Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Bu savaş meydanında haqlı olan, öz yolunda mübariz və möhkəm olan tərəf qələbə çalacaq!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Braziliya Respublikasının prezidenti cənab Lula Da Silva və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Görüş zamanı Həzrət Ayətullah Xamenei Braziliya dövlətinin beynəlxalq məsələlərə münasibətdə daim müstəqil və mütərəqqi mövqe tutduğunu qeyd edərək təkidlə vurğuladı: “Bu gün dünyada hökm sürən ədalətsiz şəraiti dəyişməyin yeganə yolu müstəqil dövlətlər arasında həmkarlıq və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir”.

Ali Məqamlı Rəhbər xatırlatdı: “Məhz buna görə də İran İslam Respublikası ikitərəfli və beynəlxalq məsələlərdə Braziliya ilə həmkarlığı olduqca müsbət qarşılayır”.

Son illərdəki Braziliyanın keçmişdəki Braziliyadan xeyli fərqləndiyini vurğulayan İslam İnqilabının Rəhbəri belə əlavə etdi: “Braziliya Federativ Respublikası Latın Amerikası ölkələri ilə bağlı məsələlərə və ümumilikdə beynəlxalq proseslərə özünəməxsus təsirə malik olan böyük bir dövlətdir. Son illər ərzində Braziliya özünün ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil edən müstəqil mövqeyini ortaya qoymuşdur”.

Braziliya dövlət başçısının Birləşmiş Millətlər Təşkilatının strukturunda dəyişikliklərə ehtiyac olduğu barədə səsləndirdiyi fikirlərə toxunan Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Beynəlxalq münasibətlərdəki hazırkı kəskin zülm və aqressiya şəraitini dəyişməyin yeganə yolu müstəqil dövlətlərin bir-birinə daha da yaxınlaşması və hər bir dövlətin öz öhdəsinə düşən rolu ifa etməsidir”.

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “Hegemon dövlətlər dünya xalqları üçün şaquli münasibətlər müəyyən etmişlər və bu əlaqələrin başında bir superdövlət durur. Həmin əlaqələr mütləq kökündən dəyişdirilməlidir və bu, tamamilə mümkündür”.

Başda Amerika olmaqla imperialist dövlətlərin müstəqil ölkələr arasında həmkarlığın genişləndirilməsindən və onların dünyada gedən proseslərə təsir göstərməsindən bərk narahat olduqlarını qeyd edən Ali Məqamlı Rəhbər Braziliya prezidentinə müraciət edərək dedi: “Bu məsələyə bariz nümunə kimi sizin İrana səfəriniz ətrafında amerikalıların hay-küy və ajiotaj qaldırmasını misal göstərmək olar. Səbəb isə birdir: onlar bu cür əlaqələrin genişləndirilməsini əsla istəmirlər”.  

Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Biz inanırıq ki, son 200 ildə işğalçı dövlətlərin siyasəti nəticəsində müəyyən çərçivə daxilində məhdudlaşmağa məcbur edilmiş ölkələr özlərinə məxsus rol oynamağa qadirdirlər”.

Beynəlxalq arenada özünəməxsus rol oynayacaqları təqdirdə bu ölkələrin ABŞ-ın kəskin müqaviməti ilə qarşılaşacağını da qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu fakta nümunə olaraq Amerikanın ötən 30 il ərzində kəskin şəkildə İİR-na qarşı çıxmasını misal göstərmək olar. Lakin biz inanırıq ki, bu savaş meydanında haqlı olan, öz yolunda mübariz və möhkəm olan tərəf mütləq qələbə çalacaq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “İran xalqı ötən 30 il müddətində ABŞ-la qarşıdurmada mətinlik və mübarizlik nümayiş etdirdi və elə bu səbəbdən də nəinki məğlub olmadı, əksinə, daha da güclənib möhkəmləndi”.

Hegemon dövlətləri heç vaxt heç nə ilə razı salmağın mümkün olmayacağını vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu superdövlətlər hegemonluq iddiasından yalnız o zaman əl çəkəcəklər ki, dayanmağa məcbur edilsinlər”.

Ali Məqamlı Rəhbər xatırlatdı: “Uca Yaradan ülvi və müqəddəs amallar yolunda addımlayan və Allaha təvəkkül edən millətlərə, heç şübhəsiz, kömək edəcək. Biz buna ürəkdən inanırıq və geridə qoyduğumuz 30 il ərzində daim Allahın bu yardımının öz gözlərimizlə şahidi olmuşuq”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Biz Allahın yardımına inandığımız kimi xalqın qüdrətinə, əzminə və təsir gücünə də inanırıq”.      

İran İslam Respublikası və Braziliya Respublikası arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkələrimiz müxtəlif sahələrdə bir-birinin təcrübəsindən yararlana bilərlər”.

İİR-nın prezidenti cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi görüşdə Braziliya Federativ Respublikasının dövlət başçısı cənab Lula Da Silva İrana səfərindən son dərəcə məmnun qaldığını bildirərək dedi: “Səfərimizin başlıca məqsədi iqtisadiyyat, biznes, siyasət və s. sahələrdə İran və Braziliya arasındakı əlaqələri genişləndirmək və beynəlxalq məsələlərdə ikitərəfli əməkdaşlığı artırmaqdır”.

Dünyadakı beynəlxalq vəziyyətin dəyişdiyini və bu faktın tələbi ilə BMT-nin də dəyişikliklərə ehtiyac duyduğunu vurğulayan cənab Lula Da Silva əlavə etdi: “Son illərdə dünyanın siyasi coğrafiya səhnəsində önəmli dövlətlər meydana çıxıb və İran İslam Respublikası da bu sıraya daxildir. Bu dövlətlər qarşılıqlı əməkdaşlığı genişləndirməklə yeni bir siyasi-iqtisadi qütb formalaşdıra bilərlər”.

Braziliya Respublikasının prezidenti cənab Lula Da Silva İranın beynəlxalq məsələlərə münasibətdə tutduğu mövqeyə də toxunaraq bildirdi: “Braziliya Respublikası İslam dövlətinin və İran xalqının öz müstəqilliyini müdafiə etməyə, tərəqqi və yüksəliş yolunda irəliləməyə haqqı olduğuna inanır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /