Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İİR-in 30 illik mübarizəsi nəticəsində artıq ayrı-ayrı dövlətlər Amerikaya qarşı çıxaraq öz müstəqil rəyini bildirirlər

Sədaqətli, mətin və uzaqgörən İran xalqı dahi imam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr olunmuş mərasimi mərhum liderə qarşı özünün möhtəşəm və dərin sədaqətinin ifadə olunduğu bir meydana çevirdi; imam Xomeyninin (r.ə) işıqlı kursuna sadiq qalacağı barədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri və dövrün Vəliyyi-fəqihi Həzrət Ayətullah Xamenei ilə bir daha əhd-peyman bağladı.

Müqəddəs imam Xomeyni (r.ə) hərəmində, böyük xalq kütləsi qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei mərhum İmamı (r.ə) İslam İnqilabının ən böyük meyarı adlandıraraq, habelə gerçək ictimai-siyasi kursundan uzaqlaşdırılmış formada təqdim edilən imam Xomeyninin (r.ə) öz həqiqi şəxsiyyətindən məhrum edildiyini vurğulayaraq əlavə etdi: “Daim Həzrət Məhəmmədin (s) gətirdiyi gerçək İslama söykənmək, İslam məktəbi çərçivəsində bəzi insanların hüsn-rəğbəti, bəzilərinin isə mənfi münasibəti ilə qarşılaşmaq, Tanrının verdiyi vədlərin mütləq həyata keçəcəyinə inanmaq, təqvaya və mənəvi şərtlərə əməl etmək, İslam İnqilabına qlobal aspektdən yanaşmaq, xalqa arxalanmaq, hər cür mühakimələrdə insanların real vəziyyətini nəzərə almaq imam Xomeyni (r.ə) kursunun başlıca meyarlarındandır. Bu kurs insanlara düzgün formada izah olunmalı  və daim diqqət mərkəzində saxlanmalıdır”.

Həzrət Ayətullah Xamenei ictimai hərəkatların, xüsusilə də inqilabların ilkin tendensiyasının qorunub-saxlanmasının bu hərəkatların getdikcə öz yolundan sapınmasına və ya başqalaşmasına mane olduğunu deyərək əlavə etdi: “İnqilabların mahiyyətini dəyişmək niyyətində olan şəxslər əllərinə bayraq alıb açıq-aşkar şüarlarla ortalığa çıxmırlar. Onların fəaliyyəti gizli surətdə həyata keçirilir. Buna görə də hər cür sapınmanın qarşısını almaq məqsədilə hər bir inqilabın bəlli meyarlarının olması olduqca vacibdir”.

Ali Məqamlı Rəhbər imam Xomeyni (r.ə) və onun kursunu İran İslam İnqilabının ən önəmli və başlıca meyarı adlandıraraq qeyd etdi ki, bu kurs dahi İmamın (r.ə) davranışında, çıxışlarında və vəsiyyətnaməsində öz əksini tapıb.  
      
Həzrət Ayətullah Xamenei bildirdi ki, imam Xomeyni (r.ə) meyarları ictimaiyyətə düzgün formada çatdırılmalı, bu meyarların yaddaşlardan silinməsinə, yaxud diqqətdən kənarda qalmasına əsla yol verilməməlidir. Daha sonra o əlavə etdi: “İmam Xomeyninin (r.ə) görüşlərinin insanlara qeyri-düzgün formada çatdırılması, yaxud onların unudulması eynilə insanın düzgün istiqaməti müəyyən etmək məqsədilə özü ilə bərabər götürdüyü kompasın xarab olmasına bərabərdir”.

“İmam Xomeyninin (r.ə) mövqeyi, ideya və görüşləri tam aydın və açıq-aşkar  formada insanlara izah edilməlidir!” ‒ deyən Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “İmamın (r.ə) dünyanı lərzəyə gətirmiş və xalqların oyanışına səbəb olmuş  şəxsiyyəti və bir lider kimi dühası məhz onun birbaşa və qətiyyətli mövqeyindədir”.

İmam Xomeyninin (r.ə)  imperializmə, irticaçılığa, Qərb liberal demokratiyasına, münafiq və ikiüzlü insanlara qarşı tutduğu mövqeyi xatırladan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Biz bəzi şəxslərə, yaxud ictimai-siyasi cərəyanlara xoş gəlməkdən ötrü imam Xomeyninin (r.ə) mövqeyini və görüşlərini gizlədə, yaxud zəif çalarlarda təqdim edə bilmərik və bunu etməməliyik də!”

Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “Öz gerçək kursundan ayrı təqdim olunan İmam (r.ə) əsl kimliyini itirmiş olur. İmam Xomeynini (r.ə) əsl şəxsiyyətindən uzaqlaşdırmaq isə ona xidmət hesab oluna bilməz”. 

Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) ideologiyasının əsas prinsiplərindən müəyyən qismini inkar edən, yaxud gizlədən şəxsləri tənqid edərək dedi: “Təəssüflər olsun ki, belə bir yanlış düşüncə tərzinə nə vaxtsa özləri İmamın (r.ə) ideyalarını təbliğ etmiş və onun ardıcıllarından olmuş şəxslər yol verirlər”.

İslam İnqilabının Rəhbəri gənclərə imam Xomeyninin (r.ə) vəsiyyətnaməsini oxuyub bu haqda dərindən düşünməyi dönə-dönə tövsiyə edərək əlavə etdi: “İmamın (r.ə) ideologiya və görüşlərinin başlıca tezisləri xülasə şəklində bu vəsiyyətnamədə öz əksini tapıb”.

Həzrət Ayətullah Xamenei müsəlmanların rəhbəri Məhəmməd peyğəmbərin (s) gətirdiyi gerçək İslamı imam Xomeyni (r.ə) ideologiyasının başlıca meyarlarından biri adlandıraraq qeyd etdi: “İmamın (r.ə) görüşlərində gerçək İslam zülmə qarşı mübarizə aparan, ədalətpərvər, yoxsulların tərəfində duran, məzlum və binəsib insanların hüquqlarını müdafiə edən İslamdır”.

İmam Xomeyni (r.ə) ideyasında amerikansayağı İslamın Məhəmməd peyğəmbərin (s) gətirdiyi gerçək İslama zidd olduğunu deyən Həzrət Ayətullah Xamenei belə qeyd etdi: “Amerikansayağı İslam formal xarakter daşıyan, zülm və acgözlüyə qarşı heç bir reaksiya verməyən, hegemonluq iddiasında olanları asanlıqla qəbul edib onlara yardım edən İslamdır”.

Ali Məqamlı Rəhbər imam Xomeyninin (r.ə) gerçək İslamın reallaşmasını yalnız dinin hakimiyyəti sayəsində mümkün hesab etdiyini vurğulayaraq qeyd etdi: “Dahi İmam (r.ə) İslam Respublikasını Yer üzündə İslam hakimiyyətini təzahür etdirən və bu hakimiyyətin bərqərar olması  üçün zəmin yaradacaq faktor hesab edirdi. Bu səbəbdən də o, İslam dövlətinin qorunub-saxlanmasını şəriət baxımından ən vacib vəzifə elan etdi”.

İslam İnqilabının Rəhbəri imam Xomeyninin (r.ə) başlıca hədəfinin məhz gerçək İslamın insanların həyatında reallaşmasından ibarət olduğunu deyərək təkidlə vurğuladı: “İmam (r.ə) bu amalı rəhbər tutaraq son ana qədər var-gücü ilə İslam Respublikasını qorudu, xalqın rəyinə və İslam şəriətinə əsaslanan yeni bir dövlət modelini dünyaya təqdim etdi”.

Həzrət Ayətullah Xamenei İmamın (r.ə) siyasi-ideoloji kursunun digər meyarı kimi onun İslam məktəbi çərçivəsində insanların hüsn-rəğbəti, bəzən isə mənfi münasibəti ilə qarşılaşmasını  qeyd edərək xüsusilə vurğuladı: “Siyasət meydanında kimi isə özünə dost bilib, kimdənsə üz döndərdikdə də məhz imam Xomeyninin (r.ə) başlıca ideyalarını rəhbər tutmaq lazımdır”.

Ali Məqamlı Rəhbər imam Xomeyniyə (r.ə) qarşı simpatiya və antipatiya bəsləyən insanların dairəsinin olduqca geniş olduğunu qeyd edərək əlavə etdi: “İmamın (r.ə) qətiyyəti və ədavəti şəxsi məsələlər ucbatından yox, yalnız və yalnız İslam naminə idi. Buna görə də İmam (r.ə) xalqı təmsil edən bütün etnik qrupları, cürbəcür siyasi görüşlərə və təmayüllərə malik insanları daim mehribanlıqla bağrına basır, kommunistləri, liberalları və Qərb dövlətlərinə qəlbən bağlı olan şəxsləri isə qətiyyətlə rədd edirdi. O, irticaçıları da dəfələrlə və dönə-dönə kəskin, acı ifadələrlə mühakimə etmiş, belələrini qəbul etmədiyini bildirmişdi”.

İslam İnqilabının Rəhbəri bildirdi: “İmam Xomeyni (r.ə) kursunun bu önəmli meyarı sayəsində insanın özünü İmamın (r.ə) ardıcılı hesab etməsi, eyni zamanda İmama (r.ə) qarşı açıq-aşkar mübarizəyə qalxanlarla həmfikir və cığırdaş olması qeyri-mümkündür”.

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı aşağıdakıları da əlavə etdi: “Amerika, İsrail, imperialistlər, münafiqlər və İmamın (r.ə) əleyhinə olan digər insanlar bir nəfərin ətrafına yığışaraq onu tərifləyib göylərə qaldırsalar və həmin insan imam Xomeyninin (r.ə) yolunu tutduğunu iddia etsə, onun sözləri inanılası deyil və əlbəttə ki, həqiqətə uyğun ola bilməz. Çünki imam Xomeyni (r.ə) qətiyyətlə vurğulayırdı ki, İslamın düşmənləri bizi tərifləsələr, xəyanətə yol verdiyimizi anlamalıyıq”.

Həzrət Ayətullah Xamenei Ümumdünya Qüds Günündə açıq-aşkar imam Xomeyni (r.ə) amallarına qarşı çıxan və ötən ilin Aşura günündə o rüsvayçı əməllərə yol verən insanlara toxunaraq belə əlavə etdi: “İmam Xomeyni (r.ə) prinsiplərinə tamamilə zidd olan bu provokasiyalara qarşı həmrəylik nümayiş etdirən, hətta onları sükutla seyr edən bir şəxs İmamın (r.ə) ardıcılı olduğunu iddia etsə belə, xalq həqiqətləri dərk etdiyində onun iddiasını qəbul etməz”. 

İslam İnqilabının Rəhbəri Allahın verdiyi vədlərə inanmağı, hər bir işin mənəvi-ilahi aspektini nəzərə almağı imam Xomeyni (r.ə) yolunun, bu dahi insanın həyat və fəaliyyətinin digər bir meyarı kimi qeyd edərək dedi: “İmam (r.ə) istənilən qərarı qəbul edərkən mənəvi mülahizələri ön plana çəkirdi; onun hər biri işi görməkdə başlıca məqsədi yalnız Allah rizasını qazanmaq idi”. 

İmam Xomeyninin (r.ə) həyat və fəaliyyətində pessimizmin, qorxunun, qəflət və təkəbbürün heç bir anlam daşımadığını bildirən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “İmam Xomeyni (r.ə) bütün şəxsi, ictimai və siyasi məsələlərdə, hətta öz düşmənləri və əleyhdarları ilə bağlı mühakimələrində də təqva yolundan zərrə qədər olsun, sapınmazdı. Bu, hər kəs üçün, xüsusilə İmamın (r.ə) aşiqi olan mömin və inqilabçı ruhlu gənclər üçün yaxşı bir dərsdir ki, hətta düşmənlərə və müxalif olan insanlara qarşı da tamamilə haqqa, təqvaya və ədalətə uyğun davranmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri xalqın və kütlənin rolunu imam Xomeyni (r.ə) kursunun digər mühüm meyarlarından biri kimi qeyd edərək əlavə etdi: “İmam Xomeyni (r.ə) seçkilərdə, habelə cəmiyyət və ölkə miqyaslı digər məsələlərdə xalqa arxalanmaq işində, həqiqətən də, çox böyük və diqqətəlayiq addımlar atıb”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsindən cəmi iki ay sonra ölkənin dövlət quruluşunun müəyyənləşdirilməsi məsələsi ilə bağlı keçirilən referenduma işarə edərək dedi: “Qələbədən bu qədər az müddət sonra dövlət quruluşu və idarəetmə metodlarını müəyyən etmək üçün xalqa müraciət olunması tarix boyu heç bir inqilabın gedişində rast gəlinməmiş bir faktdır”.            

İslam İnqilabının Rəhbəri İİR-də istənilən şəraitdə, hətta İran-İraq müharibəsinin ən ağır günlərində də seçkilərin baş tutduğunu xatırladaraq əlavə etdi: “İslam İnqilabının 30 illik tarixi boyunca ölkədə heç bir seçki bircə günlük belə olsun, təxirə salınmayıb. Halbuki, demokratiya iddiasında olan heç bir dövlətdə belə bir faktı müşahidə etmək mümkün deyil”.    

Ali Məqamlı Rəhbər bugünkü xütbələrdə imam Xomeyni (r.ə) kursunun daha bir meyarı kimi bu dahi şəxsiyyətin gerçəkləşdirdiyi İslam hərəkatının ümumdünya miqyaslı olması barədə danışdı.

İmam Xomeyninin (r.ə) İslam hərəkatı və İslam İnqilabının bütün dünyaya aid olduğunu cəsarətlə elan etdiyini vurğulayan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “İmamın (r.ə) bu addımı qətiyyən başqa ölkələrin işinə müdaxilə etmək, yaxud inqilabı işğalçı məqsədlərlə dünya ölkələrinə ixrac etmək siyasəti deyildi. Əslində, imam Xomeyninin (r.ə) yeganə məqsədi və amalı bu idi ki, dünya xalqları bu tarixi hərəkatdan bəhrələnsinlər və öhdələrinə düşən vəzifələrə müdrikliklə əməl etsinlər”.  

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “İmam Xomeyninin (r.ə) Fələstin xalqını fədakarcasına və tam məntiqli olaraq dəstəkləməsi onun İslam İnqilabına qlobal aspektdən yanaşmasına bir nümunədir. İmam (r.ə) qətiyyətlə deyirdi ki, İsrail təhlükəli xərçəng şişidir, xərçəngin əlacı isə onu kəsib atmaqdır”.

İslam İnqilabının Rəhbəri imam Xomeyninin (r.ə) Fələstin xalqına münasibətdə tutduğu mövqeyi ən məntiqli mövqe adlandıraraq əlavə etdi: “Dünyadakı hegemon qüvvələr bir xalqa zülm etmək, kütləvi qətllər törətmək, işgəncə və təzyiqlər etməklə dünyanın siyasi xəritəsindən bütöv bir dövləti silmək və onu tamamilə qeyri-məntiqi olaraq “İsrail” adlı qondarma bir dövlətlə əvəz etməyə çalışdılar. Lakin tarixdə rast gəlinən bu açıq-aşkar zülmün qarşısında imam Xomeyni (r.ə) tam məntiqli bir mövqe tutaraq israr edirdi ki, qondarma İsrail dövləti siyasi coğrafiyadan tamamən silinməli, əsl dövlət, yəni Fələstin tarixdəki varlığını davam etdirməlidir”.

İslam İnqilabının Rəhbəri bu barədə həmçinin bunları da əlavə etdi: “İmam Xomeyni (r.ə) işğalçı İsrail rejiminə qarşı tam qətiyyətli və açıq mövqe tuturdu. Lakin hal-hazırda bu barədə eyhamla danışıldıqda belə, İmamın (r.ə) ardıcılı olduqlarını iddia edən bir qrup insan bunu bir növ etirazla qarşılayır”.    

Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) kursunun mühüm meyarlarını açıqlamağa davam edərkən qeyd etdi ki, İmam (r.ə) istənilən insana qiymət verib haqqında mühakimə yürüdərkən onun hazırkı vəziyyətini əsas götürməyi vacib hesab edirdi. Daha sonra Ali Məqamlı Rəhbər belə əlavə etdi: “İmam Xomeyni (r.ə) dəfələrlə deyirdi ki, insanlar haqqında mühakimə yürüdərkən onların hazırkı ‒ real vəziyyətini əsas götürmək lazımdır. Bu məsələ imam Xomeyni (r.ə)  kursunun mahiyyətini dərk edib onun yolunu davam etdirməkdə olduqca əhəmiyyətli bir meyardır”.  

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnsanın keçmişindən yalnız və yalnız o zaman yapışmaq olar ki, onun hazırkı vəziyyəti keçmişdəkinin əksi olmasın. İnsanın hazırkı vəziyyətində dönüş müşahidə olunursa, keçmişi onun üçün artıq heç bir vəchlə ölçü və meyar ola bilməz”.

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı Təlhə və Zübeyri misal gətirdi; bu insanların İslamın ilkin dövrlərində uzunillik parlaq keçmişə malik olduqlarını, sonralar isə öz mövqelərini dəyişdiklərini yada salaraq əlavə etdi: “Həzrət Əlinin (ə) Təlhə və Zübeyrə qarşı tutduğu kəskin mövqe insanlarla bağlı hər cür mühakimə yürüdərkən onların hazırkı vəziyyətinə diqqət yetirməyin vacibliyini göstərən tarixi bir nümunədir”.

Ali Məqamlı Rəhbər imam Xomeyninin (r.ə) bu önəmli meyara əməli surətdə sadiq qalmasına nümunə olaraq onun İslam İnqilabının ilk illərindəki bəzi silahdaşlarına qarşı sonralar kəskin mövqedən çıxış etməsini qeyd edərək dedi: “Bəziləri hələ Nəcəfdə olduğu dövrdən imam Xomeyni (r.ə) ilə birgə olmuşdular. Lakin buna baxmayaraq müəyyən etapda tutduqları yanlış mövqe ucbatından İmam (r.ə)  onları qəbul etmədi”.

İslam İnqilabının Rəhbəri imam Xomeyni (r.ə) kursu və İmamın (r.ə) mühüm ideoloji meyarları barədə söhbətinin sonunda xalqın nümayəndələrinə, xüsusən də gənclərə həmin meyarları, habelə imam Xomeyni (r.ə) ideologiyasının əsasını təşkil edən prinsipləri öyrənməyi, araşdırmağı, bütün bunlar haqqında dərindən düşünməyi tövsiyə etdi.

Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) vəfatından bu günə qədər İran xalqının və İİR-in qüdrətinin günü-gündən artdığını qeyd edərək təkidlə vurğuladı: “Düşmənin istənilən planı hətta sadəlövh və məlumatsız insanlar tərəfindən dəstəklənsə belə, böyük İran xalqının uzaqgörənliyi və mübarizliyi sonda İran İslam Respublikasının daha da möhkəmlənməsi ilə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei Amerikanın, İngiltərə və başqa Qərb dövlətlərinin, münafiqlərin və şah rejimi tərəfdarlarının seçkidən sonrakı fitnə və iğtişaşları dəstəklədiklərini də xatırladaraq əlavə etdi: “Düşmənlərin və iğtişaşçıların birgə səyləri 1388-ci ilin 9 dey və 22 bəhmən (2009-cu ilin 30 dekabr və 2010-cu ilin 11 fevral) günlərində İran xalqının əzəmətinin və möhtəşəmliyinin bir daha təzahür etməsi ilə nəticələndi. Şübhəsiz ki, bundan sonra da İran xalqı və onun ayıq-sayıq, savadlı gəncləri təqva və uzaqgörənliklə düşmənin istənilən məkrli planını boşa çıxaracaqlar!”  

İslam İnqilabının Rəhbəri cümə namazının ikinci xütbəsində bəzi mühüm beynəlxalq məsələlərə toxunaraq qeyd etdi: “Fələstinin yəhudiləşdirilməsi planı, Qəzzanın blokadasının davam etdirilməsi və bu məsələ ətrafında cərəyan edən hadisələr olduqca əhəmiyyətlidir. Bunlar mütləq diqqət mərkəzində saxlanmalı və ciddi surətdə təhlil edilməlidir”.

Həzrət Ayətullah Xamenei Fələstinin yəhudiləşdirilməsi məsələsini başlıca məqsədi Fələstin torpağında İslamın kökünü kəsməkdən ibarət olan məkrli bir plan kimi qiymətləndirərək qeyd etdi: “İslam dünyası bütün varlığı ilə bu böyük cinayətə qarşı mübarizə aparmalı və onun gerçəkləşməsinə əngəl olmalıdır”.

Habelə Qəzzanın mühasirəsinin davam etdirilməsini də “vəhşicəsinə bir hərəkət” adlandıran Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Qəzzada 1,5 milyon insanın blokadası Amerikanın, İngiltərənin və insan haqlarından ağızdolusu danışan digər Qərb dövlətlərinin dəstəyi və himayəsi sayəsində həyata keçirilir. Təəssüflər olsun ki, bu arada bəzi ərəb və müsəlman ölkələri də baş verənləri tam sükutla seyr edirlər. Sözsüz ki, onlardan bəziləri xəlvətdə xəyanətkar addımlar da atırlar”.

İslam İnqilabının Rəhbəri sionist rejiminin bu yaxınlarda törətdiyi daha bir cinayəti ‒ azad və beynəlxalq statuslu dəniz zonası ilə üzərək Qəzzaya humanitar yardım aparan gəmi karvanlarına hücumunu, o cümlədən İsrailin insidentlə bağlı dediyi iyrənc yalanları xatırladaraq əlavə etdi: “Bu hadisə sionistlərin vəhşi xarakterini bir daha bütün dünyaya nümayiş etdirdi. Onların bu barbarlığı İran İslam Respublikasının artıq 30 ildir ki, fəryad qoparıb dünyaya elan etdiyi, lakin yalançı və riyakar Qərb dövlətlərinin etinasız münasibəti ilə qarşılaşmış bir həqiqətdir”.

Qəzzaya humanitar yardım aparan gəmi karvanına edilən hücumun sionistlərin yanlış götür-qoyundan irəli gəldiyini deyən Həzrət Ayətullah Xamenei bu insidenti İsrail rejiminin böyük səhvi adlandıraraq belə vurğuladı: “İşğalçı sionist rejimi Livana, daha sonra isə Qəzzaya etdiyi hücumlarla bağlı yanlış götür-qoy etdiyi kimi bu insidentdə də səhvə yol verdi. Bir-birinin ardınca yol verilən bu səhvlər sionist rejiminin addımbaaddım özünün qaçılmaz aqibətinə ‒ süqut uçurumuna yuvarlanmağa doğru yaxınlaşdığını göstərir”.

Ali Məqamlı Rəhbər daha bir mühüm və düşündürücü məsələ kimi Nyu-Yorkda baş tutmuş bir aylıq iclasın yekunlarını da qeyd edərək əlavə etdi: “Bu iclasda əldə olunmuş nəticə hegemon dövlətlərin planlarına və arzularına uyğun deyildi. Belə ki, 189 ölkənin təzyiqi altında İsrail NPT sazişinə qoşulmağa məcbur oldu və nüvə silahlarının məhv  edilməsi zərurətinə bir daha diqqət yönəldildi”.

Bununla bağlı İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “NPT-nin iclasında baş verənlər Amerika kimi təkəbbürlü və hegemon dövlətlərin rəyinin və sözünün artıq dünyada heç bir nüfuza malik olmadığını göstərdi”.

Həzrət Ayətullah Xamenei bu mövzuda aşağıdakıları da qeyd etdi: “İran İslam Respublikası İran xalqının 30 illik müqaviməti sayəsində dünya ictimaiyyətinin rəyində əsaslı dönüş yaratmağa müvəffəq olub. Bu gün artıq nəinki ayrı-ayrı xalqlar, hətta dövlətlər də Amerikanın əleyhinə çıxaraq öz müstəqil rəyini yürüdə bilirlər”.

Namazın xütbələrinin sonunda Ali Məqamlı Rəhbər bunları qeyd etdi: “Beynəlxalq arenada cərəyan edən bu proseslər Allahın böyük İran xalqına verdiyi müjdələrdir!”

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /