Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hərbi təhdidlər reallaşsa, İran xalqının mübarizə meydanı təkcə regionumuz olmayacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər İslam Respublikasının mühüm daxili və xarici məsələlərlə bağlı yürütdüyü siyasəti açıqlamaqla yanaşı Ramazan ayını “tövbə, günahlardan təmizlənmə və ixlas üçün, habelə ictimai və siyasi müstəvidə təqvaya riayət edilməsinə daha artıq diqqət yetirmək üçün əvəzsiz bir fürsət” adlandırdı. Birlik və həmrəyliyin vacibliyini xüsusi vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlət rəsmiləri arasında birlik və həmrəylik mühüm dini vəzifələrdən biridir. Bu birliyin qəsdən pozulması şəriətə zidd bir iş hesab olunur”.

Ali Məqamlı Rəhbər Ramazan ayını “tövbə, günah əməllərdən peşmançılıq, ruh və bədəni Allahın şəriəti, dinin qanunları qarşısında təslimetmə, paklanma və çirkinliklərdən təmizlənmə ayı” adlandıraraq əlavə etdi: “İldə bir dəfə yaşanan Ramazan ayı eynilə sutka ərzində namaza ayırdığımız vaxtlar kimi, qəflətdən oyanmaq, Yaradanla baş-başa qalmaq, qəlbi və nəfsi nurlandırmaq üçün dəyərli bir fürsətdir”. 

Həzrət Ayətullah Xamenei Ramazan ayının spesifik xüsusiyyətləri arasında tövbə və günahlardan peşmançılığın son dərəcə mühüm olduğunu qeyd etdi, bu məsələdə dövlət rəsmiləri və hökumət nümayəndələrinin öhdəsinə daha ağır vəzifələrin düşdüyünü vurğulayaraq əlavə etdi: “İnsanın yanlış yoldan, fikirdən və əməldən dönməsi, peşmanlıqla Allahın dərgahına üz tutması üçün ilkin mərhələdə nöqsan və qüsurlarını, yol verdiyi səhvləri, qəflətdə olduğu məsələləri dərk etməsinə ehtiyac var”. 

İslam İnqilabının Rəhbəri tövbə və doğru yola qayıdışın fərdi və ictimai həyatın bütün müstəvilərini əhatə etdiyini deyərək əlavə etdi: “Hər hansı bir vasitə ilə cəmiyyətin müxtəlif sferalarına təsir göstərə bilən şəxslər özlərinə, rəhbərlik etdikləri kollektivə, söz və davranışlarının təsir gücünə malik olduğu sahələrə qarşı son dərəcə diqqətli olmalıdırlar. Çünki hər bir kollektivdə yol verilən qəflət və xətalar o kollektivə rəhbərlik edən məsul şəxsin sözlərinə və davranışına əsaslanırsa, sözsüz ki, bütün qüsurlar rəhbər işçinin ayağına yazılacaq”.

Tövbədə, düşüncə və əməllərin islah olunmasında başlıca məqsədin ilahi təqvaya yetişmək olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Fərdi miqyasda təqvaya riayət etmək, haramlardan çəkinib vacib əməlləri yerinə yetirmək çox əhəmiyyətlidir, lakin təqvanın daha mühüm aspektləri var ki, onlar bir çox hallarda nəzərdən qaçırılır”.

İslam İnqilabının Rəhbəri “Səhifeye-Səccadiyye” kitabındakı “Məkarimül-əxlaq” duasına istinadən qeyd etdi ki, Yer üzündə ədaləti yaymaq, qəzəbini udmaq, insanlar arasındakı qarşılıqlı münasibətləri yaxşılaşdırmaq, birlik və həmrəyliyi bərqərar etmək, cəmiyyətdə törədilən fitnə və münaqişə alovlarını yatırmaq, hər hansı bir səbəbdən möminlərin əhatəsindən uzaqlaşmış insanları yenidən onlarla bir araya gətirmək təqvanın mühüm aspektlərindəndir. Həzrət Ayətullah Xamenei vurğuladı: “Qeyd etdiyim hallar da günümüzün mühüm problemləri sırasındadır”.  
 
Ədalət prinsipinin həyatın bütün sferalarında yayılması naminə səy göstərməyi “təqvanın ən ali dərəcələrindən biri” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Ədliyyə və icraiyyə sferasında, cəmiyyətin digər müstəvilərində, habelə resurs və imkanların bölüşdürülməsində, kadr seçimində ədalətə riayət olunması ədalətin sözün həqiqi mənasında bərqərar edilməsinin meyarlarından biridir”.
    
Həzrət Ayətullah Xamenei bildirdi ki, insanı düşüncə və əməlində səhvə sövq edən qəzəbin qarşısını almaq təqvanın digər aspektidir. O, ixtilaf və ikitirəliyə qarşı mübarizənin əhəmiyyətinə toxunaraq əlavə etdi: “Bir qrup insan siyasi cinahlar və onların tərəfdarları arasında siyasi qarşıdurmaları qızışdırmaqla məşğuldurlar. Bu provokasiyalara qarşı mübarizə aparmaq ilahi təqvanın ən bariz göstəricilərindən biridir”.

İslam İnqilabının Rəhbəri bir daha vurğuladı ki, “minimum dərəcədə özündən uzaqlaşdırma” və “maksimum dərəcədə özünə cəlbetmə” hakim rejimin başlıca və prinsipial siyasətidir. O, əlavə etdi: “Əlbəttə ki, bu işdə konkret prinsip və dəyərlər meyar rolunu oynayır. Lakin diqqətli olmaq lazımdır, belə ki insanlar iman dərəcəsinə görə biri-birindən fərqlənirlər. Bir vaxtlar İslam hökumətinin məcmusuna aid olmuş, lakin yol verdikləri müəyyən xətalar və ya qəflət ucbatından sonradan bu məcmudan uzaqlaşmış şəxsləri nəsihət və tutarlı arqumentlərlə doğru yola qaytarmaq lazımdır”.

Orucu “insanların birgə həyata keçirdiyi əməl” adlandıran Həzrət Ayətullah Xamenei qeyd etdi: “Bərəkət dolu Ramazan süfrəsinə yığışan hər kəs – yəni İran xalqı və digər müsəlman xalqları tövbə və Allah yoluna qayıdış üçün bu dəyərli fürsətdən istifadə etsələr, müsəlman ümmətinin daxili problem və çətinliklərinə əlac tapılar”.

Çıxışının digər qismində İslam İnqilabının Rəhbəri daxili və xarici problemləri düzgün analiz edə bilmək üçün İran xalqı ilə imperialist bloku arasındakı cəbhələşmədə mövcud olan reallığa diqqət yetirməyin əhəmiyyətli olduğunu vurğulayaraq əlavə etdi: “32 illik tarixi olan bu cəbhələşmənin reallıqları haqqında dərindən düşünsək, görərik ki, bütün bu illər ərzində İran xalqı və İslam Respublikası İslam İnqilabının, İmam Xomeyninin (r.ə) yolunu, prinsip və hədəflərini davam etdirmişdir. Qarşı cəbhə isə bir çox dəyişikliklərə uğramışdır”.

İran xalqının düşmənlərinin getdikcə zəifləməsini, İslam Respublikasının isə yüksələn xətt üzrə inkişafını “ikinci diqqətəlayiq gerçəklik” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam Respublikasına qarşı mübarizə aparan cəbhə böyük bir yalanla özünü “dünya ictimaiyyəti” adlandırsa da, bu cəbhənin yeganə mehvəri Amerika və sionist rejimidir”.
         
Bu reallığı açıqlayan Ali Məqamlı Rəhbər “səthi” və “prinsipial qarşıdurma” anlayışlarına toxunaraq əlavə etdi: “ABŞ və sionist rejimi ilə İran İslam Respublikası arasındakı qarşıdurma prinsipial bir qarşıdurmadır”.

Həzrət Ayətullah Xamenei bununla əlaqədar aşağıdakıları da qeyd etdi: “Prinsipial qarşıdurma, əslində, konkret bir reallığın mövcudluğuna qarşı aparılan mübarizədir. Eynilə biz sionist rejimini qəsbkar, qondarma və mütləq surətdə məhvə məhkum hesab etdiyimiz kimi, onlar da İslam Respublikasının varlığının əleyhinədirlər”.

“Prinsipial qarşıdurma” anlayışını İran – Amerika münasibətlərinə nəzərən təhlil edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam Respublikasının öz davranışlarını dəyişməli olduğu barədə səsləndirdiyi fikirlərə baxmayaraq, ABŞ-ın bizə olan yanaşması İslam dövlətini inkar etmək üzərində qurulub. Belə bir situasiyada biz də, qarşılıqlı olaraq, Amerikanın imperialist xarakterini və hegemonluğunu dözülməz hesab edərək rədd edirik”.  
  
İran xalqının düşmənlərinin getdikcə zəiflədiyini sübuta yetirən dəlil və göstəriciləri açıqlayan Həzrət Ayətullah Xamenei Amerika və sionizmin Yer üzündə heç bir sosial dayağa malik olmadığına toxunaraq əlavə etdi: “Dünya xalqlarının bu iki rejimə qarşı nifrətinin get-gedə artması, ABŞ və İsrailin son illər ərzində İraq, Əfqanıstan və Fələstində hərbi uğursuzluğa düçar olması, ağır iqtisadi böhran içərisində çapalaması, Yaxın Şərqlə bağlı siyasətin Suriya, Livan və Fələstindəki uğursuzluğu, Amerika və İsrail rəsmilərində özünəinamın azalması, ABŞ-ın İraq və Əfqanıstanın işğalını davam etdirmək, yoxsa həmin ölkələri tərk etmək kimi mühüm məsələlərlə bağlı konkret qərar verməkdə aciz qalması İran İslam Respublikasına düşmən olan cəbhənin sarsılmağa doğru getdiyinin göstəriciləridir”.

İslam Respublikasının yüksələn xətt üzrə inkişafda olduğunu sübut edən dəlilləri də açıqlayan Ali Məqamlı Rəhbər elm və texnologiyanın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərə toxunaraq əlavə etdi: “Müxtəlif sahələr üzrə həyata keçirdiyi parlaq hərəkatdan əlavə, İran xalqı sosial və mənəvi baxımdan da yüksək milli əhval-ruhiyyəyə malikdir. Ötən il  baş tutmuş seçkidə 40 milyon seçicinin iştirak etməsi faktı ölkədə ictimai-siyasi baxımdan yüksək əhval-ruhiyyə və canlanmanın mövcud olduğunu göstərir”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei İslam Respublikasının müsəlman xalqlar arasında misilsiz bir dayağa malik olduğunu qeyd etdi, ötən 30 il ərzində müxtəlif xalqların İran İslam Respublikasının dövlət rəsmilərini böyük canlanma ilə qarşıladıqlarını xatırladaraq əlavə etdi: “İran xalqı Yaxın Şərqdə və dünyanın digər regionlarındakı uğurlu siyasi təcrübəsi sayəsində, gələcəyə böyük ümidlə özünün irəliyə doğru hərəkətini davam etdirir. Bu reallıq İslam Respublikasının yüksələn xətt üzrə inkişafda olduğuna sübutdur”.

İslam İnqilabının Rəhbəri düşmən cəbhəsinə qarşı mübarizədə düşünülmüş, tədbirli və konkret proqram əsasında qurulan fəaliyyətin zəruri olduğunu vurğulayaraq qeyd etdi: “Onlar da, öz növbələrində, bizim əleyhimizə fəaliyyət proqramları hazırlayırlar. Biz əl-ələ verib ağlımıza, düşüncəmizə və şücaətimizə arxalanaraq bu meydanda əvvəlki kimi irəli getməliyik!”

Yadellilərin İslam Respublikasına qarşı həyata keçirdiyi proqramlardan danışan Həzrət Ayətullah Xamenei iqtisadi təzyiqlərə, hərbi təhdidlərə, psixoloji müharibəyə, ölkə daxilində törədilən siyasi qarışıqlığa və təxribatlara toxunaraq əlavə etdi: “Amerikalılar İran əleyhinə həyata keçirdiyi bütün bu proqramlara – yəni sanksiyalara, təhdidlərə və cürbəcür qətnamələrə paralel olaraq, danışıqlara hazır olduqlarını da iddia edirlər”.
 
İslam İnqilabının Rəhbəri ötən 30 il ərzində amerikalıların bütün bu metodlardan istifadə etdiyini qeyd edərək dedi: “30 il ərzində İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar, ABŞ-da hakimiyyətə gəlmiş müxtəlif administrasiyaların ardıcıl surətdə davam edən təhdidləri, İmam Xomeyni (r.ə) və İran xalqı haqqında durmadan aparılan mənfi təbliğat, bəzi illərdə daxili ünsürlərin əli ilə həyata keçirilmiş təxribat və iğtişaşlar bunu göstərir ki, Amerika bu gün də İran xalqına qarşı mübarizədə elə həmin köhnə metodlarından istifadə edir”.   
          
Amerikanın danışıqlara hazır olduğu barədə səsləndirdiyi bəyanatların da artıq dəfələrlə təkrar edildiyini qeyd edən Ali Məqamlı Rəhbər zor və təhdid gücünə həyata keçiriləcək danışıqları rədd etdiyini bildirərək dedi: “Əlbəttə, biz iki məsələdə – yəni İraq məsələsi və onların “ABŞ-ın təhlükəsizliyi ilə bağlı mühüm bir məsələ” adlandırdıqları digər bir mövzuda amerikalılarla danışıqlar apardıq. Lakin elə həmin təcrübələr də bunu göstərir ki, onlar hər dəfə danışıqlar masası arxasında əsaslı arqumentlər qarşısında aciz qaldıqlarını hiss etdikdə zora və müzakirələrin birtərəfli qaydada dayandırılmasına əl atırlar”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Biz tam aydın arqumentlərə əsaslanaraq Amerika ilə danışıqları rədd etmişik, çünki təhdid, təzyiq və qorxu altında aparılan danışıqları normal hesab etmirik. Məhz buna görə də biz möhtərəm dövlət rəsmilərimizin dediyi kimi, dialoq tərəfdarı olduğumuza baxmayaraq, təhdid, sanksiya və zorakılıq sayəsində dialoqa girmək istəyən Amerika ilə danışıqlar aparmaq niyyətində deyilik”.   
               
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Təbii ki, onlar artıq çürümüş hegemonluq iddialarından əl çəkib təhdid və sanksiyaları bir kənara qoysalar, ölkələrimiz arasında dialoqun alınması naminə öz məqsədlərini və nəzərdə tutduqları son hədəfi açıqlasalar, biz daha öncə elan etdiyimiz kimi, danışıqlara hazırıq. Lakin onlar, əslində, danışıqların tərəfdarı deyillər və zorakılıq iddiasındadırlar”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Amerikalılar bilməlidirlər ki, başqaları kimi İrana da təzyiq göstərə bilməyəcəklər, çünki İslam Respublikası heç bir təzyiqə boyun əyməyəcək və istənilən təzyiqə özünəməxsus tərzdə cavab verəcək”.

Nüvə məsələsinə toxunan Ali Məqamlı Rəhbər atom enerjisinin istehsalını bir daha “İran xalqının təbii haqqı” adlandıraraq vurğuladı: “İran xalqı və rəsmilərimiz xalqımızın bu haqqını heç kəsə güzəştə getməyəcəklər. İnşallah, atom elektrik stansiyaları inşa etmək və onlar üçün lazımi yanacağı ölkə daxilində istehsal etməklə özlərinin bu təbii haqqını qoruyacaqlar”.  
  
Amerikalıların İranı ehtiyac duyduğu yanacaqla təmin etməyə hazır olduqları barədə səsləndirdikləri bəzi fikirləri “absurd” adlandıran Həzrət Ayətullah Xamenei bir vaxtlar xaricilərin Tehran reaktorunu 20 faizli yanacaqla təmin etmək vədlərinə sadiq qalmadıqlarını xatırladaraq əlavə etdi: “Təxminən 20 il əvvəl biz dünyada qəbul edilmiş ticarət normalarına əsasən, sözügedən stansiya üçün 20 faizli yanacağı xaricdən aldıq. Lakin onlar bu yanacağa yenidən ehtiyac duyduğumuzu hiss etdikdə bizimlə çox pis bir oyun oynamağa başladılar. Sözsüz ki, Amerika və Qərbin yol verdikləri bu böyük səhv onların öz ziyanına nəticələndi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İranın 20 faizli yanacağın istehsalına, Amerika və digər yanacaq istehsalçılarının etimada layiq olmadığını sübuta yetirməyə təşəbbüs göstərməsi Qərbin 20 faizli yanacaq məsələsində oynadığı oyunun bariz nəticəsidir. O vurğuladı: “Həmin insident nəticəsində bütün xalqlara aydın oldu ki, onlara, həqiqətən də,  inanmaq olmaz”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın səsləndirdiyi hərbi təhdidlərə də toxunaraq bunları vurğuladı: “Onların belə bir axmaqlığa yol verəcəyi ağlabatan deyil, lakin hər kəs bilsin ki, bu təhdidlər reallaşsa, İran xalqının mübarizə meydanı təkcə regionumuz olmayacaq. Bu mübarizə daha geniş bir meydanı əhatə edəcək”.

Amerikanın İranda insan haqlarının tapdalandığı barədə apardığı təbliğatı “gülünc” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar İraq, Əfqanıstan və Fələstində açıq-aşkar nümayiş etdirdikləri kimi, insan həyatına heç bir dəyər vermirlər, bununla belə  həyasızcasına İranda insan haqlarının pozulmasından danışırlar”.
 
İslam İnqilabının Rəhbəri İranın dövlət rəsmilərinin düşmənin cürbəcür proqramlarına, o cümlədən iqtisadi sanksiyalara qarşı olduqca müsbət və möhkəm tədbirlər gördüklərini qeyd edərək əlavə etdi: “Dövlət rəsmilərimiz sanksiyalar haqqındakı qətnaməyə, habelə Amerika və Avropanın digər birtərəfli sanksiyalarına qarşı çox düzgün qərarlar qəbul etdilər. İnşallah, bütün bu tədbirlər, habelə birlik və həmrəylik sayəsində sanksiyalar ölkəmiz və xalqımız üçün əlverişli bir fürsətə çevriləcək”.
 
İslam İnqilabının Rəhbəri bu məsələ barədə danışarkən milli istehsalın artırılmasının və milli məhsulun keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini vurğulayaraq əlavə etdi: “Ölkəyə məhsulların idxalı üzərində idarəçilik həyata keçirilməli, bu sahə ilə bağlı qanunvericilikdə müəyyən islahatlara ehtiyac varsa, parlament bu işi görməlidir”.

Düşmənin proqramlarına qarşı mübarizədə rasionallığın, tədbirli davranışın və cəsarətin son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Biz müdriklik, cəsarət və böyük əzmlə, heç bir tərəddüdə yol vermədən, işıqlı üfüqlərə baxaraq yolumuza davam etməliyik!”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam İnqilabının qüdrətli hərəkatını davam etdirmək üçün xalqın və İslam rejiminin başlıca dayağı birlik və həmrəylikdir. Ali Məqamlı Rəhbər bu məsələnin əhəmiyyətini daha da geniş izah etmək üçün aşağıdakıları vurğuladı: “Dövlət rəsmiləri arasında birlik və həmrəyliyin mövcud olması dini baxımdan vacib olan vəzifələrdən biridir. Bu birlik və həmrəyliyə qarşı qəsdən, xüsusilə də, nəzərəçarpacaq dərəcədə mübarizə aparmaq şəriətə ziddir”.

Düşmənlərin kiçik ixtilafları böyük problemlərə çevirmək cəhdlərinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hökumət və parlament arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılığının mövcud olması faciə deyil. Siyasi tendensiyalardakı bu fərqliliyi yoluna qoyulması mümkün olmayan bir təfriqəyə, sağalmaz bir yaraya çevirmək böyük bir səhvdir”. 

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı aşağıdakıları da əlavə etdi: “Bir müddət öncə biz Konstitusiyanı Mühafizə Şurasına belə bir xahişlə müraciət etmişik ki, parlament və hökumət arasında diskussiyalara ehtiyac duyulduğu halda, işə müdaxilə etsin, bununla da vəzifə və səlahiyyətlərin hüdudları müəyyənləşməklə Konstitusiyanın başlıca prinsiplərindən biri olan hakimiyyət qüvvələrinin bölgüsü prinsipi reallaşsın”. 

Həzrət Ayətullah Xamenei əqidə və prinsiplərə daim sadiq qalmağın, rəqib meydanında oyundan çəkinməyin vacibliyini bir daha vurğulayaraq dedi: “Düşmənin məqsədi xalqımızın dövlət rəsmilərimizə qarşı etimadını yox etməkdir. Heç kəs xalqın qəlbində hökumətə, parlamentə və məhkəmə hakimiyyətinə qarşı pessimizm yaradacaq tərzdə danışmamalıdır”.

İslam İnqilabının Rəhbəri həmçinin rəsmi qurumlar tərəfindən təqdim edilən statistik məlumatların heç bir əsas olmadan şübhə altına salınmasını da tənqid edərək dedi: “Xalqın etimadını zəiflədən bu cür işlərdən çəkinmək lazımdır”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Qeyd etdiyim bu faktorlar və görülən bütün tədbirlər yalnız Allahın qüdrətinə arxalanmaq, Tanrının möminlərə yardımı və himayəsi ilə bağlı müqəddəs kitabda verilmiş vədlərə tam optimizlə yanaşmaq sayəsində effektiv ola bilər. İran xalqı və dövlətimizin rəsmiləri məhz bu şərəf və qüdrət bəxş edən amilə arxalanaraq iftixar dolu bu yola əvvəllər olduğu kimi, yenə də davam edəcəklər”.  
          
Görüş əsnasında ölkə başçısı cənab Mahmud Əhmədi Nejad çıxış edərək hökumətin müxtəlif sferalardakı fəaliyyəti, o cümlədən mədəniyyət, iqtisadiyyat, elm və texnologiya, quruculuq, sənaye-mədən, administrativ strukturun yaxşılaşdırılması, xarici siyasət və daxili idarəetmə sahələrində görülən işlər barədə qısaca məlumat verdi.

Ölkə prezidenti dövlətin mədəniyyət sahəsinə xüsusi diqqət yetirdiyini qeyd etdi, İslam İnqilabının bu sahə ilə bağlı hədəflərinə və görülən işlərə toxunaraq dedi: “Dövlət mədəniyyət sahəsinə ayrılan büdcəni 3 dəfə artırıb. Hökumət nümayəndələrinin vilayətlərə səfərləri zamanı mədəniyyət sahəsinə aid işçi qruplarının öhdəsinə düşən başlıca vəzifə İslam İnqilabının dəyərlərinin qorunub saxlanması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərməkdir ”.

Hökumətin elm və texnologiya sahəsində gördüyü işlərdən danışan cənab Mahmud Əhmədi Nejad  elmi biliklərə əsaslanan şirkətlərin təşkil edildiyini, elmi tədqiqat sahəsinə ayrılan kreditlərin həcminin artırıldığını, təhsil və tərbiyədə, habelə humanitar elmlərin tədrisində dəyişikliklərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət proqramının işlənib hazırlandığını, səhiyyə, müalicə və tibbi təhsil sahəsində diqqətəlayiq nailiyyətlərin əldə olunduğunu qeyd edərək dedi: “Aerokosmos sahəsində diqqətəlayiq irəliləyiş əldə olunmuşdur və tezliklə İrana məxsus yeni peyk fəzaya buraxılacaq”.

Cənab Mahmud Əhmədi Nejad çıxışının davamında ölkəni “böyük bir quruculuq emalatxanası”na bənzədərək İranda elektrostansiya potensialının artdığını, yüzlərlə bəndin inşa edildiyini, neftə olan ehtiyacın yerli imkanlar hesabına ödənildiyini, şəhər və kəndlərin qazla təmin edildiyini, neft-kimya məhsullarının istehsalının və ixracının, habelə eksperimental benzin istehsalının həcminin artdığını qeyd etdi.  

Cənab Əhmədi Nejad həmçinin mənzil-inşaat, xüsusilə də kooperativ mənzillərin tikintisi sahəsində, sənaye və mədən məhsullarının ixracı, sənaye şəhərciklərinin inşası, iqtisadiyyatın müsbət istiqamətdə inkişafı, inflyasiyanın azalması, dövlət şirkətlərinə məxsus səhmlərin əhalinin müxtəlif təbəqələri arasında ədalətlə paylanması, birja və xarici valyuta bazarında müsbət vəziyyətin müşahidə olunması, qeyri-neft sektoruna aid məhsulların ixracının artması və s. ilə bağlı statistik məlumatları təqdim edərək dedi: “Dövlətin atdığı mühüm addımlardan biri subsidiyaların məqsədyönlü surətdə istifadəsidir. Bu sahədə dəqiq fəaliyyət proqramları hazırlanmaqla yanaşı ciddi və məsuliyyətli iş gedir”.
 
Prezident Mahmud Əhmədi Nejad qeyd etdi ki, ölkə daxilindəki ümumi atmosfer, hökumət nümayəndələri arasındakı birlik və həmrəylik, xalqın optimist əhval-ruhiyyəsi və hakim rejimə verdiyi dəstək yüksək səviyyədədir. O, imperialist blokunun və İran xalqının düşmənlərinin İİR-ə qarşı yeni iqtisadi təzyiqlər mərhələsinə başlamaq üçün əbəs yerə səy göstərdiklərini deyərək vurğuladı: “Allahın fəziləti sayəsində, İran xalqı düşmənin bu qeyri-etik davranışlarını əsaslı iqtisadi dəyişiklik və islahatlar həyata keçirmək, milli istehsalı kəmiyyət və keyfiyyət baxımından yüksəltmək üçün əlverişli bir imkana çevirəcək”. 

İran xalqına qarşı sanksiyaların qəbul edilməsinə toxunan cənab Mahmud Əhmədi Nejad bunları qeyd etdi: “Sanksiyalar haqqında qətnamə imperialist blokunun çaşqınlıq içərisində olduğunu və bu dövlətlərin düşdükləri çıxmazdan xilas olmağa çalışdıqlarını göstərir. Lakin İran xalqının düşmənləri bilsinlər ki, qətnamənin qəbulu onları xilas etməyəcək və onlar atdıqları bu addımdan tezliklə peşman olacaqlar”.

Ölkə başçısı İran xalqının “ədalət prinsipi çərçivəsində dialoq və məntiq tərəfdarı” olduğunu deyərək vurğuladı: “İran xalqı ədalətli danışıqları müsbət qarşıladığına baxmayaraq, öz hüquqlarından zərrə qədər belə olsun geri çəkilməyəcək!”



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /