Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyasının müqəddəratı dəyişərsə, müasir dünyanın hazırkı vəziyyəti də dəyişər!

Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif təhsil müəssisələrində çalışan minlərlə pedaqoqla görüşündə müəllimlərin cəmiyyətdə müdrik, yaradıcı, imanlı, təşəbbüskar, ölkənin irəliyə doğru hərəkətini davam etdirməkdə özünə güvənən şəxsiyyətlərin yetişməsində oynadığı həyati əhəmiyyətli və böyük rolu qeyd edərək təkidlə vurğuladı: “İran xalqı tərəqqi və yüksəlişin elə bir mərhələsinə çatmalıdır ki, intellekt, elm və müxtəlif siyasi-ictimai sferalar baxımından İslam dünyasının başqa xalqları və mütəfəkkirləri üçün mötəbər bir öndərə çevrilsin. Bu, İran xalqının öhdəsinə düşən tarixi bir məsuliyyətdir!”

Ölkədə qeyd olunan Müəllimlər günü münasibətilə bütün pedaqoqları səmimi-qəlbdən təbrik edən Həzrət Ayətullah Xamenei ustad şəhid Murtəza Mütəhhərinin əziz xatirəsini ehtiramla yad edərək, habelə şəhid Mütəhhərini mükəmməl və məsuliyyətli bir müəllim adlandıraraq əlavə etdi: “Bu böyük insan cəmiyyətdə hər hansı sual doğuran, problemlərin həllinə ehtiyac duyulan məqamları müşahidə etdikdə cəsarətlə meydana atılırdı. Hansısa mülahizələr, yaxud şəxsi mənafe qorxusu ona mane ola bilməzdi”. 

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “Ruhani ziyalılıq iddiasında olan, mahiyyəti etibarilə dindən uzaq məsələləri din pərdəsi altında təqdim edən bəzi insanlardan fərqli olaraq şəhid Mütəhhəri gerçək dini anlayışları günün tələbinə, onu dinləyən auditoriyanın qavrayış səviyyəsinə uyğun olaraq cəmiyyətə çatdırırdı”.  
 
Şəhid Mütəhhərinin heç vaxt dini-teoloji, yaxud akademik sferalarda şan-şöhrət və mənsəb qazanmaq ardınca qaçmadığını vurğulayan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Bu böyük insan həyatı boyunca geridəqalmışlığa, mürtəceliyə və mühafizəkarlığa qarşı mübarizə apardığı kimi bidətlərə, yanlış və təqlidçi ideyalara qarşı da kəskin çıxış edirdi. Məhz bu, şəhid Mütəhhərinin qabarıq xüsusiyyətlərindən biri idi”.   
   
Şəhid Mütəhhərinin əsərlərinin hər zaman yeni və aktual olmasını onların ən üstün keyfiyyətlərindən biri kimi qeyd edən İslam İnqilabının Rəhbəri dedi: “Ustadın şəhid olduğu gündən bəri 30 il ötdüyünə, bu müddət ərzində cəmiyyətdə cürbəcür yeniliklərin müşahidə olunduğuna baxmayaraq şəhid Mütəhhərinin əsərlərində hələ də günün ən aktual ehtiyaclarına cavab tapmaq olur. Bu faktın səbəbi isə o dahi insanın ixlasla – Allah yolunda saf niyyətlə iş görməsidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müdrik bir fikir ixlasla müşayiət olunduqda Uca Yaradan onu elə bərəkətli edir ki, həmin ideya tükənməz bir sərvət kimi cəmiyyət üçün qorunub-saxlanır. Şəhid Mütəhhərinin əsərləri də bu cürdür”.

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi ki, şəhid Mütəhhərinin elm və maarifləndirmə istiqamətində gördüyü işlərin cəmiyyətdə buraxdığı təsir təlim-tərbiyə və maarifləndirmə işinin nə qədər böyük və əvəzsiz bir amil olduğuna nümunədir. Daha sonra Həzrət Ayətullah Xamenei müəllimlərin cəmiyyətdəki taleyüklü roluna toxunaraq dedi: “Müəllimlər gördükləri işin əzəmətinin və effektivliyinin daim fərqinə varsalar, onların imanı, stimulu, səy və çalışqanlığı daha da artar”.  

İslam İnqilabının Rəhbəri uşaq və yeniyetmələrin fərdi və sosial şəxsiyyətinin formalaşmasında pedaqoqların valideynlərdən, KİV-dən, sosial problemlərdən, hətta genetik olaraq ötürülən əxlaqi-mənəvi amillərdən də böyük rola və təsirə malik olduğunu deyərək əlavə etdi: “Məhz belə böyük bir rolu olan müəllim cəmiyyət üçün imanlı, qəlbi stimulla dolu, səbirli, gələcəyə optimist baxan, ümumi mənafeyi güdən, fərdi və ictimai miqyasda zirvələrə ucalmaqda maraqlı olan, təşəbbüskar, intellektual, tədqiqatçı ruhlu insanlar yetişdirib tərbiyə edə bilər”.

Həmçinin Həzrət Ayətullah Xamenei belə vurğuladı: “Müəllim özünün mövqeyinə və əhəmiyyətli roluna lazımi diqqət yetirməsə, insanların ehtiyac duyduğunun tam əksinə olan, mənfi ünsürlər yetişdirib cəmiyyətə təhvil verə bilər”.

Ali Məqamlı Rəhbər bütün pedaqoqlara cəmiyyətdə misilsiz rol oynadıqlarına inanmağı və bunu heç zaman yaddan çıxarmamağı təkidlə tövsiyə edərək əlavə etdi: “Təhsil və tərbiyə sahəsində ölkənin ehtiyacları, qarşıya qoyulmuş ali məramlar və mövcud insan potensialı nəzərə alınmaqla əsaslı dəyişikliklər proqramı mütləq həyata keçirilməli və müsbət nəticələr əldə olunmalıdır. Lakin bu, o demək deyil ki, həmin əsaslı islahatlara start veriləcəyi və onların tam reallaşacağı günə qədər bu sahədə görülən işləri dayandırmaq lazımdır”.  

İslam İnqilabının Rəhbəri ölkənin tarixi keçmişindən miras qalmış gerilik və nöqsanlara toxunaraq, habelə bu geriliyi aradan qaldırmaq üçün böyük bir ümumxalq hərəkatına ehtiyac olduğunu vurğulayaraq dedi: “İran xalqı və İslam Respublikası öz layiqli mövqeyinə çatmalı, İslam dünyası üçün mükəmməl və mötəbər bir örnəyə çevrilməlidir”.
 
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Bu böyük hədəfə çatmaq üçün İran xalqı bütün güc və bacarığını, Allahın ona bəxş etdiyi insan, intellekt və istedad potensialını ortaya qoymalıdır”.

Özünün gerçək və layiqli məqamına çatacağı təqdirdə İran xalqının İslam dünyasının müqəddəratının dəyişilməsi üçün münasib zəmin yaradacağını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dünyasının müqəddəratının dəyişməsi, sözün əsl mənasında, müasir dünyanın müqəddəratının və hazırkı vəziyyətinin dəyişməsinə səbəb ola bilər”.

Həzrət Ayətullah Xamenei mənəvi-əxlaqi baxımdan hazırda dünyada olduqca pis bir mənzərənin hökm sürdüyünü deyərək bildirdi: “Bəşəriyyətin bu qorxunc müqəddəratını dəyişmək mümkündür. Lakin bunun birinci şərti ölkədə böyük və əsaslı dəyişikliklərin həyata keçirilməsi, İran İslam Respublikasının maddi və mənəvi cəhətdən nümunəvi bir ölkəyə çevrilməsidir”.

Ali Məqamlı Rəhbər dedi: “Ölkədə həyata keçiriləcək hər hansı bir dəyişikliyin əsasında isə təlim-tərbiyə durur. Ötən 30 il ərzində işlənib-hazırlanmış infrastrukturları nəzərə alsaq, demək olar ki, bu yol uzun və çətin olsa da, gələcəyin üfüqləri olduqca işıqlı və aydındır”.

İslam İnqilabının Rəhbəri bəzi bədxah dövlətlərin İran xalqına qarşı ədavət aparmasına, onların bu xalqın irəliyə doğru hərəkətinə daim mane olmaq istəyinə toxundu, habelə bütün bunların gələcək 30 il ərzində də gözlənildiyini deyərək vurğuladı: “İran xalqı öz təcrübəsində nümayiş etdirdi ki, düşmənçilik və təhdidlər onun irəliyə doğru hərəkət tempini zəiflədə bilməz və bu xalq var-gücü ilə yoluna davam edəcək”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tərəqqi və yüksəlişə doğru aparan yolda ən mühüm məsələ budur ki, hər kəs öz vəzifəsini lazımınca dərk edib yerinə yetirsin”.

Sonda Ali Məqamlı Rəhbər bunları vurğuladı: “Bu ağır məsuliyyəti nəzərə alaraq ümidvar olduğumu qeyd etmək istəyirəm ki, Təhsil və Tərbiyə Nazirliyində çalışan möhtərəm rəsmilərimiz, habelə dəyərli pedaqoqlarımız daha böyük əzmlə, intensiv səy və çalışqanlıqla öz vəzifələrinə əməl edəcək, daim Uca Yaradanın lütfünə və mərhəmətinə arxalanacaqlar”.

Görüşün əvvəlində Təhsil və Tərbiyə naziri cənab Hacı Babayi nazirliyin fəaliyyəti üçün nəzərdə tutulan struktur və funksional islahatlar proqramları, təhsil və tərbiyədə əsaslı dəyişikliklər layihəsinin hazırlanması və bu sahədə vahid milli sənəd kimi səlahiyyətli orqanlara təqdim edilməsi məsələsinə toxunaraq dedi: “Milli sənəd hüquqi prosedurlar mərhələsini keçdikdən sonra təhsil və tərbiyə sahəsində əsaslı dəyişikliklərə start veriləcək”.

Nazir yeni milli sənəddə orta məktəblərin əyalətlərdə təhsil və mədəniyyətin ən güclü dayağı kimi tanındığını qeyd edərək əlavə etdi: “Milli sənəddə əyalətlərdə istər dövlət təhsili, istərsə də həyata keçirilən digər maarifləndirmə proqramları çərçivəsində orta məktəblərə yeni yanaşmanın vacibliyi nəzərdə tutulub. Habelə təhsil və tərbiyə ilə bağlı yeni qanun layihəsi əyalət məktəblərində idman məşğələlərinin, kitabxanaların, Quran mərkəzlərinin və namaz otaqlarının sayının artırılması məsələlərini özündə ehtiva edir”. 

Nazir həmçinin Ali Təhsil və Tərbiyə Şurasında həyata keçirilən fəaliyyət proqramları sırasında milli tədris proqramının da yer aldığını qeyd edərək bildirdi: “Milli tədris proqramı maarifçi və pedaqoqların keçilən dərslərin mahiyyətini düzgün və məqsədyönlü təşkil etməsi, münasib tədris-təlim metodları seçməsi, pedaqoji məharətlərini daha da artırması üçün gərəkli bir sənəddir”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /