Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Uzun illər boyu Quranı gerçək mahiyyətindən uzaqlaşdırmağa çalışıblar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Huseynin (ə) mübarək doğum günü ərəfəsində İmam Xomeyni (r.ə) adına huseyniyədə keçirilmiş XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları, münsiflər heyətinin üzvləri və müəllimlərlə görüşündə Quranı “bəşəriyyətə nicat verəcək möhkəm ilahi kəndir” adlandıraraq dedi: “Quran insanlara gözəl həyat vəd edir. Bu gözəl həyat şərəf və heysiyyət, asayiş, rifah, azadlıq, elm, tərəqqi, əxlaq və mənəviyyat, mülayimlik və güzəşt içərisində yaşanan bir ömürdür ki, bu da Qurani-Kərimlə ünsiyyət, bu möhkəm ilahi kəndirdən bərk-bərk yapışmaq sayəsində gerçəkləşə bilər”.

Bu nurani görüş Quran ustadlarının və builki müsabiqədə qiraət və hifz üzrə birincilik qazanmış iştirakçıların Qurandan dirilik bəxş edən ayələri tilavət etməsi ilə başladı.

Görüş zamanı Ali Məqamlı Rəhbər Quranla ünsiyyətdə olmağın onun məna və həqiqətlərinin müsəlmanların qəlbinə və ruhuna nüfuz etməsi üçün zəmin yaratdığını deyərək əlavə etdi: “Uzun illər boyu Quranı onun gerçək mahiyyətindən, İslam ümmətinin qəlbindən uzaqlaşdırmağa çalışıblar. Hətta iş o yerə gəlib çatıb ki, İslam düşmənlərinə yarınmaq üçün bəzi müsəlman ölkələrinin mədrəsələrində İslam təlimləri içərisindən cihad məsələsini tamamilə çıxarıblar”.

Qurani-Kərimdə vəd olunmuş gözəl həyatı açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Bu gözəl həyatda paralel olaraq fərdi və ictimai yaşam, ruh və cisim, dünya və axirət mövcuddur”.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da qeyd etdi: “Quranın təsvir etdiyi gözəl həyatda hamının mənəvi-psixoloji rahatlığı, arxayınlığı, cəmiyyətdəki xoşbəxtliyi və nüfuzu, azadlığı da təmin olunmuşdur. Quran məclislərinin və müsabiqələrinin keçirilməsi, hafiz və qarilərin yetişdirilməsi bu gözəl həyata yetişmək üçün zəruri olan hazırlıq tədbirləridir”.

İslam İnqilabının Rəhbəri gənclərə Quranın mənası barədə dərindən düşünməyi, onun nurlu ayələrini əzbər öyrənməyi tövsiyə edərək dedi: “Quranla hər dəfə ünsiyyətdə olduqda insanın şüurundan cəhalətin bir pərdəsi qalxır və onun üzünə nurlu bir çeşmə açılır”.

Uşaq və gəncləri Quranı hifz etməyə təşviq etməyin son dərəcə dəyərli olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei Quranın əzbər öyrənilməsinin əhəmiyyəti barədə bunları dedi: “Quranın əzbər öyrənilməsi ayələri dönə-dönə təkrarlamaq sayəsində hafizin ayələrin mənası haqda dərindən düşünməsinə imkan yaradır. Lakin bu zaman Quranı hifz etmək kimi bir nemətin qədrini bilmək, bu ilahi nemətin əldən çıxmasına imkan verməmək lazımdır”.

Ali Məqamlı Rəhbər Quranın mənasının dərk edilməsi, insan şüurunun  bu müqəddəs kitabın mahiyyəti ilə yaxından tanış olması  üçün Quranı əvvəldən axıra qədər oxumağın zəruri olduğunu vurğulayaraq əlavə etdi: “Təfsir ustadları və bu sahədə tədris edən müəllimlər də Quranın daxili məna və mahiyyətini izah edərək ayələrin anlaşılmasında qarşıya çıxan çətinlikləri aradan qaldırır, Quranın ifadə etdiyi ilahi bilgi və həqiqətləri onu dərk etmək həsrəti ilə çırpınan qəlblərə köçürürlər”.

İranda Qurani-Kərimin öyrənilməsi və tədqiqi  sahəsində İslam İnqilabından əvvəl və sonra mövcud olmuş vəziyyəti müqayisə edən Ali Məqamlı Rəhbər dedi: “Son 31 ildə bu sahədə böyük və mütərəqqi bir hərəkat gerçəkləşib, Qurani-Kərimə sevgi və maraq bəsləyən gənclərin möhtəşəm bir toplusu hafizlərin, qarilərin və Quranı dərindən bilən insanların sırasına qoşulub”.           

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Qurana diqqət yönəltməsi sayəsində İran xalqının dünyadakı təsir gücü və nüfuzu artıb, bu xalq özündə güc hiss edərək düşmənlərin qarşısında möhkəm durub”.

Görüşün əvvəlində Vəli-fəqihin nümayəndəsi, Vəqf və Xeyriyyə İşləri  Təşkilatının sədri Hüccətül-İslam vəl-muslimin Məhəmmədi Tehranda baş tutmuş XXVII Beynəlxalq Quran Müsabiqəsi barədə məlumat verərək dedi: “Budəfəki müsabiqədə dünyanın 60 ölkəsini təmsil edən 95 qari və hafiz yarışdı. Müsabiqəyə 14 beynəlxalq dərəcəli Quran ustadından ibarət münsiflər heyəti hakimlik etdi”.

Hüccətül-İslam vəl-muslimin Məhəmmədi əlavə etdi: “Builki müsabiqə çərçivəsində həyata keçirilmiş tədbirlər sırasında Quran sahəsində fəal olan qadınlara həsr olunmuş konfransı, 3 mövzuda – “Quran və Əhli-Beyt”, “Quran və uzaqgörənlik”, “Quran və humanitar elmlər” mövzusunda məqalələrin təqdim olunduğu konfransı, Quran mövzusu ilə bağlı işlərin sərgisini qeyd etmək olar”. 

Görüş əsnasında builki müsabiqəyə Misirdən qatılmış münsif Doktor Fərəcullah Şazeli də Qurani-Kərimdən ayələr tilavət etdikdən, iştirakçıları Peyğəmbərin (s) besəti və İmam Hüseynin (ə) mübarək doğum günü münasibətilə təbrik etdikdən sonra Qurani-Kərimin öyrənilməsi və tədqiqi ilə bağlı göstərdiyi səy və təşəbbüslərə görə İran İslam Respublikasına, habelə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə təşəkkür və minnətdarlığını bildirdi.      

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /