Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müstəqilliyə qovuşmuş dövlətlər bir-biri ilə həmrəy olsalar, Amerika və digər superdövlətlər onlara qarşı heç bir iş görə bilməzlər!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Zimbabve Respublikasının prezidenti cənab Robert Muqabe və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı İslam İnqilabının Rəhbəri İranla Zimbabve arasındakı əlaqələri dərin və sarsılmaz dostluq əlaqələri adlandıraraq təkidlə vurğuladı: “İran-Zimbabve əlaqələrinin genişləndirilməsi üçün hazırkından daha geniş bir potensial mövcuddur və İran hər zaman Zimbabvenin yanında olacaq”. 

Ali Məqamlı Rəhbər 15-lər qrupunun fəallaşmasının, müstəqil dövlətlərin və xalqların bir-birinə daha da yaxınlaşmasının zəruriliyini vurğulayaraq əlavə etdi: “Ayrı-ayrı dövlətlərin müdaxiləçi xarakteri bəşəriyyətin böyük bəlasıdır və buna qarşı mübarizənin yeganə yolu müstəqil ölkələrin və xalqların daha sıx əməkdaşlığıdır”.

İslam İnqilabının Rəhbəri cənab Robert Muqabenin İngiltərənin müdaxiləçi davranışlarını sərt cavablandırmasını yüksək qiymətləndirdiyini bildirərək qeyd etdi: “Heç şübhəsiz, müstəqilliyə qovuşmuş dövlətlər bir-biri ilə yekdil və həmrəy olsalar, Amerika və digər superdövlətlər onlara qarşı heç bir iş görə bilməyəcəklər”.

Həzrət Ayətullah Xamenei ötən 30 il ərzində nüfuzlu dövlətlərin İran İslam Respublikasına etdiyi təzyiqlərə və törətdiyi maneçiliklərə də toxunaraq bildirdi: “Bütün bu təzyiqlərə baxmayaraq onlar heç bir şey edə bilmədilər və bundan sonra da heç nəyə nail ola bilməyəcəklər”.

İİR-nın ölkə başçısı cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Zimbabve Respublikasının prezidenti cənab Robert Muqabe İslam İnqilabının Rəhbəri ilə bir daha görüşməsindən məmnunluğunu bildirərək, habelə İran-Zimbabve əlaqələrinin olduqca dərin və möhkəm olduğunu qeyd edərək dedi: “15-lər qrupu Bitərəf Dövlətlər Hərəkatının fəal bir qolu kimi təsis edilmişdir. Bu qrupun cənub-cənub əməkdaşlığında öz fəal rolunu yenidən bərpa etməsi üçün səy göstərilməlidir”.   

Zimbabvenin dövlət başçısı bəzi Qərb dövlətlərinin müstəqilliyinə yenicə qovuşmuş ölkələrin tərəqqi və əməkdaşlığının qarşısını almağa səy göstərdiklərini də qeyd edərək təkidlə vurğuladı: “Biz İranla əlaqələrin genişləndirilməsində qərarlıyıq və inanırıq ki, müstəqil dövlətlər aralarındakı birlik və əməkdaşlığı qoruyub daha da möhkəmləndirəcəklər”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /