Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mədəniyyət və incəsənət sferası cihad meydanıdır!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra İslami Təbliğat Təşkilatının Mədəniyyət və İncəsənət İşləri üzrə Komitəsinin rəsmiləri, habelə “Ana” kitabının nəşrini və yayımını təşkil etmiş məsul şəxslərlə görüşündə kitabın və kitab oxunuşunun cəmiyyətin mədəni səviyyəsinə birinci dərəcəli və əvəzolunmaz təsir göstərən başlıca məsələlərdən biri olduğunu vurğulayaraq qeyd etdi: “İslam İnqilabı və Müqəddəs Müdafiə Savaşı tükənməz xəzinə, möhtəşəm bir potensialdır. Cəmiyyətdə və dünyada İslam İnqilabına, dinə xas mədəniyyətin və dəyərlərin təbliğ olunub geniş yayılması üçün bu potensialdan maksimum dərəcədə istifadə etmək lazımdır”.

Ali Məqamlı Rəhbər təkidlə vurğuladı ki, Müqəddəs Müdafiə Savaşı ölkədə ədəbiyyatın ideya və məzmun cəhətdən daha da dolğunlaşdırılması, İslam İnqilabına, İslam dininə məxsus saf bilgi və dəyərlərin cəmiyyətə ötürülməsi üçün olduqca qiymətli materialı əhatə edir. Daha sonra o əlavə etdi: “Bu yaxınlarda işıq üzü görmüş “Ana” romanı, həqiqətən də, çox yaxşı və dünya miqyasına çıxmağa layiq olan bir kitabdır. Roman İran İslam Respublikasının zorla sürükləndiyi müharibənin reallıqlarının kiçik bir hissəsini əks etdirir. Bu, onu göstərir ki, 8 illik Müqəddəs Müdafiə Savaşı dini, inqilabi ideyaların və mədəniyyətin İran ictimaiyyətinə, habelə bütün dünyaya ötürülməsi üçün minlərlə qiymətli əsəri ortaya qoyacaq əzəmətli bir potensiala malikdir”. 

İslam İnqilabının Rəhbəri xüsusilə qeyd etdi: “Sözsüz ki, bu cür kitabların nəşri və yayımı sayəsində xalqın mədəni və intellektual səviyyəsini, təcrübəsini, hadisələri düzgün analiz etmək bacarığını yüksəltmək və inkişaf etdirmək mümkündür”. 

İran İslam İnqilabının, bu inqilabın həyata keçirilmə metodunun, o cümlədən inqilabın cərəyan etdiyi müddətdə və onun qələbəsindən sonra baş vermiş müxtəlif hadisələrin, son 30 il ərzində beynəlxalq arenada ona qarşı mövcud olan mənfi reaksiyalar qarşısında İran xalqının nümayiş etdirdiyi vüqar və mübarizliyin Yer üzündəki bütün xalqlar üçün böyük mənəvi-ideoloji dərs olduğunu təkidlə vurğulayan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Təəssüflər olsun ki, belə böyük mənəvi-ideoloji tutuma malik olan bir məsələyə kifayət qədər diqqət və önəm verilməyib. İslam İnqilabının tarixinin qələmə alınması, bu mövzuda kitab nəşri və digər mədəniyyət-incəsənət nümunələrinin ərsəyə gətirilməsi sahəsində, demək olar ki, xüsusi bir iş görülməyib”.

Ali Məqamlı Rəhbər İslam İnqilabından əvvəlki, hətta inqilabdan sonrakı dövrlə bağlı qəsdən yalan və qondarma tarixi materialların qələmə alındığını və bu sahədə görülmüş bəzi işləri xüsusilə qeyd edərək bildirdi: “İslam İnqilabının tarixinin və reallıqlarının düzgün şəkildə qələmə alınması istiqamətində ciddi işlər görülməli, həmçinin keçmişdə yol verilmiş boşluqların yeri mütləq doldurulmalıdır”.   

İslam İnqilabının Rəhbəri qeyd etdi: “Əlbəttə, son illərdə ölkədə mədəniyyət və ədəbiyyat sahəsində müsbət və ümidverici irəliləyişlər müşahidə olunur. Bu irəliləyişlər və ərsəyə gətirilmiş mədəniyyət-incəsənət əsərləri diqqət mərkəzində saxlanılmalı, lazımi dəstək almalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkədəki mədəni-ideoloji atmosferə, xüsusilə də kitab nəşri və yayımına lazımi diqqət yetirilməlidir. Çünki bəzi insanlar qondarma tarix yaratmaq, cəmiyyət içərisində dini-inqilabi dəyərlərə zidd ideologiya yaymaq məqsədilə məhz kitab nəşrindən istifadə edirlər”.

Mədəniyyət və incəsənət sferasının cihad meydanı olduğunu qeyd edən Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “Bu cihad meydanında iştirak edən şəxslər cihadın haqqını lazımınca yerinə yetirməli, dini dəyərlərin, İslam İnqilabının və Müqəddəs Müdafiə Savaşının həqiqətlərinin yayılması naminə layiqincə çalışmalıdırlar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Şübhəsiz, qərar və sərəncamlar verməklə mədəni-ideoloji məsələlərdə irəliləyiş əldə etmək mümkün deyil. Bu sferada müvəffəqiyyət qazanmaq üçün iman və stimul, dini-inqilabi dəyərlərə etiqad bəsləyən insanların fəal iştirakı zəruri şərtdir”.

İslam İnqilabının Rəhbəri həmçinin xatirələri əsasında “Ana” romanının qələmə alındığı xanım seyidə Zəhra Hüseyniyə və kitabın müəllifi xanım seyidə Əzəm Hüseyniyə təşəkkür və minnətdarlığını bildirdi.

Görüşdə İslami Təbliğat Təşkilatının sədri Hüccətul-İslam vəl-muslimin Xamuşi rəhbərlik etdiyi təşkilatın, habelə qurumun tabeçiliyində olan Mədəniyyət və İncəsənət İşləri üzrə Komitənin İslam İnqilabı və Müqəddəs Müdafiə Savaşını əks etdirən mədəniyyətin və ideoloji dəyərlərin cəmiyyətdə geniş yayılması istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verdi.

İslami Təbliğat Təşkilatının Mədəniyyət və İncəsənət İşləri üzrə Komitəsinin sədri cənab Momini də komitənin İslam İnqilabı və Müqəddəs Müdafiə Savaşından bəhs edən kitabların nəşri və yayımı sahəsində gördüyü bəzi işləri qeyd edərək dedi: “Komitənin həyata keçirdiyi tədbirlər sırasında kitab nəşrinin keyfiyyətinin artırılması, bu sahədə yeniyetmə və gənc nəsli təmsil edən oxucu auditoriyası üçün müvafiq proqramın hazırlanması, kitabların reklamı və yayımı, İslam İnqilabı və Müqəddəs Müdafiə Savaşından bəhs edən kitabların tərcüməsi önəmli yer tutur”.

“Ana” romanının işıq üzü gördüyü “Sureye-mehr” nəşriyyatının icraçı direktoru sözügedən kitabın artıq 110-cu dəfə çapdan çıxdığını, ötən il isə 80 dəfə çap olunduğunu qeyd etdi. O, həmçinin dini-inqilabi dəyərlərə əsaslanan kitabların uğurlu nəşri, təqdimatı və yayımı üçün lazımi infrastrukturun yaradılmasının vacibliyini də təkidlə vurğuladı. 

Xatırladaq ki, “Ana” romanı məcburi müharibənin və düşmən Səddam rejiminin Xorrəmşəhrə hücumlarının ilk həftələrində cərəyan etmiş həqiqətlərin öz gözü ilə şahidi olmuş bir qadının xatirələrini əks etdirir.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /