurslar ölkənin bütün ali təhsil müəssisələri arasında ədalətlə bölünməlidir; 

–    İslam İnqilabının yeni və səadət bəxş edən mesajlarını dünyaya çatdırmaq üçün daha çox səy göstərilməlidir;

–    Özəlləşdirmənin düzgün normalar çərçivəsində həyata keçirilməsinə diqqət yetirilməlidir;        
     

–    Yoxsulluq, rüşvət və ayrı-seçkiliyə qarşı davamlı surətdə və konkret fəaliyyət proqramları rəhbər tutulmaqla mübarizə aparılmalıdır;

–    “Səda və sima” Dövlət Teleradiosunda yayımlanan proqramlarda İslam dininin sosial-iqtisadi mədəniyyətinin düzgün formada təqdim edilməsinə diqqət yetirilməlidir;

–    Tələbələrin son dərəcə dolaşıq “soyuq müharibə” anlayışı ilə daha yaxından tanış olması üçün onlar arasında bu mövzu ilə bağlı maarifləndirmə işi aparılmalıdır;

–    Yanlış ideoloji cərəyanlara, o cümlədən İmam Mehdi Sahibəz-zamanın (ə.f)  zühurunun gözlənilməsi ilə bağlı yayılmış yanlış cərəyana qarşı mübarizə aparılmalıdır;

–    Bəzi görkəmli xadimlərin ölkəni tərk edib xaricə getməsinin qarşısını almaq məqsədilə onların ölkədə daha effektiv fəaliyyət göstərə bilməsi üçün münasib şərait yaradılmalıdır;

–    Elmi biliklərə əsaslanan kiçik şirkətlərin himayə edilməsi üçün investisiya fondları yaradılmalıdır; 
 

–    Ali Məqamlı Rəhbərin dəfələrlə etdiyi təkidlər əsas götürülməli və ötən il Tehrandakı tələbə şəhərciyinə edilmiş hücumla bağlı cinayət işi tam araşdırılmalıdır;

–    Universitetlərdə tətbiq edilən bəzi inzibati tədbirlərin tənqidi;

–    Müvafiq qurumlarda çalışan rəsmilər görkəmli elm xadimləri ilə səmərəli əməkdaşlıq etməlidirlər;

–    Hər kəsin öz fikrini ifadə etməsinə şərait yaratmaqla universitetlərdə azad düşüncə mədəniyyəti möhkəmləndirilməlidir;

–    Yadellilərin hər cür sui-istifadə hallarının qarşısını almaq məqsədilə milli birlik daha da gücləndirilməlidir;

–    “Ali Məqamlı Rəhbərlik” bütün siyasi tendensiyaların vəhdətinin və son sözünün mehvəri olmalıdır;

–    Vəhdət məsələsində dar çərçivəli baxışlardan və cılız mühakimələrdən çəkinmək vacibdir;   

–    İslam dünyasının mərkəzi universitetlərinin nəzarəti altında mötəbər elmi jurnallar təsis edilməlidir;    

–    Universitetlərin mədəni durumuna daha artıq diqqət yetirilməlidir;

Nümayəndələrin çıxışlarından sonra Həzrət Ayətullah Xamenei bugünkü görüşü özü üçün “ən xoş və ürəyəyatan  görüşlərdən biri” adlandırdı, tələbələrin toxunduğu məsələləri nəzərə almağın vacib olduğunu qeyd edərək dedi: “Gənclik təravəti ilə dolu bu görüşdə fərqli fikirlərin səsləndirilməsi, tələbələrin öz düşünülmüş və əsaslandırılmış görüşlərini ifadə etməyə can atması olduqca həvəsləndirici idi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, tələbə təşkilatlarını təmsil edən nümayəndələrin toxunduğu dərin və mənalı məsələlər həmin təşkilatlar arasında yüksək səviyyədə həmfikirliyin mövcud olduğunu göstərir və bu görüşdə  səsləndirilən bütün fikirlər təfəkkür, dərin inteqrasiya və həqiqət axtarışı üçün geniş bir meydandır.

Həzrət Ayətullah Xamenei həmçinin çıxışçılardan birinin qeyd etdiyi “suallarını, görüşlərini və tənqidi fikirlərini ifadə etmələri üçün tələbələrə şərait yaradılmalıdır” fikrini müsbət cavablandırıb dəstəkləyərək əlavə etdi: “Tələbələr ölkəmizin ən gözəl təbəqəsidirlər.  Məsul işçilər tez-tez tələbələrin arasında olmalı, xalqın bu savadlı, dərrakəli və stimul dolu təbəqəsini düşündürən sualları cavablandırmalıdırlar”.

Ali Məqamlı Rəhbər bu məsələ ilə əlaqədar olaraq, sual və tənqidin konfliktdən fərqləndiyini də qeyd edərək dedi: “Tələbə hərəkatları elə düşünməməlidirlər ki, dövlət qurumları ilə çəkişmək onların vəzifəsidir. Onlar bilməlidirlər ki, mühüm olan sual doğuran məqamları ortaya qoymaq və aidiyyəti olan rəsmilərdən həmin sualları cavablandırmalarını tələb etməkdir”.

Çıxış edən tələbələrdən biri qeyd etmişdi ki, hazırkı şəraitdə bəziləri  birliyi başlıca prinsip olaraq qəbul etmək lazım olduğuna inanır, bəziləri isə mövcud şəraitdən istifadə edərək İslam İnqilabını saf niyyətli olmayan ünsürlərdən təmizləmək lazım olduğunu düşünürlər.

İslam İnqilabının Rəhbəri çıxışının davamında hər iki prinsip – “birlik” və “saf niyyətli olmayan ünsürlərdən təmizləmə” üzərində təkidlə duraraq dedi: “Cəmiyyətin nalayiq ünsürlərdən təmizlənməsi təzyiqlər və kobud davranışlarla ola bilməz. İslam dini də heç kəsə belə bir vəzifə həvalə etməyib ki, cəmiyyəti niyyəti saf olmayanlardan təmizləmək bəhanəsi ilə, kimi isə imanı zəif olduğuna görə möminlərin çevrəsindən kənarlaşdırsın”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, cəmiyyətin bütövlükdə saflaşdırılmasının ən doğru yolu hər bir fərdin özünün, ailəsinin, çevrəsinin, üzvü olduğu partiya və qrupun niyyətini saflaşdırmasıdır. O, əlavə etdi: “Saf niyyətli möminlərin çevrəsini mümkün qədər genişləndirmək lazımdır. Bu məqsəd yalnız o zaman reallaşa bilər ki, hər kəs saflaşmaya özündən, ailəsindən, dostlarından, siyasi və ictimai cığırdaşlarından başlaya”. 

Həzrət Ayətullah Xamenei vəhdət məsələsini dəfələrlə vurğulamaqla “başlıca prinsiplər ətrafında birləşməyi” nəzərdə tutduğunu deyərək əlavə etdi: “Biz bu prinsipləri rəhbər tuturuq və onları nə dərəcədə qəbul etməsindən asılı olaraq, istənilən şəxslə bir yumruqda birləşməyə hazırıq. İslam dövlətinin başlıca prinsiplərini qəbul etməyənlər isə, təbii ki, bu birliyin çevrəsindən kənardırlar”.

Həzrət Ayətullah Xamenei həmçinin Ali Məqamlı Rəhbərliyin rəsmi və qeyri-rəsmi mövqeyi ilə bağlı sualı da belə cavablandırdı: “Heç kəs qətiyyən belə düşünməsin ki, Ali Məqamlı Rəhbərliyin rəsmi şəkildə irəli sürdüyü mövqeyindən fərqli, hansısa özəl şəxslərə açıqladığı bir mövqeyi var. Çünki bu, tamamilə yanlış bir fikirdir və belə bir gümana qapılanlar böyük günaha yol verirlər”.   
 

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, aşağıdakıları da qeyd etdi: “Mənim rəy və görüşlərim tam aşkar surətdə açıqlanır, çünki xalqa elan etdiyi mövqedən savayı bir mövqeyə malik olmaq nə Ali Məqamlı Rəhbərliyə yaraşar, nə də buna icazə verilir”.
 

Həzrət Ayətullah Xamenei tələbələrdən daha birinin sualına cavab olaraq, İslam dövlətinin qorunub saxlanmasını “ən vacib dini vəzifə” adlandırdı. O dedi: “İslam dövlətinin qorunub saxlanması dedikdə rejimin müxtəlif sərhədlərinin, o cümlədən mədəni-əxlaqi sərhədlərinin qorunması nəzərdə tutulur”.

Ali Məqamlı Rəhbər tələbələrdən birinin ölkədə “ədalət” prinsipi və digər dini dəyərlərlə səsləşən mədəniyyət və incəsənət nümunələrinin istehsal edilməməsi ilə bağlı iradını haqlı hesab etdiyini deyərək əlavə etdi: “Mədəniyyət və incəsənət sahəsinə rəhbərlik edən qurumlar, o cümlədən “Səda və sima” Dövlət Teleradiosu, İslami Təbliğat Komitəsi, habelə  komitənin Mədəniyyət və İncəsənət Departamenti bu sahədə daha çox işlər görməlidirlər”.    

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mədəniyyət və incəsənət nümunələrinin ərsəyə gəlməsi zaman tələb edən və müxtəlif infrastrukturlara ehtiyac duyan bir məsələdir. O dedi: “Təəssüflər olsun ki, həmin infrastrukturlar vaxt keçdikcə hazırlanmayıb. Hətta bəzi dövlətlərdə bir vaxtlar mövcud olmuş mədəni və ideoloji zəmin dağıdılmaya məruz qalıb”.   

İslam İnqilabının Rəhbəri tələbələrdən birinin mədəniyyət və səhiyyə sferalarının 44-cü maddədən kənar olduğu və özəlləşmənin bu sahələrə aid edilməsi ilə bağlı iradlarını təsdiqləyərək dedi: “Bu irada diqqət yetirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei müvafiq qurumları təmsil edən rəsmilərin Konstitusiyanın 44-cü maddəsinin lazımi səviyyədə icra edildiyi barədə verdiyi məlumatlara və bu məsələ ilə bağlı mövcud olan fərqli fikirlərə toxunaraq tələbələrə belə bir tövsiyə etdi ki, rəsmi şəxsləri ali təhsil ocaqlarına dəvət edib, suallarına və onlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirsinlər.

İslam İnqilabının Rəhbəri iranlı tələbələrin başqa ölkələrin ictimaiyyəti və tələbə kollektivləri arasında olmasını İslam İnqilabının saf ideya və mesajlarının yayılması baxımından, “ümumilikdə müsbət və faydalı bir hal” adlandıraraq əlavə etdi: “Əlbəttə ki, başqa xalqlarla əlaqə yaratmaq sahəsində bir çox işlər görülür. Lakin tələbələrimiz də məqsədyönlü və düşünülmüş formada bu işə qoşulsalar, çox yaxşı olar”.

Tələbələrlə baş tutan bu səmimi görüşün davamında Ali Məqamlı Rəhbər bəzi görkəmli elm xadimlərinin ölkəni tərk etməsi barədə danışdı. Həzrət Ayətullah Xamenei bu mövzu ilə əlaqədar aşağıdakıları dedi: “Ola bilsin ki, müəyyən amillər görkəmli şəxslərin xaricə getməsinə təsir göstərir, lakin belə hallar daha çox xarici ölkələrdən onlara verilən vədlərdən qaynaqlanır. Onu da qeyd edim ki, bu vədlərdən bəzilərinin arxasında İslam Respublikasının əleyhinə iş aparmaq məqsədi də durur”.

İslam İnqilabının Rəhbəri din və iman faktorlarının bəzi elm xadimlərini ölkəyə qaytardığını da qeyd edərək dedi: “Bəzi elm xadimləri və görkəmli şəxsiyyətlər məhz bu faktorların təsiri ilə ölkəyə qayıdır, burada işləyib xalqımıza xidmət edirlər”.

Həzrət Ayətullah Xamenei tələbələrdən birinin səsləndirdiyi “Ali Məqamlı Rəhbərliyin ötən il Tehrandakı tələbə şəhərciyinə edilmiş hücumu araşdırmaqla bağlı dönə-dönə verdiyi tapşırıqlara ciddi şəkildə əməl edilməlidir” fikrinə toxunaraq əlavə etdi: “Bu araşdırmaların sürət tempi zəif olub və istintaq işi lazımi səviyyədə irəliləməyib. Lakin bu məsələ yaddan çıxmayıb və inşallah, lazımi irəliləyişlər əldə olunacaq”.
  

Ali Məqamlı Rəhbər qeyd etdi ki, sözügedən istintaq araşdırmasının sürət tempini zəiflədən amillər sırasında bəzi qurumların istintaq orqanları ilə həmkarlıq etmək istəməməyi də var. Ali Məqamlı Rəhbər bu məsələnin ciddi surətdə araşdırılmasının vacib olduğunu bir daha vurğuladı.

Həzrət Ayətullah Xamenei tələbələrdən birinin ali təhsil ocaqlarında sərt inzibati qaydaların tətbiq edildiyi ilə bağlı fikirlərinə toxunaraq dedi: “Əlbəttə, düşmənin məkrli planlarının hədəfi olan universitet ictimaiyyətini özbaşına buraxmaq olmaz. Təbii ki, inzibati nəzarət lazımdır, lakin istənilən sahədə olduğu kimi, burada da həddən artıq sərt qaydaların tətbiq edilməsi yaramaz”.

Universitet mühitində azad düşüncə üçün şərait yaradılmasının vacibliyini bir daha vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Universitetlərdə müxtəlif mövzular – siyasi, ictimai və maarifləndirmə məsələləri ilə bağlı disputlar təşkil olunmalıdır. Bir məqama diqqət yetirmək lazımdır ki, bu məsələlər Dövlət Teleradiosu və ya başqa bir kütləvi məkanda deyil, universitetlərdə – professional yığıncaqlarda müzakirə olunmalıdır”. 
 

İslam İnqilabının Rəhbəri tələbələrdən birinin ölkə prezidentinin bəzi həmkarlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə toxunaraq əlavə etdi: “Mən bu məsələyə qarışıb heç bir mühakimə yürütmək istəmirəm. Əlbəttə, sizin iradınız haqlı ola bilər, amma problemləri “başlıca” və “ikinci dərəcəli” olmaq üzrə fərqləndirmək və diqqətli olmaq lazımdır ki, ikinci dərəcəli məsələlər başlıca, həlledici məsələlərin yerini tutmasın”.

Həzrət Ayətullah Xamenei rəsmi qurumları təmsil edən şəxslərin aralarındakı fikir ayrılıqlarını geniş ictimaiyyət qarşısında açıqlamasını tənqid edərək dedi: “Bu barədə ciddi xəbərdarlıq edilib”. 

Həzrət Ayətullah Xamenei çıxışçılardan birinin bir müddət öncə tələbələrin parlament qarşısında aksiya keçirərək Azad İslam Universiteti ilə bağlı çıxarılan qərara etiraz etməsi haqda dediklərinə toxunaraq əlavə etdi: “Mən bu məsələ ilə bağlı rəy bildirmək istəmirəm. Əlbəttə, mitinqçilərdən əksəriyyətinin irəli sürdüyü şüarlar heç də pis deyildi, lakin orada bəzi kəskin  şüarlar da səsləndirilmişdi. Təbii ki, həmin tələbələr də onlara qarşı irəli sürülən irad və tənqidləri normal qəbul etməlidirlər”.   

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei tələbə təşkilatlarını siyasi çəkişmələrin təsiri altına düşməkdən uzaq olmağa çağıraraq əlavə etdi: “Hər bir tələbənin və tələbə təşkilatının özünəməxsus siyasi görüşləri var, lakin bu fərqlilik parçalanmaya, ikitirəliyə və konfliktə yol açmamalıdır”. 

İslam İnqilabının Rəhbəri tələbə təşkilatlarının ölkədə baş verən mühüm məsələlərlə bağlı mövqe və analitik rəy bildirməsini zəruri hesab etdiyini bildirərək əlavə etdi: “Universitetlərdə təhsil alan tələbələr Tehran Deklarasiyası, ABŞ Təhlükəsizlik Şurasının çıxardığı qətnamə, habelə Amerika və Avropanın İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsi kimi ölkənin müqəddəratı ilə birbaşa bağlı olan məsələlərə münasibətdə analitik rəy və mövqeyə malik olmalıdırlar”.  

Ali Məqamlı Rəhbər tələbə təşkilatlarına dini əqidələrini gücləndirməyi, “dəyərli müəllim və tələbə kollektivləri” ilə əlaqələri genişləndirməyi tövsiyə etdi, ölkənin elm və texnologiya sahələrində, sosial və əxlaqi-mənəvi sferalarda müsbət irəliləyiş tempinə malik olduğunu qeyd edərək dedi: “Böyük sıçrayışların həyata keçirilməsi üçün lazımi infrastrukturlar qurulmaqdadır. Mövcud vəziyyətə mənəvi-əxlaqi cəhətdən yanaşdıqda da ədalətpərvərlik, əldə olunmuş nailiyyətlərlə qane olmamaq psixologiyasının genişlənməsi faktları gələcəyə olan ümidləri daha da artırır”.
                  

Ali Məqamlı İnqilab Rəhbəri İran xalqının düşmənlərinin tənəzzülə doğru getdiyini, İran İslam Respublikasının isə əksinə – yüksələn xətt üzrə hərəkətdə olduğunu vurğulayaraq dedi: “Düşmənin bütün səylərinə baxmayaraq, artıq 32 ildir ki, İran xalqı irəliyə doğru gedir. İnşallah, xalqımız bundan sonra da Allaha imana, əzm və iradəyə arxalanaraq özünün  iftixar dolu hərəkatını davam etdirəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının digər qismində tələbə və gəncləri gənclik çağının qiymətini bilməyi, həqiqət və gözəllik mənbəyi kimi Uca Yaradanın dərgahına əvvəlkindən də çox üz tutmağı tövsiyə etdi. O, əlavə etdi: “Gənc yaşda nəfsini təmizləmək, qəlbinin saflığını qoruyub saxlamaq orta yaş dövrünə və qocalığa nisbətən daha asandır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, nəfsi təmizləmək üçün ən mühüm addım günahlardan əl çəkməkdir. O dedi: “Günahdan əl çəkəndən sonra bu yolda ən vacib məsələ namaz, xüsusilə də vaxtın başlanğıcında və diqqətlə qılınan bir namazdır”.
  

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, mübarək Ramazan ayında oruc tutmaq, Quranla ünsiyyətdə olmaq, duaları, xüsusilə də “Səhifeye-Səccadiyyə” kitabındakı duaları oxumaq, nafilə namazlarının qılınmasına səy göstərmək nəfsin təmizlənməsində təsirli olan digər amillərdir. O, əlavə etdi: “Bəzi şəxslərin fərdi və ictimai həyatın müxtəlif sferalarında səhvə yol verməsinin səbəbi onların düçar olduğu günahlardır. Odur ki həyatın eniş-yoxuşlarında büdrəməmək üçün gənclik dövründə günahlardan uzaqlaşmağa səy göstərmək çox əhəmiyyətlidir”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra tələbələr Ali Məqamlı Rəhbərlə birgə iftar etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /