Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmperialist dövlətlərin saxta və qeyri-real gücü məhvə uğramaqdadır

Bu gün – Əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, müsəlman ölkələrinin Tehrandakı səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər Besətin son dərəcə önəmli bir mərhələ olduğunu dedi, bu günü “insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcı”, “bəşəriyyətin fitri və tarixi ehtiyaclarına cavab verildiyi gün” adlandıraraq vurğuladı: “Peyğəmbərin besəti və İslam dininin Yer üzünə gəlişi bəşəriyyətə verilmiş ədalət, sülh, asayiş və təhlükəsizlik müjdəsidir. Tanrının sadiq vədlərinə görə, vahid Allaha itaət və pərəstiş yolu olan bu yolun sonunda onun davamçılarına rahatlıq, nicat və qələbə nəsib olacaq”.

Həzrət Ayətullah Xamenei İslam peyğəmbərinin (s) Məbəs günü münasibətilə hamını təbrik etdi, ədalət, sülh, asayiş və təhlükəsizlik yollarının bəşəriyyətin üzünə açıldığı Besəti “Allahın rəhmətinin Yer üzünə göndərildiyi gün” adlandırdı. O əlavə etdi: “Hər bir insanın qəlbindən başlanğıc alan bu sülh və asayiş yolları cəmiyyət içərisindəki və xalqlar arasındakı münasibətlərə qədər uzanır. İslam dini həmin nicat və rahatlıq yollarının əleyhinə çıxanları bizə bəşəriyyətin həqiqi səadətinə düşmən olan şəxslər və cərəyanlar kimi tanıdır”.

Ali Məqamlı Rəhbər müsəlmanları bəşəriyyətin xoşbəxtliyinin əleyhinə olanlara qarşı mübarizədə mətin olmağa çağıran Quran ayələrini, Peyğəmbərin nəsihət və davranışlarını xatırladaraq qeyd etdi: “İslam dini açıq-aşkar dəlillərlə bütün insanları sülh, ədalət və asayiş kölgəsi altında xoşbəxt yaşamağa dəvət edir, bu yolun əleyhinə çıxanlara qarşı qəti və barışmaz mübarizə aparmağın vacib olduğu barədə göstəriş verir”. 
        
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Tarix boyu bəşəriyyəti xoşbəxtliyə aparan nurlu yolun əleyhinə çıxanlar ədalət və sülhün bərqərar olması naminə deyil, öz hakimiyyət dairələrini genişləndirmək, ədalətsizliyi yaymaq, insanların asayiş və təhlükəsizliyini pozmaq naminə müharibələr etmişlər. Bu gün də dünyanın işğalçı və imperialist dövlətləri ən son silah və texnologiyalardan, o cümlədən nüvə silahından istifadə edərək cahiliyyət dövrünə xas həmin yolu modern təzahürlərlə davam etdirməkdədirlər”.

Həzrət Ayətullah Xamenei imperialist dövlətlərin təchiz olunduğu silah və hərbi texnikanı, onların bu iş üçün başgicəlləndirici məbləğdə pullar xərcləməsini müasir dünyanın acınacaqlı reallıqlarından biri adlandıraraq dedi: “Nə qədər ki super-dövlətlər beynəlxalq məsələlərin təşəbbüskarı rolunda çıxış edirlər, dünyada müharibələr, ədalətsizlik və asayiş pozuntusu davam edəcək”.    
 
Ali Məqamlı Rəhbər II Dünya müharibəsinin başlanğıcından 1990-cı ilə qədər 45 il ərzində Yer üzündə yalnız 3 həftə müddətində müharibə olmadığını vurğulayaraq əlavə etdi: “Bu müharibələri qızışdıranlar silah istehsalında lider olan, silah və hərbi texnikanın satışından mənfəət əldə etmək niyyəti güdən dövlətlər olub. Amerikanın Yer üzündə ədalət və təhlükəsizliyi bərqərar etmək niyyəti ilə müharibə etdiyi barədə iddiaları ağ yalandır”.  

İslam İnqilabının Rəhbəri ötən il ərzində ABŞ-ın hərbi xərclərinin 600 milyard dollar təşkil etdiyi ilə bağlı rəsmi statistik məlumatları qeyd edərək dedi: “Bu silah və hərbi texnika müsəlman əfqan xalqını əzməyə, İraqda əhalini yumruq altında saxlamağa, habelə Orta Şərqi müharibə alovunda yandırmaqda davam etməsi üçün mənfur sionist rejiminə edilən yardımlara sərf olunur”.

Həzrət Ayətullah Xamenei dedi: “Təəssüflər olsun ki, bu gün belə cahil və despot bir dövlət dünyaya, insanların həyatına hakimlik edir. Lakin belə bir təzahür Allahın yaradılışda müəyyən etdiyi qayda-qanuna və haqqa zidd olduğu üçün aradan getməyə məhkumdur və onun məhvinin əlamətləri artıq özünü büruzə verməkdədir”.
 
Ali Məqamlı Rəhbər dünyada vəziyyətin dəyişdiyini, İslam dünyasında günü-gündən islami oyanışın müşahidə olunduğunu xatırladaraq əlavə etdi: “Müsəlmanların islami oyanışı imperialist dövlətlərin süquta doğru getdiyinə açıq-aşkar sübutlardan biridir. Müsəlman dünyasında baş verən dini oyanış imperialistlərin əvvəlki gücünü itirməsinə səbəb olub. Amerikanın hazırkı vəziyyətini əvvəlki ilə müqayisə etdikdə bu fikir öz təsdiqini tapır”.

İslam İnqilabının Rəhbəri müsəlmanların bir yumruqda əvvəlkindən də artıq birləşməyinin vacib olduğunu vurğulayaraq qeyd etdi: “Vahid Allaha ibadət və itaət yolunun, bəşəriyyətin səadət və xoşbəxtliyinin əleyhinə olanlar islami oyanışın artdığı hər bir yerdən özlərinə qarşı daha çox təhlükə hiss edirlər. Məhz buna görə də bu gün İran İslam Respublikasına qarşı ədavət artıb”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasını “müsəlman xalqların oyanışının, vəhdət və əzəmətinin bayraqdarı” adlandıraraq vurğuladı: “31 ildir ki, imperialist dövlətlər İslam Respublikasının əleyhinə iş aparırlar. İran İslam Respublikası 31 il ərzindəki bütün bu düşmənçiliklərə baxmayaraq, Allahın fəziləti sayəsində, il-ildən daha da güclü və köklü-köməcli olub”.

Bu faktın gələcəkdə də eynilə davam edəcəyini qeyd edən Ali Məqamlı Rəhbər batilin süquta uğrayıb məhv olacağı haqda Tanrının verdiyi sadiq vədləri xatırladaraq əlavə etdi: “Düşmənçiliklər nə qədər artsa, İran İslam Respublikasının İslam dünyasında dayağı olan insanlar öz müsəlman kimliyini daha da çox dərk edəcəklər. Müsəlman xalqları və dövlətləri özlərinə əvvəlkindən də artıq güvənməli, imperialist dövlətlərdən qorxub çəkinməməlidirlər. Çünki onların saxta və qeyri-real gücü məhvə məhkumdur”.

Görüşün əvvəlində ölkə başçısı cənab Mahmud Əhmədi Nejad Məbəs günü münasibətilə hamını təbrik etdi. O, besətin əsl mahiyyət və hədəfinin insanları onların fitrəti ilə tam səsləşən təkallahlılıq dininə, bəşəriyyətin nicatına dəvət etmək olduğunu vurğulayaraq dedi: “İslam peyğəmbərinin (s) besətinin mahiyyətində duran mesajlar Allaha ibadət, vahid Allahın varlığını təsdiq etmək, ədaləti bərqərar etmək, despot və şarlatanlara qarşı mübarizə aparmaqdır. Bütün bunların son nəticəsi isə, əlbəttə ki, bəşəriyyətin nicatı və rahatlığıdır”.  
   
Ölkə prezidenti Yer üzündəki insanların fitrətinin oyanmasının şarlatan dövlətləri günü-gündən daha çox qorxuya saldığını qeyd edərək vurğuladı: “Uca Tanrının vəd etdiyi kimi, əməlisaleh insanlar Yer üzünün varisi olacaqlar və İslam peyğəmbərinin (s) missiyası onun əzəmətli övladı Həzrət Məhdinin (ə.f) rəhbərliyi ilə öz bəhrəsini verəcək”.     

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /