Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məhkəməyə üz tutan hər bir şəxs hüquqlarının bərpa ediləcəyinə əmin olmalıdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə bugünkü görüşündə məhkəmə orqanlarını İslam dövlətinin son dərəcə həssas və əhəmiyyətli sferalarından biri adlandıraraq vurğuladı ki, ölkənin bütün hökumət orqanları Məhkəmə Hakimiyyətinə dəstək olmalıdırlar. Ali Məqamlı Rəhbər dedi: “Məhkəmə Hakimiyyətinin mühüm vəzifələrindən biri ədalət və vicdan məcrasından kənara çıxmamaq, ölkədə formalaşan siyasi atmosferin təsiri altına düşməmək, mühakimə edərkən və hökm çıxararkən simpatiya və antipatiya hisslərinə qapılmamaqdır”.  

Ayətullah Doktor Behiştinin və İslam İnqilabının 72 havadarının şəhadət gününə təsadüf edən, o əziz şəhidlərin ailə üzvlərinin də iştirak etdiyi bu görüşdə İslam İnqilabının Rəhbəri 1360-cı il tir ayının 7-si (1981-ci il, iyunun 28-i)  baş vermiş hadisədə İslam İnqilabı yolunda böyük xidmətləri olmuş, sınaqlardan çıxmış, cəsur insanların şəhid edildiyini deyərək əlavə etdi: “Bu şəhidlərin ön sırasında dahi şəxsiyyət – Ayətullah Behişti durur. Ayətullah Behişti güclü əqidəyə malik, imanlı, sırf Allah naminə iş görən, sadiq və qətiyyətli bir insan idi”.
      
Həzrət Ayətullah Xamenei məzlum şəhid Ayətullah Behiştinin spesifik keyfiyyətləri sırasında onun dediyi hər bir sözə möhkəm etiqadı olmasını, öz əqidə və prinsiplərini daim əməldə həyata keçirməsini, hədəfə doğru aparan yolda təhlükələrdən qorxmamasını qeyd edərək vurğuladı: “O möhtərəm şəhid məntiqli, prinsiplərinə sadiq olan, əqidə məsələsində heç kəsə güzəştə getməyən, həqiqətən prinsipial bir insan idi”.

Ali Məqamlı Rəhbər tarixdə özünəməxsus təsiri olmuş, unudulmaz şəxsiyyətlərin meydana gəlməsində məhz bu kimi keyfiyyətlərin başlıca rol oynadığını deyərək əlavə etdi: “Bəzi insanlar yalnız danışır, heç bir iş görmürlər. Bəziləri isə dediklərinə əməl etdiklərinə baxmayaraq, keşməkeşli hadisələr, istehza, tənə və ədalətsiz düşmənçiliklə üzləşdikdə tab gətirə bilmir, işlərini yarımçıq qoyur, hətta bu durğunluqdan sonra bəzən geri çəkilməyə başlayırlar”. 

İslam İnqilabının Rəhbəri bu barədə aşağıdakıları da qeyd etdi: “Tarixin axarına özünəməxsus təsir edə bilən, unudulmaz insanlar xalis və qətiyyətli əqidə ilə sözlərinin üstündə möhkəm durur, iman və cəsarətlə qəti qərara gəlib gördükləri işi davam etdirir, eyni zamanda, onlara Allahın sevgisini qazandıran səbir haqqında da unutmurlar”. 

Həzrət Ayətullah Xamenei Ayətullah Behiştinin və İslam İnqilabının 72 havadarının şəhadətinin İslam Respublikası ideyasının və İmam Xomeyni (r.ə) amallarının möhkəmlənməsi, yenicə yaranmış İslam dövlətinin özünü təsdiq etməsi üçün zəmin yaratdığını deyərək vurğuladı: “1360-cı il tir ayının 7-si (1981, 28 iyun) baş vermiş hadisə o dövrdəki çətin şəraitdə hamını şoka salsa da, İslam İnqilabına böyük və konstruktiv təsiri olmuşdur”.   

Həzrət Ayətullah Xamenei dedi: “Nə qədər ki, şəhidlik ideyası cəmiyyətimizdə yüksək mövqe tutur, heç bir dövlət – istər hazırkı imperialist dövlətləri, istərsə onlardan da güclü bir dövlət olsun – İslam Respublikasına və İran xalqına qalib gələ bilməyəcək!”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətini İslam hökumətinin olduqca həssas və əhəmiyyətli bir qolu adlandırdı, bu hakimiyyət orqanında ümidverici perspektivlərin mövcud olduğunu vurğulayaraq əlavə etdi: “Bu perspektivlərə yol açan amillərdən biri Məhkəmə Hakimiyyətinə alim, fəzilətli, müctəhid, müdrik, gənc, yüksək istedad və potensiala malik olan, vəzifədə olduğu qısa müddət ərzində diqqətəlayiq fəaliyyəti ilə özünü təsdiq etmiş bir şəxsiyyətin başçılıq etməsidir”.

Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin yüksək vəzifəli şəxslərinin də təmiz, sağlam əqidəli və nüfuzlu keçmişə malik insanlarla təmsil olunduğunu deyərək qeyd etdi: “Məhkəmə Hakimiyyəti sferasında dərin biliklərə malik, uzaqgörən, cəsur və vicdanlı hakimlər də az deyil. Bütün bunlar məhkəmə orqanlarında müsbət perspektivlərin müşahidə olunacağına ümid etmək üçün əsas verir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhkəmə Hakimiyyəti ilə bağlı bu ümidlərin gerçəkləşməsi, hakimiyyətin bu qolunun cəmiyyətdə layiqli status qazanması üçün genişmiqyaslı və ciddi fəaliyyətə keçmək lazımdır”.

İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyətinin ictimaiyyət arasında layiqli və gözlənilən status qazanması ilə bağlı dəfələrlə təkid etdiyini xatırladaraq dedi: “Məhkəmə Hakimiyyəti ölkədə elə bir statusa malik olmalıdır ki, hüquqları pozulmuş hər bir şəxs məhkəmə instansiyalarına müraciət edəcəyi təqdirdə, hüquqlarının bərpa olunacağına, ona edilmiş zülmün aradan qalxacağına əmin olsun”.

Həzrət Ayətullah Xamenei xalq arasında belə bir rəyin formalaşdırılmasını “olduqca çətin və tədricən başa gələn bir iş” adlandıraraq əlavə etdi: “Ədliyyə orqanlarına edilən şikayətlərə o qədər ədalətli və vicdanlı formada baxılmalıdır ki, xalqın hər bir nümayəndəsində hüquqlarının bərpa ediləcəyinə, zülmün ortadan qalxacağına ümid hissi yaransın”.    

Ali Məqamlı Rəhbər həmçinin imanlı, dərin biliklərə malik olan, vicdanlı kadrların Məhkəmə Hakimiyyətinə cəlb edilməsinin, ədliyyə orqanlarının fəaliyyətinə yüksək səviyyəli dövlət nəzarətinin həyata keçirilməsinin də zəruri məsələlərdən biri olduğunu vurğulayaraq dedi: “Məhkəmə Hakimiyyətinin işində mühüm məsələlərdən biri də struktur təşkilatların və ümumilikdə ədliyyə sisteminin məhkəmə strukturunun yenilənməsidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Struktur dəyişikliklərin həyata keçirilməsi ədliyyə sisteminin təşkilati strukturunun stabillikdən məhrum edilməsi demək deyil. Stabillik və möhkəmlənməyə paralel olaraq, ümumilikdə təşkilati struktura qarşı tənqidi yanaşma da olmalıdır”.  

Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti daxilində qanun və qərarlara yenidən baxılması, bəzi qanunlar arasındakı ziddiyyətin, aşağı məhkəmə instansiyaları ilə yuxarı instansiyaların qərarları arasındakı uyğunsuzluğun aradan qaldırılması və s. kimi halları da ədliyyə sistemində baxılmasına ehtiyac duyulan məsələlər sırasında sadalayaraq əlavə etdi: “Məhkəmə Hakimiyyətində ən çətin və önəmli hesab olunan məsələlərdən biri də şəxsi simpatiya və antipatiyaların, habelə siyasi qarşıdurmaların təsiri altına düşməməkdir”.        
                 
Ali Məqamlı Rəhbər bu məsələ ilə bağlı aşağıdakıları da qeyd etdi: “Böyük təhlükə yaradan məqamlardan biri də müxtəlif siyasi cinahların ölkədə formalaşdırdığı siyasi atmosferin, qəzetlərin və xarici KİV-in ədliyyə orqanlarının düzgün məcrada fəaliyyətinə, məhkəmə proseslərinə təsir göstərməsidir. Ədliyyə sisteminin fəaliyyətində hər cür emosiyaları, dostluq və düşmənçilikləri bir kənara qoyaraq yalnız ədaləti rəhbər tutmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Məhz bu halda insanlar Məhkəmə Hakimiyyətinin çıxardığı rəy və qərarlara etibar edəcək, onlardan razı qalacaqlar”.  

Həzrət Ayətullah Xamenei məhkəmə instansiyalarının çıxardığı qərarların cəmiyyətdə müsbət qəbul olunması üçün müvafiq zəminin yaranmasını böyük bir fürsət adlandıraraq əlavə etdi: “Bütün hökumət orqanları Məhkəmə Hakimiyyətinə dəstək olmalıdırlar ki, dövlətimizin ədliyyə strukturları bu çətin şəraitdə öz vəzifələrinə lazımınca əməl edə bilsinlər. Nəticə etibarilə bu, ölkəmizin ali hədəflərə doğru irəliləməsinə yardım edəcək”.

Ali Məqamlı Rəhbər həmçinin mübarək rəcəb ayının yaşandığını qeyd edərək hamıya bu fürsətdən layiqincə bəhrələnməyi, bu ayda dua və təvəssül etməyi, Allahdan günahlarının bağışlanmasını diləməyi tövsiyə etdi.

Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Sadiq Amoli Laricani qurumun 10 ay müddətindəki fəaliyyəti barədə qısaca məlumat verərək dedi: “Bu müddət ərzində görülən işlər sırasında “Məhkəmə Hakimiyyətinin 5-ci fəaliyyət proqramı”nın işlənib hazırlanmasını, ixtisaslı kadrların cəlb olunması və yetişdirilməsi məqsədilə Qum Elmi-teoloji Mərkəzi nəzdində Ədliyyə İşi üzrə Elmi Tədqiqat və Təhsil Müəssisəsinin işə başlamasını, hakimlərin ixtisasartırması işinin həyata keçirilməsini, hakimlərin müstəqilliyini təmin etmək üçün müvafiq şərait yaradılmasını, yeni texnologiyalardan istifadəyə, əvvəlki texnoloji təchizatların təkmilləşdirilməsinə çalışılmasını,  Ali Məhkəmə üçün yeni Nəzarət Konsepsiyasının işlənib hazırlanmasını, məhkəmə proseslərinin süni şəkilə uzadılmasının qarşısını almaq məqsədilə Məhkəmə Qərarlarının İcrası Haqqında Əsasnamənin 18-ci maddəsinin geniş miqyasda tətbiqinin ləğv edilməsini qeyd etmək olar”. 

Məhkəmə Hakimiyyətinin Sədri ötən il seçkidən sonra baş vermiş iğtişaşları xatırladaraq fitnəkarların layiqli cəzalarını aldıqlarını qeyd etdi. Cənab Laricani dedi: “Məhkəmə Hakimiyyəti cəmiyyətin asayiş və təhlükəsizliyini pozan iğtişaşçılara, habelə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparacaq və bu yoldan, bir addım belə olsun, geri çəkilməyəcək”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /