Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasının dünya xalqlarına özünəməxsus mesajları var!

Bu gün 3 xordad (24 may) tarixində – Xorrəmşəhrin düşməndən azad olunmasının ildönümü günündə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.  

Mərasimin əvvəlində Ali Baş Komandan Həzrət Ayətullah Xamenei şəhidlərin xatirəsinin yad edildiyi məkanı ziyarət etdi, ruhlarına mübarək “Fatihə” surəsini  oxuyaraq onlar üçün Allah dərgahında uca məqamlar dilədi. Daha sonra İslam İnqilabının Rəhbəri meydanda düzülmüş hərbi birləşmələrin təntənəli paradını izlədi. 

Müdavimlərin buraxılış mərasimi zamanı  Xorrəmşəhrin fəth olunduğu 3 xordad (24 may) tarixini ehtiramla yad edən İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmin günü İslam İnqilabının və ölkənin tarixində unudulmaz bir gün adlandıraraq təkidlə vurğuladı: “O böyük və ibrət dolu hadisənin başlıca amili məhz  Uca Allaha arxalanma və öz gücünə inam idi. Bu mühüm amil hər zaman Xorrəmşəhrin fəthi kimi xariqələr yaratmağa qadirdir”.         

İslam İnqilabının Rəhbəri bir zamanlar dahi imam Xomeyninin (r.ə) dediyi: “Xorrəmşəhri Tanrı azad etdi!” – kəlamını bir daha yada salaraq əlavə etdi: “İmam Xomeyninin (r.ə) bu sözləri Xorrəmşəhrin azad edilməsi ilə bağlı deyilmiş ən dəqiq və ən müdrik fikirlərdir. Çünki şəhərin düşməndən azad edilməsində və “Beytül-müqəddəs” əməliyyatında Uca Yaradanın qüdrəti könüllərdə, insanların polad iradəsində, İslam əsgərlərinin sarsılmaz əzmində özünü əks etdirdi”.

Ali Baş Komandan “Beytül-müqəddəs” əməliyyatının gedişində İslam əsgərlərinin, xüsusilə də azadlıqsevər, cəsur və fədakar komandan olan Hacı Əhməd Motəvəsseliyanın nümayiş etdirdiyi iman, fədakarlıq və qəhrəmanlığı yüksək qiymətləndirərək qeyd etdi: “Əməliyyatın davam etdiyi bir ay ərzində döyüşçülərimizin heyrətamiz fədakarlığı özünü büruzə verirdi. Xorrəmşəhrin fəthi isə sözün əsl mənasında, bu qürurverici mübarizənin pik nöqtəsi oldu”.

Ali Məqamlı Rəhbər gənc hərbçilərə bu iftixar dolu hərbi əməliyyat haqqında qələmə alınmış kitabları mütaliə etməyi tövsiyə edərək  dedi: “Xorrəmşəhrin fəthi və “Beytül-müqəddəs” əməliyyatı nəinki təkcə BƏSA ordusuna, həm də Səddamın müharibə maşınının arxasında durmuş dünya imperializminə vurulan güclü bir zərbə oldu”.

Həmçinin Ali Baş Komandan “Beytül-müqəddəs” əməliyyatını və Xorrəmşəhrin fəthini maddi qüdrətin iman, mənəviyyat və fədakarlıq qarşısında aciz olduğunu nümayiş etdirən meydan adlandıraraq dedi: “O zamanlar İran xalqının düşmənini himayə edib dəstəkləyənlər hal-hazırda da bu xalqın əleyhinədirlər və eynilə o dövrdə olduğu kimi bu gün də imana, əzmə, güclü iradə və fədakarlığa arxalanıb bir yumruqda birləşmiş bu mübariz insanlarla üz-üzə gəlməyə gücləri çatmır”.

Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “İran xalqının düşmənləri özlərinin təbliğatı ilə həqiqətləri tam tərsinə təqdim etməyə çalışırlar. Halbuki, dünyanın əksər regionlarında, o cümlədən işğal etdikləri Əfqanıstan, Pakistan, İraq və Fələstində təhlükəsizliyi pozan və cinayətlər törədən məhz onların özləridirlər”.

Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “İran xalqının düşmənlərini 1361-ci ildə olduğu kimi bu gün də qəti məğlubiyyət gözləyir”.

İslam İnqilabının Rəhbəri digər siyasi rejimlərdən fərqli olaraq İran İslam Respublikası rejiminin dünyaya özünəməxsus mesajları olduğunu deyərək belə əlavə etdi: “İslam Respublikasının mesajları mənəvi-əxlaqi dəyərlər, humanizm və xalqların müstəmləkəçi dövlətlərin cəngindən xilas edilməsidir. Həqiqətən də, bu gün dünya xalqları bu ali mesajlara böyük ehtiyac duyurlar”.

Bu mesajları dünyaya ağalıq etmək istəyən tamahkarların İran xalqının əleyhinə çıxmasının başlıca amili adlandıran Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “Artıq 31 ildir ki, bu qarşıdurma müxtəlif formalarda, o cümlədən hərbi müdaxilə, siyasi hücumlar, iqtisadi blokada və cürbəcür təhdidlər formasında davam edir. Lakin bütün bunlara rəğmən məhz  İran xalqının mübarizliyi və müqaviməti pak bir fidan olan İslam dövlətinin günü-gündən daha da kök atıb möhkəmlənməsinə, möhkəm bir qala kimi başını dik tutub göylərə ucalmasına səbəb olub”.

Hal-hazırda İran xalqının düşmənlərinin İslam Respublikası əleyhinə mübarizəni son dərəcə böyük ümidsizlik içərisində davam etdirdiklərini bildirən Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Bu gün də düşmənin bütün planları və etdiyi götür-qoy yanlışdır. Çünki İran xalqının, xüsusilə də ölkəmizin imanlı və əzmkar gənclərinin mübarizliyi və mənəvi gücü başqa xalqların ayıq-sayıqlığına səbəb olacaq, onlara ilham, qətiyyət və optimist ruh bəxş edəcək”.

Ali Baş Komandan imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının və Silahlı Qüvvələrin digər elmi mərkəzlərinin tələbələrinə ömrün gənclik çağının onlara bəxş etdiyi istedad və geniş imkanlardan lazımınca bəhrələnməyi tövsiyə edərək dedi: “Bu istedad və imkanlardan layiqincə, ən gözəl istiqamətdə faydalanmaq onlara görə Allaha ediləcək ən böyük şükürdür”. 

Mərasimdə Ali Məqamlı Rəhbərin çıxışından öncə Keşikçi Korpusun Baş Komandanı, diviziya generalı Cəfəri öz çıxışı zamanı korpusun hərbi bilik və bacarığının yüksəldilməsi, imanlı, cəsur, inqilabçı və yüksək ixtisaslı kadrların  yetişdirilməsi məqsədilə həyata keçirilən başlıca strategiyalar barədə məlumat verərək dedi: “İslam İnqilabı Keşikçiləri Korpusu öz zabitlərini mənəvi-əxlaqi dəyərlər çərçivəsində tərbiyə etmək üçün təcrübəli alimlərin və müəllimlərin rəhbərliyi altında xüsusi kurslar təşkil edir”.

İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı həmçinin korpusun İslam İnqilabını müdafiə etməyə, özünün inqilabi vəzifəsinə əməl etməyə daim hazır olduğunu da bildirdi.

Daha sonra imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının Komandanı, briqada generalı Səffari rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə qısaca məlumat verərək dedi: “İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın gördüyü tədbirlər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edən kadrlarla siyasi-ideoloji iş aparmaq məqsədilə xüsusi kursların təşkili, universitetlər  və ali təhsil ocaqları ilə məqsədyönlü əməkdaşlığın genişləndirilməsi, taktiki təlimlərin və döyüş düşərgələrinin həyata keçirilməsi də yer alır”. 

Mərasimdə həmçinin imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının nümunəvi müəllim, pedaqoq, komandir və müdavimlərindən bir qrupu Ali Baş Komandan tərəfindən fəxri fərmanla təltif olundular.

Meydanda keçirilən nümunəvi nümayişin ardınca imam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının andiçmə mərasimi də baş tutdu.
  
Mərasimin davamında əlbəyaxa döyüş növləri, vertolyot əməliyyatları və hərbçilərin özünəinam əməliyyatlarının nümayişi də təşkil olundu.

Mərasimin sonunda isə meydanda düzülmüş hərbi birləşmələr təntənəli paradla Ali Baş Komandanın önündən keçib getdilər.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /