Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əhli-Beytə (ə) qarşı alovlu sevgi insanın haqq-ədalətə bağlılığını yaşadır və artırır

Bu gün səhər – İslam Peyğəmbərinin (s) istəkli qızı Siddiqeyi-Kubra, Həzrət Fatimeyi-Zəhranın (s.ə), həmçinin onun şərəfli övladı imam Xomeyninin (r.ə) doğum günlərinin ildönümündə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) adına hüseyniyədə şairlərdən və Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşdü. Əhli-beyt (ə) məddahları və söz ustadları Ali Məqamlı Rəhbərin qarşısında nəciblik və iffət simvolu olan o əzəmətli xanımın fəzilətlərinə və məziyyətlərinə həsr edilmiş, habelə inqilabi və ictimai məzmunlu şeirlər oxudular.  
   
Görüşdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei poeziya ustadlarını bəşər tarixinin ən əzəmətli qadını və İslam ümmətinin fəxri olan Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibətilə təbrik etdi. Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi ki, Əhli-beyt (ə) haqqında bilgilərin daha da dərinləşdirilməsi və geniş yayılması, xalqın dinə etiqadının əsaslarının daha da möhkəmləndirilməsi  cəmiyyətdə özünəməxsus nüfuzu olan şəxslərin ən mühüm vəzifəsidir. Daha sonra Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “İran xalqının üsyanı dünyadakı hegemon qüvvələrin, beynəlxalq sərvət və iqtidar mafiyalarının imperialist pəncəsini gücdən salıb. Bu gün onlar daha modern və kəsərli üsul və vasitələrə əl ataraq insanları dinə etiqaddan, bu işıqlı etiqadın  stimulverici mahiyyətindən uzaqlaşdırmaq niyyətindədirlər. Lakin xalqımızın mücahidliyi və öhdəsinə düşən məsuliyyəti dərk etməsi onların bu məkrli planlarını boşa çıxaracaq”.
 
Həzrət Ayətullah Xamenei İran xalqının İslam İnqilabının qələbəsindən sonra 30 il ərzində gördüyü böyük və effektiv işləri xatırladaraq təkidlə dedi: “İran xalqı bu işıqlı yolu tutub imperialistlərin işğalçılıq siyasətinə, dünya xalqları üzərində ağalığına və bu xalqların təbii sərvətlərini talan etməsinə əngəl olmasaydı, bu qədər hiddət və ədavət obyektinə çevrilməzdi”.   

İslam İnqilabının Rəhbəri düşmənin İran xalqının hərəkatına və onun dini etiqadına qarşı mübarizə aparmaq üçün həyata keçirdiyi siyasətlərin sırasında puç, mənasız ideya və maraqların, şəhvətpərəstliyin cəmiyyətdə geniş təbliğinin, habelə iğtişaş və qarşıdurmaların törədilməsi planlarının da yer aldığını bildirərək fikrini belə izah etdi: “İslam haqqında bilgilərin, mənəvi və inqilabi ideyaların, qəhrəmanlıq psixologiyasının cəmiyyətdə daha dərin kök atmasına səbəb ola biləcək amillərdən biri də məhz insanların qəlbində və ruhunda Əhli-beytə (ə) qarşı sevginin daha da artırılmasıdır. Sözsüz ki, bu işdə hər kəsin, o cümlədən Əhli-beyt (ə) məddahlarının, şairlərin və poeziya ustadlarının öhdəsinə ağır bir məsuliyyət düşür”. 

Ali Məqamlı Rəhbər İslam dini haqqında möhkəm, əsaslı və məntiqli biliklərlə bahəm Əhli-beytə (ə) qarşı bəslənən alovlu sevgini insanın haqqa meylini, bağlılığını yaşadan və artıran önəmli bir amil adlandıraraq dedi: “İslam tarixi boyunca bu günə qədər İslam Peyğəmbərinə (s) və Əhli-beytə (ə) ideoloji bağlılıq daim onlara qarşı səmimi məhəbbət və emosional bağlılıqla paralel olmuşdur. Heç şübhəsiz, bu məhəbbət və bağlılığın istənilən formada zədələnməsi Əhli-beyt (ə) yolunu davam etdirmək kimi əzəmətli bir cərəyana qarşı işlənmiş xəyanətdir”.    

Ölkədəki gənc nəslin ruh yüksəkliyinə, optimizmə, Allaha təvəkkülə, İlahi vədlərə inama, Əhli-beytə (ə) bağlılığa, İrandakı İslam hökuməti və imam Xomeyni (r.ə) ilə fəxr etməyə ehtiyac duyduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Gənclər bilməlidirlər ki, onların, ailələrinin və cəmiyyətin taleyi əməyə, ciddi və ardıcıl səyə bağlıdır. Belə bir ideya və mənəviyyat qeyri-müstəqim şəkildə, münasib peşəkar və pedaqoji metodlarla bugünkü nəslə ötürülə bilər”.        

Çıxışının digər hissəsində Həzrət Fatimeyi-Zəhranın (s.ə) uca və ismətli məqamına toxunan Ali Məqamlı Rəhbər bu əzəmətli qadının ömür yolunun başdan-başa cihad və mübarizə ilə dolu olduğunu deyərək əlavə etdi: “O böyük xanım müxtəlif ictimai və siyasi meydanlarda fədakar bir əsgər kimi fəal və effektiv mübarizə aparırdı.  Övladlarına mehriban bir ana olan Həzrət Zəhra (s.ə) ailədə, övladların tərbiyəsində müdrik və mücahid bir arif kimi öhdəsinə düşən bütün vəzifələrə əməl edirdi”.    
  
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranı (s.ə) əzəmətli və ülvi bir nümunəvi qadın simvolu adlandıraraq, habelə xanımın Fədəklə bağlı xütbəsindəki hikmətli məqamlara toxunaraq qeyd etdi: “Bu xütbənin məna tutumu elm və hikmətin ən ali səviyyəsindədir və Həzrət Zəhranın (s.ə) nə qədər yüksək bir elmi məqama malik olduğunu göstərir”.  

İslam İnqilabının Rəhbəri Həzrət Zəhranın (s.ə) qısa ömür tarixçəsində rast gəlinən saysız-hesabsız, yüksək və dəyərli fəzilətləri bəşər cəmiyyəti və insanlığın tarixi üçün bir iftixar adlandıraraq əlavə etdi: “Əhli-beytə (ə) səmimi sevgi və bağlılıq, o məsum həzrətlərə qarşı şövq və canatma onların ali və səciyyəvi xüsusiyyətlərinin qarşı tərəfə ötürülməsinə səbəb olur. Sağlam məntiq və həqiqətə söykənən bu sevgi şiəliyin tarixində başlıca faktor rolunu oynayır”.  
       
Həzrət Ayətullah Xamenei Əhli-beyti (ə) daim xatırlamaq kimi böyük bir potensialdan bəhrələnməyin, habelə tarixi hadisələri saxtalaşdırmaqdan çəkinməyin vacibliyini qeyd edərək dedi: “Əsas məqsəd insanları ağlatmaq deyil, yaşla dolu qəlbləri saf bilgi və həqiqətlərlə çulğalaşdırmaqdır”.

Əsl Əhli-beyt (ə) məddahlığının mahiyyətini açıqlayan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Əhli-beyti (ə) mədh etmək bir növ müəllimlik etməkdir. Şairin sözü özündə din haqqında gerçək bilikləri ehtiva etməli,  maarifləndirici, məlumatlandırıcı, ibrətverici olmalı, cəmiyyətdə baş verən hadisələrə diqqət yönəltməlidir. Poeziyanın bu qolu həqiqətlərin ustalıqla təsvirini və Allah naminə saf niyyəti özündə birləşdirə bilsə, öz effektini göstərəcək və insanları doğru yola istiqamətləndirəcək”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /