Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müstəmləkəçi dövlətlərin xalqları açıq-aşkar təhqir edib hədələdiyi günlər artıq keçmişdə qalıb!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Həzrət Əlinin (ə) mübarək doğum günündə Buşəhr vilayətinin sakinləri ilə görüşdü. Sakinlərin qarşısında çıxış edən Ali Məqamlı Rəhbər Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) müstəsna bir şəxsiyyət olduğunu qeyd etdi, o həzrəti “elmin, mənəvi-əxlaqi, bəşəri və ilahi dəyərlərin zirvəsi” adlandıraraq vurğuladı: “Bəşər tarixində yaşamış bu misilsiz şəxsiyyətin həyatından İslam dünyasının və cəmiyyətin bugünü üçün götürməli olduğumuz ən mühüm dərs insanların gözünü açmaq, kimin kim olduğunu, nə baş verdiyini onlara anlatmaq, uzaqgörənliyə ehtiyac duyan şəxslərin imanını möhkəmlətmək, düşüncəsini dərinləşdirməkdir”.    
 
İslam İnqilabının Rəhbəri görüş iştirakçılarını rəcəb ayının 13-cü günü – möminlərin mövlası Həzrət Əlinin (ə) doğum günü münasibətilə təbrik edərək bu günü “böyük bir bayram” adlandırdı. O, Həzrət Əli (ə) şəxsiyyətinin əzəmətini vurğulayaraq dedi: “Bu möhtəşəm günün bir bayram kimi başlıca mahiyyəti o həzrətin həyat tərzindən, danışığından və rəftarından nümunə götürməkdir”.  

Həzrət Əlinin (ə) həyatının başdan-başa cihaddan, Allah yolunda səbirdən, dinin gerçək mahiyyətini dərk etməkdən, uzaqgörənlikdən və Tanrının razılığını qazanmaq uğrunda səydən ibarət olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Uşaqlıq dövründən etibarən Peyğəmbərin (s) yanında böyüyüb boya-başa çatmış və ondan tərbiyə almış bu misilsiz şəxsiyyət şərəfli ömrünün müxtəlif etaplarında haqqın bərqərar olunması və İslamın qorunması uğrunda çalışıb-vuruşmuşdur. İslam peyğəmbəri (s) o həzrəti “haqqın tərəzisi” adlandırmışdır”.

Ali Məqamlı Rəhbər Əmirəl-möminin Əlinin (ə) ən üstün keyfiyyətinin bəsirətə ehtiyacı olan insanların gözünü açmaq olduğunu qeyd edərək vurğuladı: “Bu gün İslam dünyasının və bəşər cəmiyyətinin başlıca ehtiyaclarından biri ictimaiyyətin zehnini aydınlatmaq, insanların gözünü açmaqdır. Hər an ayıq-sayıq olmaq vacibdir, çünki düşmənlər İslama qarşı mübarizə aparmaq üçün dindən, habelə əxlaq və mənəviyyatdan bir silah kimi istifadə edirlər”. 

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Qeyri-müsəlman ölkələrdə ictimaiyyəti aldatmaq istədikdə bəşər hüquqlarından və demokratiyadan söz salır, müsəlmanların ictimai rəyi ilə üz-üzə qaldıqda isə İslamdan və Qurandan danışırlar. Halbuki İslama, Qurana və bəşər hüquqlarına qətiyyən etiqad bəsləmirlər”.

Həzrət Ayətullah Xamenei tarixdə fitnəkarlığa nümunə olaraq, Həzrət Əlinin (ə) hakimiyyəti dövründə baş vermiş Siffeyn döyüşünü, ictimaiyyəti aldatmaq  və o həzrətə təzyiq göstərmək məqsədilə Quranın nizəyə taxılmasını xatırladıb əlavə etdi: “Fitnə və iğtişaş dolu o dövrdə Əmirəl-möminin Əli (ə) öz dostlarına xəbərdarlıq edirdi ki, tutduqları haqq yoldan yayınmasınlar, fitnəkar insanların dediyi sözlər onları həvəsdən salmasın”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, fitnə və iğtişaşların baş verdiyi dövrdə cəmiyyətdə daim dumanlı atmosfer hökm sürür. O vurğuladı: “Cəmiyyətdəki atmosferin dumanlanması bəzən o həddə gəlib çatır ki, hətta görkəmli şəxslər belə, çaşqınlığa düçar olurlar. Buna görə də, fitnə və iğtişaşlar dövründə insanların haqqı batildən fərqləndirə bilməsi üçün müəyyən bir meyarın olması vacibdir. Həmin meyar isə Həzrət Əlinin (ə) insanları yönəltdiyi haqq yolu və açıq-aşkar dəlillərdir. Bu gün bizim də buna ehtiyacımız var”.  

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əmirəl-möminin Əlinin (ə) insanlara təqdim etdiyi, onların yoluna işıq salacaq meyarlar bunlardır: İslam cəmiyyətinin İslam qaydalarına uyğun idarə olunması, təcavüzkar düşmənlərə qarşı qətiyyətli mübarizə, onlara qarşı mövqeyini açıq-aşkar bildirmək və uydurduqları yalanlara qarşı daim ayıq-sayıq olmaq”.      

İran xalqının İslam İnqilabının bərəkətli təsiri nəticəsində müdrik və ayıq-sayıq olduğunu, ölkənin bir sıra problemlərinin də məhz xalqın uzaqgörənliyi sayəsində həll edildiyini vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi: “Sadə xalqın nümayəndələrinin asılılıq duyduğu amillər daha az olduğu üçün onlar bir çox hallarda reallığı bəzi görkəmli şəxslərdən və ziyalılardan daha yaxşı dərk edirlər. Bu, Allahın böyük nemətlərindən biridir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı İslam dininin ən yüksək amallarına doğru aparan yolda sabitqədəm olduğunu nümayiş etdirib və bundan sonra da, Allahın yardımı və dəstəyi ilə, bu sabitqədəmliyini qoruyub saxlayacaq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, İran xalqı yalnız özünün istedadı, bacarığı və uzaqgörənliyi sayəsində böyük tərəqqi və nailiyyətlərə imza atmağa, İslam İnqilabının aparıcı şüarlarını gerçəkləşdirməyə müvəffəq olub. O vurğuladı: “Bu gün İran xalqı, xüsusilə də, gənclər gözüaçıq və uzaqgörəndirlər. Gələcək bu xalqındır!”

Həzrət Ayətullah Xamenei qeyd etdi: “Mətinliyimizi, səbatımızı, milli birliyimizi günü-gündən daha da artırmalı, İslamın və Quranın şüarlarından, Əhli-Beytin (ə) yolundan ikiəlli yapışmalıyıq”.

Ali Məqamlı Rəhbər bunları da vurğuladı: “Allahın lütfü sayəsində, İran gəncləri beynəlxalq arenada hegemonluq edən düşmənlərin İran xalqına zor və təzyiq göstərmək iqtidarında olmayacağı günün şahidi olacaqlar”.

İslam İnqilabının Rəhbəri həmçinin “Nəhcül-bəlağə”ni əvvəlkindən də çox mütaliə etməyi, Həzrət Əlinin (ə) xütbələri və onlarda gizlənmiş dərin hikmətlər haqqında dərindən düşünməyi tövsiyə edərək dedi: “Nəhcül-bəlağə” yalnız şiəliyə aid deyil. Bu xütbələr və hikmətli kəlamlar haqqında böyük sünni alimləri də heyranedici fikirlər söyləmişlər. Hətta “Nəhcül-bəlağə”ni oxuyan qeyri-müsəlman filosof və mütəfəkkirlərin əksəriyyəti də onun əzəmətinə mat qalmışlar”.

Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Buşəhrin qəhrəman tarixinə, bu vilayətin adlı-sanlı alim və ziyalılarının, mübariz şəxsiyyətlərinin özünəməxsus roluna toxunaraq əlavə etdi: “Mömin və şücaətli komandir şəhid Rəis Əli Delvarinin adı ölkənin hər yerində imanlı insanların qəlbini daim riqqətə gətirən adlardan biridir”.  
   
Ali Məqamlı Rəhbər şəhid Rəis Əli Delvarinin işğalçı ingilis hökumətinə qarşı tənhalıq və məzlumiyyət içərisində mübarizə apardığını xatırladaraq dedi: “Əlbəttə, bu gün vəziyyət o dövrdəkindən çox fərqlidir. Bu gün ölkənin dörd bir yanında saysız-hesabsız imanlı, fədakar, bəsici gənclər hərbi müdafiə, mədəniyyət və s. sahələrində özlərini təsdiq ediblər. Sözsüz ki, Buşəhr vilayətinin gəncləri də bu möhtəşəm toplumun bir parçasıdırlar”.

İslam İnqilabının Rəhbəri bunları da vurğuladı: “Müstəmləkəçi dövlətlərin xalqları açıq-aşkar təhqir edib hədələdiyi dövran artıq geridə qalıb. Bu gün İran xalqı dünyada qüdrətli bir xalq kimi tanınır”.

Həzrət Ayətullah Xamenei başda Amerika olmaqla, imperialist dövlətlərin günü-gündən daha artıq rüsvay olduğunu, xalqların müqavimətinin öz nəticəsini göstərdiyini və milli hökumətlərin meydana gəldiyini qeyd edərək dedi: “Gerçək iqtidar və nüfuz İran xalqının haqqıdır. Heç bir qüvvə bu xalqı tutduğu yoldan sapındıra bilməz!”.

Görüşün əvvəlində Vəli-fəqihin nümayəndəsi və Buşəhrin imam-cüməsi Hüccətül-İslam vəl-muslimin Səfayi Buşəhri hamını Həzrət Əlinin (ə) doğum günü münasibətilə təbrik etdi, təcavüzkar müstəmləkəçilərə qarşı mübarizədə bu vilayətin görkəmli alimlərinin və mübariz insanlarının oynadığı mühüm rolu xatırladaraq qeyd etdi: “Buşəhr əhalisi təcavüzkar düşmənlərə qarşı mübarizədə daim ön sırada olduğu kimi, hal-hazırda da Vəli-fəqihə böyük sevgi və uzaqgörənliklə İslam İnqilabı yolunda canından keçməyə hazırdır”.   

Cənab Səfayi həmçinin Buşəhr vilayətinin Fars körfəzi sahilindəki strateji mövqeyinə toxunaraq vilayətdə əkinçiliyin, balıqçılıq təsərrüfatının və energetika sənayesinin inkişafı üçün əlverişli şəraitin mövcud olduğunu qeyd etdi. O əlavə etdi: “20 illik perspektiv plan” sənədi çərçivəsində Buşəhr vilayəti üçün hazırlanmış inkişaf proqramları buna ümid etməyə əsas verir ki, vilayətin potensialından lazımınca istifadə olunacaq, Buşəhr qabaqcıl, dindar bir vilayətə çevriləcək, milli coğrafiyamızla yanaşı ölkəmizin hüdudlarından kənarda da nümunə olacaq”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /