Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dini və İslam İnqilabı düşmənin bütün səylərinə baxmayaraq, xalqların qəlbində bir canlanma yaradıb!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-qəməri təqvimlə şəban ayının 3-ü – İmam Hüseynin (ə) mübarək doğum günü və ölkədə İslam İnqilabı Keşikçiləri Günü ərəfəsində, bu gün səhər İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti və şəxsi heyət üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər İnqilab Keşikçiləri Korpusunun mənəvi-ideoloji mahiyyətini bu sosial-inqilabi institutun ötən 30 il ərzində müxtəlif meydanlarda və müxtəlif şərtlər daxilində “təqdirəlayiq və mütəhərrik fəaliyyətinin” başlıca amili adlandırdı. O, ölkədəki və beynəlxalq arenadakı mühüm reallıqları analiz edərək vurğuladı: “Ölkə rəsmiləri müxtəlif sferalarda öhdələrinə düşən ağır vəzifələrə layiqincə əməl etməli, ötən 31 il ərzində olduğu kimi, istənilən situasiya ilə üzləşmək üçün hazırlıqlı olmalıdırlar. Heç şübhəsiz, böyük İran xalqı və İslam Respublikası bu aramsız qarşıdurma meydanında, eynilə keçmişdə olduğu kimi, yenə də qalib gəlcək!”.

İslam İnqilabının Rəhbəri şəban ayını “zikr, təvəssül və özünütərbiyə” ayı adlandırdı, görüş iştirakçılarını bu əzəmətli ayın gəlişi və Həzrət İmam Hüseynin, İmam Səccadın və Həzrət Əbul-Fəzl Abbasın (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək Keşikçi Korpusda xidmət edən hərbçiləri “Allahın və ümməti doğru yola hidayət edən imamların yolunun sadiq və aşiq yolçuları” hesab etdiyini dedi.

Ali Məqamlı Rəhbər Keşikçi Korpusun yüksək rütbəli zabitlərini və digər heyət üzvlərini bu korpusun sıralarında xidmət etmiş Bakiri, Himmət, Burucerdi və s. kimi əziz və şərəfli şəhidlərin yolunun davamçıları adlandırdı. Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun mənəvi-ideoloji məğzindən danışarkən bunları dedi: “İslam İnqilabı Keşikçiləri Korpusunun həqiqi mahiyyətini üç başlıca faktor təşkil edir – istənilən meydanda Allah yolunda cihad etmək şövqü ilə çırpınan qəlblər, sadiq və doğrucul dillər, haqqı görməyi və qiymətləndirməyi bacaran gözlər”. 

Ali Baş Komandan şəban ayında oxunması tövsiyə olunan minacata istinadən dedi: “Keşikçi Korpusun mənəvi-ideoloji mahiyyətinə diqqət yetirdikdə görürük ki, şövq və həsrət alovu bu döyüşçülərin qəlbini Allaha yaxınlaşdırır, niyyətlərindəki, dillərindəki və əməllərindəki sədaqət və doğruculluq “La ilahə illəllah, Muhəmmədən rəsulullah” kəlmələri kimi yüksələrək Tanrının dərgahına doğru yol alır”.

Həzrət Ayətullah Xamenei haqqı görməyi və tanımağı bacaran gözləri Keşikçi Korpusun mənəvi ideoloji məğzinin üçüncü faktoru kimi qiymətləndirərək əlavə etdi: “Haqqı görməyi bacaran bu gözlər istənilən vəziyyətdə, hətta qarışıq və müəmmalı şəraitdə də hadisələrin gerçək mahiyyətini müəyyən edir, öhdəsinə düşən vəzifəni və həmin vəzifəyə əməl etməyin yollarını dərk edir”.

İslam İnqilabı Keşikçiləri Korpusunun hansı şəraitdə formalaşdığını xatırladan Ali Baş Komandan bu hərbi birləşməni “məscidlərin, mədrəsələrin və universitetlərin içərisindən çıxmış”, mömin insanların qəlblərindən və evlərindən qaynaqlanmış bir struktur adlandıraraq əlavə etdi: “Keşikçi Korpus heç kəsin əli ilə yaranmadı. Bu struktur zamanın tələbi ilə formalaşdı və lazım olan hər bir meydanda İslam İnqilabının və ölkənin ehtiyaclarına cavab verdi”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Keşikçi Korpusun bariz xüsusiyyəti kimi, bu hərbi birləşmənin öz gerçək məzmun və mahiyyətini daim qoruyub saxlamasını və zamanın tələbinə uyğun fəaliyyət göstərməsini qeyd edərək dedi: “İslam İnqilabının ilk illərində Keşikçi Korpus Tehran küçələrində əks-inqilabçılarla qarşıdurmalarda, sərhəd vilayətlərində ortaya çıxan problemlərdə, 8 illik Müqəddəs Müdafiə savaşında və digər müxtəlif meydanlarda özünün əsl mahiyyətini qoruyub saxladı, buna baxmayaraq, öhdəsinə düşən vəzifələrə əməl edə bilmək üçün öz formasını lazımi mütəhərrikliklə, zamanın tələbinə uyğun şəkildə tənzimlədi”.

Ali Məqamlı Rəhbər müharibədən sonra o dövrün hökumət nümayəndələrinin Keşikçi Korpusun quruculuq meydanında iştirak etməsi ilə bağlı xahişlə müraciət etməsini xatırladaraq əlavə etdi: “Keşikçi Korpus bu sferada da özünü yüksək səviyyədə göstərərək olduğu hər bir yerdə ən gözəl quruculuq işlərini gördü. Bu fakt onu göstərir ki, xalqın içindən formalaşmış bu qurum özünün mənəvi-ideoloji mahiyyətinə sadiqliyi sayəsində zamanın tələbi ilə günü-gündən dəyişib daha da təkmilləşən mütəhərrik bir struktura malikdir”.

İslam İnqilabının Rəhbəri müxtəlif qurumların, o cümlədən Quruculuq və Cihad Korpuslarının yaradılmasını “İslam İnqilabının böyük məharəti” adlandıraraq dedi: “Bu qurumlar prinsip və dəyərləri üzərində daim möhkəm durmaq xüsusiyyəti ilə yanaşı mütəhərrik bir struktura da malikdirlər. Onlar nizam-intizama və qanunçuluğa riayət etməklə bərabər, dövlət orqanlarına xas ənənəvi problemlərdən, o cümlədən “quru administrasiya”dan uzaqdırlar”.

İnqilab Keşikçiləri Korpusunun struktur mahiyyətinin qorunub saxlanmasının vacib olduğunu qeyd edən Ali Baş Komandan bu qurumu Qurani-Kərimdə buyurulduğu kimi, “hər dövr üçün xüsusi bar gətirən pak bir ağac” adlandıraraq dedi ki, bu təqdirəlayiq fəaliyyət və keyfiyyət gələcəkdə də davam etdirilməlidir.

İslam İnqilabının Rəhbəri məqsədə doğru aparan yolda düzgün fəaliyyət proqramının seçilməsi üçün bu günün reallığını dərk etməyin və sabahkı şəraiti öncədən analiz edib nəticə çıxarmağın vacib şərt olduğunu dedi. O, müxtəlif silahlı qüvvələrin, o cümlədən Keşikçi Korpusun ayrı-ayrı hərbi birləşmələrinin yüksək rütbəli zabitlərinin üzərinə düşən məsuliyyəti vurğulayaraq əlavə etdi: “Keşikçi Korpusun mənəvi-ideoloji mahiyyətinin qorunub saxlanması sayəsində bu günün reallığını düzgün qiymətləndirmək, sabah baş verəcək dəyişiklikləri öncədən görmək mümkündür. Bu uzaqgörənlik və məlumatlılıq düzgün fəaliyyət proqramının müəyyənləşdirilməsi, doğru olan addımların atılması üçün zəmin yaradır”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər ölkədə və dünyadakı real vəziyyəti analiz etdi.

Mövcud vəziyyətin mənzərəsini təsvir edən Həzrət Ayətullah Xameneinin qeyd etdiyi ilk inkaredilməz reallıq İslam İnqilabının bu illər ərzində öz səbatını qoruyub saxlaması faktı oldu.
 
Həzrət Ayətullah Xamenei bu gerçəklik haqqında daha aydın təsəvvür yaratmaq üçün İslam İnqilabı ilə Fransa İnqilabını müqayisə etdi. Formalaşdığı və qələbə çaldığı ilk onilliklər ərzində Fransa İnqilabının biri-birindən tamamilə fərqlənən çoxsaylı mərhələlərdən keçdiyini xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Yeni tarixin digər siyasi-ictimai hərəkatlarından fərqli olaraq, İslam İnqilabı 31 illik enişli-yoxuşlu bir yol keçib gəldiyinə baxmayaraq, İslam dininin müəyyənləşdirdiyi kurs ilə, mərhum İmam Xomeyninin saldığı rels üzrə hərəkət edir. Olduqca əhəmiyyətli olan bu fakt Uca Tanrının bu inqilabı himayə etdiyini göstərir”.  

Həzrət Ayətullah Xamenei ABŞ rəsmilərinin İranın davranışlarını dəyişməyə çalışdıqları barədə səsələndirdikləri fikirlərə toxunaraq dedi: “Bu sözlərin əsl məqsədi və mahiyyəti İslam İnqilabının hərəkət kursunu dəyişmək uğrunda səy göstərilməsidir”.

İslam İnqilabının Rəhbəri İran xalqının nümayəndələrinin imanlı qəlblərini “ilahi qüdrətin təcəssümü” adlandıraraq vurğuladı: “İslam İnqilabının öz başlanğıc kursu üzrə hərəkət etməkdə davam etməsini mümkün edən amil İran xalqının İslam dininə qarşı bəslədiyi sevgidir. Bu sevgi İslam İnqilabı və ölkəmiz üçün böyük və sarsılmaz bir zəmin yaratmışdır. İslam İnqilabının ilkin kursu dəyişsə və din əldən verilsə, bu zəmin artıq mövcud olmayacaq, ölkəyə yenidən hegemon və təcavüzkarların ayağı dəyəcək”. 

İslam İnqilabının Rəhbəri əldə edilmiş tərəqqi və nailiyyətləri ölkənin ikinci reallığı adlandıraraq əlavə etdi: “Dünya statistikasına əsasən, ölkəmizin elmi tərəqqi və inkişaf tempi ümumdünya inkişaf səviyyəsinin orta göstəricilərindən bir neçə dəfə çoxdur. Əlbəttə ki, dünyanın elm karvanına qoşulmaq üçün önümüzdə hələ uzun bir yol var, lakin bu iftixar doğuran irəliləyiş tempini də yaddan çıxarmamaq lazımdır”.  

İslam İnqilabının Rəhbəri İran cəmiyyətinin digər reallığı kimi xalqın siyasi cəhətdən püxtələşməsini və təcrübə toplamasını qeyd edərək dedi: “Ardıcıl olaraq baş vermiş hadisələr nəticəsində xalqımız, gənclərimiz, hətta yeniyetmələr zəngin siyasi təcrübə toplayıblar və xoşbəxtlikdən, əksər hallarda hadisələrə düzgün qiymət verməyi bacarırlar, belə ki, hətta şübhəli bir məsələ onların diqqətini özünə cəlb etmiş olsa da, reallığı dərk etdikdən sonra dərhal mövqelərini dəyişirlər. 2009-cu ildə baş vermiş olaylar zamanı bu fakt tam aydınlığı ilə müşahidə olundu”.

İslam İnqilabının Rəhbəri dinin açıq-aydın və effektiv bir amil kimi gənclərin həyatında özünəməxsus rol oynamasını ölkədə müşahidə olunan daha bir əhəmiyyətli reallıq adlandırdı.

Həzrət Ayətullah Xamenei etikaf mərasimlərində, universitetlərdə və digər məkanlarda qılınan cümə namazlarında, müxtəlif dini tədbirlərdə gənclərin izdihamlı və emosional iştirakının qeyd olunan reallığın nişanələrindən olduğunu dedi. 

Ali Məqamlı Rəhbərin qeyd etdiyi digər bir reallıq İslam İnqilabına xas təfəkkürün dünyada yayılması faktı oldu.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam İnqilabının dünyaya ixrac edilməsi, əslində, bu inqilaba xas ideya və görüşlərin rayihəsinin dünyaya yayılması deməkdir. O, müxtəlif ölkələrin əhalisinin İran İslam Respublikasının dövlət rəsmilərini böyük şövq və maraqla qarşıladığını vurğulayaraq əlavə etdi: “Düşmənin bütün səylərinə baxmayaraq, İslam dininin və İslam İnqilabının rayihəsi xalqların qəlbinə bir canlanma bəxş edib və bu, inkarolunmaz bir həqiqətdir”.

Ali Məqamlı Rəhbər İslam İnqilabı ətrafında cərəyan edən ikinci dərəcəli reallıqlar sırasında bu inqilabın əleyhdarlarının əks-inqilabi fəaliyyətini qeyd etdi. O, sionist rejimi və Amerikanın İran xalqının əzəmətli hərəkatına qarşı mübarizə aparmaq məqsədilə etdiyi aramsız, lakin nəticəsiz cəhdləri xatırladaraq əlavə etdi: “İslam İnqilabı mühüm strateji mövqeyə malik olan və çoxsaylı maraqlar kəsb edən möhtəşəm İranı amerikalıların cəngindən xilas etdi. Bu ölkənin dünyanın hegemon qüvvələri qarşısında rüsvayçı itaətinə son qoyulub! Məhz buna görə də onlar bütün bu illər ərzində İran xalqına qarşı düşmənçilik aparmaqda və məkrli planlar qurmaqda davam etmişlər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ı dünya miqyasında hegemonluq etmək və dövlətlərdən bac almaq istəyən, lakin günü-gündən daha pis vəziyyətə düşən bir təcavüzkara bənzətdi.

Ali Məqamlı Rəhbər qeyd etdi: “Bəziləri dünya miqyaslı bu təcavüzkarla xırda-para ticarət əlaqələrini qoruyub saxlamaq üçün ona bac verir, nisbətən güclü olan, lakin Amerika ilə qarşıdurmaya girmək niyyətində olmayan digər bir qrup isə, faktiki olaraq, onun siyasi-hərbi şagirdlərinə çevrilirlər. Lakin bəziləri isə bu hegemonluğa və təcavüzkarlığa qarşı çıxırlar. İran İslam Respublikası öz xalqının və dövlət rəsmilərinin mətinliyi sayəsində bu mübarizənin ön sıralarında durur”. 

Xalqların Amerikaya qarşı nifrətinin günü-gündən artmaqda olduğunu bildirən Ali Məqamlı Rəhbər Sovet İttifaqı və Şərq bloku dağıldıqdan sonra bu ölkənin irəli sürməyə başladığı iddialardan danışaraq dedi: “O zaman ABŞ dünyanın Ağ Evin rəhbərliyi altında yenidən sistemləşdirilməsi iddiası ilə çıxış edirdi. Bu gün isə Amerikanın dövlət rəsmiləri dünya ictimaiyyətinin günü-gündən artan narazılığı və nümayişləri ilə üzləşirlər, gördükləri hər bir iş onlara qarşı nifrəti daha da artırır”.

İslam İnqilabının Rəhbəri Amerikanın İraq, Əfqanıstan, Livan və Fələstində üzləşdiyi uğursuzluqları xatırladaraq əlavə etdi: “Amerika sionist rejimi ilə birlikdə irəli sürdüyü bütün iddialara baxmayaraq, Qəzza zolağında HƏMAS hökumətini yıxmaqda aciz qalıb. Bu, inkaredilməz bir gerçəkliyin – Amerikanın günü-gündən zəiflədiyinin göstəricisidir”.

Həzrət Ayətullah Xamenei İrana qarşı sanksiyaların tətbiq edilməsi haqda çıxarılan qətnaməyə, buna paralel olaraq səsləndirilən zahirən səs-küylü fikirlərə, zaman-zaman hərbi xarakter alan təhdidlərə toxunaraq vurğuladı: “Onlar qəsdən bu cür danışırlar ki, biz bu təhdidlərin arxasında fövqəladə böyük bir təhlükənin gizləndiyini düşünək. Təhdidlərin puç, yaxud real olmasından asılı olmayaraq, heç şübhəsiz, biz İslam İnqilabını, əziz İran xalqını və iftixar mənbəyimiz olan İranımızı qorumaq üçün hər cür situasiyaya hazır olmalıyıq!”

Mövzu ilə əlaqədar söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei Amerikanın layihə və proqramlarının əksəriyyət etibarilə siyasi məqsəd daşıdığını da vurğuladı. O dedi: “Ötən il baş vermiş iğtişaşlar zamanı da amerikalılar dərhal meydana soxuldular, açıq-aşkar sevinc və həvəslə iğtişaşların törənməsində həqiqətən məsuliyyət daşıyan şəxsləri dəstəklədilər. Lakin Uca Yaradan, habelə İran xalqının ayıq-sayıqlığı və mübarizliyi onları məğlubiyyətə uğratdı”.

Həzrət Ayətullah Xamenei ölkə daxilində və xaricdə cərəyan edən reallıqlara, düşmənin fəaliyyətinin ölkə daxilində doğurduğu reaksiyaya daim diqqət yetirməyin mədəni, siyasi, iqtisadi və sosial sahəyə cavabdeh olan rəsmilərin vəzifəsi olduğunu deyərək vurğuladı: “Heç şübhəsiz, bu qarşıdurma meydanında İran xalqı, İslam İnqilabı və İslam Respublikası keçmişdə olduğu kimi, yenə də qalib gələcək, çünki Allah-Təala son nəticədə qələbənin möminlərlə olacağı barədə açıq-aşkar vəd verib. Allahın verdiyi vədlərin yerinə yetəcəyinə isə heç bir şübhə ola bilməz!”.

İslam İnqilabının Rəhbəri İslamın və İslam İnqilabının düşmənlərinə qarşı mübarizədə qəti qələbə çalmaq üçün iman, təqva və saleh əməli “vacib zəmin” adlandıraraq dedi: “Bu günə qədər İslam İnqilabı məhz bu amillərin təsiri ilə mətin duraraq hər cür məkrli planlara və tədbirlərə qalib gələ bilib. Bundan sonra da elə bu cür olacaq!” 

Çıxışının sonunda Ali Baş Komandan qeyd etdi ki, düşmənlərin və onların ölkə daxilindəki ünsürlərinin Keşikçi Korpus əleyhinə apardığı qatı təbliğat bu qoşun hissəsinin İran xalqının şərəfli və qüdrətli hərəkatının davam etdirilməsində nə qədər effektiv olduğunu göstərir.  O, İranın qürur mənbəyi olan keşikçilərə ölkə daxilində baş verən hadisələrə diqqəti daim artırmağı, xidmət etdikləri qoşun hissəsinin öhdəsinə düşən böyük vəzifələrə qarşı daim məsuliyyətli olmağı tövsiyə etdi.  

Ali Məqamlı Rəhbər Keşikçi Korpusu “böyük, dinamik və yüksək əhval-ruhiyyəli bir ailə” adlandıraraq bu böyük qurumun müxtəli bölmələrinin biri-biri ilə əməkdaşlıq etməsinin zəruri olduğunu qeyd etdi. O, əlavə etdi: “Hətta Keşikçi Korpusun təqaüdçüləri də korpusla əlaqəli hesab olunurlar və bu qoşun hissəsinin digər üzvləri kimi, korpusu özlərininki bilməlidirlər. Keşikçi Korpus da onları öz üzvü hesab etməlidir”.

Görüşün əvvəlində Vəli-fəqihin Keşikçi Korpus üzrə nümayəndəsi Hüccətül-İslam vəl-muslimin Səidi korpusun ümumilikdə şəriət qanun-qaydalarına uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edərək dedi: “Keşikçi Korpusda üç başlıca prinsip – nümunəvi keşikçi meyarları, nümunəvi təşkilati struktur və nizam-intizam və nümunəvi təşkilati mədəniyyət prinsiləri qarşıya məqsəd qoyulmuşdur və şəxsi heyətə təbliğ olunur”.

İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Cəfəri də İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərinin və rəsmilərinin 19-cu qurultayının keçirildiyi barədə məlumat verərək dedi: “İnqilab Keşikçiləri Korpusunun hərtərəfli hazırlığı, korpusun inqilabın 4-cü – “Ədalət və tərəqqi” dekadasında rolu, bu qoşun hissəsinin ümumilikdə dəyişilməsi və inkişaf etməsi, soyuq müharibəyə qarşı mübarizə yolları qurultayda müzakirə olunan başlıca məsələlər sırasında idi. Qurultayda İnqilab Keşikçiləri Korpusunu arzuolunan səviyyəyə çatdıracaq əməli strategiyalar araşdırıldı”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /