Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlmanlar biri-birinə dostluq əllərini uzadaraq birləşməlidirlər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qvineya-Bisao Respublikasının dövlət başçısı Malam Basay Sanha və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İran İslam Respublikası digər İslam ölkələri ilə əlaqələrin genişləndirilməsini dəstəkləyir. O dedi: “İslam ümməti böyük və istedadlı bir toplumdur. Dünyanın hansı yerində olmalarından asılı olmayaraq, müsəlmanlar dostluq əllərini biri-birinə uzadaraq birləşməlidirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlman dövlətləri və xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin layiqli səviyyədə qurulması bütün dünya müsəlmanlarının xeyrinə olar”.

Afrika regionunun əhəmiyyətinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Uzun illər boyu işğalçı və müdaxiləçi əllər Afrika və qitənin qərb məntəqələri üçün saysız-hesabsız problemlər yaratmışlar. Lakin bu gün xalqların təfəkküründə oyanış baş verib və onlar biri-biri ilə əməkdaşlıq üçün münasib zəmin axtarışındadırlar”.

İranın Afrika ölkələri ilə əməkdaşlığı olduqca müsbət qarşıladığını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İşğalçı dövlətlərdən fərqli olaraq, İran dost və qardaş bir ölkə kimi, ölkənizin inkişafına milli maraqlarınıza uyğun şəkildə yardım edə bilər”.

İranın İslam İnqilabının qələbəsindən sonra elm və sənayenin müxtəlif sahələrində böyük nailiyyətlər əldə etdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu nailiyyətlər müsəlman kimliyini dərketmə əhval-ruhiyyəsinin, İmam Xomeyninin (r.ə) xalqımıza töhfəsi olan özünəinam hissinin bərəkəti sayəsində qazanıldı. Özünəinamla zəhmət və təşəbbüs meydanına atılan hər bir xalq belə nailiyyətlər əldə edə bilər”.  

Sonda İslam İnqilabının Rəhbəri Afrikada, xüsusilə də, qitənin qərb məntəqələrində asayiş və təhlükəsizliyin bərqərar edilməsinin, regionda ümumilikdə abadlaşdırma və quruculuq işlərinin görülməsinin əhəmiyyətini vurğuladı.

İİR-in dövlət başçısı cənab Əhmədi Nejadın da iştirak etdiyi görüşdə Qvineya-Bisao Respublikasının prezidenti dedi: “İranda olduğum müddətdə elm və sənaye sahəsində əldə etdiyiniz bəzi nailiyyətlərlə yaxından tanış olub heyrətləndim”.

Malam Basay Sanha əlavə etdi: “İran xalqının bu heyrətləndirici tərəqqi və nailiyyətləri digər müsəlman xalqları üçün qürur mənbəyidir. Biz ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi üçün İrana budəfəki səfərimizdən dəyərli bir fürsət kimi istifadə edəcəyik”.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /