Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlmanların oyanışı hegemon dövlətlərin güc və imkanlarını məhdudlaşdırıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tacikistan, Əfqanıstan və İranın dövlət başçıları ilə görüşündə üç ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün olduqca geniş və müştərək zəminin mövcud olduğunu qeyd edərək vurğuladı: “İran, Tacikistan və Əfqanıstan qohum dövlətlərdir. Hər üç ölkənin mənafeyi aralarındakı sıx əməkdaşlıqdan və əldə edilmiş sazişlərin həyata keçirilməsindən asılıdır”.   

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əfqanıstan və Tacikistanda asayiş və təhlükəsizliyin bərqərar olması, quruculuq işlərinin həyata keçirilməsi İranın xeyrinədir. İrandakı asayiş, təhlükəsizlik və tərəqqi də, sözsüz ki, region ölkələrinin mənafeyinə xidmət edəcək”.

İslam İnqilabının Rəhbəri İran İslam Respublikasının əldə  etdiyi elmi-texnoloji nailiyyətlərə toxunaraq qeyd etdi: “İran elm və texnologiyanın müxtəlif sahələrində qazandığı təcrübə və nailiyyətləri Əfqanıstan və Tacikistanla bölüşməyə hazırdır”.

Üç ölkə arasında uğurlu əməkdaşlığın reallaşması üçün ortaq dəyərlərə söykənməyin zəruri olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Yer üzündə İran, Tacikistan və Əfqanıstan qədər dil, din, mehriban qonşuluq münasibətləri, mədəniyyət və tarixi irs baxımından ortaq dəyərlərə malik olan ikinci qonşu dövlətlər yoxdur”.

Ali Məqamlı Rəhbər çöxtərəfli əməkdaşlığın və onun müsbət nəticələrinin əhəmiyyətinə toxunaraq əlavə etdi: “Bügünkü Tehran iclasında imzalanmış sazişlər tez bir zamanda həyata keçirilməli və növbəti iclasa qədər nəticələr göz qabağında olmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Sözsüz ki, İran – Tacikistan – Əfqanıstan  əməkdaşlığını gözü götürməyənlər, bu əməkdaşlığa zərbə vurmağa çalışanlar var. Lakin biz bütün bu səylərə müdriklik və uzaqgörənliklə cavab verməliyik”.

Əfqanıstanda yerləşdirilmiş yadelli hərbi qüvvələrin əfqan xalqına verdiyi əzablardan son dərəcə kədərləndiyini bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “Asayiş və demokratiyanı bərqərar etmək bəhanəsi ilə Əfqanıstana soxulmuş xarici qüvvələr bu gün mülki əhaliyə atəş açırlar. Onların Əfqanıstana gəlişinin əfqan xalqı üçün şər və fəsaddan başqa heç bir nəticəsi olmayıb”.

Hegemon dövlətlərin Əfqanıstana hücum etmək, yaxud İrana təzyiq göstərmək üçün gətirdiyi arqumentləri “yalan” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bu dövlətlərin regionda marağı yalnız özlərinin mənafeyini və sonu bilinməyən tamahını təmin etməkdir. Lakin hazırda regionda mövcud olan şərait, habelə hegemon dövlətlərin bugünkü mövqeyi və imkanları keçmişdəkindən xeyli fərqlənir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bugünkü ABŞ 20 il öncəkindən çox fərlidir, çünki müxtəlif məsələlər, o cümlədən müsəlmanların oyanışı onların güc və nüfuzunu məhdudlaşdırıb”.

Tacikistan Respublikasının dövlət başçısı cənab İmaməli Rəhman Ali Məqamlı Rəhbərə öz təşəkkürünü bildirdikdən sonra Tehranda baş tutmuş bügünkü iclası “tarixi bir görüş” adlandıraraq dedi: “Möhtərəm cənabınızın işlətdiyi “qohum dövlətlər” ifadəsi çox yerinə düşdü. Ümidvarıq ki, Tehran iclasında imzalanmış sazişlərin həyata keçirilməsi sayəsində ölkələrimiz arasındakı əməkdaşlıq əvvəlkindən də artıq genişlənəcək”.

Əfqanıstan Respublikasının prezidenti cənab Hamid Kərzay da Həzrət Ayətullah Xamenei ilə görüşündən məmnun olduğunu bildirərək dedi: “Tehran iclasının gedişindən çox razı qaldıq. Ümidvarıq ki, əldə edilmiş sazişlərin reallaşması sayəsində qohum dövlətlər arasında bütün sahələr üzrə əməkdaşlıq daha da möhkəmlənəcək”.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /