Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məzhəblərarası fitnə və ixtilafların törənməsi İslam düşmənlərinin ən böyük arzusudur!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidan şəhərinin came məscidində törədilmiş partlayış nəticəsində şəhid olmuş bir qrup sakinin vəfatının 7-ci günü münasibətilə xalqa ünvanladığı müraciətdə bu cinayətin arxasında, əslində, Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanlarının durduğunu bildirərək vurğuladı: “Düşmənlərin bu terror hadisəsini törətməkdə əsas məqsədlərindən biri xalqımız arasına məzhəb zəminində fitnə və ixtilaf salmaqdır, lakin İran İslam Respublikası dünya imperializminin əlaltılarının öz məqsədinə çatmasına imkan verməyəcək. Xalqımızın birliyinə, ölkəmizdəki asayiş və təhlükəsizliyə düşmən olanlarla ciddi və qətiyyətli mübarizə aparmaq, onlara əməllərinə layiq cəza vermək üçlü hakimiyyət qüvvələrini təmsil edən bütün rəsmilərin borcudur”.

Müraciətin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Silahlı və cinayətkar terroristlərin əli ilə Zahidanda məzlumcasına şəhid edilmiş bir qrup xalis imanlı, mömin həmvətənimizin vəfatının 7-ci günü gəlib çatdı. Xarici casus orqanlarının dəstəyi və fitnəsi ilə bu qanlı hadisəni törətmiş azğın və fanatik vəhhabilərin cinayətkar əlləri Peyğəmbər (s) Əhli-Beytinə (ə) sevgi və bağlılıqla nurlanmış, bir olan Allaha saf imanın və xalis təkallahlılıq əqidəsinin səfa və paklıq bəxş etdiyi ürəklərə dağ çəkdi, ailələri matəmə qərq etdi.

Korazehin, cahil və qatil fanatiklər azğın qəlblərini, zülmkar mənəviyyatlarını İslama və müsəlmanlara qarşı düşmənçiliyini dəfələrlə sübut etmiş, ələ düşən hər fürsətdə, hər yerdə müsəlmanlara qarşı inad və kin nümayiş etdirərək onlara bacardığı kimi zərbə endirmiş fitnəkar dövlətlərə həvalə ediblər. Onların İran İslam Respublikası ilə düşmənçiliyinin səbəbi də bu ölkədə ucaldılmış İslam bayrağı, dövlətimizin müsəlmanları daim birliyə, iqtidar və nüfuza dəvət etməsidir. Düşmənin Zahidanda törədilmiş qanlı hadisədən və buna bənzər terror aktlarından məqsədi müsəlmanlar arasında ixtilaf yaratmaqdır.

On illər boyu Qəzzada, Fələstində, Əfqanıstanda, Kəşmirdə və müsəlmanların yaşadığı digər məntəqələrdə məzlum müsəlmanların ən böyük və etibarlı hamisi olmuş və olmaqda davam edən İran İslam Respublikası bu gün Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanları tərəfindən hazırlanan xəbis planların hədəfinə çevrilir. Onlar ölkəmizdə məzhəb ixtilafı zəminində iğtişaşlar, sünni-şiə qarşıdurması yaratmaq barədə xam xəyallar qururlar. Daha bilmirlər ki, İran İslam Respublikasında sünnə əhli olan müsəlmanlar eynilə şiə qardaşları kimi, özlərinin bu müqəddəs İslam dövlətinə qarşı sədaqətini dəfələrlə sübut etmiş, İslam Respublikasının və əziz İran ölkəmizin müdafiəsi uğrunda imperializmə və onun muzdurlarına qarşı mərd-mərdanə, imanla mübarizəyə qalxmışlar. Regionumuzda vəhşi və korafəhm terrorizmin meydana gəlib yayılması elə ilk başlanğıcdan Amerika və İngiltərənin, onların hökumət və qeyri-hökumət nümayəndəsi olan muzdurlarının xəbis siyasətinin nəticəsi olub. Yer üzündə fəsadın yayıldığına, Allahla müharibəyə başlandığına bariz sübut olan bu şər törəməsinə qarşı mübarizə aparmaq bütün müsəlmanların borcudur.
 
İranda və qonşu ölkələrdə yaşayan, müsəlman heysiyyəti bu xəbis siyasətin hədəfinə alınmış bütün sünni firqələrinin, xüsusilə də, onların din alimlərinin, ziyalılarının və universitet təmsilçilərinin öhdəsinə olduqca ağır vəzifələr düşür. Bütün ərəb və müsəlman ölkələrinin şiə və sünni ziyalıları məzhəb terrorizmini yaratmaqda və gücləndirməkdə düşmənin güddüyü çirkin məqsədləri ictimaiyyətə açıqlamalı, insanları İslam düşmənlərinin ən böyük arzusu olan məzhəblərarası fitnə və ixtilaflara yol vermək kimi böyük bir təhlükədən çəkindirməlidirlər.

Allahın izni ilə, İran İslam Respublikası “vəhhabilik” və ya başqa bir ad altında dünya imperializminə havadarlıq edənlərin müsəlman qardaşlar arasında ixtilaf salmasına yol verməyəcək. Üçlü hakimiyyət qüvvələrindən hər birinin səlahiyyətli orqanları xalqımızın birliyinə, ölkəmizdəki asayiş və təhlükəsizliyə düşmən olanlara qarşı ciddi və qətiyyətli mübarizə aparmaqda, onlara əməllərinə layiq cəza verməkdə bərabər məsuliyyət daşıyırlar. İmanlı və alicənab xalqımız da təmkinini və uzaqgörənliyini qoruyub saxlamalı, hər cür yersiz hərəkətlərdən çəkinməli, vəzifələrini layiqincə icra etməkdə səlahiyyətli şəxslərə yardımçı olmalıdırlar.

Mən şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) doğum günündə Zahidan şəhərində törədilmiş qanlı hadisədə şəhid olub, Haqqın görüşünə tələsmiş əziz şəhidlərin ruhlarına bir daha salavat göndərirəm. Şəhidlərin əziz və möhtərəm ailə üzvləri ilə həmdərd olduğumu bildirir, onlara səbir, təskinlik və ilahi mükafat diləyirəm. Hadisə nəticəsində yaralanmış və xəsarət almış məzlum insanların tezliklə şəfa tapmasını Uca Yaradandan acizanə şəkildə dua edirəm.

Allahın salamı, rəhməti və bərəkəti saleh bəndələrinin nəsibi olsun!

Seyid Əli Xamenei   
21 iyul, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 
700 /